20.11.18
Azərbərzi. Sistan nağılı

Günlərin bir günü Kuku-Kusor və İsfəndiyar Zaldan xərac almağa qırx süvari göndərdilər. Həmin vaxtlar Rüstəm balaca uşaq idi, uşaqlarla oynayırdı. Uşaqlardan biri ona dedi:

– Sən əgər belə güclüsənsə, atandan xərac almağa gəlmiş süvariləri qov.

Rüstəm Zalın yanına gəldi, Zal isə xəracı artıq İsfəndiyarın adamlarına vermişdi. Rüstəm atasından soruşdu:


– Sən onlara niyə xərac verdin? – sözünü qurtarıb onların dalınca düşdü. Rüstəm süvarilərə çatdı, onların otuz səkkizini qılıncdan keçirdi, ikisini isə sağ-salamat buraxdı. Süvarilərin apardığı bütün xəracı götürüb atasına gətirdi. Zal ona dedi:

– Nahaq belə elədin, onlar çox güclüdürlər, hələ onlarla vuruşmaq vaxtın gəlib çatmayıbdı.

Aradan günlər, aylar keçdi və günlərin bir günü Rüstəm ova çıxdı. Onun yolu çölə düşdü, bu vaxt İsfəndiyar da ov ovlayırdı. Rüstəm çöl eşşəyi öldürdü, dərisini soydu, tonqal qaladı və əti ocaqda qızartmağa başladı. İsfəndiyarın nökərlərindən biri onu gördü və ağasına xəbər verdi: bəs deməzsənmi, sənin otuz səkkiz süvarini qılıncdan keçirən və Zalın verdiyi xəracı mənimsəyən Rüstəm burdadı, çöldə ov ovlayır. Kuku-Kusor və İsfəndiyar nökərin nişan verdiyi yerə yollandılar, baxıb gördülər ki, Rüstəm ayaqlarını aralayıb oturubdu, ayaqlarının üstünə şiş qoyubdu, ayaqlarının arasında isə tonqal yanır. Oturub çöl eşşəyinin ətini qızardır, aradabir ətdən bir tikə qopardıb ala-çiy yeyir. Kuku-Kusor və İsfəndiyar qərara aldılar ki, Rüstəmə yaxınlaşmasınlar, onun üstünə dağdan iri bir qaya diyirlətsinlər. Onlar dağa çıxdılar, iri bir qayanı aşağı diyirlətdilər, üstünə qayanın gəldiyini görən Rüstəm yerindən qımıldanmadı. Ayağını şişin altından götürdü, ayağını daşın qabağına sarı uzatdı, qaya ayağa dirənib dayandı. Rüstəm yuxarı baxdı. Kuku-Kusorla İsfəndiyarın dağın zirvəsində dayandıqlarını gördü. Qızardılmış əti yedi, qurşağını çəkib bağladı, kamanı çəkdi və Kuku-Kusorla İsfəndiyarın üstünə ox yağdırmağa başladı. Kuku-Kusorun axırına tez çıxdı, amma tuncbədənli İsfəndiyarı öldürə bilmədi. İsfəndiyarın bütün oxları Rüstəmə dəyirdi, Rüstəmin oxları isə onun tunc bədəninə dəyib yerə düşürdü.

Rüstəm Zalın yanına qayıdıb, ondan məsləhət almaq fikrinə düşdü. Vaxtilə Zalın atası Sam oğlunu Elbrus dağına qoymuşdu, dağda uşağı Simurq quşu böyütmüşdü. Simurq lələyinin birini ona vermişdi – mən lazım olsam, lələyi yandır, həmin andaca özümü sənə yetirəcəyəm, – demişdi. Zal Simurqun lələyini yandırdı. Simurq özünü yetirdi, Zal ondan kömək dilədi. Simurq dedi:

– Filan dənizdə ada var, həmin adada yulğun kolu bitir, yulğun ağacının haça gövdəsi var. Kolu kəs, gövdəsindən haça ox düzəlt, ucuna zəhər sürt. İsfəndiyarla döyüşə çıxanda deynən: “Ay İsfəndiyar, bir yuxarı bax, gör göydən nə tökülür!” İsfəndi- yar başını qaldırıb göyə baxanda, haça oxunu onun gözünə at, gözü tutulacaq. Onu başqa cür öldürmək mümkün deyil, İsfəndiyara nə qılınc, nə də ox kar edir.

Rüstəm həmin dənizə yollandı, Simurq quşunun dediyi adanı tapdı, yulğun kolundan haça ox düzəltdi. Səhərisi yenidən İsfəndiyarla döyüşə çıxdı.

Onlar bir-birinin üstünə ox yağdırmağa başladılar, İsfəndiyarın üç yüz altmış oxu Rüstəmi tutdu.

Elə bu vaxt Rüstəm qışqırdı:

– Ay, İsfəndiyar, bir yuxarı bax, gör göydən nə tökülür!

İsfəndiyar başını yuxarı qaldırdı, Rüstəm yayı çəkdi, oxu düz onun gözünə atdı. İsfəndiyarın başı yəhərin qaşına düşdü.

Aldı görək Rüstəm nə dedi:

Üç yüz altmış dənə ox dəydi mənə,

Səsim də çıxmadı, döyüşdüm, yenə!

Bir yulğun oxunca hədəfi oldun,

Tez aşdın yəhərə, yazıq, kor qaldın!

İsfəndiyar – Nə eləməli, – deyə dilləndi, – sən öz işini gördün. İndi isə mənə bir qapısı, bir sütunu olan ev tik. Sonra məni həmin evə apar.

Rüstəm onun bu sözlərini eşidib, atasının yanına yollandı və dedi:

– İsfəndiyar xahiş edir ki, mən ona bir qapısı, bir sütunu olan ev tikim. Sən nə deyirsən?

Zal İsfəndiyarın kələyini başa düşdü və Rüstəmə dedi:

– Ona ev tik, qoy bir sütunu olsun, amma qapısını iki elə. İsfəndiyarı evə aparan vaxt ona əlini vermə. Bir dənə dəvə qolu tap, palaza bük, öz əlin əvəzi qoy ondan yapışsın. Olmaya-olmaya öz əlini ona verəsən.

Rüstəm İsfəndiyardan ötrü bir sütunlu, amma iki qapılı ev tikdi. Sonra dəvə qolu tapdı, palaza bükdü, öz əli kimi İsfəndiyara uzatdı ki, bu da mənim əlim, gedək. Rüstəm İsfəndiyarı evə gətirdi, İsfəndiyar soruşdu: – Sütun hanı?

– Bu da sütun, – deyə Rüstəm cavab verdi.

İsfəndiyar bədəni ilə çıxış yolunu örtdü, bir əli ilə sütunu qucaqladı, digər əli ilə dəvə əlini var gücüylə elə sıxdı ki, palaza bükülmüş dəvə əlini əzik-əzik elədi. Üzünü Rüstəmə tutdu:

– Sən mənim gözümü kor elədin, mən də sənin əlini qırdım.

Rüstəm evdən çıxıb dedi:

– Sənin qırdığın mənim əlim deyildi, dəvə dırnağıydı. Deyilənə görə, İsfəndiyar bu sözləri eşidəndə ürəyi partlayıb öldü.

Rüstəm onun oğlu Bəhməni götürüb Zalın yanına gətirdi. Bəhmən hələ balaca uşağıydı. Zal Bəhməni görüb dedi:

Amma Rüstəm cavabında dedi:

– O hələ uşaqdı, nə pislik edə bilər? Əlindən heç nə gəlməz.

Rüstəm Bəhməni böyütməyə başladı. Rüstəm uşağı boya-başa çatdırdı, Bəhmən isə axırda onun bütün nəslini qırdı. Rüstəmin özü üç yüz altmış yaşında vəfat elədi. Onun dəfnində anası ağı dedi:

Üç yüz altmış il ömür sürsə də Rüstəm,

Gənclik nədir bilmədi, bilmədi hələ!

Təkcə Rüstəmin atası Zal, onların nəslindən isə Fəramərz sağ-salamat qaldı. Bəhmənlə yalnız Fəramərz vuruşurdu, Zal artıq qocalıb əldən düşmüşdü.

Günlərin bir günü Zalın qızı atasını küçəyə çıxartdı, başa düşdü ki, atası hələ dünyaya uşaq gətirə bilər, canı suludu. Həmin andaca bir arvad tapdı, bilmək olmaz, bəlkə arvadın atasından bahadır bir oğlu oldu, Rüstəmin qohumlarının intiqamını aldı. Fikrə getdi: “Kaş tanrı bizə bir övlad verəydi!”

Onlar ailə qurdular, arvad uşağa qaldı. Doqquz ay, doqquz gün, doqquz saatdan sonra tanrı onlara bir oğlan bəxş elədi, uşağın adını Azərbərzi qoydular.

Azərbərzi işıqlı dünyaya gələn kimi onu yeraltında yerləşdirdilər, gözdən uzaq, könüldən iraq yerdə böyütdülər ki, düşmən- ərdən uşağa xətər yetişməsin. Uşaq uzun müddət yeraltında yaşadı, dünyada yerin və göyün olduğundan xəbəri yox idi. Bir müddətdən sonra Zal ona dedi ki, səni yeraltında düşmənlər tapmasın deyə saxlayıram, dedi ki, işıqlı dünyada yer var, göy var. Bu sözləri eşidən kimi Azərbərzi özünün zindanını dağıtdı və işıqlı dünyaya çıxdı.

Azərbərzi işıqlı dünyada qalsın, sizə Fəramərzdən deyim. Bəhmənin oxundan yaralanmış Fəramərz təpədə canını tapşırdı, Bəhmən isə ona yaxınlaşmağa qorxurdu, fikirləşirdi: “Birdən ölməmiş olar, birdən yatmış olar”. O, təpənin üstündə qarğaların və quzğunların dolaşdığını görəndən sonra başa düşdü ki, Fəramərz həqiqətən ölübdü. Bəhmən Fəramərzin meyitini gətirməyə adam yolladı, onların gətirdiyi meyiti dar ağacından asdı.

Yağı Bəhmən şərəfsiz əməl tutdu, iş açdı:

Fəramərzin meyitin dar ağacından asdı.

Görəsən o fil Rüstəm buna necə baxardı:

Kəfənini cıraraq məzarından qalxardı!

Bu vaxt Azərbərzi ilə Zal Gülrəngin tərkində özlərini yetirdilər ki, baxıb görsünlər Fəramərz sağdırmı, ona kömək lazım deyilmi. Gördülər ki, Fəramərzin meyiti dar ağacından sallanır, Bəhmən isə bayram keçirir: adamları yığıbdı, kef çəkirlər, çaxır içirlər. Azərbərzi Rüstəmdən də qüdrətli böyüyürdü, Bəhmən onu görəndə elə bildi ki, Rüstəm dirilibdi. Onu görənlərin hamısı bu qərara gəldi. Bəhmən həmin andaca əmr elədi ki, Fəramərzin meyitini dar ağacından çıxartsınlar, Fəramərzi basdırıb, Azərbərzi qarşılamağa çıxdılar.

Bəhmən Azərbərziyə dedi:

– Olan olub, keçən keçib, düşmənçiliyimizi unudaq və dünyanı yarı bölək. Dünyanın yarısı mənim, yarısı sənin. Bizim başqa düşmənimiz yoxdu.

Onlar and içdilər ki, Azərbərzi Bəhmənin yanında qılıncını Azərbərzinin üstünə qaldırmayacaq.

Aradan bir müddət keçdi, dağlarda dörd bir tərəfi xarabazara qoyan əjdaha peyda oldu. Azərbərzi ilə Bəhmən qərara aldılar ki, əjdaha ilə vuruşmağa birlikdə getsinlər. Əjdahanın yaşadığı yerə gəldilər, Azərbərzi Bəhmənə dedi:

– Döyüşə birinci sən getməlisən, axı mən and içmişəm ki, sənin yanında qılıncı sıyırmayacağam.

Bəhmən qılıncını qınından sıyırdı və döyüşə atıldı: – əjdahanın üstünə cumdu, əjdaha isə onu ağzına alıb udmağa başladı. Əjdaha Bəhməni udurdu, Azərbərzi isə durub baxırdı. Bəhmən qışqırdı:

– Əjdaha məni udur, sən niyə durmusan?

Azərbərzi cavab verdi:

– Mən andımı necə pozum, qılıncımı qınından necə sıyırım?

Budur, artıq Bəhməni udur, udur əjdaha,

“Vur! – deyə, qışqırır o, – yoxsa öldüm mən daha!”

– Yox, mən and içmişəm ki, qılıncımı sənin yanında qınından sıyırmayım, – deyə Azərbərzi təkrar dilləndi.

Əjdaha Bəhməni uddu. Azərbərzi Samın yüz man ağırlığında qılıncını qınından sıyırdı və əjdahanı öldürdü. Bütün dünya adamlar da, divlər də, pərilər də Azərbərzinin hakimiyyətinə keçdi.

O bütün divləri və pəriləri tilsimlədi, onları heç kim görə bilmədi. Cadunun köməkliyi ilə özü də qeybə çəkildi. Deyilənə görə, indi onun özü də tilsimlidi. Sistanda, deyilənə görə, bir ovçu varmış, o beşinci günü ova çıxır, evindən aralı düşür, baxıb görür ki, cavan bir oğlan oturubdu. Cavan oğlan onu yanına çağırır, ovçu yaxına gəlir. Ovçu yaxınlaşanda cavan oğlan soruşur:

– Əlindəki nədi?

– Tüfəng, – deyə ovçu cavab verir.

– Onunla nə edirsən, nəyinə lazımdı?

– Tüfəng adam öldürür, – deyə ovçu dilləndi.

– Yaxşı, əlindəki ilə ovcuma zərbə vur!

Ovçu onun ovcunu nişan alıb atəş açdı, güllə geri sıçrayıb yerə düşdü, heç bir iz qoymadı.

Cavan oğlan dedi:

– Bununla adam öldürmək olmaz, indi sən bax, gör necə atıram.

Cavan oğlan kamanı götürdü, yaya ox qoyub atdı, dağdan iri bir qaya parçası qopartdı, dağda deşik əmələ gəldi.

– Bax, – deyə üzünü ovçuya tutdu, – adamların yanına qayıdanda bu barədə heç kimə heç nə demə.

Deyilənə görə, cavan oğlan Azərbərzi imiş.

 ©  Azərbaycan Xalq Nağılları

Bütün hüquqları qorunur.

https://www.nagillar.az/world/a-299.html