top image
 
 
Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z

Bir cüt ev ayaqqabısı. İndoneziya nağılı

Biri var idi, biri yox idi, bir cüt geyilib köhnəlmiş ev ayaqqabısı var idi: kişi-ayaqqabı və arvad-ayaqqabı. Əgər bu ayaqqabılara diqqətlə baxsa idiniz o saat aralarında olan fərqi görərdiniz: sağ ayağın ayaqqabısı sol ayağın ayaqqabısına nisbətən enli və böyük idi. Bu da aydındır: axı ayaqqabının sol tayı arvad, sağ tayı kişi idi.

Bu ayaqqabılar öküz dərisindən tikilmişdi, özü də Lombok adasında yerləşən Sasak məmləkətinin padşahı olan racənin idi. Racə bu ayaqqabıları çox istəyirdi, ona görə də bunları hər gün – səhərdən axşamacan ayağından çıxarmazdı. Yatanda isə ayaqqabıları həmişə götürüb rəfin üstünə qoyurdu. Racə təmizliyi və səliqəli olmağı çox sevirdi.


Racə yatar-yatmaz siçanlar döşəmənin altından çıxır, qara dəyirmi gözlərini oynadaraq otağın hər yerini gəzib, yeməyə bir şey axtarırdı. Ancaq racənin yataq otağında yeməyə bir şey olmazdı, ona görə də gözlərini ayaqqabılara dikmişdilər. Öküz dərisindən elə dadlı iy gəlirdi ki, yazıq siçanların ağızlarının suyu axırdı! Hər iki ayaqqabı nahaq yerə qorxub əsmirdi, ancaq siçanları hürkütmək üçün qaş-qabaqlarını sallayıb acıqla onlara baxırdılar. Siçanların elə doğrudan da ürəklərinə qorxu düşdü. Ancaq öküz dərisi elə qəşəng cəlbedici iy verirdi ki, siçanlar hər gecə yavaş-yavaş ayaqqabılara yaxınlaşırdılar. Ayaqqabılar isə qorxularından əsirdilər.

Bir dəfə də, gecə, siçanlar onlara lap yaxınlaşıb hər tərəflərini iylədilər. Səhər açılanda kişi-ayaqqabı arvadına dedi: “Deyəsən, bu siçanlar bizi doğrudan da yemək istəyirlər. İndi onlar özlərini yuvalarına soxmuşlar, çünki hava işıqlaşıb, ancaq hava qaralanda, onlar yuvalarından yenə də çıxacaqlar, onda...” Kişi dərindən bir ah çəkdi, arvad da ah çəkdi. Kişi bir az fikirləşib dedi: “Əlbəttə, siçanlar köməksiz, hətta canlarını qurtarmaq üçün qaça bilməyən ev ayaqqabılarından güclüdürlər. Eh, nə yaxşı olardı ki, biz də dönüb siçan olaydıq! Görəsən dua edib allahdan istəyək ki, bizi siçana döndərsin?”

Arvad-ayaqqabı cavab verdi: “Mən sənin arvadınam, biz həmişə bir yerdəyik. Sən hara gedirsən get və nə olursan ol, – istəyirsən ayaqqabı ol, istəyirsən siçan ol. Mənim üçün heç bir fərqi yoxdur, mən həmişə səninləyəm!”

Belə olan surətdə kişi-ayaqqabı dua edib allahdan xahiş elədi ki, onlar dönüb siçan olsunlar. Allah da xahişlərini qəbul edib, o saat onları siçana çevirdi, onlar da gecələr olduqları rəfdən yerə atıldılar və siçan deşiyində gizləndilər.

Racə səhər yuxudan ayılıb ayaqqabılarını geymək istəyəndə heç yerdə onları tapmadı. Racə keşikçilərinin əlindən bərk hirsləndi ki, onlar yəqin yatıblar, oğru da gəlib saraya girib. Onlar da and içirdilər ki, heç gözlərini yummayıblar və bircə nəfər adamı da yaxına buraxmayıblar. Racə isə onlara inanmırdı. Bəs ayaqqabılar nə oldu?

Siçana çevrilən ayaqqabılar indi döşəmənin altında yaşayırdılar, ancaq onların bir balaca dərdləri vardı: indi onlar daha racə yola çıxan vaxt onun ayağında olmurdular. Ancaq axşam olan kimi onlar özlərini xoşbəxt hesab edirdilər, – axı indi onların daha siçanlardan qorxuları yox idi.

Onlar da o biri siçanlar kimi otaqlarda qaçışıb özlərinə yemək axtarırdılar.

Bir dəfə yekə bir pişik onların üstünə cumdu. Xoşbəxtlikdən onlar – ər-arvad vaxtında özlərini yuvaya soxa bildilər. Pişik pəncəsinə keçən siçanın fəryadlı ciyiltisini eşidəndə onların qorxudan ürəkləri nanə yarpağı kimi əsdi! Siçan olmaq gör nə qorxuluymuş!

Kişi dərindən bir ah çəkdi, arvad da ah çəkdi. Kişi dedi: “Əlbəttə iti caynaqları olan bu boyda böyük pişik biz yazıq siçandan çox-çox güclüdür. Ah, nə yaxşı olardı ki, biz də dönüb pişik olaydıq! Görəsən, allahdan xahiş edək ki, bizi pişiyə döndərsin?” Arvad siçan cavab verdi: “Mən sənin arvadınam, biz həmişə bir yerdəyik. Sən hara gedirsən get və nə olursan ol: istəyirsən ayaqqabı ol, ya siçan ol, ya da pişik. Mənim üçün fərqi yoxdur. Mən həmişə səninləyəm!”

Belə olan surətdə kişi, allahdan xahiş etməyə başladı ki, onları: ər-arvadı pişiyə döndərsin.

Allahın onlara yazığı gəldi, onlar dönüb pişik oldular. Gecələr siçan ovlayır, gündüzləri də yatıb yuxularını alır və özlərini günə verirdilər.

Bir dəfə yekə və bədheybət bir it onların dalınca düşüb qovdu. İt bərkdən hürə-hürə qorxularından az qala bağırları çatlayan ər-arvad pişiklərin dalınca dördayaq götürüldü. Onları tutmağa lap azca qalmışdı ki, qabaqlarına bir ağac çıxdı. Pişiklər o saat ağaca dırmaşdı, budağa qısılaraq miyoldamağa və pufuldamağa başladılar. İt, ağacın dövrəsində atılaraq, bunlara hürürdü, pişiklər isə budaqdan bərk-bərk yapışaraq qorxularından əsirdilər. Uzanıb gündə qızınmaq hardan yada düşürdü!

Kişi pişik dərindən bir ah çəkdi, arvad pişik də ah çəkdi. Kişi dedi: “Görünür ki, it biz bədbəxt pişiklərdən güclüdür. İt olmaq nə yaxşıdır! Gəlsənə allahdan xahiş edək ki, bizi itə döndərsin?”

Arvad dedi: “Mən sənin arvadınam, biz həmişə bir yerdəyik. Sən hara gedirsən get və nə olursan ol: istəyirsən ayaqqabı ol, istəyirsən siçan ol, istəyirsən pişik, istəyirsən it ol, mənim üçün heç bir fərqi yoxdur, mən həmişə səninləyəm!”

Belə olan surətdə kişi pişik yenə də allaha müraciət edib xahiş etdi ki, onları itə döndərsin. Onlar da dönüb it oldular: keyfləri necə kök idi! Bütün günü həyətdə atılıb-düşürdülər. İt olmaq nə yaxşıdır!..

Bu vaxt kəndlilər həyətdə düyü döyürdülər. İtlərin insanla oynamaqdan çox xoşları gəlir, – odur ki, onlar da quyruqlarını bulaya-bulaya kəndlilərə yaxınlaşdılar. Bəxtləri gətirmədi! İnsanlar ağacla onları kötəklədilər, daşa basdılar. Quyruqlarını qısıb hər iki it zingildəyə-zingildəyə nə əkildi! İndi onlar it olmaqlarına görə heç də sevinmirdilər.

“Görünür ki, insanlar bizdən qat-qat güclüdürlər”, – deyə it dərindən bir ah çəkdi. Onun arvadı da ah çəkdi. Kişi it arvadına dedi: “Sən necə bilirsən, gəlsənə allahdan xahiş edək ki, bizi insana çevirsin? Onda biz heç kəsdən qorxmarıq”.

Arvad dedi: “Mən sənin arvadınam, biz həmişə bir yerdəyik. Sən hara gedirsən get və nə olursan ol: istəyirsən ayaqqabı ol, istəyirsən siçan, istəyirsən pişik, ya da it, yaxud insan ol – mənim üçün fərqi yoxdur, mən həmişə səninləyəm!”

Belə olan surətdə it, allaha yalvardı ki, onların insana döndərsin. Allahın onlara yazığı gəldi, onlar dönüb kəndli oldular. Onlar nə sevinirdilər! İndi hansı iti keyfləri istəyirdi ağacla döyə bilir və hansı pişik olsa ona “pişt” eləyə bilirdilər. Əgər tələyə siçan düşmüş olurdu, onu o saat vedrəyə – suyun içinə atıb öldürürdülər. Bayram günlərində isə ayaqlarına ayaqqabı geyib gəzməyə gedirdilər. İnsan olmaq çox yaxşı idi! Ancaq bu yaxşı günlərin axırı tez gəlib çatdı. Kəndxuda kəndin bütün camaatını yığıb onlara təzə yol salmağı əmr etdi. Kəndli gün çıxandan gün batana qızmar günəş altında qəddini düzəltmədən işləyirdi. Onun arvadı ağır daşları daşıyır, o, isə onları linglə parçalayırdı. Yorğunluqdan güclə nəfəs alırdı, tər də sel kimi axırdı. Bir gün belə, iki gün belə, üç gün belə, dörd gün belə, – ağır işin nə vaxt qurtaracağı məlum deyildi. Onlar istidən lap bişirdilər, əldən-dildən düşmüşdülər, bir yandan da kəndxuda at üstündə tez-tez gəlib onların üstünə çığırırdı ki, əlinizdən iş gəlmir, əliniz astadır. Kəndli dərindən bir ah çəkdi, arvadı da ah çəkdi.

Kişi dedi: “Kəndxudanın işi yaxşıdır. At üstündə gəzməkdən başqa heç nə eləmir! Belə istidə bizim kimi belini büküb işləmir ki? Gəlsənə allahdan xahiş edək ki, bizi kəndxudaya çevirsin!” Vəfalı arvadı dedi: “Mən sənin arvadınam, biz də həmişə bir yerdəyik. Sən hara gedirsən get və nə olursan ol – istər ayaqqabı, istər siçan, ya pişik, ya it, istər kəndli, ya kəndxuda mənim üçün fərqi yoxdur. Mən həmişə səninləyəm, səni atmaram”. Belə olan surətdə, kişi, allaha yalvardı ki, onu kəndxuda eləsin, çünki daha belə yaşamağa onların taqəti qalmayıb. Həmin gün kəndli dönüb kəndxuda oldu.

İndi o istədiyi kimi yaşaya bilərdi! İndi onun cəld qaçan atı var – səhərdən axşama kimi istədiyi yerə çapa bilər. O, evə qayıdanda qayğıkeş arvadı onun qabağına şirin qəhvə və dadlı qoğallar qoyur. Gecə yerlərinə girəndə ər-arvad xoşbəxtlikdən lap özlərini itirirdilər. İndi ay keyf çəkəcəklər ha!

Ancaq onların gözünə heç yuxu getməmişdi ki, qapı döyüldü. Racənin elçisi gəlib dedi: “Əmr verilib ki, bütün kəndxudalar təcili surətdə saraya yığışsınlar”. Kəndxuda tələsik geyinib atını yəhərlədi və bütün gecəni atını çapıb yol getdi ki, səhər racənin hüzuruna yetişsin. O, sarayda bir neçə saat hörmətlə başını əymiş halda dayanaraq racənin acıqlı nitqinə qulaq asdı və çəkinəçəkinə hərdən-bir özünün günahsız olduğunu deyirdi. O bərk yoruldu və ürəyini dərd aldı. Kəndxuda evə, gecədən xeyli keçmiş qanı qara, keyfi pozulmuş halda qayıdıb gəldi.

Bu əhvalat dəfələrlə oldu... Kəndxuda dərindən bir ah çəkdi, onun arvadı da ah çəkdi. İndi şirin qəhvə və dadlı qoğallar daha onları sevindirmirdi. Kişi dedi: “Görünür ki, racə, bütün kəndxudalardan güclüdür, mən elə bilirəm ki, məni racəyə çevirməyi allahdan xahiş etməliyəm. Bax, onda biz əsl keyf çəkərik!” Arvadı isə ona belə cavab verdi: “Mən sənin arvadınam, biz də səninlə həmişə bir yerdəyik. Sən hara gedirsən və nə olursan ol: istəyirsən ayaqqabı ol, ya siçan, yaxud pişik ol, ya it, ya da kəndli ol, kəndxuda ol, yaxud racə – mənim üçün fərqi yoxdur. Mən həmişə səninləyəm, səni atmaram”.

Belə olan surətdə kəndxuda allaha yalvardı ki, onu racə eləsin, çünki daha bu cür yaşamağa onlarda can qalmayıb.

Ərlə arvad yatdılar, oyananda gördülər ki, onlar saraydadırlar. Racə ilə arvadı nə yaxşı yaşayırlar! Ən dadlı şeylərdən yeyib özləri üçün keyf edirlər. “İndi daha heç kəs bizə mane ola bilməz!” – deyə onlar düşünürlər. Ancaq yox, belə deyilmiş! Lombok adasında bu racədən əlavə başqa racələr də var idi. Qonşu hökumətlə vuruşma başlananda bizim racə məğlub oldu. Axı bizim racə yeyib-içib keyf çəkməyə başı qarışdığından qoşununu tamam yaddan çıxartmışdı. Odur ki, elə birinci döyüşdə onun əsgərləri dağılışıb qaçdı.

Düşmən qoşunu hər tərəfdən onun sarayını əhatəyə alanda o başa düşdü ki, daha heç bir şeyə ümid bağlaya bilməz. Bax, indicə arvadı ilə onu əsir tutacaq, olsa-olsa o ancaq düşmənin atının mehtəri ola biləcəkdir. Bu lap dəhşətli olardı! “Bütün dünyada elə bir məxluq yoxdur ki, o, qorxunun nə olduğunu bilməsin”, – deyə racə dərindən bir ah çəkdi. Onun arvadı da ah çəkdi. – Ancaq allah heç kəsdən qorxmur, – deyə racə sözünə davam etdi. – Gəlsənə allahdan xahiş edək ki, məni allaha döndərsin?..” O, bu sözü deyib qurtarmamışdı ki, ər-arvad o saat... geyilmiş ev ayaqqabısına çevrildilər.

Elə, bu anda qalib gəlmiş racə saraya daxil olub, bir cüt ayaqqabını gördü, o saat götürüb ayağına geydi.

“Bu ayaqqabılar lap mənim oğurlanan ayaqqabılarıma oxşayır!” – deyərək davada qalib gələn racəyə layiq şəkildə otaqda qürurla var-gəl etməyə başladı. O, ayağındakı sol ayaqqabının sağ ayaqqabıya dediyi: “Mən sənin arvadınam, biz həmişə bir yerdəyik. Sən hara getsən mən səninləyəm...” sözlərini heç eşitmədi də.

Səhifələr: 1
 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo