top image
 
 
Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z

Heyvanların islah edilməsi. Vyetnam nağılı

Danışırlar ki, qədimlərdə göylər hökmdarı Nqauk Xoanq insanı yaratmazdan əvvəl on minlərlə müxtəlif heyvan fiqurları düzəldir. Amma hökmdar işini axıra çatdıra bilmir, gili qurtarır. Həm də ki, şər qarışmışdı, qaranlıq düşmüşdü, buna görə də bir çox heyvanlar yarımçıq qalmışdılar: birinin qanadları çatmırdı, digərinin ayaqları, bir başqasının da nəyisə. Nqauk Xoanq yerə üç Ruh göndərdi. Onlara gil verib əmr elədi ki, dağların birinin başına ensinlər və onun çatdırıb düzəltmədiyini tamamlasınlar. Ruhların gəlməsi haqda xəbər tezliklə bütün heyvanlara çatdı və onlar dəstə-dəstə dağa sarı axışmağa başladılar, onlar Ruhların qəbuluna birinci düşmək üstə öcəşir və dalaşırdılar. Hər gün Ruhların hüzuruna çoxlu heyvan gəlir, ayaq qoymağı, qanad taxmağı və ya bədənlərindəki yarımçıqlığı düzəltməyi tələb edirdilər. Ruhlar dəridən qabıqdan çıxırdılar ki, Səma hökmdarının tapşırığını yaxşı yerinə yetirsinlər və heyvanlar Ruhların hüzurundan razı gedirdilər. Düzdü, elə heyvanlar da var idi ki, əyər-əskikləri olmadığı halda əlavə nə isə xahiş edirdilər, amma belələrini qovurdular.

 

Ruhların gili qurtarandan və bütün heyvanlar dağa baş çəkəndən sonra qəflətən ördəklə it gəlib çıxdılar və şikayət etməyə başladılar ki, hərəsinin bir ayağı çatmır. Həqiqətən, itin cəmi üç, ördəyin isə bircə ayağı vardı. Ruh əvvəlcə onların xahişini yerinə yetirməkdən imtina elədi, çünki ayaq düzəltməyə gil qalmamışdı. Amma itlə ördək elə inadla və yazıq-yazıq yalvarırdılar ki, Ruh rəhmə gəldi. O, taxta kətilin ayaqlarını qırdı və ovsun oxuyaraq onları itin və ördəyin bədəninə dirədi. Ayaqlar heyvanların bədəninə bitişdi və əsl ayağa çevrildilər. Ördək və it çox sevincək getdilər, Ruh isə vidalaşarkən onlara dedi:

– Yatanda düzəltdiyim ayaqları torpağa qoymayın, yoxsa rütubətdən çürüyərlər. Düzəltmə ayaqları bədəninizə qısın. Ördəklə it onun məsləhətinə dəqiqliklə əməl edəcəklərinə söz verdilər və o vaxtdan yatarkən, həmişə bir ayaqlarını özlərinə qısırlar.

İtlə ördək gedəndən sonra Ruhlar göyə qalxmağa hazırlaşdılar, qəflətən haradansa indinin özündə də sağ-salamat yaşayan bir neçə quş gəlib çıxdı, bunlar vağ, leylək, sərçə və başqa quşlar idi. Onlar qışqırışa-qışqırışa şikayət eləməyə başladılar ki, Nqauk Xoanq bizi tələm-tələsik düzəldib, ayaqsız qalmışıq. Gecikdik- lərinə görə ruhların köməkdən imtina etdiklərini biləndə quşlar ucadan ağladılar, qışqırırdılar ki, ayaqlarımız olmadığından göyə qalxa bilmədik, buna görə də gecikdik. Quşlar göz yaşı axıdaaxıda ayaq düzəldilməsini xahiş edirdilər. Ruhlardan birinin onlara yazığı gəldi və məbəddə, səcdəgah qarşısında yandırılan bir neçə ətirli çubuq götürdü və quşların hərəsinə bir cüt ayaq düzəltdi. Quşlar təzə ayaqlarına baxıb qışqırdılar:

– Evimiz yıxıldı! Belə nazik və zəif ayaqlarla biz nə edəcəyik?! – Nahaq yerə həyəcanlanırsınız, – deyə Ruh onlara cavab verdi, – siz yalnız göyə uçanda və ya yerə enəndə ehtiyatlı tərpənməlisiniz. Yerə enməmişdən və ya havaya qalxmamışdan əvvəl ehmalca-ehmalca bir neçə dəfə hoppanan, imkanınızı hesablayın, sonra qorxmayın və ürəkli tərpənin.

Elə buna görə də quşlar göyə qalxmamışdan və ya yerə enməmişdən əvvəl həmişə bir neçə dəfə hoppanırlar.

Səhifələr: 1
 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo