20.11.18
Sabah və bu gün. Malayya nağılı

Bir dəfə yağışlı bir gündə Kra adlı meymunla Raonq adlı qurbağa ağac altında oturub soyuqdan bir-birlərinə şikayət edirdilər.

– Krrx, krrx! – deyə Kra öskürdü.

– Qur, qur, qur! – Raonq quruldadı.


Yağışda islanmaqdan lap təngə gəlmişdilər, soyuqdan da tirtir əsirdilər. Onlar öz aralarında söz verdilər ki, sabah ağac doğrasınlar, qabığından da özlərinə koma düzəltsinlər. Səhərisi elə bir gün çıxdı ki, istisi lap dağı-daşı yandırırdı. Özü də hava elə qəşəng idi ki, Kra ağacın başında oturub işıqdan və istidən həzz alırdı, Raonq isə ağacın kökünə yaxın yerdə əyləşib özünü günə verirdi.

Nəhayət Kra ağacın başından enib dedi:

– Hə, dost, necəsən, özünü necə hiss edirsən?

– Çox gözəl! – deyə Raonq cavab verdi.

– Yaxşı, de görək ki, özümüzə koma düzəltməyə başlayaq, ya yox? – deyə Kra soruşdu.

– Eh, sən nə danışırsan! – deyə Raonq cavab verdi. – Sabah da düzəldə bilərik. İndi isti, canıma elə yayılır, mənim üçün elə ləzzət eləyir ki!

– Əlbəttə, komanı sabah da düzəldə bilərik! – deyə arsız Kra onunla razılaşdı.

Bütün günü onlar günün istisindən keyf çəkdilər. Axşam yağış başladı. O biri günü onlar yenə də ağacın altında oturub soyuqdan və rütubətdən bir-birinə şikayət edirdilər.

– Krrx! – meymun öskürdü.

– Qur, qur, qur! – qurbağa quruldadı.

Onlar yenə də qərara aldılar ki, sabah ağac kəsib, özləri üçün koma düzəltsinlər.

Ancaq səhəri yenə də elə qəşəng gün çıxdı ki, Kra ağacın başında oturub istisindən ləzzət aldı, Raonq isə ağacın kökünə yaxın bir yerdə özünü günə verdi.

Kra dünənki danışıqlarını Raonqa xatırlatdı, Raonq yenə də etiraz etdi:

– Bu cür qəşəng günü nə üçün korlayaq! Komanı sabah da düzəldə bilərik.

Eyni şey hər dəfə təkrar olurdu. Elə bu günə kimi onların işi bu yerdədir.

Kra və Raonq hələ də ağacın altında oturub yağışdan islanır, soyuqdan şikayətlənirlər:

– Krrx! Krrx!

– Qur, qur, qur!

 ©  Azərbaycan Xalq Nağılları

Bütün hüquqları qorunur.

https://www.nagillar.az/world/a-294.html