Təsadüf Azərbaycan nağılı
|
Sözə qulaq asmayan keçi balası. Monqol nağılıBaharda keçi ilə çəpiş otlaqda otlayırdı. Onlar hər yerə ikisi birlikdə gedir, qoca keçi çalışırdı ki, çəpiş üçün elə yerlər axtarıb tapsın ki, orada zərif, dadlı tər otlar olsun. Onlar otlaqdakı bütün otları qırpıb yeyəndən sonra qoca keçi çəpişə dedi: – Sən dayan burada, mən gedib yaxşı bir otlaq yeri tapım. Bu zınqırovu da sənə verirəm, başına bir qəza gəlsə o saat onu çal. Keçi bu sözləri deyib üstü naxışlı girdə mis zınqırovu çəpişin boynundan asdı, özü də onunla salamatlaşıb getdi. O, elə təzəcə getmişdi, – zınqırovun səsini eşitdi. Keçi qorxdu ki, yəqin qurdlar çəpişin üstünə düşüb, tez qaçıb gəldi, gördü ki, qurd-zad yoxdur. – Sənə nə olub? – deyə keçi nəfəsi yana-yana soruşdu. – Sən nə üçün məni köməyə çağırırdın? – Ayağıma milçək qonmuşdu, qov onu, – deyə çəpiş ona cavab verdi. Keçi onu bir az danladı, sonra çıxıb getdi. – Hər şey üçün zınqırovu çalma! – deyə gedəndə ona tapşırdı. Keçi heç gözdən itməmişdi ki, zınqırovun səsi gəldi, keçi yenə də qaçıb gəldi. Gördü ki, çəpiş dayanıb gözlərini də qıyıb. – Sənə nə olub? – deyə keçi ondan soruşdu. – Gözümə çöp düşüb, çıxart onu! Keçi, çöpü çəpişin gözündən çıxarıb dedi: – Yaxşı, mən gedirəm, sən də hər şey üçün zınqırovu çalma! Ancaq keçi gedib heç yaxındakı təpəni aşmamışdı ki, yenə də zınqırovun səsini eşitdi. “Gedim, ya getməyim?” – deyə keçi öz-özündən soruşdu, ancaq ürəyi dözməyib yenə də qaçıb gəldi. Gördü ki, çəpiş sakitcə dayanıb keçən ilki otlardan özü üçün qırpıb yeyir. – Nə olub? – deyə keçi soruşdu. – Deyəsən yenə də zınqırovu boş-boşuna çalmısan? Hə? – Böyrümə quru ot batır, çırp sal yerə, – deyə çəpiş ona cavab verdi. Keçi hirsləndi: – Canın çıxar özün çırparsan! Bir də məni axmaq şey üstündə çağırsan özün bil! Keçi çıxıb getdi. O, dağın dalında otlaq seçə-seçə çox gəzib dolaşdı. Yorulub əldən düşdü, oturdu ki, dincini alsın. Elə gözünü yummaq istəyirdi ki, zınqırovun səsi gəldi... “Yəqin ki, yenə də boş şey üçün zınqırovu çalır”, – deyə düşünərək gözlərini yumdu. Ancaq zınqırov getdikcə daha da dəhşətlə səslənirdi, axırda it hürüşü də eşidildi. “Görəsən bu nə deməkdir?” – deyə keçi ürəyində öz-özünə düşünüb qaçmağa üz qoydu. Qaça-qaça gördü ki, itlər canavarı qovur, çəpiş də dayanıb qorxusundan yarpaq kimi əsir: lap azca qalıbmış ki, canavar onu yesin. Keçi ona baxıb dedi: – Bəxtin gətirdi ki, itlər vaxtında harayına çatdılar, yoxsa canavar səni yemişdi! Səhifələr: 1
|