top image
 
 
Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z
0-9  A  B  C  Ç  D  E  Ə  F  G  Ğ  H  X  I  İ  J  K  Q  L  M  N  O  Ö  P  R  S  Ş  T
U  Ü  V  Y  Z
Səhifələr: << < 2 3 4 5 6 7 8 9 10 > >>

Sizə hardan xəbər verim, az danışanlardan, qaradinməzlərdən, mırt-mırt arvadlardan, hürməyən itlərdən, ulamayan çaqqallardan, çox danışanlardan, dilli arvadlardan, küsəyənlərdən, oğrulardan, yalançılardan, yoldaşa xain olanlardan, vəfasızlardan, əhdinə əməl etməyənlərdən, buzov minib çay keçənlərdən, yaba ilə dovğa içənlərdən, xoruz belində bostan əkənlərdən, kosasaqqallardan, göygözlərdən, nə bilim nədən, nə bilim nədən... Lənət quyruqlu yalana, rəhmət quyruqsuz düzə, bir qoz pozana, iki qoz düzənə. Rəhmət yazana, lənət pozana.

Bir padşah var idi. Bu padşahın övladı yox idi. Bir gün padşah bədənnüma güzgünün qabağında durub özünə baxırdı. Gördü ki, paho, saqqalına dən düşüb. Padşah qəm dəryasına qərq oldu. Vəzir, vəkil tökülüb işdən hali olmaq istədilər. Baş vəzir ədəblə baş əyəndən sonar xidmət məqamında əl-əl üstündə dayanıb dedi:
– Qibleyi-aləm, niyə qəm dəryasına qərq olmusan? Allaha çox şükür dövlət, cah-calal səndə. Sən də fikir edirsən?

Biri varıymış, biri yoxuymuş, Allahın bəndələri çoxuymuş. Raviyan belə rəvayət eliyir ki, əyyamı qədimdə bir padşah varıymış. Bu padşahın gözünün ağı-qarası, aman-zaman bircə qızı varıymış. Bu qızın gözəllixdə tayı-baravarı yoxuymuş. Padşah qızını o qədər çox isdiyirmiş ki, onnan ötəri ayrıja bir qəsr tixdiripbiş. Bu qıza qırx incə belli gözəl xanım qulluğ eliyirmiş. Qızın ağzınnan ağ çıxsa ağ, qara çıxsa qara, hamısını padşah hazır eliyirmiş. Elçilərin də ki, gündə biri gedif, mini gələrmiş. Elçi daşının üsdü heç vaxt boş olmazmış. Munnan belə qız həməşə gününü ah-vaynan keçirir, baxdınnan gileylənərmiş. Günnərin bir günündə qız qırx incə belli xanımnan özünün gülüzar bağına seyrə çıxıpbış. Onun nazı-qəmzəsiynən oynuyan qırx incə belli qız bağda nə qədər gülüf oynuyullarsa da, qızın eynini aça bilmillər. Qız elə baxdınnan gileylənif gözünün yaşını tökərmiş. Həməşə qız xanımların gözünnən yayınıf, bağın bir küncünə çəkilif qəmli-qəmli oturarmış. Gənə günnərin birində padşah qızı öz qul-qaravaşıynan bağa seyrə çıxıpbış. Qızdar gənə həməşəki kimi başdadılar çalıf-oynamağa. Buların başı qarışanda qız gözdən oğurranıf özünü verdi bir sakitdiyə.

Biri varıymış, biri yoxuymuş, bir qarının İlyas adında bir nəvəsi varıymış. İlyas həm gözəl, həm də ağıllı imiş.
Nənə-bala çox əzab-əziyyətlə, kasıblıqla dolanırmış. Qarı yun əyirib corab toxuyarmış, İlyas da aparıb bazarda satarmış.
İlyasla nənəsi nə qədər çalışırlarmış ki, güzaranları bir az yaxşılaşsın, amma heç bir şey çıxmırmış. Axırda İlyas təngə gəlib, nənəsinə dedi:
– Nənə, görürsən ki, corab toxuyub satmaqla heç nə qazana bilmirik, indi mən istəyirəm kəndimizdən baş götürüb gedəm özgə şəhərlərə, kəndlərə, bəlkə oralarda bir işdən-gücdən tapıb işləyəm, bir az puldan-paradan qazanam.
Qarı əvvəlcə istədi nəvəsini buraxmasın. Dedi:
– Oğul, sən hələ uşaqsan, ağzınnan süd iyi gəlir, haranı tanıyırsan ki, ora gedəsən. Gedərsən yolda-izdə nanəcibə rast olarsan. Gəl sən heç yerə getmə, mən də qocalmışam, bir əlimnən tutanım yoxdur.
Məni qoyub hara gedirsən?

Bir şəhərdə iki qonşu var imiş, biri tacir imiş, o biri əkinçi. Bunların hərəsinin iki oğlu var imiş. Tacirin oğlanları həm fərasətsiz, həm də yaman dəcəl imişlər. Elə işləri, peşələri ona, buna sataşmaq imiş.
Amma əkinçinin oğlanları ağıllı, zəhmətkeş, başı aşağı imiş. Bu kişinin bütün var-dövləti bircə cüt öküzü var imiş. Kişinin böyük oğlu evli imiş, kiçiyi subay.
Ay dolanır, il keçir, kişi canını oğlanlarına tapşırıb ölür. Ataları öləndən sonra iki qardaş bir müddət bir yerdə dolanırlar. Amma böyük qardaşın arvadı hey ərinin baş-beynini aparıb, giley eləyir:
– Qardaşın böyüyüb yekə oğlan olub. Nə vaxtatan biznən bir yerdə qalacaq. Ona de ki, çıxıb getsin. Özünə ayrı yerdə ev-eşik düzəltsin.
Arvad nə qədər deyirdisə, əri qardaşından ayrılmaq istəmirdi.

Biri var imiş, biri yox imiş, əyyamı qədimdə bir kişi varmış. Kişi boyda-buxunda elə bil Rüstəm Zalmış. Hansı pəhlivanın boynu əlinə keçsəymiş, o saat qatlayıb qırarmış. Belindən yapışanda belini qatlayıb sındırarmış. Heç bir pəhlivan onun arxasını yerə vura bilməzmiş. Kişinin adına Məhəmməd pəhlivan deyərlərmiş.
Günlərin birində Məhəmməd pəhlivan meşəynən gedirmiş, bir də gördü ki, bir qara tikən kolunun dibində lüt anadangəlmə bir qız uzanıb. Qızın saçları o qədər uzundu ki, tökülüb tamam bədənini örtüb. Bir az da yaxına gedib, görür ki, bu elə bir qızdı, gözəllikdə milsi-bərabəri yoxdu. Bədən ağappaq mərmər kimi, saçları zil qara şəvə kimi. Elə bil qız qönçələnmiş qızıl güldü. Məhəmməd pəhlivan qızı oyadıb dedi:
– Ey nazənin gözəl, kimsən, buralarda tək-tənha nə gəzirsən?

Biri varıymış, biri yoxuymuş, əyyamı qədimdə bir padşah varıymış.
Bu padşahın üç oğlu varıymış. Oğlanlar boya-başa çatıb böyüyüblərmiş.
Ataları baxıb gördü ki, övladlarının övlənmək vaxtıdı. Padşah baş vəziri yanına çağırıb dedi:
– Vəzir, sən görürsən ki, mən qocalmışam, ölüm dediyin qaşla göz arasında olan bir şeydi, birdən yıxılıb ölərəm, uşaqlarımın toyunu görmərəm, indi deyirəm onları evləndirim, bu işə sən nə deyirsən?
Vəzir dedi:
– Qibleyi-aləm sağ olsun, bu cür ağıllı sözə nə demək olar? İstəyirsən elə günü sabahdan işə başlayaq.
Padşah vəzirə dedi:
– Vəzir, bəs uşaqlara kimin qızını alax?
Vəzir dedi:
– Ey adil hökmdar, öz dədə-baba qaydamıznan əmr elə, sənin torpağında nə qədər adlı-sanlı adamın qızı varsa, sabah hamısı bəzənib bir-bir sənin sarayının qabağından keçsinlər.

Nağıl-nuğul bilmərəm, bilsəm də söyləmərəm. Şahdan gəlmiş nökərəm, dinmə, qabırğaların sökərəm. Sizə hardan danışım, kimdən danışım, keçmişlərdə bir kişi var imiş. Bu kişinin gözünün ağı-qarası, aman-zaman bircə oğlu var imiş. Kişi oğlunu çox istəyirmiş, onu əlini ağdan-qaraya vurmağa qoymazmış.
Kişi çox kasıbçılığnan dolanarmış. Hər gün gedib dəryaya tor atıb, balıq tutarmış, tutduğu balıqları satıb, bir təhər dolanarmış. Kişinin oğlunun adı Əhməd imiş.

Günlərin birində bir keçəl varıydı. Bu, kosasaqqal, göy-göz bir tacirə nökərçilik edirdi. Tacir həm xəsis, həm də yaman zalım adam idi. Sabahdan axşama kimi keçəli orda-burda işlədib, axşam bir həfdədən qalma quru əppək qırıxlarını zəhmət haqqı olaraq keçələ verib evlərinə yola salardı. Keçəl quru əppək yeməkdən ağzı yara tökmüşdü.
Yenə bir gün axşam quru çörəyi götürüb evlərinə gələndə, yolda tacirin balaca oğlu keçələ qoşulub onlara gəldi.

Bir şəhərdə bir yetim qız varıymış. Bu qızın heç kimi yoxuymuş. Qız o qədər gözəliymiş ki, bir baxan deyərmiş ki, nə olaydı ona bir də baxaydım. Elə bil ki, huri-mələk, şəhla gözlü, şirin sözlü, hilal qaşlı, balınc döşlü, fındıx burunlu, açıq alınlı, güləbatın ətəyi, dili bal pətəyi, dişləri inci, gəl məni gör, dərdimnən öl... Bu yetim qız abır-ismətnən dolanırmış.
Bir gün qız bulaxdan su doldurduğu yerdə şəhər darğası qızı görür.

Səhifələr: << < 2 3 4 5 6 7 8 9 10 > >>
 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo