20.11.18
Xoşbəxtlik. Koreya nağılı

Bu əhvalat lap çoxdan olmuşdur. Bir kənddə ürəyi düz, namuslu bir qoca vardı. Bir dəfə o, yuxuda görür ki, xoşbəxtlik onun üçün göydən düşdü. Qoca bərk sevindi.

O biri gün o, tarlada işləyəndə birdən onun dırmığı nəyəsə ilişdi. Tez yeri qazıb üstündə əjdaha və tovuz quşu şəkilləri olan çini bir küp tapdı. Küpün dibində balaca bir qızıl pul var idi. Qoca çox təəccübləndi:

 

– Dünənki yuxuya görə xoşbəxtlik mənə göydən düşməli idi, ancaq küpü yerdən qazıb tapdım. Demək bu göy xoşbəxtliyi deyil, yer xoşbəxtliyidir. Görünür ki, bu xəzinə mənim üçün deyilmiş və təsadüfən bu mənim qabağıma çıxıb.

O, pulu öz yerinə qoyub evinə getdi.

Qocanın qonşuluğunda tamahkar bir varlı vardı. O, kəndlinin qabağına çıxan qızıl pul haqqında eşidib öz-özünə düşündü:

“Axmaq qocadır da! Qazıb xəzinə tapasan, onu da götürməyəsən! İndi ki, belədir elə mən özüm gedib qızılı götürərəm”.

O, tələsik çölə getdi.

Gəlib gördü ki, doğrudan da xəzinə var. O, əl atıb qızılı götürdü. Qocanın dediyinə görə küpdə bircə dənə qızıl pul olmalı idi, ancaq dövlətli heç cür küpü yerindən tərpədə bilmirdi.

– Heç nə daha eləmək olmaz. Küpün içindəkini götürməkdən başqa çarə yoxdur.

O, küpün içinə baxıb gördü ki, orada ilanlar, qurbağalar, soxulcanlar var. Tamahkar dövlətli qışqıra-qışqıra qaçdı:

– Ay-ay! Bu qoca olmayan şeylər danışıb namuslu adamları aldadır! Əclaf, yoluq, dilənçi! İndi gör ondan bunun heyfini necə alacağam!

O qayıdıb gəldi, ağır küpü qaldırıb – hardan da ona qüvvə belə gəldi! – yoxsulun daxmasına gətirdi. Gəlib çatan kimi ağır küpü pəncərədən içəri tulladı.

Ürəyi düz qoca isə bu vaxt heç nədən xəbəri yox, yatmışdı. Birdən nəsə bir şey onun başı üstündə cingildədi. O, gözlərini açıb gördü ki, küp cingilti ilə onun başı üstündən keçib yerə düşdü.

– Aha, bu elə doğrudan da göylərdən gələn hədiyyədir.

– Mənim səadətim, – deyə qoca sevindi.

Küpü qaldırdı, içi qızılla dolu idi.

 ©  Azərbaycan Xalq Nağılları

Bütün hüquqları qorunur.

https://www.nagillar.az/world/a-290.html