20.11.18
Sunda və Upasunda haqqında hekayət. Hind nağılı

Qədimlərdə Hiranyakaşipu nəslindən olan asur Nikumbhinin iki oğlu oldu, birinin adını Sunda, digərinin adını isə Upasunda qoydular. Oğlanlar kiçik yaşlarından güclərinə və qoçaqlıqlarına görə tay-tuşlarından seçilirdilər. Qardaşlar bir-birindən ayrılmır, can deyib can eşidirdilər. Onlar bir yerdə yatır, bir qabdan yeyir və bir kasadan içirdilər. Dava-dava oyunları da biriydi, əyləncələri də. Bir-birlərinə elə mehr salmışdılar, xasiyyətləri bir-birinə elə oxşayırdı ki, elə bil ekiz taydılar.


Qardaşlar böyüdülər, kişiləşdilər və hər üç dünyanı özlərinə tabe eləmək qərarına gəldilər. Sərt zahidlik həyatı keçirmək məqsədiylə onlar Vindhay dağının ətəyinə yollandılar. Yabanı kolluq basmış dağ yamacında onlar şahlıq libaslarını çıxarıb atdılar, liflərdən tikilmiş qaba cır-cında əyinlərinə taxdılar, saçlarını arxadan bağladılar və varlıqlarını ağır işgəncələrin ixtiyarına verdilər. Cır meyvələr və köklər dadmaqla neçə gecəni, neçə gündüzü beləcə keçirdilər, sonra isə yeməkdən və sudan tam imtina elədilər. Aclıq və susuzluq onları heydən salmışdı, kirdən bədənləri qartmaq bağlamışdı. Onlarsa ayaqlarının baş barmaqları üzərində dikələrək əllərini yuxarı qaldırmışdılar, gözlərini qırpmadan göyə baxırdılar. Aradan illər keçdi, belə tərkidünyalığı hələ heç kim görməmişdi və nəhayət, onların qəlbinin hərarətindən Vindhay dağının zirvəsi dumana büründü.

Nikumbhinin oğlanlarının getdikcə güclənmələrindən tanrılar qorxuya düşdülər və qərara aldılar ki, andın yerinə yetirilməsinə mane olsunlar. Tanrılar onları var-dövlətlə tovladılar, qəşəng-qəşəng qızlarla yoldan çıxarmağa çalışdılar, qardaşlar isə mətanətlərini itirmədilər və andlarına sadiq qaldılar. Tanrılar başqa hiyləyə əl atdılar: onların arvadlarını və bacılarını xəyal şəklində yanlarına göndərdilər. Yarımçılpaq, bər-bəzəksiz, saçları dağınıq arvadları elə bil qorxunc bir qüvvə təqib edirdi. Onlar “kömək edin!” deyə nə qədər qışqırışdılarsa qardaşlar haraya məhəl qoymadılar, andlarını pozmadılar, buna görə də qarabasmalar yoxa çəkildi.

Nəhayət, Sunda ilə Upasunda tərkidünyaları ilə kainatın Yaradıcısının mərhəmətini qazandılar. Brahma onların yanına gəlib dedi: “Ey asurlar, istədiyiniz payı seçin!” Qardaşlar ehtiramla onun qarşısında baş əyib dedilər: “Ey qadir tanrı, cild dəyişmək sirrini bizə öyrət, biz istənilən cildə girməyi öyrənmək arzusundayıq; istərdik ki, yerdəki və göydəki silahlar bizim tabeliyimizdə olsun, biz heç kimdən yox, ancaq bir-birimizdən qorxaq, bir də ki, bizə əbədilik ver”.

Brahma onlara cavab verdi: “Ölməzlikdən başqa istədiklərinizin hamısını sizə verirəm. Siz əbədi yaşamağa layiq deyilsiniz, çünki qəhrəmanlığınızın arxasında mənfəət dururdu – üç dünyanın hökmdarı olmaq istəyirdiniz. Bu hökmdarlığı alacaqsınız və üç dünyada heç kimdən qorxmayacaqsınız, qorxsanız da birbirinizdən qorxmalısınız”.

İstədiklərini Yaradandan alandan sonra qardaşlar öz şahlıqlarına qayıtdılar. Qohumlar, dostlar böyük qüdrət sahibinə çevrilmiş qardaşları sevinclə qarşıladılar. Nökərlər onların əyinlərindəki cır-cındırı çıxartdılar, çimizdirdilər, ətirli yağla bədənlərini yağladılar, zəngin libas geydirdilər, bahalı daş-qaşla bəzədilər və başlarına çələng qoydular. Sunda ilə Upasunda qohumlar və dostlarla günlərini kefdə keçirirdilər, illərin necə gəlib keçdiyindən xəbərləri olmadı.

Günlərin bir günü qardaşlar qərara gəldilər ki, məqsədlərini həyata keçirməyin vaxtı gəlib çatıbdı, kainatı fəth eləməlidilər. Onlar asurlardan ibarət yaraqlı-yasaqlı böyük bir ordu topladılar, xoş bir gündə yürüşə çıxdılar. Ordunu rəiyyətlərin sevinc dolu qışqırıqları və saray müğənnilərinin mədhiyyələri yola saldı. Sundayla Upasunda əvvəlcə göylər səltənətini zəbt eləmək məqsədilə İndranın şahlığına qalxdılar. Qəddarlaşmış, qorxuhürkü nə olduğunu bilməyən qardaşlar tanrılarla vuruşmağa fürsət axtarırdılar, onlarsa təşviş içində səma şahlığını tərk edib Brahmanın qoltuğuna sığındılar. Qardaşlar göyü ələ keçirdilər, qandharvları, naqları və insan tayfalarını əsarət altına saldılar, yeraltı dünyanı və dəniz sakinlərini özlərinə tabe elədilər. Yaradanın qoltuğuna sığınan tanrıları zəiflətmək məqsədilə qardaşlar qurban kəsilməsinin və nəzir verilməsinin qarşısını aldılar. Qardaşların iradəsini yerinə yetirən döyüşçülər tufan kimi yer üzünün canına düşdülər, qarşılarına çıxan mehrabları dağıtdılar, müqəddəs avadanlıqları qırdılar, suyla qurbanlıq işığını söndürdülər, müdriklərin ibadətgahlarını taladılar və sakinləri qəddarcasına öldürdülər. Brahmanın xeyir-duası təpədən-dırnağa günaha batmış qardaşları zahidlərin lənətlərindən qoruyurdu, onların soyğunçu qoşununun qarşısını heç kim ala bilmirdi. Canlarının qorxusundan brahmanlar da ayinlərindən imtina edib aradan çıxdılar. Yer üzündə qurban kəsilmirdi, amma qardaşlar bununla kifayətlənmədilər. Hakimiyyət bir daha tanrıların əlinə keçməsin deyə, qardaşlar bütün brahmanları qırmaq qərarına gəldilər. Onlar gah fil, gah pələng, gah şir, gah da ayı cildinə girdilər, hiyləylə brahmanları gizləndikləri sığınacaqlardan çıxardıb hamısını qırdılar... Tezliklə yer üzündə həyatdan əsər-əlamət qalmadı və dəhşət dünyanı başına götürdü. Tanrılara dua eləməyə heç kimin cəsarəti çatmırdı, mərasim və ayinlərə pozuntu düşmüşdü, yer üzündə toy sədaları kəsilmişdi, işıqlı dünya çağa qışqırığına həsrət qalmışdı, tarlalar və otlaqlar bomboş boşalmışdı, şəhər və kəndlərdə insan övladı tapılmırdı. Tanrılar qəmə batmışdılar, Günəşin, Ayın və Ulduzların qanı bərk qaralmışdı. Sunda və Upasunda üç dünyanı zəbt edəndən sonra Kurukşetrdə məskən saldılar, onlar öz əməllərindən və hakimiyyətlərindən çox razıydılar.

Tanrılar kədərli-kədərli viran qalmış yerə baxır və fikirləşirdilər ki, hakimiyyəti yenidən necə ələ keçirsinlər. Onlar Brahmanın yanına gəldilər və xahiş elədilər ki, qəddar Sunda ilə Upasundanı yerində oturtsun. Yaradan bir qədər fikrə getdi, sonra qərara gəldi ki, dünyanı dağıdan qardaşları cəzalandırmaq vaxtı çatıb. O, ilahi memar və heykəltəraş Vişvakarmanı hüzuruna çağırdı, əmr elədi ki, cahanda misli-bərabəri olmayan qəşəng bir qız düzəltsin.

Vişvakarman Brahmanın əmrini yerinə yetirdi. O, hər üç dünyadakı ən gözəl və ən bahalı daşlardan elə gözəl bir qız düzəltdi ki, onun sifətində, əndamında adi cizgini görən nəzərlərini ondan çəkə bilmirdi, baxan deyirdi, bir də baxım. Brahma qıza Tilottama adını qoydu və dedi: Özünü qardaşların yanına çatdır, çalış ki, onlar sənə bir könüldən min könülə vurulsunlar və səni bir-birlərinə qısqansınlar.

Tilottama itaətkarlıqla öz Yaradıcısına baş əydi, məclisi dolanaraq səma sakinlərinə ehtiramını bildirdi və Brahmanın tapşırığını yerinə yetirməyə yollandı. Tanrılar və müqəddəs müdriklər özlərini saxlaya bilmədilər, ehtiraslı baxışlarla onun arxasınca baxdılar. Ancaq tanrıların şahı və ulu Şiva dözümlərini itirmədilər, boylanıb Tilottamanın arxasınca baxmadılar. Şiva qızı görməmək üçün üzünü yana tutdu, amma yan tərəfdən onda yeni bir üzü yarandı: üzünü şərq tərəfə çevirdi, cənubdan yeni üz peyda oldu; qərb və şimal tərəfdən başqa üz yarandı; beləliklə, Şiva dördüzlü oldu. Qızdan nəzərlərini çəkə bilməyən İndrada min göz meydana gəldi və göylər hökmdarının bütün bədəninə səpələndi; o vaxtdan İndra mingözlü oldu. Tilottama isə Brahmanın sarayını tərk elədi və azğınlaşmış Sunda ilə Upasundanın iqamətgahına yollandı.

Sunda və Upasunda qardaşları hər üç dünyanı zəbt edəndən və tanrıların, qandharvların, naqların və yer padşahların var-dövlətlərini qənimət kimi ələ keçirəndən sonra günlərini kefdə-damaqda, əyləncələrdə keçirməyə başladılar. Onlar geyim-kecimdən, qiymətli bəzəklərdən, spirtli içkilərdən, şən oyunlardan, musiqi və rəqslərdən həzz alırdılar. Qardaşlar qorxu, yorğunluq, xəstəlik nə olduğunu bilmirdilər, qəşəng qızlarla güllü-çiçəkli bağlarda, meşəlikdə və gözəl saraylarda kef çəkirdilər.

Günlərin bir günü onlar gözəl qızlarla kef çəkirdilər, qızların mahnısına qulaq asır və rəqslərinə baxırdılar, elə bu vaxt Tilottama özünü yetirdi. Qız çiçək yığa-yığa kef məclisinə yaxınlaşdı, o, demək olar ki, çılpaqıydı, bir tikə parçayla qarın nahiyəsini örtmüşdü. Qızın gözəlliyi qardaşları elə heyrətə saldı ki, kef, əyləncə yadlarından çıxdı, donub qaldılar, baxışlarını ondan çəkə bilmədilər. Sonra onların hər ikisi kef məclisini tərk elədi, qarşısıalınmaz ehtirasla ona tərəf yönəldilər və qızı ələ keçirməyə can atdılar. Sunda qızın sağ, Upasunda sol əlindən yapışdı və gücləri, dövlətləri, hakimiyyətləri ilə fəxr edən qardaşlar qorxunc nəzərlərlə bir-birinə baxdılar. Sunda qardaşına üz tutub qışqırdı: “Bu qız mənim arvadım, səninsə məlikəndir!” Upasun- da etiraz elədi: “Yox, bu qız mənim arvadım və sənin nişanlındır!” İlk dəfəydi ki, qardaşların qəlbində bir-birinə qarşı düşmənçilik hissi yaranırdı. Tilottamanın üstə qeyzli-qeyzli bir xeyli sözləşdilər, sonra ağır toppuzlarını yellədə-yellədə bir-birinin üzərinə hücuma keçdilər. Ehtiras sərxoş qardaşların ağlını əllərindən almışdı, bir-birlərinə qəddarcasına o qədər zərbə vurdular ki, hər ikisi qan apara-apara yerə sərildi və onların heç biri daha ayağa dura bilmədi.

Rəqqasələr və xanəndələr qorxuya düşüb qaçışdılar. Sundanın və Upasundanın məsləhətçiləri, məiyyətləri yasa batdılar, geri Kurukşetrə qayıtdılar, qardaşların vay xəbərini təəbələrinə çatdırdılar. İşi belə görən asurlar torpağı və səmanı tanrıların ixtiyarına verib yenidən yeraltı dünyaya getdilər.

Tanrılar şənlik içindəydilər. Sunda və Upasundanın zülmündən onları xilas edən qəşəng Tilottamanı sevinclə qarşıladılar. Brahma könlündən keçən hədiyyəni seçməyi ona təklif elədi. Qız tanrılar şahından sevgini pay istədi. Brahma dedi: “Sən əbədi cavan və qəşəng qalacaqsan, yolun hara düşsə gözəlliyin səni görənlərin qəlbində sevgi oyadacaq”.

 ©  Azərbaycan Xalq Nağılları

Bütün hüquqları qorunur.

https://www.nagillar.az/world/a-282.html