Təsadüf Azərbaycan nağılı
|
Rüstəm və divlər. Sistan nağılıGünlərin bir günü Keykavus min atlıyla ova çıxdı. Onlar ova çıxdılar, yolda üç div – Arçanq, Xarçanq və Ağ div – pusqu qurmuşdular. Divlər Keykavus padşahı və onun məiyyətlərini əsir aldılar. Əsirləri dərin bir quyuya saldılar və ovsunladılar. Ovsundan onların gözləri tutuldu, heç nə görmürdülər. Ağ div, Arçanqla Xarçanqa dedi: – Mənim ürəyimi çıxardıb, suda bişirən və suyunu bu əsirlərin gözünə çəkən adam bunların gözünü aça bilər. Ağ Divin dediyi sözləri Keykavusun qulağı çaldı. Quyunun ağzına iri daş qoydular. Ağ Div quyunun keşiyini çəkməyi on iki divə tapşırdı, quyunun ağzındakı daşı ancaq bu divlər qaldıra bilirdilər. Divlər acanda Keykavusun quyudakı əsgərlərindən çıxarıb aşırırdılar. Rüstəmə xəbər çatdırdılar ki, ay bədbəxt, niyə belə arxayınsan, Arçanq, Xarçanq və Ağ Div Keykavusu əsir alıblar! Bu xəbəri eşidən kimi Rüstəmin əlindəki səkkiz yarım mən ağırlığındakı çaxır dolu qədəh çevrildi. Həmin andaca qiymətli daşqaşlarla bəzədilmiş yəhəri Rəxşin belinə qoydu, quş kimi yəhərin üstünə sıçradı, ayağını üzəngiyə keçirdi, yerini rahatladı, sevgi şeirləri qoşa-qoşa, qəhrəmanlıqlar göstərə-göstərə uzaq səfərə çıxdı. Qayışbaldır kəhər uzaqlara səkdi, damarları elə bil polad idi, ayaqları isə qüdrətli sütunlara bənzəyirdi. Göylər haqqı, belə bir atdan ötrü bir andaca sevgilimin zülflərindən imtina elə- yərdim. Əlindəki polad qılınc gözəllərin başının üstündən asılmasın, qoy onlar xoşbəxt ömür sürsünlər. Az getdi, çox getdi, gəlib bir bulağa yetişdi. Rəxşi otlamağa buraxdı, özü isə yayoxunu götürüb çölə düşdü. Gözünə bir çöl eşşəyi dəydi. Oxu atması ilə şikarın öldürülməsi bir oldu – çöl eşşəyi yerindən tərpənə bilmədi. Rüstəm onun dərisini soydu, odun yığdı, tonqal qaladı, əti qızardıb yedi. Sonra herşaspın qalxanını iri bir qayanın üstünə qoydu, başını qalxana söykəyib xorna çəkdi. Rüstəm yatmağında olsun, sizə Akman divdən deyim. Akman div çoxdan idi ki, Rüstəmə kin bəsləyirdi, hər yerdə onu güdürdü. Günlərin bir günü Akman divin yolu bulaq başına düşdü, baxıb gördü ki, Rüstəm herşaspın qalxanını iri bir qayanın üstünə qoyub, başını qalxana söykəyib yatıbdı. Akman div Rüstəmi qaya ilə birlikdə götürüb göyə qalxdı. Meh Rüstəmin üz-gözünü yaladı, o, yuxudan oyandı və gördü ki, göydə uçur. Rüstəm soruşdu: – Akman div, məni hara aparırsan? Akman div dedi: – Qardaşım Mardjonu öldürdüyün yerə aparıram. Səni ora ölümünə aparıram. O, Rüstəmi Alvard dağının ətəyinə, Çin dənizinin sahilinə gətirdi. Akman div ondan soruşdu: – Səni Çin dənizinə tullayım, yoxsa Alvard dağına atım? – Məni Alvard dağına at, – deyə Rüstəm dilləndi. – Qoy pəhləvanlar mənim sür-sümüyümü görüb qorxuya düşsünlər. Amma divlər hər şeyi tərsinə eləyirlər. Akman div də Rüstəmi düz Çin dənizinin ortasına tulladı. Rüstəm isə çiyninə pələng dərisi salmışdı, dəri onu batmağa qoymadı. Şərq küləyi əsdi, külək Rüstəmi sahilə çıxartdı. Rüstəm sahilə çıxıb fikrə getdi: “Baxım görüm bu yaramaz hara getdi!” Akman div sahilin o başı ilə gəlirdi, fikir içindəydi: “Kaş bizim bütün bədbəxtçiliyimizin günahkarı Rüstəm xilas olmayaydı!” Onlar baş-başa toqquşana qədər fikirli-fikirli yol gəldilər. Akman div havaya qalxmaq üçün ovsun oxumaq istədi, amma ovsun yadından çıxdı. Rüstəm divi qamarladı, parça cıran kimi onu iki yerə ayırdı. Sonra isə Rəxşin otladığı yerə yollandı. Rüstəm Rəxşin yanına gəlib soruşdu: – Hardaydın, Rəxş? Akman div bu gün məni az qala öldürmüşdü! Rəxş cavab verdi: – Günahkar qarnımdı. Başım ota elə qarışdı ki, gözümə heç nə görünmürdü. Rüstəm Rəxşin belinə sıçradı, az getdilər, çox getdilər, gəlib taxıl tarlasına yetişdilər. O, Rəxşi otlağa buraxdı, özü isə yayoxu götürüb çölə düşdü. Gözünə bir çöl eşşəyi dəydi, kamanı əlinə aldı, oxu atması ilə şikarı öldürməsi bir oldu – çöl eşşəyi yerindən tərpənə bilmədi. Rüstəm çöl eşşəyinin dərisini soydu, çır-çırpı yığdı, tonqal qaladı, ət qızartdı və qarnını bərkitdi. Sonra isə herşaspın qalxanını başının altına qoyub xorna çəkdi. Rüstəm yatmasında olsun, sizə Rəxşdən deyim. Rəxş otlamağındaydı, otlaya-otlaya gəlib taxıl tarlasına çıxdı. Sahibkarın kəndlilərindən biri tarladaydı. Kəndli baxıb gördü ki, at tarlaya soxuldu: at nə at, bir dəfəyə yüz min ağırlığında dərz yeyir. Belə getsə, bir azdan bütün taxılın axırına çıxacaq! O, əlinə ağac alıb Rəxşin üstünə cumdu, Rəxş isə şahə qalxdı, deyirdin ki, indicə təpiklə kəndlinin axırına çıxacaq. Kəndli atın şahə qalxmasını görən kimi qaçmağa üz qoydu. Yaxınlıqda körpü vardı, kəndli körpünün altında daldalandı, Rəxşin əlindən qaçıb körpünün altında gizləndi. Rəxş körpünün üstündə durub fikrə getdi: “Fərqi yoxdu, hansı tərəfdən görünsə, başını üzəcəyəm!” Kəndli isə körpünün altında oturmuşdu, yerindən tərpənmirdi. Rəxş bir xeyli körpünün üstündə dayandı, sonra otlamağa yollandı, kəndli isə körpünün altından çıxdı və fikrə getdi: “At nə günah sahibidi, günahın hamısı atın yiyəsindədi”. O, yavaşcayavaşca atın arxasınca getməyə başladı, çalışırdı ki, atın gözünə görünməsin. Bir az getmişdi ki, Rüstəmin xornası qulağına dəydi, yaxına gəldi, iri bir daş götürdü və Püstəmin ayağına tulladı – fikirləşdi ki, birdən başına dəymərəm, ayağını nişan almaq isə asandı. Qoy ayaqları qırılsın. Kəndli daşı onun ayağının üstünə tulladı, Rüstəm yuxudan oyandı, dizi üstə durub dedi: – Ey pəhləvan, ayağımla nə işin var? – Sən atını niyə taxıl tarlasına buraxmısan? – deyə kəndli soruşdu. – Atın bütün taxılımın axırına çıxıbdı! – Taxıl kimindi? Kəndli cavab verdi: – Avlad-Mirzamanın. – Avlad-Mirzaman kimin tərəfindədi? – Ağ Divin. Rüstəm dilləndi: – Görürsənmi, sən mənim ayağımı vurub əzdin, indi isə mənə yazığın gəlir. Sən ki pəhləvansan, yaxın gəl! Kəndli bir addım yaxına gəldi, Rüstəm onu qamarladı, qulağını və burnunu kəsib ətəyinə tulladı, sonra dedi: – Get, Avlad-Mirzamana deynən ki, Qulaqkəsənlərin Padşahı gəlib, sənin taxıl tarlandadı. Qulağı kəsik kəndli padşahın sarayına gəldi və dedi: Ey böyük hökmdar, qibleyi-aləm, Yüz dastan bağlasam doyan deyiləm! Süleyman, Cəmşidi ötdü şöhrətin, Bütün düşmənləri qırdın, qəhr etdin! – Eşit və agah ol, Qulaqkəsənlərin Padşahı sənin taxıl tarlandadı. Elə bu vaxt bellərinə qızıl kəmər bağlamış qırx pəhləvan irəli çıxdı, üzüqoylu padşahın qabağına yıxılıb dedilər: – Rüsxət ver, onun yanına gedək. Biz o sırtığı dəvə kimi noxtalayıb sənin hüzuruna gətirərik. Avlad-Mirzaman dedi: – Rüsxət verirəm. Bellərinə qızıl kəmər bağlamış qırx pəhləvan həmin tarlaya gəldi. Amma onlar Rüstəmi görən kimi qorxudan əsməyə başladılar. Pəhləvanlar Rüstəmə yaxınlaşıb dedilər: – Ey pəhləvan, gəl bizimlə gedək. Bizi Avlad-Mirzaman göndərib, o, səni qoşununa başçı qoymaq istəyir. Rüstəm onlara dedi: – Yaxın gəlin, pis eşidirəm, mən nəsə qulaqdan ağırlaşmışam. Onlar dediklərini təkrar etdilər: – Gəl bizimlə gedək, Avlad-Mirzaman səni qoşununa başçı qoymaq istəyir. Rüstəm yenidən onlara deyir: – Yaxın gəlin, sizi eşitmirəm. Onlar yaxın gələn kimi Rüstəm pəhləvanların otuz səkkizini qamarladı, ancaq ikisi qaçıb can qurtara bildi. Rüstəm onların hamısının qulağını və burnunu kəsdi, ətəklərinə tullayıb dedi: – Gedin və Avlad-Mirzamana deyin ki, Qulaqkəsənlərin Padşahı onun taxıl tarlasındadı. Onlar Avlad-Mirzamanın hüzuruna qayıtdılar. Padşah baxıb gördü ki, pəhləvanların otuz səkkizinin qulağı və burnu kəsilibdi, həmin andaca cibindən yazı ləvazimatı çıxarıb əmr yazdı: qoşun yığılsın, otuz yaşından otuz beş yaşına kimi hamı əsgərliyə çağırılsın. Padşah elə böyük qoşun topladı ki, yerdə sünbüllərin sayı vardı, amma bu qoşunun sayı yox idi. Qoşun yürüşə çıxdı və gəlib Rəxşin otladığı tarlaya yetişdi, qoşun Rüstəmlə Rəxşin arasında dayandı. Rəxş bir tərəfdə qaldı, Rüstəm digər tərəfdə. Rəxşi tələyə salmaq üçün onun qabağında kəmənddən tələ qurdular. Tələnin sayı yüzdən artıq idi. Rüstəm bunları gördü və Əlinin nərəsinə bənzər bir nərə çəkdi. Rəxş başını qaldırdı. Rüstəm ikinci dəfə nərə çəkdi, Rəxş səksəndi və başını səs gələn tərəfə döndərdi. Rüstəmin üçüncü nərəsi eşidilən kimi Rəxş var gücü ilə sahibinə sarı çapdı. Rəxş bütün kəməndləri qırıb dağıtdı, minlərlə adamı cəhənnəmə vasil elədi və gəlib Rüstəmin qarşısında dayandı. Rüstəm Rəxşin yalmanından öpdü, ayağını üzəngiyə keçirdi və döyüş meydanına yola düzəldi, baxanda hiss olunurdu ki, bir dəfəyə yüz bahadırla vuruşmağa qadir pəhləvandı! Avlad-Mirzamanın bahadırlarından biri onun qarşısına çıxdı. Aldı görək Rüstəm nə dedi: Qoy ərlər döyüşü olsun bu döyüş, Di durma, döyüşə şir kimi giriş! Dözən olmayıbdır cəngimə mənim, Ay yazıq, qismətin ölümdür sənin! – Tərpən görək, tez-tələsik sənin axırına çıxım, yüzlərlə başqa işim-gücüm var! İlk zərbə hüququnu mən düşmənə verirəm. Rüstəm qalxanının arxasından gizləndi, yaramaz bahadır isə gürzünü işə saldı. Rüstəm onun zərbəsindən məharətlə yayındı. O dedi: – İndi isə mənim zərbəmin dadını gör. İndi qılıncımdan sən də cavab al, Unut bu dünyanı, it tək gəbər qal! Rüstəm Samın yüz man ağırlığında qılıncını qınından sıyırdı, Rəxşin başını buraxdı, rəqibinin qalxanına zərbə endirdi, zərbə qalxanın şiş tərəfini tutdu, qalxan pendir parçası kimi dağıldı. O, bir zərbəyə adamı və atı dörd yerə böldü. Sonra özünü qoşunun ortasına vurdu, bir qırmaq qırdı ki, meyitlərdən yan-yana təpələr düzəltdi, və düşmənlərinin hamısının haqqını qaytardı – döyüşdə onun tayı-bərabəri yox idi. Təbillər döyüşün qurtardığını bildirdi, döyüşçülər geri qayıtdılar, Rüstəm də gedib yatdı. Ertəsi gün, səma lövhəsi gecənin qaranlığından yuyulub təmizlənəndə, səma cisimləri qiymətli daş-qaşlarla bəzədilmiş xəncərini belinə bağlayıb taxtına çıxanda, dağların başında əyləşib talenin təkərini fırladan ərəb qızıl və gümüş çələngini başına qoyanda Rüstəm yenidən döyüş meydanına çıxdı. Axşam namazına, min adamı o dünyaya göndərənə kimi vuruşdu. Axşamüstü təbillər döyüşün qurtardığını bildirəndə Rüstəm Rəxşi elə qamçıladı ki, at quş kimi təpəyə qalxdı. O, Rəxşi otlamağa ötürdü, özü isə gecəni həmin təpədə keçirdi. Səhərisi çölə üz tutdu. Gözü çöl eşşəyi alana kimi çölləri gəzib dolaşdı. Kamanı əlinə aldı, oxu atması ilə şikarı öldürməsi bir oldu – çöl eşşəyi yerindən tərpənə bilmədi. Rüstəm çöl eşşəyinin dərisini soydu, çır-çırpı yığdı, tonqal qaladı, ət qızartdı və qarnını bərkitdi. Sonra herşaspın qalxanını başının altına qoyub xorna çəkdi. O, bir sutka yatdı, Avlad-Mirzamanın döyüşçüləri belə güman elədilər ki, yəqin həmin bahadır dünən öldürülübdü, buna görə də görünmür. Sadəcə olaraq, meyitlərin arasında onun cənazəsini tapa bilmirlər. Aradan bir sutka keçdi, Rüstəm yuxudan oyandı, Rəxşi yəhərlədi, qarınaltısını elə möhkəm çəkdi ki, at dərindən köks ötürdü. Rüstəm ayağını üzəngiyə keçirdi, quş kimi yəhərin belinə sıçradı, yerini rahatladı və Rəxşə bir qamçı çəkdi ki, at özünü qoşunun ortasına vurdu. Adamlar Rüstəmi görüb qoyun sürüsü qurd görüb qorxuya düşən kimi qorxuya düşdülər. Rüstəm kəməndini atdı və Avlad-Mirzaman padşahı əsir aldı. Rüstəm Avlad-Mirzaman padşahı əsir aldı, onun yerinə həmin şəhərə Keykavusa yaxın adamlardan birini padşah qoydu, O, Avlad-Mirzamandan soruşdu: – Deynən görüm, Arçanq, Xarçanq və Ağ Div hardadılar, onların olduğu yerə neçə günə getmək olar? Avlad-Mirzaman cavab verdi: – Bir yol var, həmin yolla bir günə getmək olar. Amma o yolla sadəcə olaraq getmək azdı, gərək vuruşa-vuruşa gedəsən. İki günlük başqa bir yol da var, həmin yol uzaqdı, amma heç kimlə vuruşmaq lazım deyil. – Uzun yolla gedək, – deyə Rüstəm dilləndi. Onlar ikinci yolu əllərinə aldılar, iki günə gəlib Arçanq, Xarnçanq və Ağ Divin yurduna yetişdilər. Gəlib nə görsələr yaxşıdı: güllü-çiçəkli bir bağdı, ağacların altında ocaq qalanıbdı, ocağın üstündə plov buğlanır. Yemək Arçanqla Xarçanq üçün hazırlanırdı. Rüstəm Avlad-Mirzamana üz tutdu: – Buğlanan plovdan nə qədər bacarırsan ye, çünki sonra mən səni möhkəm-möhkəm ağaca bağlayacağam, Arçanq və Xarçanqla vuruşana kimi ağacda bağlı qalacaqsan. Avlad-Mirzaman doyunca plov yedi, padşah nə qədər plov yeyə bilər ki? Yeməkdən sonra Rüstəm Avlad-Mirzamanı möhkəm-möhkəm ağaca bağladı və Rəxşi ona qarovulçu qoydu. Rüstəm dedi: – Tərpənib eləsə, azad olmağa çalışsa, başını üzərsən. Özü isə dörd-beş qazan plovu aşırdı, qarnını bərkitdi, sonra bığlarını burub, Arçanq və Xarçanqın yaşadığı yerə yollandı. Rüstəm baxıb gördü ki, divlər yatışırlar. O, əvvəlcə Arçanqa yaxınlaşdı. Samın yüz man ağırlığındakı qılıncını qınından sıyırdı və Arçanqın ayağına vurdu. Arçanq yuxulu-yuxulu böyrü üstə çevrildi və donquldandı: – Məni sancan bu ağcaqanadlar hardan çıxdı? Rüstəm cavab verdi: – Mən ağcaqanad deyiləm, mən Zal oğlu Rüstəməm. Rüstəm sözünü deyib qurtaran kimi Arçanq yuxudan oyandı, kamanı əlinə aldı və şümşad oxları onun üstünə yağdırmağa başladı – səksən şümşad oxu vardı. Onun atdığı bütün oxların qarşısını Rüstəm herşaspın qalxanı ilə aldı. Rüstəm onu döyüşə, güləşə çağırdı, Arçanq isə ox atmaqla güləşə aman vermirdi və deyirdi: – Mən səninlə güləşməyəcəyəm, mən ox atacağam! Rüstəm biclik işlətdi, qəflətən qışqırdı: – Soldan! Zərbəni soldan gözləyən Arçanq müdafiə olunmağa başladı, Rüstəm isə sağdan zərbə endirdi və göy cücərti kimi onu iki böldü. Rüstəm Arçanqı öldürəndən sonra Xarçanqın yatdığı yerə sarı yollandı, Samın yüz man ağırlığında qılıncını yastısına onun ayaqlarına ilişdirdi. Beləliklə, Rüstəm divlərin hər ikisini də – Arçanqı da, Xarçanqı da cəhənnəmə vasil elədi. Rüstəm işini görüb qurtarandan sonra Avlad-Mirzamanın ağaca bağlandığı yerə gəldi, onun əlqolunu açıb dedi: – İndi isə Keykavusun və onun min döyüşçüsünün əsir saxlandığı yerə gedək. Onlar yola düzəldilər, az getdilər, çox getdilər, gəlib girişində on iki divin qarovul çəkdikləri quyuya yetişdilər. Divlər Rüstəmi görən kimi dedilər: – Bu gün yağlı tikə yeyəcəyik. Rüstəm isə cavab verib dedi: – Qorxuram ki, bu yağlı tikə tikanlı ola, ilişib boğazınızda qala! On iki div Rüstəmin üstünə cumdu, məqsədləri onu öldürmək idi. O, Samın yüz man ağırlığında qılıncını qınından sıyırdı və divlərin on ikisini də cəhənnəmə vasil elədi. Sonra isə Avlad-Mirzamanı möhkəm-möhkəm ağaca bağladı və onun keşiyini çəkməyi Rəxşə tapşırdı. Quyunun ağzına qoyulmuş, on iki divin zorla qaldırdıqları daşı Rüstəm ayağının ucu ilə fırladıb tulladı. Yerə at hörüklənən iki çüy çaldı, kəməndi çüylərə bənd elədi, kəməndin köməkliyi ilə quyuya düşdü və Keykavusu səslədi. Keykavus Rüstəmin səsini eşitdi və dedi: Yaşa, ey mərd qoçaq, səni min yaşa, Bu dünya durduqca ölmə, sən yaşa! – Deynən görüm, sən Ağ Divi öldürmüsənmi? – Yox, – deyə Rüstəm cavab verdi. Keykavus dedi: – Onda nahaq gəlmisən. Nə vaxt ki, sən Ağ Divi öldürəcəksən, ürəyini qoparacaqsan, suda bişirəcəksən, bişmişin suyunu gözlərimizə çəkəcəksən, bizim gözlərimiz onda açılacaq. Rüstəm kəməndlə yenidən yuxarı qalxdı, daşı təzədən quyunun ağzına qoydu, Avlad-Mirzəmanı ağacdan açdı və dedi: – İndi məni Ağ Divin yaşadığı yerə apar! Onlar yola düşdülər, az getdilər, çox getdilər, gəlib dağın ətəyinə yetişdilər, baxıb gördülər ki, dağın zirvəsindən tüstü çıxır. Avlad-Mirzaman dedi: – Ağ Divdi, nəfəs alır. O, burda mağarada yaşayır. Rüstəm Avlad-Mirzamanı möhkəm-möhkəm ağaca bağladı, onun keşiyini çəkməyi Rəxşə tapşırıb dedi: - Birinci nərəmi eşidəndə bil ki, divi görmüşəm. İkinci nərəmi eşidəndə bil ki, onunla döyüşürəm. Üçüncü nərəmi eşidəndə bil ki, divi öldürmüşəm. Üçüncü nərəmi eşitməsən, bil ki, div məni öldürübdü. Onda Avlad-Mirzaman sənin olsun. Rüstəm Rəxşə sözünü dedi və dağa sarı üz tutdu. Mağaraya girdi, gördü ki, div yatır – div nə div, tanrı kömək olmasa divin başından bir tük də qoparda bilməyəcək. Rüstəm mağaradan çıxdı, Əlinin nərəsinə bənzər bir nərə çəkdi və bulağa sarı yollandı. İki öynə namaz qıldı, ən təhlükəli anlarda tanrıya üz tutan adamlar kimi tanrıya yalvarmağa başladı: – İlahi, bu gün mənim qırx fil gücünə ehtiyacım var! Elə bu vaxt qırx qüdrətli filin gücü onun qoluna keçdi, Rüstəm elə ağırlaşdı ki, dizəcən torpağa batdı. Ordan birbaş mağaranın girişinə gəldi. O, mağaraya girdi, Samın yüz man ağırlığında qılıncını qınından sıyırdı və divin ayağının altını qıdıqladı. Div bir qarış yerindən dikəlib soruşdu: – Məni sancan bu ağcaqanadlar hardan çıxdı? Rüstəm dedi: – Mən ağcaqanad deyiləm, mən Zal oğlu Rüstəməm, sənin canını almağa gəlmişəm. Rüstəmin sözünü deyib qurtarması ilə Ağ Divin pörtləmiş adam kimi yerindən dik atılması bir oldu. Onun səksən şümal oxu vardı, kamanı götürdü və oxu Rüstəmin üstünə yağdırmağa başladı. Onun atdığı oxların qarşısını Rüstəm herşaspın qalxanı ilə aldı. Rüstəm ona dedi: – Gəl əl döyüşünə çıxaq. Ağ Div cavabında dedi: – Yox, mən ox atacağam, mən əl döyüşünə çıxmayacağam. Rüstəm bicliyə əl atdı. – Soldan! – deyə qışqırdı. Zərbəni soldan gözləyən Ağ Div müdafiə olunmağa başladı, Rüstəm isə sağdan zərbə endirdi və onun bir ayağını kəsdi. Tək ayaqlı Ağ Div yeddi gün yeddi gecə Rüstəmlə vuruşdu, səkki- zinci gün Rüstəm Əlinin nərəsinə bənzər bir nərə çəkdi, divi göyə qaldırıb yerə elə çırpdı ki, yerdə onun izi qaldı. Sonra onun qarnını cırdı, ürəyini qopartdı, suyla dolu qazanın içinə qoydu. Ağ Divin başındakı iki buynuzunu çıxartdı, kəlləsindən çaxır piyaləsi düzəltdi. Üçüncü dəfə nərə çəkdi, Avlad-Mirzaman onun nərəsini eşidib dedi: – Ay yaramaz, Ağ Divi də öldürdü! Rüstəm Ağ Divin ürəyi bişən qazanı götürdü və Avlad-Mirzamanı ağaca bağladığı yerə gəldi. O, Avlad-Mirzamanı ağacdan açdı, birlikdə Rəxşin belinə mindilər, Keykavusun və onun min döyüşçüsünün əzab çəkdikləri quyuya yollandılar. Onlar quyunun ağzına gəlib çatdılar, Rüstəm Avlad-Mirzamanı ağaca bağlamaq istədi, amma Avlad-Mirzaman dedi: – Məni ağaca bağlamaq sənin nəyinə lazımdı. Yaxşısı budu, məni çevrəyə al. Mən ayağımı bu çevrədən qırağa atsam, qoy Rəxş mənim başımı qopartsın. Rüstəm Avlad-Mirzamanı çevrəyə aldı və Rəxşə dedi: – Əgər Avlad-Mirzaman ayağını bu çevrədən qırağa atsa, başını qopararsan. Özü isə quyunun ağzındakı daşı bir tərəfə tulladı, Ağ Divin ürəyi bişən qazanı da götürüb quyuya düşdü. Bişmişin suyunu quyuda sağ qalanların hamısının gözünə çəkdi. Divlər dörd yüz döyüşçünü artıq yemişdilər. Rüstəm Keykavus padşahı və onun altı yüz döyüşçüsünü quyudan çıxartdı. Keykavus yenidən taxt-taca çıxdı. Keykavus Rüstəmə dedi: – Sən ki Ağ Divin öhdəsindən gəldin, mən səni Mazandaranın padşahı təyin edirəm. Mən Mazandaranın padşahına məktub yazaram, o, taxt-tacını sənə təhvil verər, yoxsa mənimlə vuruşmalı olacaq. Rüstəm yola düzəldi, yolda tayqol Rüstəm ona ilişdi, bəs deməzsənmi, əgər sən kəməndinlə mənə əlli at tutsan, mən də həmin atları Zəngivara aparsam, sənə kömək edərəm. Kömək eləməsən Mazandaranda gəbərəcəksən. Onlar at ilxısının otladığı yeri tapdılar, Rüstəm adaşından ötrü qırx-əlli at tutdu. Tayqol Rüstəm dedi: – Mazandaran padşahının hökmdarlıq elədiyi şəhərə yaxınlaşanda görəcəksən ki, darvazanın yanında keşikçi durur, onun ayaqları ağac kökləri kimi torpağa işləyibdi. O, səninlə salamlaşacaq, əlini sənə uzadacaq, amma sən ona əl vermə. Onun əlləri dəmirdi, buna görə də ona Dəmirəlli deyirlər. Əgər sən ona əl versən, sənin əlini əzəcək. Sən onu kökündən qopartmasan, ona heç nə kar eləməyəcək – nə qılınc, nə ox, nə də toppuz zərbəsi. – Yaxşı, – deyə Rüstəm cavab verdi. Onların hərəsi öz yoluna düzəldi. Tayqol Rüstəm Zəngivara, Rüstəm isə Mazandarana üz tutdu. Səhərisi Rüstəm şəhərin darvazasına yaxınlaşdı. Baxıb gördü ki, darvazanın yaxınlığında Dəmirəlli durubdu, onun ayaqları ağac kökü kimi torpağa işləyibdi. Dəmirəlli dedi: – Xoş gəlmisən. Yolun hayanadı? – o, əlini Rüstəmə uzatdı. Rüstəm əlini vermədi. İşi belə görən Dəmirəlli Rüstəmi qamarlamaq istədi, yəhərdən yapışdı. Rüstəm isə Rəxşə bir qamçı çəkdi ki, at irəli atıldı və Dəmirəllini kökündən qopartdı. Rüstəm həmin andaca qılıncını sıyırdı və onu öldürdü, sonra şəhərin darvazasından keçib padşahın sarayına yollandı. O, Mazandaran padşahının hüzuruna gəldi, ehtiramla salam verdi və salamına cavab aldı. Rüstəm Keykavusun məktubunu çıxartdı və dedi: – Bu məktub Keykavusdandı. Məktubun üstünə qızıl töküb, onu qızılın altında itirib-batırmayınca mən bu məktubu sizə verməyəcəyəm. Mazandaran padşahının vəziri dilləndi: – Biz hər qasidin məktubunu qızıla bələsək, onda padşahlıqdan əsər-əlamət qalmaz. Vəkil də vəzirə züy tutdu: yox, ona qızıl vermək lazım deyil. Elə bu vaxt Rüstəm qılıncını sıyırdı, onların hər ikisini – vəziri və vəkili cəhənnəmə vasil elədi. Dediyini bir də təkrarladı: – Məktubun üstünə qızıl tökün! Hə, saray əhli qorxuya düşdü, məktubun üstünə qızıl tökdülər, bir azdan məktub qızılın altında itib-batdı. Rüstəm qızılı götürdü, Mazandaran padşahı isə məktubu açıb oxudu. Məktubu oxuyub fikrə getdi: “Budu, hələ cəmisi bir pəhləvan gəlibdi, vəziri və vəkili öldürübdü, əgər Keykavusun bütün qoşunu gəlsə nə olar?” Əmr elədi ki, Keykavusa cavab məktubu yazsınlar: qoy kimi istəyir padşah göndərsin. Rüstəm məktubu götürüb, Keykavusa apardı. Mazandaranı döyüşsüz özünə tabe etdirməsi Keykavusu yaman sevindirdi. Təzədən Rüstəmə üz tutdu: – Mazandaranı sənə bağışlayıram, Mazandaranda padşahlıq elə. Rüstəm cavab verdi: – Padşahlıq mənim nəyimə lazımdı? Padşahlıq eləmək mənim işim deyil, mənim işim qəhrəmanlıqlar göstərməkdi, mən döyüşçüyəm. Keykavus Mazandarana Avlad-Mirzamanı padşah göndərdi. Rüstəm isə Keykavusun sarayında qaldı. Səhifələr: 1
|