Bir həftədən çox idi ki, çaqqal şikarsız qalmışdı. Acından tamam arıqlamışdı. Bir gecə o, yaxınlıqdakı kəndə ova getdi. Toyuq- cücə tapmaq ümidi ilə burada dolandı, amma əlinə hec nə kecmədi. Çarəsiz qalıb bir evin damına çıxdı. Bacadan aşağı düşən çaqqal düz gedib boya ilə dolu çəlləyin icinə düşdü. Ev yiyəsinin yun sapları boyamaq üçün hazırladığı rəngə boyanan çaqqal “daha mənim axırımdır”,deyə düşündü və meşəyə tərəf götürüldü.
Bu vaxt onun qabağına bir tülkü çıxdı.
- Bədənindəki göy ləkələr haradandır? - deyə tülkü gülə-gülə ondan soruşdu.
- Bilsəydim mən neçə bəladan qurtulmuşam, heç mənə gülməzdin, - çaqqal incidi.
Tülkünün çaqqala yazığı gəldi.
O, dedi:
- Əgər dediklərimə əməl etsən, səni doyunca yedizdirərəm.
- Sən nə desən ona əməl edəcəyəm,- acından taqətini itirən çaqqal razılaşdı.
Onlar meşənin içindəki talanın ortasındakı palıd ağacının yanına gəldilər.
- Vəd etdiyin yemək hardadir? – deyə çaqqal soruşdu.
- Tələsmə, - deyə tülkü ciddi halda cavab verdi. – Palıdın koğuşunu görürsənmi? Sən hələlik burada yaşayacaqsan. Yadında saxla,sən bu gündən bu meşənin hökmdarının varisisən. Elə edəcəyəm ki, bütün heyvanlar sənə tabe olacaqlar.
Göy çaqqal heyrətə gəldi:
- Sənin başına hava gəlib?
- Xeyr, mənim ağlım başımdadır. Yadında saxla, sən meşələr şahı şirin oğlusan. Atan səni buranın heyvanlarını idarə etməkdən ötrü göndərib. Mən isə sənin vəzirinəm. Mənim məsləhətim olmadan bir addım da atma. Aydındır?
- Aydın olmağına aydındır, amma bax gör, mən şaha oxşayırammı? - deyə acından yerə sərilmiş çaqqal soruşdu.
- Bunun sənə dəxli yoxdur. Mən nə desəm, onu edəcəksən.
Çaqqal koğuşun içinə girib, qıvrılıb uzandı, tülkü isə heyvanları xəbərdar etməkdən ötrü meşəyə yollandı. O, heyvanları şaha təzim etmək üçün talaya çağırdı və xəbərdar etdi:
“Özünüzlə hədiyyə gətirməyi unutmayın ha!” Tülkü hardansa bir kətil tapıb talaya qayıtdı.
Heyvanlar şahın qəzəbindən qorxaraq talaya tərəf üz tutdular.Kimi bir parça ət, başqası bal, digəri çöl siçovulu gətirmişdi. Ayılar, qabanlar, canavarlar, dovşanlar bir birinin dalınca düzülüb gəlmişdi. Tülkü hədiyyələri qəbul edib palıdın koğuşuna girdi və çaqqala dedi:
-Gəl dostum, doyunca yeyək, sonra çıxıb bir nitq söyləyərsən.
Onlar yeməklərin üstünə atıldılar. Heyvanlar isə talada səbirlə şahı gözləyirdilər. Nəhayət, tülkü koğuşdan çıxıb dedi:
-Hörmətli hökmdarımız şirin varisini – bizim əziz şahımızı qarşılayın!
Heyvanlar kətildə oturmuş çaqqala təzim etdilər. Şahın çaqqala oxşamasi onları şaşırtsa da göy rəngli olması şübhələrdən uzaqlaşdırdı. Tülkü çaqqalı çətin vəziyyətdən qurtarmaq üçün dilləndi:
- Şahımız yol gəlib, yorulub, ona görə də onun sözlərini sizə mən çatdiracağam. O, sizdən razılıq edir. Şahınızı sevin və onun sözündən çıxmayın!
Sonra şahı bütün heyvanların adından ayı salamladı. Ayının nərəsini eşidən çaqqal qorxudan əssə də başını silkələyib razılığını bildirdi:
-İndi isə gedə bilərsiniz. Cümə günü şahın xanımı bura gələcək. Onu da hədiyyələrlə qarşılıyarsınız.
Heyvanlar çıxıb gedəndən sonra tülkü özündən razı halda dedi:
-Hə dostum, səni neçə şah etdiyimi gördünmü? Gedək yemeyimizi yeyib qurtaraq.
Çaqqalla tülkü koğuşa girib qarınları şişənə kimi yedilər. Sonra isə dincəlmək üçün yerə uzandılar. Tülkü təzəcə mürgüləməyə başlamışdı kı, birdən çaqqalın səsini eşitdi:
-Vəzir, ay vəzir!
-Nə olub, şah? Toxluqdan şitlik edirsən?- tülkü hirsləndi.
-Sən nə cürətlə şahla belə danışırsan? – deyə çaqqal özündən çıxdı. -Susamışam,tez ol mənə su gətir.
-Az yeyəydin, - tülkü deyindi.
-Səsini kəs,- deyə çaqqal bağırdı. -Yadından çıxıb ki, mən şaham? Görmədin heyvanlar mənə neçə təzim edirdilər? Mənim atam da, babam da, şah olublar.
Tülkü hiddətləndi:
-Şaha bir bax, səni mən şah elədim. Səsini kəs, yoxsa göy dərini boğazından çıxararam.
Tülkünün qəzəbləndiyini görən çaqqal qorxuya düşdü. O, mülayimçəsinə dedi:
- Gedək, bir yerdə su axtaraq.
Onlar meşədə bir bulaq tapıb doyunca su içdilər. Kefi kökələn çaqqal tülküyə verdiyi vədi unudub var gücü ilə ulamağa başladı. Yaxınlıqdakı kolda bir canavar yatmışdı. O, gözlərini açıb qarşısında göy çaqqalı görəndə hər şeyi başa düşdü.
“Biz necə də səfeh olmuşuq”, - deyib tullanıb çaqqalın boğazından yapışdı.