top image
 
 
Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z
0-9  A  B  C  Ç  D  E  Ə  F  G  Ğ  H  X  I  İ  J  K  Q  L  M  N  O  Ö  P  R  S  Ş  T
U  Ü  V  Y  Z
Səhifələr: << < 1 2 3 4 5 6 7 8 9 > >>

Biri vardı, biri yoxdu, Allah vardı, şəriki yoxdu. Bir naxırçı, bircə də oğlu vardı ki, adına İsgəndər deyərdilər. Naxırçının arvadı öldü, bir ayrı arvad gətirdi. Bu zaman İsgəndər altı yaşındaydı, amma çox ağıllı, fərasətli bir oğlandı. İsgəndər hər bir quşun dilini bilirdi, dedikcə də göyçək, padşahyana bir uşaqdı. Bunların evlərinin qabağında bir bağçaları vardı. Bir gün ögey ana həmən bağçada qazan asıb paltar yuyurdu. İsgəndər çör-çöp yığıb ocağa qoyur, analığına kömək eləyirdi. İsgəndər baxıb gördü ki, bir bülbül oxuyur, ayrı bir bülbül də deyir:
– Ay bülbül, bir vaxt gələcək, İsgəndər bu şəhərin padşahı olacaq, bu bağçaya qonaq gələcək, həmən bu analığı onun qabağına xörək gətirəcək.

Biri var idi, biri yox idi, bir qarı var idi. Bu qarının gözünün ağıqarası bir keçəl oğlu var idi. Qarının keçəl oğlu camaatın buzovunu otarardı.
Bir gün Keçəl buzovları yığıb otarmağa aparmışdı. Buzovları bir göy çəmənlikdə otarırdı. Bir də gördü ki, göyün üzünü bulud aldı, yağış yağmağa başladı. Keçəl o saat paltarını soyunub bir daşın altında gizlətdi. Bərk yağış yağdı. Yağış kəsəndən sonra Keçəl paltarını daşın altından çıxardıb geydi.
Eşit şeytandan. Şeytan adam paltarında gəzirdi. Onun güzarı keçəlin yanına düşdü. Gördü keçəlin paltarı qupqurudu, heç islanmayıbdı.

Bəndər-Puşur mahalında Əhməd adlı bir kişi var idi ki, Gülcahan adlı arvadından başqa kimsəsi yox idi. Bunlar kasıb olsalar da, züryət arzusunda idilər.
Bunların arzuları yerdə qalmadı, yarı sinləri keçəndən sonra arvad bari-həmlə qaldı. Vədə tamam olanda bari-həmlini yerə qoydu. Gülcahanın bir qızı oldu. Bu qızın adını Reyhan qoydular. Qız o qədər gözəl idi ki, elə bilirdin bir təzə gül açıbdı. Nağıllarda vaxt tez başa gələr. Arpa, darı çörəyi yeyə-yeyə Reyhan gəlib on səkkiz yaşa doldu.

Raviyani-əxbar və naqilani-asar, şirin göftar belə rəvayət edirlər ki, əyyami-qədimdə bir padşah var idi. Bir gün bu padşah öz vəzirlərilə atlanıb ova gedirdi. Şəhərdən kənarda bir xərabə qəbiristanlıqdan keçəndə vəzir gördü ki, bir quru kəllə o tərəf-bu tərəfə hərlənə-hərlənə deyir: “Qırx qan eyləmişəm, qırx birini də eyləyəcəyəm”. Kəllə qəbrə girmək istəyir, qəbir qoymur. Yazıq düzdə qalıb. Bunu görən vəzir tez atdan düşüb, kəlləni götürüb baxdı ki, bir dənə quru insan kəlləsidi. Vəzir bir az baxdıqdan sonra kəlləni xurcuna qoydu, atın tərkinə bağlayıb yoluna düzəldi. Axşama qədər padşahla gəzdikdən sonra evə gəldilər. Vəzir evə gələn kimi gələni xurcundan çıxartdı, həvəngdəstəyə salıb un kimi döydükdən sonra bir şüşəyə doldurub öz otağında şkafın bir tərəfinə qoydu.
Eşit vəzirin qızından. Vəzirin on səkkiz yaşında bir qızı var idi. Bir gün bu qız bərk sancılandı. Nə qədər həkimə, dərmana əl atdılarsa sancısı yaxşı olmadı ki, olmadı. Qız başı kəsilmiş toyuq kimi partlayırdı.
Anası nə qədər əlləşdi, bir dərman eləyə bilmədi. Axırda qız özözünə dedi: “bir az zəhər olsa içərəm, bu bəladan qurtararam”. Durub cəld atasının otağına getdi. Şkafı açanda gördü ki, bir şüşənin içində ağ toz kimi bir şey var, dedi:
– Yəqin bu zəhərdi.

Biri vardı, biri yoxdu, keçmiş əyyamlarda Tələt adında yetim bir uşaq vardı. Onun qoca nənəsindən, bir də uçuq daxmasından başqa heç bir şeyi yox idi.
Tələt balaca olduğu üçün nənəsi Şamama onu işə-gücə göndərməzdi.
Özü sap əyirib, corab toxuyardı, aparıb bazarda satıb, axşam evinə dönərdi.
Bir gün Tələt nənəsi Şamama qarıya dedi:
– Nənə, corab toxu, bir cüt ver mənə, aparım bazarda satım.

Xasay adlı bir kasıb kişi vardı. Xasayın Ballı adlı bir arvadı, Fatma adlı bir qızı, Kavi adlı bir oğlu vardı. Xasay kişi kasıbkarlığnan külfətini dolandırdığı yerdə, birdən Ballı vəfat elədi. Xasayın evi, uşağı dolanmadığından gedib bir arvad aldı. Ay keçdi, il keçdi, bu arvadın keçəl bir qızı oldu.
Arvad ögey uşaqlarına çox əzab verirdi. Onların gününü göy əskiyə düymüşdü. Xasay çox çətinliklə uşaqlarını böyütdü. Qızı ərə gedəsi, oğlu arvad alası oldu. Bir gün arvad dedi:
– Ay kişi, indi Fatmaynan Kavi böyüyüb, özlərini dolandıra bilərlər.

Biri var idi, biri yox idi, bir padşah var idi. Bu padşah günlərin bir günündə bərk xəstələndi. Bir gün, beş gün, on gün habelə, padşah böyük oğlunu çağırıb dedi:
– Oğul, mən ölürəm, kiçik mücrüdə bir ləl var, onu bağışladım sənə.
Böyük oğlunu belə yola saldı. Sonra çağırtdırdı ortancıl oğluna dedi:
– Oğul, mən ölürəm, kiçik mücrüdə bir ləl var, gedib götürərsən, dar günündə satıb xərcləyərsən.
Bunu da belə yola saldı. Lap axırda çağırtdırdı kiçik oğlunu dedi:
– Oğul, mən ölürəm, balaca mücrüdə bir ləl var, götürərsən.

Biri vardı, biri yoxdu, bir padşahın ölkəsində bir ovçu, onun da bir arvadı vardı. Ovçu çox kasıb güzəran keçirirdi. Bütün dağları, meşələri, çölləri gəzirdi, dolanırdı, ancaq ki, gündə bir quş vururdu. Bu quşu bazarda qəpik-quruşa verirdi, çörək alırdı, arvadıynan yarı qarını ac, yarı qarını tox dolanırdılar. Ovçunun arvadı bir qarın fətirə varlıların qapısını süpürərdi, zibilini atardı.
Bəli, bir gün ovçu çox gəzdi, dolandı, ov tapmadı, axırda bir böyük dağın başına çıxdı. Ov axtarırdı ki, birdən böyürdən bir pələng çıxdı.

Həkan-həkan içində, qoz girdəkan içində, dəvə dəlləklik elər, köhnə hamam içində. Qarışqa şıllaq atdı, dəvə nin qıçı batdı. Milçək mindik, körpü keçdik, yabaynan dovğa içdik. Şah Abbas cənnət məkan, tərəziyə verdi təkan. İki qoz, bir girdəkan.
Günlərin bir günündə, sizə kimdən xəbər verim, şah oğlu Şah Abbasdan. Bir gün Şah Abbas oturub vəzir Allahverdi xanla şam eləyirdi. Birdən xörək boğazında qaldı. Üzün tutub vəzir Allahverdi xana dedi:
– Ey vəzir Allahverdi xan, nəysə mənim şəhərimdə bir iş var, ya ac qalan, ya da bir çətin işə düşən var, xörək boğazımdan getmir. Dur ayağa, dərvişlibas olaq, bir şəhəri dolanaq.
Hər ikisi durub padşahlıq, vəzirlik paltarını çıxardıb bir dəst dərviş libası geyindilər. Kəşküllərini qızılla doldurub düşdülər şəhərə gəzməyə. İsfahan – nisfi-cahan (Dünyanın yarısı) deyirlər, çox böyük şəhərdi. Şah Abbasla vəzir Allahverdi xan gəzə-gəzə gəlib çıxdılar bir küçəyə. Burda bir imarət var idi. Şah Abbasın öz imarətindən yaxşı idi. Şah Abbas imarətə yaxınlaşanda, üzünü vəzir Allahverdi xana tutub dedi:
– Ey vəzir Allahverdi xan, bilirsən nə var?

Badi-badi giriftar, hamam-hamam içində, xəlbir saman içində, dəvə dəlləklik elər, köhnə hamam içində. Qarışqa şıllaq atdı, dəvənin qıçı batdı. Hamamçının tası yox, baltaçının baltası. Orda bir tazı gördüm, onun da xaltası yox.
Günlərin bir günündə, Məmmədnəsir tinində, göy imamın belində, biri vardı, biri yoxdu, bir padşah vardı. Bu padşahın on iki yaşında bir oğlu vardı. Bu padşah başqa bir padşahın qızını almaq istəyirdi, nə qədər eləyirdi, qızı buna vermirdilər. Axırda qoşun götürüb dava elədi.

Səhifələr: << < 1 2 3 4 5 6 7 8 9 > >>
 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo