top image
 
 
Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z
0-9  A  B  C  Ç  D  E  Ə  F  G  Ğ  H  X  I  İ  J  K  Q  L  M  N  O  Ö  P  R  S  Ş  T
U  Ü  V  Y  Z
Səhifələr: << < 13 14 15 16 17 18 > >>

Bir dükançının üç qızı var imiş. Bunların anaları ölür. Ataları gedib bir arvad alır. Bu kişi gündə gedib tikan yığıb gətirir və satıb puluna çörək alıb gətirərmiş. Bir gün bu taza gətirdigi arvad ərinə deyir ki:
– Gündə evə getirdiyin iki girvənkə əppəkdir, onu da qızların basıb yeyir. Ya məni boşa, qızlarını saxla, ya da qızlarını boşa, məni saxla.
Axırda kişi gəlib qızdarı azdırmaq fikrinə düşüb arvadına deyir:
– İndi nə tör bu qızları azdıraq?
Arvad cavab verir ki:
– Onun çarəsi asandır. Sən bazardan üç alma al gətir. Mən azdıraram.

Biri varımış, biri yox imiş. Bir tacir var imiş. Bunun gözünün ağıqarası bir oğlu var imiş. Bu oğlanı çox istərmiş. Bu tacirin dünya malı dövlətindən başqa üç qəribə şeyi də var imiş. Bunlardan biri papaqdan, biri zurnadan, o biri torbadan ibarət imiş. Hər kəs papağı başına qoysa idi, kimsə onu görəməzdi. Hər kəs zurnanı çalsa idi, camahat hüzuruna cəm olub ona itaət edərdi, torbanı yerə qoysa idi, orası qızıl olardı.
Bu tacir öləndə vəsiyyət edir ki, onın oğlına heç sənət öyrətməsinlər, çünki onsız da o qədər dövlət-mal qoymuş ki, oğlan ölənə kimi yesə təmam olmaz. Atası ölənnən sonra oğlan eyş-işrətə qalır. Həmən şəhərdə bir padişah varımış. Bu padişahın da Hildais adında bir gözəl qızı varmış ki, yaxşı nərd oynarmış. Bu qız eşidir ki, bu şəhərdə dövlətdi bir əyyaş tacir oğlunun üç qəribə şeyi var, özü də nərd həvəskarıdır.

Biri vardı, biri yoxdı. Allahdan başqa heç kim yoxdı. Bir paçcah vardı. Gözünün biri bozarmışdı, adına “Kor paçcah” deyərdilər. Günnərin bir günü bütün münəccimləri yığdı, dedi:
– Bir rəm atın görüm, bu gözümün dərmanı nədi?
Münəccimlər rəm atdılar, dedilər:
– Qibleyi-aləm, sənin gözünün dərmanı filan dəryada bir qızıl balıqdadı.
Paçcah torçunu çağırdı, dedi:
– Filan dəryadan bir qızıl balıq gətirərsən.
Torçu tor atdı həmən dəryaya. Paçcahın da bir oğlu varıdı, adı İbrahim idi. İbrahim getdi, gördü torçunun toruna bir qızıl balıq düşüb.
Torçuya dedi:
– Bunu bırax, getsin, yazıxdı.

Biri var idi, biri yox idi. Günlərin bir günündə bir padişah var idi. Bu padişahın üç oğlu vardı. Günlərin bir günündə üç qardaş bir-birinə diyirlər:
– Gəlin, atamıza xəbər yollayaq ki, biz yetişmişik.
Qardaşlar bazara çıxıb üç dənə qovun alırlar. Bu üç qovunun biri lap yetişmiş, o biri miyanə, üçüncisi alababat. Bu üç qovunu qızıl məcməyəyə qoyub ataları üçün yolladılar. Padişah qovunu görüb tez vəziri çağırtdırdı:
– Vəzir bu qovunlar nə olan işdir?
Vəzir dedi:
– Padişah sağ olsun, bu qovunları oğlanların alub, yəni biz bu qovunlar kimi yetişmişik.
Padişah fikrə getdi.


Biri varıdı, biri yoxudu, Allahdan başqa heç kim yoxdu. Bir kasıb oğlan varıdı, adına Məhəmməd deyərdilər. Bu paçcahın qızın isdiyirdi.
Elçi göndərdi.
Paçcah dedi:
– Getsin xəbər gətirsin görək, Gül Sumana neylədi, Suman gülə neylədi? Onnan sora qızımı verərəm ona.
Elçi gəldi paçcah dediyin Məhəmmədə xəbər verdi. Məhəmməd dedi:
– Neynək, gedip gətirrəm.
Məhəmməd durdu, düşdü yola. Günə bir mənzil, tey-mənazil, gəldi çıxdı bir şəhərə. Gördü bu şəhərdə bir maşınçı var. Paltarı tikir, qaçıynan doğruyur tökür yerə, deyir:
– Gül Sumana neylədi, Suman Gülə neylədi?

Biri varıdı, biri yoxudu, Allahdan başqa heç nə yoxdu. Bir böyük sövdəgar varıdı. Bının da bir qızı varıdı. Bı qız bir gün qızdarnan çıxmışdı siyahata. Bir dağda gəzirdilər. Bir vədə gördülər ki, bir ayı çıxdı, isdədilər qaçsınlar, qorxudan qaça bilmədilər. Bı ayı gəldi, qızdarın içinnən sövdəgarın qızın götürdü. “Ya Əli, mədət” – deyib apardı saldı bir kahıya, ağzına da bir iri daş döndərdi.
Bir ilin müddət bı qızı bırda saxladı. Bı ayıdan qızın boyuna bir uşax düşdü. Ay ötdü, il dolandı, gəldi bının bir oğlu oldu. Bının adın qoydu “Südəmən”. Bu uşax yekəldi, bir yaşınnan iki yaşına, ikidən üçə, belə-belə gəldi çatdı yeddi yaşına. Bı qız da çox savaddıydı. Bı oğlana da dərs verip örgətdi. Anası gördü bı uşax elə zehinnidi ki, nə hərif deyir o saat onu götürür. Bı uşax gəldi çatdı on iki yaşına çox fərəsətti, qanacaxlı, başarıxlı uşax oldu. Bir gün Südəmən anasına dedi:
– Ana, sən də insan, mən də, bəs bı ayı nədi?


Biri var imiş, biri yox imiş, bir padişahın bir oğlu, bir arvadı var imiş. Bir gün bu padişah oğlunu, vəzirini, vəkilini götürüb qoşun ilə şikara çıxır, xeyli av etdikdən sora bir gözəl çəməndə çadır qurub, burada oturaq edirlər.
Padişahın oğlu həya etdiyindən, öz çadırını bir kənarda qurur. Padişah oğlunu çox istədigindən, tez-tez onu yoxlarmış. Gənə də qalxıb oğlunu yoxlamağa gedir və gəlüb çadırə girdikdə, baxub görür ki, çadırın dalından bir qızıl ilan daxil olub oğlunu çalmaq üzrədür. Tez padişah başmağının bir tayını su ilə doldurub ilanın qabağına qoyur.
İlan su içib qayıdır. Padişah isə oğlunu oyadub:
– İstəkli oğlum! Qalx, burada yatma. Məsləhət dəgil, – deyib əhvalatı ona söylədi, oğlu ilə bərabər öz çadırına qayıtdı. Bir az qalıb, şəhərə getdilər. Bu əhvalatdan bir neçə gün sora, padişahın arvatı bərk naxoşluyur, oğlunu yanına çağırıb ona belə bir vəsiyyət edir:
– İstəkli oğlum! Bu xəstəlikdən mən qalxmıyacayam, öləcəyəm.


Biri var imiş, biri yox imiş, bir padişahın üç oğlı var imiş. Böyük oğlının adı Məlik Cəmşid, ortancıl oğlının adı Məlik Əhməd, kiçik oğlının adı Məlik Məhəmməd. Bu padişah öləndə oğlanlarını yanına çağurub, onlara belə bir vəsiyyət edir:
– Mən öləndən sora Məlik Cəmşid, ondan sora Məlik Əhməd və ondan sora Məlik Məhəmməd padişah olsun, məmləkətin hər bir səmtinə getməgə ixtiyarınız var. Əmma, filan dağın o tərəfinə getməyin ki, axırda zərər çəkərsiniz.
Padişah öləndən sora Məlik Cəmşid padişah olur. Bir gün Məlik Cəmşid qoşun götürüb ava çıxır. Nə qədər dolanırsa, əlinə bir şey keçməyür ta ki, gəlib atası vəsiyyət etdigi dağı aşır. Bu halda bunların qabağına bir maral çıxır. Məlik Cəmşid qoşun əhlinə söyləyir ki, mən bu maralın dalıncə gedəcəyəm, üç gün məni bayırda gözləyin. Bu müddətdə gəlməsəm onda gedüb Məlik Əhmədi özünüzə padişah edərsiniz.

Biri var imiş, biri yox imiş, bir padişah var imiş. Bu padişahın gözəl bir üzüm bağı var imiş. Padişah bir gün bağda gəzəndə görür ki, bağın tənəkləri qırılmış, xeyli üzüm dərub aparmışlar. Padişah bağbanı hizurinə istəyüb, ondan bu nə əhvalat olduğunu sorur. Bağban bir şey bilmədigini söyləyir. Padişah əmr edir ki, gecələr bağa qaravul qoysunlar, oğrunu dutsunlar. Bağa nə qədər qaravul qoyulursa, gecənin bir vəqti yatır. Oğru da gəlüb bağı talan edir. Padişahın üç oğlu var imiş. Bir gün oğluni hizurinə çağırıb, əhvalatı ona söyləyib, gecə bağda qaravul olub oğrunu dutmağı əmr edir. Böyük oğlu gecə bağa gedir. Gecədən bir neçə saat keçəndən sora yuxu bunu aparır. Sübh olanda görürlər ki, gənə də bağı xarab etmişlər.

Biri var imiş, biri yox imiş, bir padişahın bir oğlı varimiş. Bu oğlan bir gecə yuxuda Nar qızına aşiq olur. Sübh olanda vəzirin çağırub yuxusunu söyləyüb buna deyir ki, gərək gedib Nar qızını mana alasan. Vəzir ərz edir ki, başqa hər nə əmrin varsa yerinə yetirim. Amma onı gətirmək mənim üçün mümkün deyil, çünkü o devlərin içindədir. Padişahın oğlu cavab verir ki, hökman gərək gedəsən! Yoxsa boynuvi vuraram.
Vəzirin əlacı kəsilib qəbul edir. Şahzadə buna xeyli pul verüb yola salır. Vəzir də gedəndə bazardan bir xeyli qır-saqqız alır. Bir müddət yol gedəndən sora gəlüb bir evə çıxır. İçəri girəndə baxıb görür ki, burada bir qarı oturmuş ki, alt dodağı yer süpürür, üst dodağı göy. Qarı bunu görəndə səvinib deyir:
– Qadan alım gəl, yaxşı gəldin, altı ay olur ki, adam əti yiməmişəm.

Səhifələr: << < 13 14 15 16 17 18 > >>
 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo