20.11.18
Tacir və tutuquşu. Hind nağılı

Biri var idi, biri yox idi, bir tacir var idi. Bir dəfə o uzaq ölkələrə alış-verişə gedəcəkdi. Evindəkilərin hamısını yanına çağırıb dedi:

– Mən gedirəm. Deyin görüm ki, sizin üçün nə gətirim?

Evdəkilərin hərəsi bir şey istədiklərini dedilər. Tacir hamı ilə görüşüb yola çıxmaq istəyirdi. Bu vaxt qəfəsdə oturan tutuquşu – ağası onu həmişə əlinin üstündə oturdub yedirər və içirdərdi – taciri öz yanına çağırıb dedi:

– Mənim də səndən bir xahişim var!


– Nə xahişin var? – deyə tacir soruşdu. – Əgər mümkündürsə, onu yerinə yetirməyə çalışaram.

Tutuquşu dedi:

– Sənin ticarətə gedəcəyin ölkədə bir ağac vardır. Bu ağacda çoxlu tutuquşu yaşayır. Əgər sən bu ağacı gedib tapsan, onda tutuquşulara məndən salam söylərsən. Nə cavab versələr gəlib desən, məni çox xoşhal edərsən! – Tutuquşu tacirə ağacı necə gedib tapacağını öyrətdi.

Tacir gülüb dedi:

– Yaxşı! Sənin xahişini yerinə yetirərəm.

Uzun və çətin səyahətdən sonra tacir gedib həmin uzaq ölkəyə çatdı, mallarını satıb, cürbəcür qəşəng şeylər aldı. İşlərini qurtarandan sonra tutuquşunun ona dediyi yerə getdi. Gördü ki, burada doğrudan da yekə bir ağac vardır. Bu ağacda çoxlu tutuquşu oturub. Tacir qışqırdı:

– Ey, tutuquşular! Mənim tutuquşum sizin üçün salam göndərir!

O bu sözü deyib qurtarar-qurtarmaz tutuquşulardan birisi o saat yerə yıxılıb öldü. Tacir lap məəttəl qaldı. “Yəqin ki, bu vəhşi tutuquşu mənim tutuquşumun yaxın dostu olubmuş ki, onun salam göndərdiyini eşidən kimi yıxılıb öldü”, – deyə tacir özlüyündə düşündü.

Tacir al-əlvan quşlara bir də baxıb şəhərə qayıtdı və yola çıxmağa hazırlaşdı.

Tacir sağ-salamat evinə qayıdıb evdəkilərin hamısı üçün də baxşışlarını gətirdi. Ancaq o öz tutuquşusuna onun salamına cavab gətirmədi, vəhşi tutuquşunun ölüm xəbərilə tutuquşusunun qanını qaraltmaq istəməyərək, ona heç bir söz demədi. Onda tutuquşu ondan soruşdu:

– Ağa, yəqin ki, sən mənim salamımı onlara yetirməmisən?

– Sənin salamını tutuquşulara yetirdim, ancaq heç bir cavab almadım, – deyə tacir ona cavab verdi.

Tutuquşu çox pərt oldu, soruşdu:

– Onda de görüm, sən orada nə gördün?

Əlacsız qalan tacir, əhvalatı danışmağa başladı:

– Mən sənin dediyin həmin yerə getdim, tutuquşuları gördüm. Mən sənin salamını onlara deyən kimi onlardan biri o saat ağacdan yıxılıb öldü. Ona görə də mənim sənə deməyə bir sözüm olmadı!

Tacir bunu danışıb qurtaran kimi tutuquşu səndələyib tardan yıxıldı və qəfəsin içinə ölü düşüb qaldı.

Tacirin tutuquşuya çox heyfi gəldi və öz-özünə belə dedi: “Mən nahaq yerə ona dostunun ölümünü xəbər verdim!” Sonra o, tutuquşunun ayağından yapışıb-pəncərədən atdı. Birdən tutuquşu silkindi, qanad çalıb uçdu. Tacir ancaq indi başa düşdü ki, ağacdan yıxılan tutuquşu, özünü ölülüyə vurubmuş ki, qəfəsdəki tutuquşuya azadlığa çıxmağı öyrədə bilsin.

 ©  Azərbaycan Xalq Nağılları

Bütün hüquqları qorunur.

https://www.nagillar.az/world/a-284.html