Təsadüf Azərbaycan nağılı
|
Cəllayat və Şmayla. Əfqan nağılıKeçmişlərdə, lap keçmişlərdə kiçik bir şəhərdə qoca bir quştutan yaşayırdı. Bunun iki oğlu vardı: birinin adı Xunkar, o birinin adı Müslim idi. Uşaqların anası çoxdan ölmüşdü. Onlar da bütün günlərini atalarının yanında qalın meşələrdə keçirirdilər. Onlar quş tutur, meyvə yığır, axtarıb quş yumurtası tapır və ayna kimi dupduru saf dağ çayında çimirdilər. Bir dəfə qoca quştutan meşədə əcaib bir yumurta tapdı. Bu yumurta elə ağır idi ki, bir adam güclə onu yerdən qaldıra bilərdi. O, bir təhər, oğlanlarının köməyilə yumurtanı sürüyüb şəhərə tacirin yanına gətirdi. Tacir yumurtanın o tərəfinə, bu tərəfinə baxıb mat qaldı, kişiyə dedi: β Mən sənə yalan demək istəmirəm. Bu qiymətli yumurtanın dəyərinə görə sənə pul verməyə mənim gücüm çatmaz. Burada yaxınlıqda bir dövlətli olur, sən onun yanına get. Quştutan belə də elədi. Dövlətli bu əcaib şeyi görəndə gözləri açıla qaldı. O saat quştutana üç yüz rupiyə pul verib dedi ki, bu yumurtadan yenə də tapıb gətirsə ona bu qədər pul verər. O vaxtdan quştutan hər ay dövlətli üçün üç, elə vaxt olurdu ki, dörd yumurta gətirirdi, axırda quştutan tələ qurub qəribə yumurtası olan quşun özünü də tutdu. Quştutan bundan sonra varlandı. O, daha meşəyə quş tutmağa getmədi, təzə bir arvad da aldı. Kişinin bu ikinci arvadı çox deyingən və bədxasiyyət idi. O, kişinin oğlanlarına göz verib işıq vermirdi. Onları səhər ala-qaranlıqdan axşamdan xeyli keçmişədək ağır işlərdə işlədirdi. Qoca quştutan naxoşlayıb öldü. Xunkar ilə Müslim atasızanasız yetim qaldılar. Kişinin ölümündən bir neçə ay keçəndən sonra ögey ana, quştutandan qəribə yumurtaları alan dövlətlini evinə qonaq çağırdı. Dövlətli, qonaq gəlməyə söz verdi, ancaq nökərini də göndərib sifariş elədi ki, qəribə quşu kəsib şorba assınlar və başı ilə ürəyini də heç kəsə verməsinlər. Varlı ona görə belə deyirdi ki, sirri bilirdi. Kim qəribə quşun başı ilə ürəyini yesəymiş böyük padşah olarmış. Paxıl və zalım Xunkar, ögey ana ilə dövlətlinin nökəri arasındakı söhbətə qulaq asdı. O, öz mehriban, əli-könlü açıq qardaşını da öyrətdi ki, dövlətlinin yeməli olduğu quşun ürəyi ilə başını yesinlər. Xunkar mətbəxdə gizləndi, aşpaz qadının üzü o yana olanda tez quşun başı ilə ürəyini qazandan çıxartdı. O, acgözlüklə bunları yeyirdi, ancaq bunların oğurlanmağında təkcə onu danlamasınlar deyə quşun başından və ürəyindən balaca bir parça qardaşı Müslimə də verdi. Dövlətli bunlara qonaq gəlib eşitdi ki, Xunkar ilə Müslim quşun ürəyi ilə başını yeyiblər, özündən çıxdı, o saat əmr elədi ki, uşaqları axtarıb tapsınlar. Uşaqlar isə dövlətlinin onları hədələməsindən qorxub evdən qaçdılar. Uşaqlar yolun hara gedib çıxacağına fikir verməyərək, qalın meşənin içi ilə qaçaraq hey uzaqlaşırdılar: onların yolunu liananın möhkəm sarmaşdığı iri ağaclar kəsirdi; hər tərəfdə pələng nəriltisi, çaqqal ulaşması eşidilirdi. Xunkar yorğunluqdan əldən-ayaqdan düşmüşdü. Müslim onu nə qədər dilə tutdusa, heç nə kömək etmədi: Xunkar şaxlıbudaqlı bir ağacın altına yıxılıb bərk yuxuya getdi. Bir saat keçdi, iki saat keçdi, Xunkar yuxudan oyanmadı. Müslim qorxdu, elə bildi ki, qardaşı ölüb, ağlaya-ağlaya harayhəşir salaraq qaçıb kömək çağırmağa başladı. Müslim bir də gördü ki, bir dəstə camaat ona tərəf gəlir. Müslim özünü onların üstünə atıb yalvarmağa başladı: β Kömək edin! Qardaşım halsızdır! Ancaq adamlar elə bil ki, onun sözünü eşitmirdilər. Onu hər tərəfdən dövrəyə aldılar. Ağ saqqal qoca, oğlanın yanına gəlib bircə kəlmə söz demədən əlinin üstündə oturan çalağanı göyə atdı. Çalağan qanadlarını açıb göyə qalxdı, bir qədər havada süzdü, sonra daş kimi aşağı cumdu. Çalağan get-gedə aşağı enirdi. Bir an da keçdi, çalağan gəlib düz Müslimin çiynində oturdu1. Adamların hamısı üzü üstə oğlanın qabağına yıxıldı, qoca isə diz çöküb dedi: β Sən bizim padşahımızsan! Biz hamımız sənin nökərinik! Camaat onu ən yaxşı ata mindirib, öz məmləkətlərinə apardılar. Xunkar isə bu vaxt elə yatmışdı, heç dünyadan xəbəri yox idi. O vaxtacan yatdı ki, həmin ağaca üç sehrli quş gəlib qondu. Bu quşlar Xunkara bir neçə dənə sehrli yarpaq atdılar. Xunkar oyandı. Qardaşı Müslimi yanında görməyib qorxusundan ağladı, ayağa qalxdı, qalın meşənin içi ilə yol getdi. Xunkar getdi, getdi, birdən gördü ki, göyün üzündə lap yüksəkdə çalağan süzür. Oğlan dayanıb quşa baxdı. Elə bil ki, çalağan da bunu gözləyirmiş, qanadlarını yığıb daş kimi Xunkarın üstünə cumdu. Xunkar qorxdu, yerə yıxılıb əllərilə başını örtdü. Çalağan o saat onun kürəyində oturdu. βİndi daha ölən günümdür! β deyə oğlan öz-özünə düşündü. β Mən gərək o zəhrimara qalmış qəribə quşun ürəyini yeməyəydim!β Ancaq bir-iki dəqiqə keçdi, çalağan eləcə sakitcə Xunkarın kürəyində oturmuşdu. Onda oğlan ürəklənib başını qaldırdı, gördü ki, dövrəsində çoxlu adam diz çöküb oturubdur. O birilərinə görə ona ən yaxın oturan adam dedi: Β Β Biz səni tapdıq, bizim böyük padşahımız! Bizim hökmdarımız ol! ...Bu əhvalatın üstündən çox illər gəlib keçdi. Müslim padşah öz var-dövləti və əzəməti ilə şöhrət qazanmışdı. Onun bir- birindən gözəl yeddi oğlu vardı. Müslim padşah kiçik oğlu qəşəng və pəhləvan Cəllayatı oğlanlarının hamısından çox istəyirdi. ...Müslim padşahın məmləkətindən çox uzaqda öz ölkəsini idarə edən əzəmətli, lakin zalım Xunkar yaşayırdı. Xunkarın ancaq qızları olurdu. O, isə oğlan istəyirdi, ona görə də qızları olan kimi əmr edib onları öldürtdürürdü. Təkcə kiçik qızı Şmaylanı anası zalım padşahın qəzəbindən qoruyub saxlaya bilmişdi. On yeddi ildən sonra Xunkarın qızı böyüyüb dünyada gözəllikdə və ağılda tayı-bərabəri olmayan bir qız oldu. Bir dəfə padşah arvadı, gözəl-göyçək qızını zalım və zəhmli Xunkara göstərmək istədi. Qorxusundan ürəyi bərk döyünə-döyünə Şmaylanı atasının yanına gətirdi. Xunkar qızının gözəlliyinə heyran oldu. O, iki gün, iki gecə fikirləşdi, axırda gözəl Şmaylanı öldürməmək qərarına gəldi, çünki doğrudan da dünyada ondan gözəl tapmaq olmazdı. O, əmr edib qızı üçün yeraltı saray tikdirdi. Qızını ora salıb qapılarını bağladı. Carçılara da tapşırdı ki, bütün şəhərə car çəkib bildirsinlər: kim padşahın qızına baxmağa cəsarət etsə, o dəqiqə cəllad onun boynunu vuracaq. Ancaq gözəl padşah qızı haqqındakı xəbər hər tərəfə yayıldı. Müslim padşahın oğlanları da gözəl Şmaylanın adını eşidib, onun dalınca Xunkar padşahın məmləkətinə gəldilər. Müslim padşahın kiçik oğlu Cəllayat, qardaşları ilə getməyib ata-anasının yanında qaldı. Müslimin oğlanları gəlib Xunkar padşahın məmləkətinə çatdılar. Onlar saraya padşahın yanına gəlib, kim olduqlarını və nə üçün gəldiklərini ona dedilər. Padşah qəddi-qamətli oğlanlara baxıb gülümsündü, sonra onlara belə dedi: β Nə olar... Kim mənim beş arzumu yerinə yetirsə, qızımı ona verəcəyəm. Ancaq onu da bilin ki, kim bu arzulardan bircəciyini yerinə yetirmədi, boynu vurulacaq! Razısınızmı? β Razıyıq! β deyə oğlanlar cavab verdilər. β Onda qulaq asın. Əvvəlcə Şmaylanın inəyini sağın. Sonra südlə dolu vedrə əlinizdə üç dəfə qalanın damında qaçın. Sonra torpaqla qarışmış buğdaları bir-bir yığın. Elə bir pələng tapıb gətirin ki, mənim pələngimə qalib gələ bilsin. Bütün bunlardan sonra Şmaylanın sarayının qapısını tapın. Hə, razısınızmı? β Razıyıq, β deyə igid cavanlar cavab verdilər. Onlar Xunkarın əmrlərini yerinə yetirə bilmədilər. O da onların boynunu vurmağı əmr elədi. Bir-bir şahzadələrin boynu vuruldu. Cəllayat bu qara xəbəri eşitdi, bir kəlmə danışmadan öz qılıncını götürdü, atını minib Xunkarın məmləkətinə sürdü. Cəllayat çox yol getdi, o qədər getdi ki, atı davam gətirməyib yıxıldı və daha yerindən qalxa bilmədi. Cəllayat qalan yolu pay-piyada getməli oldu. Oğlan çox getdi. Axırda dincini almaq üçün şaxlı-budaqlı bir ağacın altında uzandı. Gördü ki, yaxında qarışqa yuvasını su yuyub dağıdır, çünki bir kəndli burada arx qazıyıb. Cəllayatın qarışqalara yazığı gəldi. O, kəndlinin yanına gəlib dedi: β Ay zəhmətkeş, sən, gəl, bu qarışqaları tələf eləmə! β Bəs qarışqalara görə mən bütün ili ac oturum? β deyə kəndli ona cavab verdi. β Mən bura su çəkməsəm, məhsul götürə bilmərəm axı? β Buradan yığdığın məhsulu sən neçəyə satırsan? β Üç yüz rupiyəyə. Cəllayat bir kisə qızıl çıxarıb, onu kəndlinin ayaqları altına atdı. β Burada beş yüz rupiyə var. Sənə artıqlaması ilə çatar, β dedi. β Mən isə səndən ancaq bircə şey xahiş edirəm: qarışqaları tələf etmə. Heyrətindən gözləri bərəlmiş kəndli, oğlana təşəkkür etməyə başladı, ancaq oğlan ona heç fikir verməyərək qarışqa yuvasına yaxınlaşıb təzim etdi. Birdən Cəllayat gördü ki, qarışqaların ən yekəsi insan kimi dil açıb dedi: β Mehriban oğlan, çox sağ ol! Mən qarışqaların padşahıyam. Bizim köməyimiz sənə lazım olsa, ancaq bircə kəlmə: βMrıstaβ deyərsən. Biz o saat sənin yanında hazır olarıq. β Çox sağ ol, mehriban padşah! Ancaq heç inanmıram ki, sizin köməyiniz mənə lazım olsun. β Ay oğlan, elə demə, bilmək olmaz ki, sabah adamın başına nə gələcək! β Çox sağ ol, ay padşah! Cəllayat belə deyib ayağa qalxdı və yoluna davam etdi. Yol qurtardı, indi də oğlan, qalın meşənin içi ilə yol getməli oldu. Cəllayat dincini almadan yol getməkdə idi. Get-gedə ətraf qaranlıqlaşırdı. Oğlan birdən hardansa yaxınlıqdan pələngin bağırtısını eşitdi. Cəllayat qorxmadı, qılıncını siyirib irəli çıxdı. Birdən Cəllayat dayandı: pələng düz onun qabağında kiçik bir talada oturub ağrıdan bağırırdı. Cəllayat yaxına gəlib gördü ki, pələngin ayağına böyük bir tikan batıb. βHeyvana kömək eləmək lazımdırβ, β deyə oğlan düşünüb o saat çala qazmağa başladı. Cəllayat, çalanı, pələngin tikan batmış ayağının altında qazıb qurtardı, sonra ora, atılıb, pələngin ayağından tikanı çıxartmağa başladı. Pələng ağrıdan böyürür, salamat pəncəsilə yeri döyəcləyirdi, ancaq Cəllayatı vura bilmirdi, çünki oğlan çalada gizlənmişdi. Pələng axırıncı dəfə bağırdı, sonra sakitləşdi: Cəllayat tikanı dartıb çıxartmışdı. Pələng ona belə dedi: β Çox sağ ol, ay rəhmdil oğlan! Mən bütün pələnglərin padşahıyam. Al, sənə öz bığımdan verirəm: mənim köməyimə ehtiyac olsa, onu yandırarsan, mən o saat sənin yanında olaram. Cəllayat pələngə təşəkkür edib öz yoluna davam etdi. Bir neçə gündən sonra o böyük bir şəhərə gəlib çıxdı. Bu şəhər Xunkar padşahın məmləkətinin paytaxtı idi. Cəllayat möhtəşəm padşahın sarayı ətrafında çox dolandı, adamların danışıqlarına qulaq asdı, baxdı, gördüklərini, eşitdiklərini yadında saxladı. Oğlan təsadüfən gedib bir zərgər dükanına girdi, bacarıqlı ustaların işlərinə baxıb həzz alırdı və onlarla elə bərk dostlaşdı ki, axırda onların yanında qaldı. ...Bir neçə gün keçdi. Birdən paytaxt camaatı təzə bir xəbər eşitdi: bacarıqlı ustalar qızıldan və gümüşdən qəşəng pələng bir oyuncaq qayırmışlar! Zərgərlər bu qiymətli hədiyyəni padşah üçün saraya apardılar, camaat isə onların dalına düşüb zərgərlərin ustalığına heyrət edirdi. Hədiyyə Xunkar padşahın çox xoşuna gəldi, əmr elədi ki, zərgərlərə yaxşı mükafat verilsin, qurulan oyuncaq pələngi isə gözəl Şmaylaya bağışladı. Qız, qızıldan qayırılmış əcaib oyuncağı görəndə bərk sevindi! Şmayla əllərini bir-birinə vurub oyuncağı qurmaq üçün açarı burdu. Birdən pələngin belindəki qapı açıldı, Cəllayat oradan çıxdı. O, Şmaylanın gözəlliyinə heyran oldu. β Padşah qızı! β deyə oğlan sözə başladı, β mən təkcə sənin xatirin üçün bu cür uzun və təhlükəli yol keçib bura gəlmişəm! Mən könlümü əbədi olaraq sənə vermişəm! Qızın da qəşəng oğlan ürəyinə yatmışdı. İndi onlar heç təsəvvür edə bilmirdilər ki, bir-birindən ayrı necə yaşayacaqlar. Onlar oturub, xeyli söhbət elədilər, axırda Şmayla yaylığını və üzüyünü Cəllayata bağışladı. Sonra da, nökərlərinə əmr elədi ki, qiymətli oyuncağı geri, zərgərlərə aparıb versinlər. β Qoy onu təmir eləsinlər! β deyə Şmayla nökərinə tapşırdı. Cəllayat gözəl Şmayla ilə bu cür görüşüb öz dostlarının yanına qayıtdı. Səhəri günü qoçaq Cəllayat saraya gəlib Xunkar padşaha dedi: β Böyük padşah, mən cəsarət edib səndən çox böyük bir şey xahiş edirəm β gərək qızını mənə verəsən. Xunkar qəhqəhə çəkib güldü: β Mənim şərtlərimi sən yerinə yetirəcəksənmi? β İstəyirsiniz lap hamısını birdən yerinə yetirim! β Lovğalıq çox pis xasiyyətdir! β deyə Xunkar qeyd etdi. β Özünə inam β bu lovğalıq deyil! β deyə oğlan cavab verdi. β Bəs, sən bilirsənmi ki, əgər şərtlərimə əməl etməsən, sənin boynunu vurduracağam! β Bilirəm, β deyə Cəllayat cavab verdi. β Neynək, lap yaxşı, β deyə Xunkar padşah səsləndi. β Onda başla görək. Əvvəlcə Şmaylanın inəyini sağ! β deyib Cəllayatın boynunu vurmaq üçün hazırlaşan cəllada baxdı. Cəllayat inəyin yanına gəlib xəlvətcə cibindən Şmaylanın yaylığını çıxartdı. İnək, sahibəsinin iyini duyub oğlanı yaxınına buraxdı. Xunkar, Cəllayatın vedrəni süd ilə doldurub qayıtdığını görəndə təəccüb elədi, oğlana dedi: β İndi də bu südlə sarayın bütün pilləkənlərini üç dəfə lap sarayın damına kimi qaçmalısan. Ancaq bil ki, bircə damcı da süd yerə tökülsə sənin boynun vurulacaq! Cəllayat gülümsündü və xəlvətcə Şmaylanın üzüyünü vedrənin içinə atdı. Süd o saat dönüb qatıq oldu. Cəllayat qaça-qaça əlində vedrə üç dəfə dama çıxıb düşdü, süddən bircə damcı da yerə tökülmədi. Onda padşah əmr elədi ki, gecəni Cəllayatı anbara salıb qapısını bağlasınlar: β Qoy bir gecədə qumla qarışdırılmış buğdanı arıtlasın, elə eləsin ki, buğda ayrı, qum da ayrı yığılmış olsun! Əgər qumun içində bircə dənə buğda, buğdanın içində bircə dənə qum qalmış olsa oğlanın boynunu vurun! Cəllayatı anbara salıb qapılarını üzünə bağlayandan sonra o, üç dəfə yavaşcadan dedi: β Mrısta! Mrısta! Mrısta! O saat qarışqalar onun yanında hazır oldular. β Sən hələ deyirdin ki, biz heç vaxt sənin işinə yaramarıq, mərhəmətli oğlan! β deyə qarışqaların padşahı gülümsündü. Qarışqalar isə girişdilər... Heyrətlənmiş Xunkar səhər gördü ki, buğda bircəciyinə kimi qumdan ayrılmışdır. β Neynək! β deyə Xunkar padşah qaşqabaqlı dilləndi. β İndi də get, meşəyə, pələng gətir. Sənə bir gün möhlət verirəm, bircə saat da artıq olmaz. Cəllayat təzim edib belə dedi: β Ay padşah, lap çox vaxt verirsən! Sən mənə ancaq öz pələnginin yerini göstər. β Odur ey qəfəsdə! β Yaxşı! β deyə Cəllayat cavab verib fit çala-çala meşəyə getdi. Meşədə yan-yörəsinə baxdı. Gördü ki, heç kəs yoxdur. Cəllayat cibindən pələng padşahın bığını çıxarıb yandırdı. O saat qoca pələng onun yanında hazır oldu və insan kimi dil açıb Cəllayatdan soruşdu: β Ay ağa, sən məni çağırmışdın? β Bəli, çağırmışdım. β Məndən sənə nə lazımdır? β Mən istəyirəm ki, sən Xunkar padşahın pələnginə qalib gələsən. β Ay ağa, sənə qulaq asıb əməl etmək borcumdur! Cəllayat öz pələngini təzəcə buraxmışdı ki, o, qəfəsə soxuldu, padşahın pələngi o saat onun qabağında diz çöküb aman istədi! β Ey ağıllı və qoçaq oğlan, daha bəsdir, β deyə Xunkar padşah özünü itirmiş dilləndi. β İndi də mənim axırıncı sualıma cavab ver: mənim qızımın qəsrinin yolu haradandır? β Padşah sağ olsun, sənin taxtının altından! β deyə Cəllayat sakitcə cavab verdi. Xunkarın əlacı kəsilib qızını qoçaq oğlana ərə verməli oldu. O vaxtdan Cəllayatla Şmayla ömür sürüb xoşbəxt yaşayırlar və həyatdan heç doya bilmirlər. Bu da, bircə kəlmə də quraşdırması olmayan doğruçu nağılın axırı. Səhifələr: 1
|