top image
 
 
Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z
0-9  A  B  C  Ç  D  E  Ə  F  G  Ğ  H  X  I  İ  J  K  Q  L  M  N  O  Ö  P  R  S  Ş  T
U  Ü  V  Y  Z
Səhifələr: << < 5 6 7 8 9 10 11 12 13 > >>

Günlərin bir günündə Şah Abbas vəzirini çağırıb dedi:
– Vəzir, neçə aydı ki, seyrə çıxmamışam. Qoşun hazırlığı gör, tədarük elə, on günün səfərinə gedəcəyəm.
Vəzir Allahverdi baş əyib itaət elədi, çıxıb səfər tədarükü görməyə getdi. Bir neçə gündən sonra vəzir Allahverdi gəlib dedi:
– Qoşun hazırdı.
Şah Abbas atını minib düşdü qoşunun qabağına. Qoşun yavaşyavaş getməyə başladı. Nağıllarda mənzil tez başa gəlir. Az gedib, çox dayandılar, çox gedib az dayandılar, axırda gəlib çatdılar bir şəhərə. Bu şəhərdə bir nəfər tacir varıdı, bu tacirin bir arvadı, bir də naxırçısı varıdı. Bu naxırçının Banı adında gözəl bir qızı varıdı. Tacir naxırçı qızı Banını öz yanında saxlayırdı. Tacir eşitdi ki, şah Abbas gəlir, başladı şəhəri bəzəməyə. Banı, xanımından xəbər aldı ki, xanım, bu şəhəri niyə bəzəyirlər?
Xanım dedi:
– Şah Abbas şəhərə gəlib.

Biri varımış, biri yoxumuş, günlərin bir günündə iki qardaş varımış. Bunların birinin adı Firuz, birinin də adı Əhməd imiş. Firuz tacirliyi çox sevirdi. Gecə-gündüz əlləşib, pul yığıb, şəhərdə böyük bir tacir olmuşdu. Bütün tacirlər Firuzun adını eşidəndə ayağa dururdular. Belə dövləti olmağına baxmayaraq, tacir Firuz çox acgözdü, camaatnan rəftarı da pis idi. Amma qardaşı Əhməd tacir tayfasına yaxın durmazdı. Sənəti yəhər qayırmaq idi. Əhmədin arvadı yox idi, amma Nuşaran adında bir qızı varıdı, dünya gözəli idi.
Bir gün Əhməd ömrünü bağışladı kiçik qardaşı Firuza. Firuz qardaşını kəfin-dəfin eləyib, Nuşaranı da götürüb apardı evinə.
Tacir Firuzun arvadı yoxudu, qulluqçu da saxlamırdı, ancaq bir neçə nökəri, bir də bağbanı varıdı. Bağbanın arvadı tacir Firuza kömək eləyirdi. Bir gün, beş gün, qardaşının ölməyindən bir xeyli vaxt keçdi.
Tacir Firuz istədi evlənə. O, şəhərbəşəhər düşüb gəzdi, amma nə fayda ki, ürəyinə yatan bir qız tapa bilmədi. Kor-peşman, yorğunarğın gəlib çıxdı öz vilayətinə.
Eşit Nuşaran xanımdan.

Biri varıdı, biri yoxudu, Allahdan başqa heç kəs yoxudu. Bir padşah varıdı. Bu padşahın Məhəmməd adlı bir oğlu varıdı. Padşah bir gün oğluna deyir:
– Oğul, Məhəmməd, mən ölsəm, yerimdə səndən savayı qohuməqrəbam yoxdu ki, qalsın. Padşahlığı əlində bərk saxlarsan.
Az keçdi, çox keçdi, padşah öldü. Məhəmməd atasının yerində şah oldu, camaatı dolandırmağa başladı. Bir gün bu şəhərin lotuları dedilər:
– Bu padşah çox səfehdi, gərək tovlayıb, dövləti əlindən çıxaraq.
Lotular gəldilər Məhəmmədin yanına. Biri dedi:
– Mən padşahın xalası oğluyam.

Günlərin bir günündə bir çoban varımış, bu çobanın gözünün ağıqarası Əhməd adlı bir oğlu varımış. Bir gün çoban çölə çıxıb qoyun otarırdı. Hava çox isti idi, çoban nə qədər su axtardı ki, həm qoyunları suvara, həm də özü içə. Nə qədər axtardı, tapa bilmədi. Qoyunları ağac altına yığıb, tapşırdı köpəyə, o yana gedib gördü ki, bir quyu var, gəlib quyuya çatdı istədi su çəkə, birdən qulağına səs gəldi. Çoban bir oyana, bir bu yana baxıb gördü ki, heç kəs yoxdu. Əyilib quyuya baxdı, gördü ki, bir arvad, bir də bir ilan var. Çoban qurşağa kimi əyildi quyuya, ilan çobanı görən kimi dil açıb dedi:
– Çoban, sənə qurban olum, məni qurtar bu arvadın əlindən, ta baş-beynimi aparıb.
Doğrudan da, quyuda bir arvad varıdı ki, Əflatun bu arvadın əlinə düşsəydi, çürüyüb ölərdi. Çoban baxıb gördü ki, doğrudan da ilan arvadın əlindən az qalıb ölə, tez quyuya bir qab salladı, ilan özün qabın içinə saldı. Çoban qabı çəkib yarıda saxladı, öz-özünə dedi:
– Ey dili-qafil, mən su axtarıram, qabağıma ilan çıxdı. Birdən ilan məni çalar, yaxşısı budu, qoy ilan arvadın əlindən quyuda çərləyib ölsün.

Biri varıdı, biri yoxudu, Ənuşiravan adında bir padşah varıdı. Günlərin bir günündə padşah öz taxtı-səltənətində oturmuşdu. Birdən gözü aynaya sataşdı. Gördü ki, saqqalına dən düşüb. Ənuşiravanı fikir götürdü, öz-özünə dedi:
– Dövlət var, mal var, can gedir. Sabah ölsəm, yerimdə kim padşahlıq eləyib dövlətimə sahib olacaq?
Ənuşiravanı fikir götürdü, çünki onun heç evladı olmurdu. Gecəgündüz peşəsi ağlayıb sıtqayıb, Allaha yalvarmaqdı ki, bəlkə Allah buna bir evlad verə. Bu dəmdə qapı döyüldü. Fərraşlardan birisi gəlib, baş əyib dedi:
– Qibleyi-aləm, abid yanına gəlmək istəyir.
Padşah dedi:
– Buraxın, gəlsin.

Biri varıdı, biri yoxudu, Allahdan başqa heç kəs yoxudu. Bir kənddə bir ər-arvad varıdı. Bunlar çox kasıblıqnan ömürlərini sürürdülər.
Bir gün kişi arvadına dedi:
– Mən pul qazanmağa gedirəm, əgər geri döndüm, döndüm, yox öldüm, bu xəncərnən atımı, uşağım olanda ona verərsən, gəlib mənim qanımı alar.
Bu sözləri deyib kişi yola düşdü. Az getdi, çox getdi, gəlib çatdı bir meşəyə. Hava yavaş-yavaş qaranlıqlaşırdı. Kişi məəttəl qaldı, özözünə dedi:
– Ay Allah, indi mən neyləyim, başıma haranın külünü töküm. Gecənin bu vaxtında qurd-quş məni yesə, kim harayıma çatacaq! Axı mən niyə rahatca evdə oturduğum yerdə durub çöllərə düşdüm?
Kişi ora-bura baxıb gördü ki, uzaqdan bir işıq gəlir. Yenə özözünə dedi:
– Yaxşı oldu, bu gecəni orda keçirərəm, görüm sabah başıma nə gəlir?

Belə deyirlər ki, bir xanın Qəhrəman adında bir nökəri varıdı. Qəhrəman olduqca zirək, qüvvətli bir oğlandı. Xan da Qəhrəmanın xətrini çox istəyirdi. Xanın həyətində iki böyük dəyirman daşı varıdı. Xan çıxıb nökərlərinə tapşırdı ki, bu dəyirman daşlarını həyətdən götürsünlər atsınlar bir tərəfə. Nökərlər yapışıb dəyirman daşına nə qədər güc elədilər yerindən tərpədə bilmədilər.
Xan yuxarıdan öz qızı Pəri xanımnan baxırdı. Bu vaxt Qəhrəman özünü yetirdi, gördü ki, qırx adam iki dəyirman daşını yerindən tərpədə bilmir. Qəhrəman nökərləri itələyib, bir təkan vurub, bayaqdan daşı götürüb atdı. Xan bu şücaəti Qəhrəmanda görüb sevindi. Tez əmr verdi ki, Tus pəhləvanının paltarı Qəhrəmana verilsin. Amma Qəhrəman paltarı almadı. Çünki könlündən pəhləvanlıq keçmirdi. Atası ona tapşırmışdı ki, nəbadə könlündən mənsəb iddiası keçə.
Qəhrəman atasının vəsiyyətini yadında saxlamışdı. Odu ki, xana nökər oldu, amma pəhləvan olmadı. Bunlar burda qalsın. Xəbəri sənə kimdən verim, xanın qızı Pəri xanımdan. Pəri xanım Qəhrəmanın sorağında idi ki, görə, amma o heç rastına gəlmirdi.

Badi-badi giriftar, hamam-hamam içində, xəlbir saman içində, dəvə dəlləklik elər, köhnə hamam içində. Qarışqa şıllaq atdı, dəvənin qıçı sındı. Hamamçının tası yox, baltaçının baltası yox. Orda bir tazı gördüm, onun da xaltası yox. Ömrümdə belə şilə aşı yeməmişəm, belə yalan deməmişəm.
Günlərin bir günündə Məmmədnəsir tinində bir cavan oğlan varıdı. Bu oğlanın özünə görə az-çox dövləti varıdı. Oğlan evlənib toy elədi. Günlərin birində arvadının boynuna uşaq düşdü. Arvad həmliydi, oğlan qürbətə getdi. Oğlan gedəndən üç ay sonra arvad bir gözəl qız doğdu. Arvad ərinə yazdı ki, bir qızımız olub, adını da Şükufə qoymuşam.
On altı ildən sonra arvad ərindən kağız aldı ki, gəlirəm. Bəli, bir gün Şükufə xanım evdə yatmışdı, anası da evdə yoxudu. Bu vaxt Şükufə xanımın dədəsi gəldi. İçəri girib gördü arvadı yoxdu, amma bir gözəl qız yatıbdı, belə gözəldi ki, yemə, içmə bu qızın xətti-xalına, gül camalına tamaşa elə. Aya, günə deyir: sən çıxma, mən çıxıram. Dədəsi Şükufə xanımı görən kimi az qaldı ağlı başından çıxsın. O saat qıza aşiq oldu.
Bu halda Şükufə xanımın anası gəldi. Əriynən görüşdü, öpüşdü, sonra kişiyə dedi:
– A kişi, görürsən necə qəşəng qızımız var?

Məhəmməd adlı bir kişi vardı. Bunun bir arvadı, Əhməd adlı bir oğlu, Güllü adlı bir qızı varıdı. Bir gün Məhəmməd kişi Məkkəyə gedəsi olur. Arvadı, oğlu dedilər ki, biz də gedəcəyik. Məhəmməd kişi onların getməsinə razı oldu. Məhəmmədin bir yaxşı qardaşlığı varıdı.
Özü də qazı idi. Məhəmməd kişi qardaşlığının yanına gəlib dedi:
– Mən Məkkəyə gedəcəyəm. Ev-eşiyimi, qızım Güllünü sənə tapşırıram.
Qazı dedi:
– Arxayın ol, özündən yaxşı muğayat olaram.
Məhəmməd kişi arvadını, oğlu Əhmədi götürüb Məkkəyə yola düşdü. Onlar Məkkəyə getməkdə olsun. Sizə qazı ağadan xəbər verim. Qazı ağa gündə ət, xuşkəbər alıb nökəriynən Güllüyə göndərirdi. Bir gün də özü ət, şey-şüy alıb Güllü qızın yanına gəldi. Gördü ki, Güllü başını yuyur, bulud kimi qara saçları üzünə tökülüb. Bir qızdı, günə deyir sən çıxma, mən çıxım, aya deyir sən çıxma, mən çıxım. Qazı ağa imanını əldən verib Güllü qıza bənd oldu. İçəri girib şey-şüyü qıza verdi. Dili tutar-tutmaz dedi:
– Ay qardaşlığımın qızı, yenə ətdən-zaddan alıb nökərnən göndərəcəyəm, bir yaxşı xörək bişir, mən də axşama sənə qonaq gələcəyəm.

Bəli, nağıl binasını qoyaq yavaş-yavaş, olum qapında qulnan qaravaş.
Dövlətli plova şıllaq vurar, kasıb tapmaz bir kasa bozbaş. Biri varımış, biri yoxumuş, Mahmud adında bir tacir varımış. Bəli, belə deyirlər, tacir Mahmudun oğul sarıdan üzüqara, amma qız sarıdan elə keyfi kökdü ki, xoruz tək damağı şax-şax şaqqıldayırdı. Tacir Mahmudun Nigar xanım adlı bir qızı vardı, elə gözəldi ki, baxanın ağlı başından çıxıb, dəli-divanə olurdu.
Nigar, nə Nigar, hər saç hörüyü bir salxım qara şanı. Alnı ay kimi, zülmatlara işıq salır. Qaşları elə bil qüdrəti-ilahinin qələmiylə çəkilib.
Gözləri qara, kirpikləri yayından çıxmış ox kimi, rəngi sürməyi çalır.
Burnu hind fındığı. Yanaqlarına elə bil bir şüşə qan çilənmişdi, ləbləri şəkər, sinəsi mərmər kimi par-par parıldayır. İncəbelli, uzunboylu, şux dayanışıqlı, ceyran yerişli bir maraldı. Bəli, görək belə bir nemət kimə qismət olar.

Səhifələr: << < 5 6 7 8 9 10 11 12 13 > >>
 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo