Biri vardı, biri yoxdu, bir qarı ilə oğlu vardı. Əkinçiliklə dolanan onların təsərrüfatları iki öküzdən ibarət idi. Qış günlərinin birində könlünə ət yemək düşən qarı dedi:
-Oğlum, gəl bu öküzlərdən birini kəsək.
Oğlu anasının bu sözündən kədərləndi:
-Ay ana, əgər öküzün birini kəssək, tarlanı neçə şumlayacayıq?
-Məgər biz yaza kimi bir öküz ala bilməyəcəyik? –deyə ana oğlunu sakitləşdirdi.