Təsadüf Azərbaycan nağılı
|
Üç bacı. Ləzgi xalq nağılıKənddə bir kasıb kişi yaşayırdı. Onun arvadı və üç qızı vardı. Günlərin birində arvad öldü. Bu ailənin qonşuluğunda bir dul qadın yaşayırdı. O, hər gün kasıb kişinin qızlarını evinə çağırar, onların könlünü ələ almağa çalışardı. Ataları işdən qayıdanda qızlar deyərdilər: - Ata, nə olar, bu qadınla evlən də. Kişi qızların sözünə qulaq asıb, dul qadınla evləndi. Bir gün ögey ana ərinə dedi: - Qızlarını evdən qovmasan mən sənin yanından çıxıb gedəcəyəm. O, ərinə ötkəmliyini elə göstərdi ki, yazıq kişi ona dedi: - Qoy sən deyən olsun, mən bazara kəhrəba almağa gedirəm, sən isə qızları tarlaya göndərərsən. Ər bazara getdi, kəhrəba alıb tarlaya qayıtdı. Burada o, çala qazdı, onun üstünü keçə ilə örtüb, bura kəhrəba muncuqları düzdü. Bir azdan qızlar tarlaya gəldilər. Onlar atalarına yemək gətirmişdilər. - Əziz qızlarım, mən sizə kəhrəba muncuqlar almışam, - deyə ata dilləndi. – Tez qaçın, keçənin üstündən onları götürün. Qızlar sevindilər. Qaçıb muncuqları götürmək istəyəndə üçü də çalaya düşdü. Xeyli ağlayıb sızlayandan sonra bacılardan biri dedi: - Qoy mənim əlim belə çevrilsin. - Mənim əlim isə külüng olsun, - deyə o biri bacı dilləndi. - Qoy mənim əlim ling olsun! – deyə üçüncü bildirdi. Bu vaxt birinin əli belə, o birininki külüngə, üçüncününkü isə lingə çevrildi. Qızlar yeri qazmağa başladılar. Onlar qazdılar, qazdılar və nəhayət, bir at tövləsinin üstünə gəlib çıxdılar. Bacılar buradan bir dəlik açdılar və gördülər ki, içəridə bir at xurma yeyir. Qızlar paltarlarını bir-birinə bənd elədilər və böyük bacı aşağı endi. O, atın qabağındakı xurmaları götürüb, bacılarının yanına qayıtdı. Ertəsi gün bura ortancıl bacı düşdü. O da böyük bacı kimi etdi. Bir dəfə şah tövləyə atına baxmağa gəldi. - Bir buna bax! At necə də arıqlayıb! Bu nədən ola bilər? Şah öz oğullarına dedi: - Çalışın, atın nədən arıqladığını öyrənəsiniz. Burada ilk pusquda duran böyük oğul oldu. Lakin o, gözləyə bilməyib, yuxuya getdi. Ertəsi gün ortancıl oğul pusquda durdu. O da yuxuya getdi. Üçüncü gün növbə kiçik oğula çatdı. Gənc barmağının ucunu çərtdi və üstünə duz tökdü ki, ağrıdan yata bilməsin. Bir azdan kiçik bacı tövləyə düşdü. O, elə gözəl idi ki, günəşə deyirdi sən çıxma, mən çıxım, aya deyirdi sən çıxma, mən çıxım. Gənc qızı yaxalayıb, atasının yanına apardı. Burada o, kiçik bacının qabağına yemək və su qoydu. Qız bir dilimi ağzına qoyur, o birini isə cibinə atırdı. Bunu görüb, gənc soruşdu: - Sən niyə belə edirsən? Qız dedi: - Mən tək deyiləm, bacılarım da var. - Get onları da bura çağır. Qız gedib bacıları ilə qayıtdı. Şah gözəl qızları görcək qərara aldı ki, oğlanlarını evləndirsin. Yeddi gün, yeddi gecə toy oldu. Sizə kimdən deyək – kiçik bacıdan. Kiçik bacı şahın kiçik oğlundan uşaq gözləyirdi. - Uşağı necə doğurlar? – deyə o, bacılarından soruşdu. Bacılar belə cavab verdilər: - Sən dama çıx və bacanın üstündə otur, biz isə aşağıda xəlbir tutarıq. Kiçik bacı gedib bacanın üstündə oturdu. O, bir oğlan və bir qız doğdu. Uşaqların qızılı saçları vardı. İş elə gətirdi ki, bu vaxt şahın bir iti küçüklədi. Bacılar küçükləri götürüb, xəlbirə qoydular, uşaqları isə sandığa qoyub, çölə atdılar. Şah öyrənəndə ki, onun gəlini küçüklər doğub, əmr etdi ki, iti öldürsünlər, gəlini isə itin dərisinə bürüyüb qapıya bağlasınlar. Meşəyə odun yığmağa gedən bir qarı bacıların çölə atdıqları sandığı tapır. O, sevinərək, onu evinə aparır. Qarı sandığı açanda burada iki uşaq görür. O, uşaqları böyüdür. Onların yeddi yaşı tamam olanda xəbər yayılır ki, şahın kiçik oğlunun toyudur. Qarının qızı və oğlu da toya yollanır. Bunu görəndə qarı deyir: - Geri qayıdanda özünüzlə bir parça ət götürərsiniz. Onu şahın qapısına bağlanmış itə atarsınız. Uşaqlar toya gedirlər. Evə qayıdanda onlar ət parçasını itə atırlar. Onların bu hərəkətini şahın oğlu görür. O, fikirləşir: “Hamı itə ancaq sümük atdı, bu uşaqlar isə ona ət verdilər”. O, əmr edir ki, həmin uşaqları sabah da toya dəvət etsinlər. Ertəsi gün toyda rəqs etmək növbəsi uşaqlara çatır. Oynaya-oynaya qardaş öz bacısına deyir: - Hamının anası sağ-salamatdır, bizim anamız isə itin dərisindədir. Bunu eşidən şahın oğlu soruşur: - Siz kimin uşaqlarısınız? - Biz filan qarının uşaqlarıyıq, – deyə onlar cavab verdilər. Şahın oğlu qarını çağırtdırıb, ondan soruşur: - De görüm, bu uşaqlar kimindir? Qarı cavab verir: - Günlərin birində mən odun yığmağa meşəyə getmişdim. Orada bir sandıq tapdım. Sandıqda olan bu uşaqları mən əziyyətlə böyütmüşəm. Bu vaxt şah soruşur: - Həmin sandıq dururmu? Qarı sandığı gətirib şaha verir. Şah öz sandığını tanıyır. O, qarıya çoxlu pul verib, onu yola salır. Oğlunu və qızını sarayına gətirtdirir. Onların anasını hamının gözü qabağında öz halal arvadı və uşaqlarının anası elan edir. Onu zər-zibaya qərq edib könlünü alır. Arvadın bədxah bacılarını isə vilayətdən qovdurur. Səhifələr: 1
|