top image
 
 
Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z

Rahib və şagird. Çin nağılı

Bir rahib məktəbdə uşaqlara dərs verirdi. Ancaq dünyada ən çox sevdiyi şey yemək və yatmaq idi. Hər dəfə o şagirdlərə dərs deməyə gələndə o qədər yeyərdi ki, yolu güclə yeriyə bilərdi. Məktəbə gələn kimi onu yuxu tutar və bir də zəng çalınıb dərsin qurtardığını bildirəndə oyanardı.

Şagirdlərin arasında kasıb bir kəndli oğlu da var idi. Onun adı Li idi. Bir dəfə Li rahibə müraciət edib dedi:


– Hörmətli və ən mötəbər müəllim! Cəsarət edib sizdən soruşmaq istəyirəm ki, siz nə üçün bütün dərslərdə yatırsınız?

– Dostum! – deyə rahib özünü itirmədən cavab verdi. – Sizə elə gəlir ki, mən yatıram. Amma əslində mən həmin dəqiqələrdə Budda allahı ilə görüşüb onun müdrik nitqlərinə qulaq asıram. Ona görə də mən çalışıram ki, mümkün qədər çox yatam.

Elə ittifaq düşdü ki, Li bir dəfə bütün gecəni xəstə atasına qulluq elədi, səhər məktəbə gələndə dərsdə onu yuxu tutdu. O, elə bərk yatmışdı ki, hətta rahibin oyandığı zəng səsinə belə o oyanmadı.

Rahib yatmış şagirdi görüb bərk qeyzləndi. O, Linin qulağından yapışıb qışqırdı:

– Vay səni, çanaqlıbağa yumurtası! Sən nə cürət edib mənim dərsimdə yatmısan?

– Cənab müəllim, – deyə Li yalvardı, – bu ancaq elə görünüb ki, mən guya yatmışam. Mən Buddanın yanında idim, onun müdrik nitqlərinə qulaq asırdım.

– Bəs, o möhtəşəm Budda sənə nə dedi?

– Möhtəşəm Budda mənə dedi: “Mən ömrümdə heç vaxt sənin müəllimini görməmişəm”.

Səhifələr: 1
 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo