top image
 
 
Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z

Fusi və Nyuva insanları necə yaratdı. Çin nağılı

Çox-çox qədimlərdə nədənsə adamlar səma hökmdarı Yuy – xuanın – Nefritli padşahın qəzəbinə düçar oldular. Bir neçə gün Nefritli padşahın qəzəbi soyumadı, sonra isə intiqam almaq fikrinə düşdü. O, külək Ruhu Fen-boya və yağış hökmdarı Yuy – şiyə əmr elədi ki, yerə ensinlər və elə tufan qopartsınlar ki, adamların evləri yerlə yeksan olsun, sonra elə leysan töksünlər ki, torpaq üç il suyun altında qalsın. Adamlar həyəcanlandılar və hündür yerlərə qalxdılar; düzənlikdə yaşayanlar ağaclara çıxdılar. Heç kimin ağlına gəlməzdi ki, külək belə tüğyan qoparacaq, yağış belə şiddətli şırıltıyla yağacaq. Üç gün keçməmişdi ki, nəhayətsiz su üfüqə qədər bütün aləmi başına götürdü və adamlar suyun altında qaldılar.

Bəs necə oldu, hamı batıb, insan nəslinin kökü kəsildimi? Yox, sən demə, adamların hamısı suyun altında qalıb məhv olmayıblarmış. Fusi və onun bacısı Nyuyva sağ qaldılar, onları bir ölməz şensyan xilas elədi, suda batmağa qoymadı. Hadisə belə olmuşdu.

Fusi və Nyuyva əməksevər, xeyirxah adamlardı, ac adam görsəydilər olanlarını ondan əsirgəməzdilər. Səma ölməzlərindən biri bundan xəbər tutdu. Səma ölməzi eşitdi ki, Nefritli hökmdar əmr verib, adamları suda batırmağa hazırlaşır, dilənçi cildinə girdi və adamların arasına endi. Fusinin qapısına yaxınlaşdı və əl açıb sədəqə diləməyə başladı. Fusi və Nyuyva kasıb qardaşlarını qarşıladıqları kimi, onu da qonaqpərvərliklə qarşıladılar, paltar və pul verdilər. Ölməz gördü ki, onlar həqiqətən xeyirxah adamlardı və qardaş-bacını xilas eləmək qərarına gəldi. Bambuk səbətini onlara verib dedi:

– Bu səbəti sizə bağışlayıram, yaxşı-yaxşı saxlayın. Daşqın baş versə hər ikiniz səbətə girərsiniz, arxayın olun, batmayacaqsınız.

Fusi əlini uzadıb səbəti götürən kimi dilənçi qeybə çəkildi. Fusi və Nyuyva başa düşdülər ki, dilənçi adamlar arasına düşmüş tanrı imiş. Göyə baxa-baxa dua oxuyub baş əyməyə başladılar. Bir neçə gün keçdi və həqiqətən daşqın başladı. Şensyanın məsləhətini unutmayan qardaş-bacı bambukdan hörülmüş səbətə mindilər və suyun üzündə üzdülər. Su yuxarı qalxdıqca səbət də qalxırdı, su azaldıqca səbət də qayıq kimi aşağı enirdi. Su çəkiləndən sonra səbət ehmalca yerə düşdü. Fusi ilə Nyuyva səbətdən düşüb ətrafa boylandılar: ay aman! İşıqlı dünyada onlardan, qardaş-bacıdan başqa heç kim yox idi. Nə eləməli? Fusi bacısı ilə məsləhətləşdi: yer üzündə insan nəslinin kökü kəsilməsin deyə, gildən adam düzəltməyəkmi? Nyuyva sevindi və razılığını bildirdi. Onlar əhəng yığdılar; su tökdülər, yoğurub adam düzəltməyə başladılar.

Kimin ağlına gələrdi ki, onlar əllərini işə bulamamış Ana – torpaq – Dimu nyannyan gələcək və acıqla deyəcək: – Əhəngdən adamcığaz düzəltmək istəyirsiniz? Bundan asan nə var! Amma mənə ziyan vurursunuz. Axı, sizə nə qədər əhəng lazımdı, sizin qazdığınız çuxuru doldurmaq üçün əhəngi mən hardan tapım? Yox, bir halda ki, insan nəslini davam elətdirmək istəyirsiniz, gərək siz bacı-qardaş bir-birinizlə evlənəsiniz! Bu sözlər onların qəlbini ağrıtdı. Amma iş-işdən keçmişdi, necə deyərlər, hirslərini basaraq hələlik öz niyyətlərindən əl çəkməli oldular.

Fusi insanlığı diriltmək fikrindən əl çəkməmişdi. O, çox fikirləşdi, çox düşünüb-daşındı, baxıb gördü ki, Ana torpağın məsləhəti ürəkaçan olmasa da başqa çıxış yolu yoxdu. Günlərin bir günü qardaş məsələni açıb bacısına dedi. Nyuyva onun sözlərini eşitdi, utandığından qıpqırmızı qızardı, büzüşüb qaldı və cavab vermədi. Yeddi gün, yeddi gecə bundan danışdılar, sonra Nyuyva Fusiyə dedi:

– Əgər biz ər-arvad olmalıyıqsa, bu çətin iş deyil. Mən qaçım, sən məni qov. Çatsan evlənərik, çatmasan heç nə alınmayacaq.

Fusi fikirləşdi: “Mən kişiyəm, o arvaddı. Yəni mən ona çatmayacağam!” Fusi razılaşdı.

Onlar qaçmağa başladılar. Nyuyva qabaqda qaçır, Fusi arxadan ona çatmağa çalışırdı. Kimin ağlına gələrdi ki, Nyuyva belə sürətlə qaçır! Yolları böyük bir dağın yanından düşdü, Fusi bacısının dalınca yeddi dəfə dağın başına dolandı, amma ona çatmadı ki, çatmadı. Baxıb gördü ki, rastına bir tısbağa çıxdı, başını bulayıb dedi:

– Sən o biri tərəfdən qaç, onda çatarsan.

Fusi səmtini dəyişdi, dəyişən kimi də Nyuyva ilə toqquşdu və qızı qucaqladı. Bax, adama belə çatarlar. Bu bicliyi Fusiyə öyrətdiyinə görə Nyuyvanın tısbağaya yaman acığı tutdu. Tısbağaya bir təpik ilişdirdi ki, qını parçaparça oldu. Fusi fikirləşdi: tısbağanın mənə köməyi dəydi, indisə qını parça-parçadı, adamın ona yazığı gəlir. Bəlkə bu parçalardan tısbağa düzəldim. Parçaları bir yerə yığdı və bunlardan yeni qın düzəltdi. İnanmırsınızsa, özünüz baxın: tısbağanın qınındakı xətlərdən aydın görünür ki, qın parçalardan düzəldilibdi! Tısbağanın qınını düzəldəndən sonra Fusi toy çaldırmağa hazırlaşdı. Kimin ağlına gələrdi ki, Nyuyva yenə də razılaşmayacaq!

– Keçən dəfə, – deyə qız sözə başladı, – sənə tısbağa kömək elədi, bu hesabdan deyil. Gəl, bir də yarışaq. Odu bax, dəyirman daşını görürsən, üst daş sənin, alt daş mənim. Dəyirman daşlarını böyük dağın zirvəsinə çıxardaq, ordan aşağı buraxaq. Dəyirman daşları dağın ətəyində yenidən birləşsələr biz evlənəcəyik, birləşməsələr heç nə alınmayacaq.

Onlar dəyirman daşlarını bellərinə alıb dağın zirvəsinə çıxdılar. Zirvədən daşları üzü aşağı diyirlətdilər, özləri də daşların dalınca qaçmağa başladılar, daşların birləşib birləşmədiyini bil- mək istəyirdilər. Aşağı çatanda əlləri üzlərində qaldı: dəyirman daşları dağın ətəyində üst-üstə dururdu. Nyuyvanın deməyə sözü qalmamışdı. Onlar beləcə evləndilər.

Aradan yüz gün keçdi və Nyuyva bir parça ət doğdu. Bu ət parçasını görən Fusi dilxor oldu. Bıçağı qapıb ət parçasını kəsib doğramağa başladı. Heyrətlidi ki, onun kəsdiyi hər tikə ət bir adama çevrildi. Fusi onları bir-bir saydı, yüz adam alındı. Adamlar ora-bura qaçmağa, ağaclara dırmaşmağa başladılar. Kimi çaya cumdu, kimi ağaca dırmaşdı. Qardaşla bacı onlara familiya fikirləşməyə başladılar: çaya cumanlara Xe, yəni Çay, şaftalı ağacına dırmaşanlara Tao, yəni Şaftalı, gavalı ağacına dırmaşanlara isə Li, yəni Gavalı... familiyasını verdilər. Başqa uşaqlar da məskən saldıqları yerlərin adlarını familiya kimi daşıdılar. Sonradan yüz familiya beləcə yarandı. Həmin vaxtdan insan nəsli yer üzündə yenidən təşəkkül tapdı.

Səhifələr: 1
 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo