Təsadüf Azərbaycan nağılı
|
Yeddi siçan. Monqol nağılıYurdda yeddi siçan olurdu. Gecə olan kimi siçanlar yuvalarından çıxıb ora-bura qaçışmağa, hər yeri axtarmağa başlayırdılar. Yaxşı gizlədilməmiş, ağzı yaxşı örtülməmiş şeyləri iyləyib tapır, dadına baxır, çeynəyirdilər. Ev sahibəsinin qış üçün hazırladığı təknədəki pendirə başlarını soxur; dolçadakı ayrandan içir... Başlarını vurmamış heç nə qoymurdular! Bir dəfə də siçanlar ev sahibəsindən bir parça piy oğurladılar və onu özləri üçün qışda ehtiyat saxlamaq qərarına gəldilər. Bəs necə saxlasınlar? Siçanlar kiçik siçan balasını piyə keşikçi qoydular. – Piyi gözdən qoyma! Bax ha, özün də yemə! – deyə siçanlar ona bərk-bərk tapşırıb ov dalınca getdilər. Siçan balası tək qaldı, gözünü piydən çəkə bilmədi. Piy isə ağappaq, yağlı idi, özündən də dadlı iy gəlirdi! Siçan balası piyə baxdı, baxdı, lap ağzının suyu axdı. “Gəlsənə bir ondan dadım! – deyə öz-özünə düşünür! – Eh, onsuz da heç birinin xəbəri olmaz. Axı mən lap balaca bir tikə dişləyəcəyəm!” Siçan balası bir balaca tikə dişlədi. Əcəb dadlıdır! Bir də dişlədi... Belə, belə – bütün piyi dişləyib yedi. Siçanlar qayıdıb yuvaya gəldilər – gördülər ki, piy yoxdur. O saat siçan balasının üstünə düşdülər. – Vay səni, əclaf! Piy hanı? Siçan balası ciyildədi: – Vay! Bilmirəm, bilmirəm, nə olub? Amma özünün ağız-burnu yağ içindəydi. Siçanlar qışqırdılar: – Sən oğrusan! Sən piyi yemisən! Onlar oturub fikirləşdilər ki, siçan balasına nə cəza versinlər. Fikirləşdilər, fikirləşdilər, axırda belə qərara gəldilər: – Pişik! Bax, oğrunun ən yaxşı cəzasını o verə bilər! Siçanlar siçan balasını tutub məhkəməyə apardılar. Yığışdılar, ciyildəşdilər, pəncələrilə siçan balasını göstərdilər. – O oğrudur! Bax, o dələduzdur! Ona cəza ver! Pişik siçanlara baxıb ağız-burnunu yaladı, sonra soruşdu: – Deyirsiz ki, cəza verim? – Cəza verin! – Yeyim? – deyə pişik soruşdu. – Yeyin! – deyə siçanlar bir ağızdan qışqırışdılar. – Bəs piyi siz, haradan almışdınız? – deyə pişik soruşdu. – Ev sahibəsindən oğurlamışdıq. – Hə, demək belə! – deyib siçanların üstünə elə atıldı! Bəxtləri gətirdi ki, yeddi siçan idilər, ona görə hərəsi bir tərəfə atıldı: pişik bu dəfə bircəciyini də tuta bilmədi! Yoxsa ki, siçanların işi bitmişdi! Səhifələr: 1
|