top image
 
 
Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z

Ən böyük dövlət. Türk nağılı

Keçmiş zamanlarda bir cavan oğlan həmişə öz kasıblığından şikayət edərdi.

– Ah, nə yaxşı olardı ki, mənim də böyük bir dövlətim olaydı! Onda mən həmişə deyib-gülüb yaşardım! – deyə o həmişə zarıldayardı.

Bir qoca daşyonan onun evinin yanından keçəndə oğlanın sözlərin eşidib dedi:


– Sən nədən şikayətlənirsən? Sən ki, böyük dövlət sahibisən!

– Mən dövlət sahibiyəm? – deyə oğlan təəccüb elədi. – Bəs hanı?

– Sənin gözlərin. Sən bir gözünün əvəzinə nə almaq istərdin? – deyə qoca ondan soruşdu.

– Sən nə danışırsan?! – deyə oğlan təşvişlə ona cavab verdi. – Mən gözümü heç bir xəzinəyə dəyişmərəm. – Yaxşı, – deyə daşyonan sözünə davam etdi. – Onda gəl əllərini ver kəsilsin. Əvəzinə sən çoxlu qızıl alarsan!

– Yox, mən əllərimi qızıla satmaram, – deyə oğlan cavab verdi.

Daşyonan dedi:

– İndi görürsən ki, sən necə dövlətlisən, bəs nə üçün şikayətlənirsən? Mənə inan, insan üçün ən böyük dövlət – qüvvət və sağlamlıqdır. Bunları heç bir pulla almaq olmaz!

Qoca bunu deyib öz yoluyla çıxıb getdi.

Səhifələr: 1
 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo