Qədimlərdə Almaz dağlarında Pak adlı tamahkar bir adam olurdu. Gözünə nə dəysəydi, istərdi özü üçün götürsün, yenə də gözü doymazdı.
Bir dəfə onun tələsinə bir dələ düşdü – özü də elə belə sadəsindən yox, gümüş yunlu dələ.
Pak sevindi. Dələni öldürmək istədi. Birdən dələ insan kimi dil açıb dedi:
– Məni öldürmə, burax gedim! Əvəzində sənə ürəyin istədiyin qədər gümüş verərəm.
– Nə qədər istəyim? Yaxşısı budur ki, belə elə ki, əlimi nəyə vursam o saat gümüşə dönsün, həm də məndən başqa heç kəs bu gümüşlərə əl vura bilməsin, – onda səni buraxaram – deyə tamahkar Pak ona təklif etdi. Dələ dedi:
– Sən istəyən kimi də olar!
Tamahkar Pak əlini tələyə atdı, tələ dönüb gümüş oldu. Pak, dələni buraxdı. Tez evə çatmağa tələsdi. Qaça-qaça evinə gəldi, sevindiyindən heç yerə, göyə sığmırdı.
Evin qapısına əlini vurdu – gümüş qapı taqqıldadı. Evə girib su içmək üçün parçı götürdü, o da dönüb gümüş oldu. Başmaqların çıxarıb kandara qoymaq istədi – başmaqlar gümüşə döndü.
Yerdəki yorğan-döşək də Pakın əli dəyən kimi gümüşə çevrildi. Tamahkar Pak belə bir dövlətdən lap ağlını itirdi. Evdə, həyətdə ora-bura qaçıb əlini hər şeyə vurur. Qaçıb, qaçıb yoruldu, yemək istədi. Ancaq bədbəxtlikdən bütün yemək də gümüşə dönürdü. Bir boşqab plov götürüb yemək istədi: boşqab da, düyü də, yemək taxtaları da gümüşə döndü. Pak yemək istəyir, ancaq yeyə bilmir. “Bir təhər dözərəm, – deyə tamahkar Pak öz-özünə düşünür, – ancaq əvəzində bir gör nə dövlətim var də! İndi hamı mənə həsəd aparacaq!”
Doğrudan da elə adamlar tapıldı ki, Paka həsəd apardı, ancaq çox az.
Hamı gördü ki, kök Pak nazik Paka çevrilir; gün-gündən o lap nazikləşir. Tezliklə lap əldən düşdü. Tamahkar Pak özünün soyuq və bərk gümüş yatağına uzanıb acından və soyuqdan öldü.