Təsadüf Azərbaycan nağılı
|
Tszao-Xe. Çin nağılıKeçmişlərdə balaca Utszyançjuan kəndində Lao Li adlı bir kəndli öz arvadı ilə yaşayırdı. Onlar o qədər də varlı deyildilər. Süfrə qırağında əyləşəndə qabaqlarındakı boşqab heç boş olmurdu. Bu ki, özü yaxşı əlamətdir, ancaq bir kəs Laodan və ya arvadından soruşsa idi ki, yaşayışlarından razıdırlarmı? – Onlar cavab verərdilər ki, yox razı deyillər. Çünki onların övladı olmurdu. Ancaq onlar çox istəyirdilər ki, bir oğlanları ya qızları olsun. Bir dəfə Lao Li çəltik küləşini satmaq üçün şəhərə bazara getdi. O, özünə münasib bir yer seçib arabasını saxladı və müştəri gözlədi. Lao Linin arabasının yanında meyvəsatan özünə yer eləyib səbətlərini qoydu. Səbətlərdə armud, alma, gavalı, bir səbətdə də sapsarı kəhrəba rəngli, par-par parıldayan xurma vardı. Çox keçmədən küləş alan müştəri tapıldı. Lao Li tez sövdələşib küləşi satdı, pulunu alıb getmək istədi. Bu vaxt bunların yanından eşşəyə minmiş, sısqa, uzunayaq bir rahib keçdi. Eşşəyin tərsliyi tutdu, rahib ona bərk bir çubuq çəkdi. Eşşək ağrıdan bərk anqırıb dal ayaqları üstə çökəndə xurma səbətinə toxundu səbət aşdı, içindəki xurmalar yerə səpələndi.
Meyvəsatan tez xurmaları yerdən yığışdırmağa cumdu. Lao Li ona kömək etməyə başladı. Bütün xurma bircəciyinəcən yığılıb qurtarandan sonra satıcı dedi: – Çox sağ ol, ay mərhəmətli adam. Bu xurmanı al, qoy sənin ürəyindəki arzu həqiqətə çevrilsin. Lao Li xurmanı yemədi. O, ürəyində öz-özünə belə dedi: “Yaxşısı budur, bunu arvada aparıb verim”. Xurmanı evinə gətirdi. Arvadı xurmanı yedi, çəyirdəyini ovcunun içinə tüpürdü. Sonra ona baxıb dərindən bir ah çəkdi: – Kaş mənim bu çəyirdək boyda bir qızım olaydı! – Yox, yaxşısı budur oğlumuz olsun, – deyə Lao arvadı ilə mübahisə etdi. Arvadı onunla razılaşıb: – Eybi yoxdur, qoy oğlan olsun! – dedi. Bu vaxt çəyirdək diyirlənib onun ovcundan yerə düşərək iki yerə bölündü. Heç bilirsiz nə oldu!!! Çəyirdəyin içindən balaca bir oğlan çıxdı. Lao Li ilə arvadı nə sevindilər. İndi onların daha oğlanları var. Onlar uşağa Tszao-xe adı qoydular ki, bu da “xurma çəyirdəyi” deməkdir. Əgər indi onlardan soruşsa idilər ki, həyatınızdan razısınızmı, onlar mütləq deyərdilər ki, bəli razıdırlar. Lakin onların şadlıqları uzun sürmədi. Bir il keçdi, bir il də keçdi, bunun üstündən bir il də keçdi, Tszao-xe bircə qırıq da böyümədi, elə xurma çəyirdəyi boyda idi. Bir dəfə Lao Li tarladan yorğun-arğın evə qayıtdı, oğluna baxıb başını buladı: – Tszao-xe! Tszao-xe! Görünür ki, səndən köməkçi çıxmaz. Sən xurma çəyirdəyindən çıxanda mən nahaq yerə sevinmişəm. – Eybi yoxdur, ata, – deyə Tszao-xe gülə-gülə ona cavab verdi. – Sabah məni də özünlə apar, bəlkə sənin karına gəldim. Lao Li oğlunun sözünə qulaq asıb o biri gün onu özü ilə tarlaya apardı. Onu dalına mindirib apardı, ancaq bilmədi ki, onu neyləsin – birdən düşüb şırımda itib-batar, ya da eşşəyin ayağı altında qalıb xurd-xəşil olar! “Yaxşısı budur, onu şlyapamın içinə qoyum, – deyə öz-özünə fikirləşdi, – papağı da koldan asım”. Lao Li belə də elədi. Tszao-xeni özünün iri saman şlyapasının içinə qoydu, eşşəyi xışa qoşub cüt sürməyə başladı. Sonra şırımlar açmağa başladı, birdən nazik bir səs eşitdi: – Əyridir! Dikdir! Lao Li dönüb gördü ki, oğlu şlyapanın enli kənarına çıxıb qışqırır, əllərini yelləyir. Sonra da lap çəyirtkə kimi hoppanıb düz eşşəyin başına düşdü, eşşəyin qulaqlarından tutub onu sürməyə başladı. Ata, oğul işləri lap yaxşı getdi. Oğul atanın işini yaxşı düzəltmişdi, indi daha eşşək tərslik eləmir, tez-tez gedir, şırımlar dümdüz, həm də dərin alınır. Axşama qədər onlar ikilikdə, əlbəttə eşşəyi saymamaq şərtilə, tarlanın böyük bir hissəsini şumladılar. Tszao-xe bu gündən hər bir işdə atasına və anasına kömək eləməyə başladı. Evin damını təmir etmək lazımsa, o, bir sıçrayışda düzəldir, düyünü çəltikdən çıxarmaq lazımsa – bir göz qırpımında düyüləri dən-dən ayırır, quru qabıqlarını isə külək sovurub aparırdı. Vaxt gəlir ki, sap açmaq lazım olur, Tszao-xe təkbaşına sapı elə açır ki, bircəciyi də nə qırılır, nə də pırtlaşıq düşür. Qonşular əvvəllər Lao Li ilə arvadına gülürdülər ki, belə oğulu süpürgə ilə süpürüb atarsan, heç xəbərin də olmaz! İndi isə onların paxıllığı tutur – odur, onların uşaqlarının boyu o boydadır, ancaq nə faydası, ağılları ki, yoxdur. Nadinclikdən başqa əllərindən heç nə gəlmir. Tszao-xe isə doğrudan da çox yaxşı idi. Həm qanacaqlı, həm bacarıqlı, həm də ağıllı idi, elə bil imperatorun vəziri idi. İnanmırsınız? Nahaq yerə. Qulaq asın, Tszao-xenin bütün kəndi bəladan necə qurtardığını sizə danışım. O illəri bərk quraqlıq keçdi, kəndlilər tarlalarından bir ovuc dən güclə yığdılar. Bir tərəfdən də qəza rəisi öz gözətçilərilə gəlib dedi, – borcunu ver! Bizlərdə deyərlər ki, çini xoruzun lələklərini yola bilməzsən. Əlbəttə, bu məsəl yəqin ki, məmurlar üçün deyilməyib. Qəza rəisi gördü ki anbarlarda dən yoxdur, onda başqa şey fikirləşməyə başladı. Bütün həyətlərdən mal-qaranı gözətçilərinə çıxartdırıb şəhərə apardı. Kənd elə bil o saat boşaldı. Kəndlilərin sifəti dərd-qəmdən qaralmışdı: onlar dayanıb at ayaqlarının qaldırdığı tozun hələ yatmadığı yola baxırdılar. Burada birdən Tszao-xe irəli çıxdı və dedi: – Ürəyinizi sıxmayın! Lap günü sabah bizim kəllərimiz, inəklərimiz, eşşəklərimiz öz axurlarının yanında dayanıb saman yeyəcəklər. Kəndlilər ancaq başlarını tərpətdilər – qəza rəisinin əlinə keçən şey daha geri qayıtmaz! Qocalardan biri dedi: – Sən də bizim ürəyimizi xarab eləmə! Boyuna bax, başından yekə danışığına bax! Tszao-xe mübahisə etmək istəmədi. O, dərhal şəhərə yola düşdü. Hava qaralanda gəlib qəza rəisinin həyətinə çatdı. Həyət, üzünə suvaq çəkilmiş hündür hasarla dövrəyə alınmışdı, qapıları da bərk-bərk bağlanmışdı. Tszao-xe üçün hasar da, qala da nə idi ki! O qaçıb hoppandı, gedib öz doğma kəndlərindən qovulub gətirilən inək və eşşəklərin bağlandığı həyətin içinə düşdü. Gözətçilərin gözünə yuxu gedən kimi Tszao-xe ən iri eşşəyin qulağının içinə girib onu çimdikləməyə başladı. “İ-ho... İ-ho-o...” eşşək bərkdən anqırmağa və ayaqlarını yerə döyməyə başladı. Gözətçilər yerlərindən dik atıldılar; görəsən evə oğru gəlib? Əlbəttə, axtarıb heç kəsi tapmadılar. Onlardan biri acığından, anqıran eşşəyə bir təpik çəkib evə qayıtdı. O biri keşikçilər də onun dalınca getdilər. Tszao-xe o vaxtacan gözlədi ki, onlar təzədən yerlərinə girib yatdılar, ondan sonra yenə də eşşəyin qulağını çimdikləməyə başladı. Eşşək daha da bərk anqırdı. Keşikçilər ikinci dəfə səsə durub həyətə qaçdılar, ikinci dəfə də heç kəsi görmədilər. Eşşək üçüncü dəfə anqırıb ayaqlarını yerə dəli kimi çırpanda keşikçilər mırtlanıb o biri böyrü üstə çevrilərək bərk yuxuya getdilər. Tszao-xeyə də elə bu lazım idi. O, həyətin qapılarını açdı, mal-qaranı geri, öz kəndlərinə qovub apardı. Kəndlilər səhər yuxudan ayılıb sevindilər – bütün mal-qara öz axurunun yanında bağlanmışdı. Ancaq qəza rəisi yuxudan oyananda hirsindən az qalmışdı ki, dəli olsun. Həyət mal-qara ayaqlarından qazıq-qazıq olmuşdu, eşşək və kəllər isə elə bil heç burada yox imiş. “Olsa-olsa bu iş Utszyaçjuan adamlarının işidir”, – deyə o başa düşüb keşikçilərini başına yığaraq, kəndlilərin dərsini vermək üçün kəndə yola düşdü. Tszao-xe cəld olduğu kimi, hər şeyi də qabaqcadan görən idi. O, kənd darvazasının yanındakı tut ağacına çıxıb sakitcə rəisin gəlməyini gözləməyə başladı. Keşikçilər darvazadan içəri girən kimi o, ağacın budağından yerə atıldı. Gəlib qəza rəisinin qabağında duraraq, ağayana ona salam verdi. – Cənab rəis, doqquz yüz min ömrünüz olsun! Siz yəqin ki, öz eşşəklərinizi bizim eşşəklərə baş çəkməyə gətirmisiz. Ancaq nahaq yerə siz özünüzə əziyyət vermişsiz. Bizim eşşəklər öz axurlarının yanında sakitcə dayanıb ot yeyirlər, bax sizinkilər isə heç cad çörəyə də layiq deyillər. Gecələr onlar çox bərk yatırlar. Qəza rəisi hirsindən pul kimi qızarmışdı; öz keşikçilərinin üstünə qışqırdı: – O, hələ bir bizi ələ də salmağa cəsarət edir! Onu tutub əlayağını zəncirləyin! Gözətçilər zəncirləri səsləndirə-səsləndirə Tszao-xenin üstünə cumdular. Ancaq Tszao-xe o qədər balaca idi ki, onun boynuna keçirmək istədikləri zəncirin həlqəsi içindən atılıb çıxdı. Çıxan kimi lap bərkdən o qədər güldü ki! Kəndlilər səs-küy eşidib evlərindən çıxdılar, onlar uzaqdan balacanın kələklərinə baxır, bərkdən gülə bilmirdilər, ancaq paltarlarının qollarının ucunu ağızlarına tutub gülümsünürdülər. Gözətçilər dəyənəkləri götürdülər. Burada bir qarğaşalıq düşdü ki, gəl görəsən. Dəyənəklər bir ucdan qalxıb düşürdü. Tszao-xe isə dala-qabağa hoppanırdı. Ona bircə kötək də dəymədi, ancaq gözətçilərin baş-gözü yarıldı. Onlar dəyənəkləri Tszao-xeyə vurmaq əvəzinə bir-birlərinə vururdular. Axırda da elə oldu ki, onlar bir-birlərilə möhkəm dalaşdılar. Onda Tszao-xe təzə bir kələyə əl atdı. O, atılıb qəza rəisinin bığından yapışdı və yelləncəkdəki kimi özü üçün yellənməyə başladı. – Ey, qurbağa balaları! – deyə rəis vəhşi bir səslə çığırdı. – Bu balaca yaramazı döyün! Məgər görməyirsiz ki, o haradadır? Gözətçilər dəyənəkləri qaldırıb, rəisin üstünə atıldılar. Birinci zərbə rəisin burnunu əzdi, ikinci zərbə onun üç dişini tökdü, üçüncü zərbə onun alnında yekə bir şiş əmələ gətirdi. Tszao-xe isə tut ağacının budağında oturub bunlara baxır, özü üçün keyf çəkirdi. Bütün kənd də onunla birlikdə bu mənzərədən həzz alırdı, ürəklərindən tikan çıxırdı. Gözətçilər onun əmrini yerinə yetirməyə başları qarışıb döyədöyə rəisi az qala o dünyaya göndərəcəkdilər. Axırda özlərinə gəlib gördülər ki, rəis yerdə uzanıb bərkdən zarıldayır. Gözətçilər onu şəhərə əlləri üstündə aparmalı oldular. O vaxtdan bəri qəza rəisi ömründə bircə dəfə də Utszyaçjuan kəndinə üzünü çevirmədi. Əgər o, həmin yerə yaxın bir kəndə getməli olsaydı, onda da o həmin kəndi dolanıb keçirdi. Səhifələr: 1
|