Təsadüf Azərbaycan nağılı
|
Tənbəl qız. Ləzgi xalq nağılıBiri vardı, biri yoxdu, bir qarı ilə oğlu vardı. Əkinçiliklə dolanan onların təsərrüfatları iki öküzdən ibarət idi. Qış günlərinin birində könlünə ət yemək düşən qarı dedi: -Oğlum, gəl bu öküzlərdən birini kəsək. Oğlu anasının bu sözündən kədərləndi: -Ay ana, əgər öküzün birini kəssək, tarlanı neçə şumlayacayıq? -Məgər biz yaza kimi bir öküz ala bilməyəcəyik? –deyə ana oğlunu sakitləşdirdi. Oğul anasının sözündən çıxa bilmədi, öküzü kəsdi, qarı isə ətdən bütün qışı müxtəlif dadlı yeməklər bişirdi. Yaz gəldi, qonşular şuma çıxdılar, qarı ilə oğlunun isə öküz almağa pulları olmadı. -Qonşular tarladadır. Bizim də ora getmək vaxtımızdır! – deyə oğlu dillənəndə qarı etiraz edə bilmədi. Onlar xışla və tək öküzlə tarlaya yollandılar. Oğul öküzü sol tərəfdən qoşquya qoşdu, özü isə sağ tərəfə keçib tarlanı şumlamağa başladı. Əyanları və nökərləri ilə ova çıxan xan bu qeyri – adi qoşqunu görüb oğlandan soruşdu: -Niyə qoşquya öküz əvəzinə özun qoşulmusan? O isə cavab verdi: -Bizim iki öküzümüz vardı, qışda anam xahiş etdi ki, birini kəsim. Sonra isə pulumuz olmadı ki, yenisini alaq. Ona görə də xışa öküz əvəzinə özüm qoşulmuşam. -Qulaq as, - deyə xan dilləndi. -Dağdakı otlağımda vəhşi və tənbəl bir öküzüm var. Bu vaxta kimi heç kəs ona boyunduruq keçirə bilməyib. Əgər bacarsan, onu gətirib xışa qoş. Gənc əkinçi sevindi, xana təşəkkürünü bildirib dağdakı otlağa yolladı. Öküz dırnaqları ilə yeri eşir, buynuzları ilə hec kimi yaxın buraxmırdı. Lakin oğlan ona kələk gəldi. O, böyük bir çala qazdı və öküzü ora qovdu. Çalaya düşən öküz burada yeməksiz qalıb gücdən düşdü. Onda gənc onun boynuna ip salıb evə gətirdi. Üç gün onu susuz, yeməksiz saxladı. Öküz sakitləşəndə oğlan onu xışa qoşdu. Bu hadisədən bir xeyli vaxt kecdi. Bir gün ova çıxan xan gördü ki, gənç əkinçi yaz şumunu həmin vəhşi öküzlə aparır. Xan fikrə getdi. Onun gözünün ağı - qarası bir qızı vardı, o da çox tənbəl idi. Elə tənbəl idi ki, çörəyi də özü yeyə bilmirdi. Saraya qayıtdıqdan sonra xan öz vəzirinə dedi: -Qızımı tənbəllikdən ancaq o gənç əkinçi xilas edə bilər. Vəzir onu anlayıb dərhal atını tarlaya çapdı və xanın dediklərini olduğu kimi əkinciyə çatdırdı. -Xan istəyir ki,onun qızını sən tənbəllikdən qurtarasan. Əgər qızı almaq istəsən, xan etiraz etməyəcək. -Yaxşı, elçi göndərərəm! - deyə əkinçi cavab verdi. O, evə qayıdanda anasına dedi: -Sabah xanın sarayına get.Onun qızını mənim üçün istə. -Məgər xan öz yeganə qızını kasıb əkinçiyə verərmi? – deyə ana təəccüblə soruşdu. -Verər, - deyə oğlu anasını əmin etdi. Qarı xanın qəzəbindən qorxsa da, çarəsiz qalıb saraya yollandı: -Oğlum məni bura göndərib ki,qızına elçilik edim, - dedi. Xan məmuniyyətlə razılığını bildirdi: -Qızımı oğluma verərəm. Qarı sevinclə evə qayıtdı. -Hə, nə oldu, ana? –deyə gənc soruşdu. – Xan səni necə qəbul etdi? -O, razıdır! – deyə qarı bildirdi. Tezliklə gənc əkinçi xan qızı ilə evləndi. Toy gününün səhəri oğlan tarlaya getməyə hazırlaşdı. -Bax ha, - deyə o, anasına tapşırdı,- nəbadə çörəyi gəlinin əlinə verəsən. Çörəyi görünən bir yerə qoy. Çalış özün də bu gün evdə olma. Aclıq güc gələndə özü götürüb onu yeyəcək. Elə də oldu. İşdən sonra ana və oğlu evə qayıdanda gördülər ki, boşqabdakı çörək parçası yoxdur. İkinçi gün gənç anasına tapşırdı: -İndi isə çörəyi qonaq otağına qoy, yanında qoyun pendiri də olsun. Qarı oğlunun dediyini yerinə yetirdi və onlar tarlaya getdilər. Axşam ana-bala evə çatanda gördülər ki, xan qızı pendir-çörəyi yeyib. Üçüncü gün gənc anasına dedi: -Bu gün çörəyi görünən yerdə qoyma. Qoy gəlin onu axtarsın. Qarı çörəyi, pendiri, çayı anbara qoydu, özü isə oğlu ilə birgə evdən çıxdı. Onlar axşama kimi çöldə oldular. Xan qızı yumşaq mütəkkənin üstündə xeyli oturdu, darıxdı və möhkəm acdı. “Görünür bu adamlar işləməyənlərə yemək vermirlər. Gərək işə başlayım. Yoxsa onlar mənə şam yeməyi verməzlər...” deyə o, fikirləşib işə başladı. Evi səliqəyə saldı, qabları yudu, ocaq qaladı. İşləyərkən anbarda yemək görüb iştahla onu yedi. Tarladan qayıdan ana bala gördülər ki, ev səliqəyə salınıb, hər yer tər - təmizdir, ocaq qalanıb. Xan qızı qarıya yaxınlaşıb onu xalçada oturtdu, altına mütəkkə qoydu. O vaxtdan xan qızı tənbəlliyin daşını atdı.O da əri ilə birgə tarlaya gedir,qayıdan da isə ev işlərini görürdü. Bir gün xan öz vəziri ilə bərabər kürəkəngilə yollandı. Onları hörmətlə qarşıladılar. Kürəkən qaynatasının ayağının altında toğlu kəsdi, qarı isə plov dəmlədi. Xan qızı bu vaxt səhənglə bulaqdan qayıdırdı. Qız atasını görüb çox sevindi. Bir azdan o atasının qulağına pıçıldadı: -Ata, ocaqdan kənara sıçrayan közləri görürsənmi? Tez ol, onları ocağa at. Burada işləməyənlərə yemək vermirlər. Xan təəccübləndi, hec nə deməyib yerdəki közləri ocağa atdı. Ev yiyələri qonaqlara necə lazımdır,qulluq etdilər. Xan və vəzir xudahafizləşib saraya qayıtdılar. Xan ürəyində çox sevinirdi ki, qızı tənbəlliyin daşını atıb və o, xöşbəxtdir. Səhifələr: 1
|