top image
 
 
Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z

Əli və Rüstəm. Sistan nağılı

Qədimlərdə danışırlarmış ki, möminlərin hökmdarı Əli vuruşmadan qayıdanda Məhəmməd peyğəmbər ona deyir:

– Ey Əmranın oğlu, bu gün sən Rüstəm kimi vuruşdun.

Günlərin bir günü Əli soruşdu:

– Rüstəm deyilən kimdi, axı?

Məhəmməd cavab verdi:


– Get, özün gör.

Səhəri möminlərin hökmdarı Düldülə mindi və yola düzəldi. Qəflətən baxıb gördü ki, dağın üstündə bir dağ gəlir. Gələn Rüstəm idi. Rəxşə minmişdi. Rüstəm Əlinin yanından keçəndə atın torbası yerə düşdü. Rüstəm Əliyə dedi:

– Ay oğlan, torbanı mənə ver!

Möminlərin hökmdarı Düldüldən düşdü, torbanı Rüstəmə vermək istədi, amma torbanı dizinəcən qaldıra bildi, ondan artığa gücü çatmadı.

Rüstəm dedi:

– Torbanı yerə qoy, sən onu qaldıra bilməzsən!

Möminlərin hökmdarı torbanı yerə qoydu, Rüstəm isə Rəxşin belindən düşmədən torbanı şallağın ucuna keçirdi və çaparaq getdi. Möminlərin hökmdarı evə yaman dilxor qayıtdı. Məhəmməd peyğəmbər ondan soruşdu:

– Niyə belə kədərlisən? – Səbəbini özün məndən yaxşı bilirsən, – deyə Əli cavab verdi.

Məhəmməd peyğəmbər dedi:

– Ey Əmranın oğlu, dilxor olma. Həmin torba göyün və yerin yeddi qurşağının ağırlığındadı. Sən heç olmasa dizəcən qaldırmısan, başqası onu heç yerindən tərpədə bilməzdi. Yuxarı qaldırsaydın yer və göy çevrilərdi. Sabah Rüstəmi döyüşə çağır, sən ona qalib gələcəksən.

Ertəsi gün Əli həmin dərəyə getdi və yenidən Rüstəmlə qarşılaşdı. Onlar üz-üzə gələndə möminlərin hökmdarı dedi:

– Ey pəhləvan, biz bu gün qurşaq tutmalıyıq!

– Sən axı, – deyə Rüstəm dilləndi, – dünən mənim atımın torbasını qaldıra bilmədin, indisə məni güləşə çağırırsan.

Əli dedi:

– Torbanı yaddan çıxart.

Rüstəm Rəxşi bir ağaca, möminlərin hökmdarı isə Düldülü başqa ağaca bağladı, onlar qarşı-qarşıya gəlib qurşaq tutdular. Möminlərin hökmdarı dedi:

– Gücünü göstər görüm, mənə yazığın gəlməsin.

Rüstəm nə qədər güc verdisə, Əlini yerindən tərpədə bilmədi. Əli soruşdu:

– Hə, gücünü göstərdin?

Rüstəm: – Hə, – deyə cavab verdi.

– İndi özünü gözlə, – deyə Əli Rüstəmdən yapışıb elə hündürə tulladı ki, Rüstəm mələklərin səsini eşitdi. O qışqırdı:

– İlahi! Məni tut, məni tut!

Tanrının səsini eşitdi:

– Tanrının əli varmı ki, səni də tutsun, tanrının əli – Əlidi. Qışqır: “Ey Əli, tut! Ey Əli, tut!”

Rüstəm qışqıra-qışqıra yerə düşdü:

– Ey Əli, tut! Ey Əli, tut!

Möminlərin hökmdarı onu bir əllə tutub yerə qoydu. Əli sonra əlinin içiylə onun kürəyinə vurdu, həmin vaxtdan atəşpərəst Rüstəm müsəlman oldu.

Səhifələr: 1
 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo