top image
 
 
Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z
0-9  A  B  C  Ç  D  E  Ə  F  G  Ğ  H  X  I  İ  J  K  Q  L  M  N  O  Ö  P  R  S  Ş  T
U  Ü  V  Y  Z
Səhifələr: << < 11 12 13 14 15 16 17 18 > >>

Biri var idi, biri yox idi. Bir padşah var idi. Bu padşahın bir bağı var idi ki, ruzigarın gözü belə bir bağ görməmişdi. Gül gülü çağırır, içindən göz yaşı kimi çeşmələr axırdı. Bağın içində padşah dünyanın hər tərəfindən cürbəcür ağaclar gətirdib, əkdirmişdi Qərəz, nə deyim, bağda can dərmanı desəydin vardı. Bu bağın şöhrəti bütün ətrafa yayılmışdı. Dünyanın hər tərəfindən dəstə-dəstə adamlar bu bağın tamaşasına gəlirdi.
Bir gün yenə şəhərdən üç nəfər bu bağı görməyə gəlmişdi. Padşahnan bağı gəzdilər, dolandılar. Bağın qapısından eşiyə çıxanda, qonaqlardan biri bir ah çəkib dedi:
– Çox gözəl bağdı, amma heyf ki, Hazarandastan gülüynən Hazarandastan bülbülü bu bağda yoxdu.
İkinci qonaq bir ah çəkib dedi:
– Çox gözəl bağdı, amma heyif ki, Bili-Bilqeyis xanım burda deyil.

Biri var idi, biri yox idi, bir padşah var idi. bu padşah çox pul xərcləyib oğlanlarını oxutmuşdu. Oğlanlar öz zamanlarının dərslərini rəvan eləyib elm dəryası olmuşdular. Günlərin bir günündə xəbər çıxdı ki, oğlanlar dərslərini qurtarıb gəlirlər. Di şəhər bəzəndi, dəsgah... Oğlanlar gəldilər. Bir neçə gün keçəndən sora, padşah bir gecə böyük oğlunu yanına çağırıb, dedi:
– Oğul, daha oxuyub dərsinizi qurtardınız, elə mən də qocalmışam.
İstəyirəm sabahdan padşahlığı verəm sənə, ortancıl qardaşını sənə vəzir, kiçik qardaşını da vəkil təyin eləyirəm.
Oğlan doğrudan da çox ağıllı oğlan idi, dedi ki:
– Dədə, mən təzə gəlmişəm. Bütün ömrümü qürbətdə keçirmişəm.
Ona görə də camaatı, vilayəti necə dolandırmaq lazımdı, hələ bacarmaram.

Biri var imiş, biri yox imiş, bir dərzi var imiş bunun da bir şagirdi varmış. Bu dərzi padşaha paltar tikirmiş ki, sabaha kimi hazır etsin. Odur ki, gecə şagirdi ilə işləməgə məşğul imiş. Dərzinin şagirdini gecənin bir vaxtı yuxu tutur; dərzi bunu gördükdə tez onu oyadır ki, qalx sabaha kimi paltar hazır olmasa padşah atamıza od vurar. Şagird uyqudan oyanıb ustadına deyir ki, qəribə yuxu görürdüm heyif oyatdın. Dərzi nə qədər bundan gördügü yuxunu söyləməyi xahiş edirsə oğlan cavab verir:
– Yuxum zahir olmasa söyləmərəm.
Qəzadan o gecə padşah şəhəri dolanırmış. Dolana-dolana dərzinin dükanının qabağına yetişəndə dükandan işıq gəldiyini görüb, darvazanın arasından baxanda görür ki, dərzi şagirdi ilə işə məşğuldur. Bir az qulaq asıb bunlar danışdığı sözlərin hamısını eşidir. Qərəz gecə paltarı tikib hazır edirlər və ertəsi gün şagirdin əlinə verib padşahın hüzuruna göndərir. Padşah şagirddən nə qədər soruşursa şagird ərz edir ki, yuxum zahir olmasa, söyləmərəm. Axırda padşahın açığı tutub bunu zindana salır. Padşah gündə bir dəfə şagirdi hizuruna istəyib gördüyü yuxunu buna söyləməyi əmr edirsə, şagird cavab verir ki, and olsun sənin tacına yuxum zahir olmamış söyləmərəm. Gənə padşahın acığı tutub onu zindana saldırdı.

Bir kişi vardı. Bunun da bir arvadı vardı, adına Xanpəri deyərdilər. Bu kişi yarımmolla bir adamdı. Buna da molla deyərdilər. Bir gün Xəmpərinin getmişdi hamama. İrəmdərin arvadı bunu döyüp qavmışdı, qoymamışdı yuyuna. Gəldi axşam dedi:
– Əşi, irəmdərriyi öygəndin öygəndin, örgənmədin, səndə oturmayacağam.
Kişi dedi:
– Ay arvad, Allaha bax, tarıya bax. Mən bunnan belə irəmdərrik örgənə billəmmi?
Arvad dedi:
– Xeyr, nə deyirəm, o olacax.

Biri vardı, biri yoxdu. Allahdan başqa heç kim yoxdu. Bir pinəçi Məhəmməd vardı. Bu Məhəmməd nə qədər əlləşərdi, gündə bir abbası qazancı olardı. Öz züryəti də yoxdu. Bir arvadıydı, bir də özü. O, bir abbasını da evə gələndə verərdi soğan-çörəyə, gətirib yeyərdilər.
Başqa heç bir şey almazdı. Bu şəhərdə də bir lotu vardı. Bu lotunun bir çəkməsi vardı, bunu gətirdi verdi Məhəmmədə ki:
– Bunu yama. Neçəyə yamayacaqsan?
Məhəmməd dedi:
– Gündə nə qədər yamaq yamıyam, bir abbası nəfim olar.
Dedi:
– Mən iki abbası verərəm, yama! Məhəmməd, bir abbasıynan nə təhər dolanırsınız?

Bir vardı, bir yoxdu. Bir dərviş vardı. Günnərin bir günündə yolnan gedirdi gördü bir keçəl aşıx-aşıx oynuyur. Amma saqqanı ha yannan qoşa-qoşa çıxardır. Dərviş dedi:
– Keçəl, peşən nədi sənin?
Keçəl dedi:
– Peşəm ələ bıdı ki, aşıx-aşıx oynaram, uşaxlardan aşıx uduram, aparıram onu da satıram, verirəm çörəyə, aparıram evə yeyərik.
Dərviş dedi:
– Baçınnan, qardaşınnan, nənənnən, dədənnən nəyin var?
Dedi:
– Heç-zadım yoxdu, bircə xalam var, elə gedib onun ocağının başında otururam.
Dərviş dedi:
– Keçəl, gəl mənim yanımdaca ol. Yeməyi-içməynı verrəm. Səninki də o olsun ki, elə qalyanımı yandır, afdafama su tök.

Günlərin bir günündə əyyamı-sabiqdə biri vardı, biri yoxdu. Allahdan başqa heç kəs yoxdu, bir padşah vardı. Günlərin bir günündə padşahın arvadı ölür. Onun ölən arvaddan İbrahim adlı bir oğlu qalır. İndi keçək padşahın ikinci arvadı görək nə edir. Padşahın ikinci arvadından da bir oğlan olur. Padşah buları qoyur dərsə. Bir az müddət dərsə gedib gələndən sora, padşah bir gün qonaqlıq edir. Şərbət paylayırlar.
Padşah əmr verir:
– İlxıdakı atlarımdan yoxsul adamlardan hərəyə bir at versin.
İbrahim dərsdən gəldi. Bir də gördü ki, bir qoca əkinçi yedəyinə almış zil qara bir day aparır. İbrahim qocanı saxladı:
– Dayı, haradan gəlirsən?

Bir tacir var imiş. Bir gün fikrinə düşür ki, ticarət üçün özgə vilayətə getsin. Odur ki, xeyli mal alıb, tədarük görüb, əhli-əyaliylə vidalaşıb yola düşür. Mənzilbəmənzil gəlib axırda bir səhərə yetişir. Burada bir karvansarada mənzil edir. Bu vilayətin qaydası elə imiş ki, hansı tacir bu şəhərə gəlsəymiş, gərək padşaha layiq bir şey apararmış və padşah o taciri gecə qonaq edib, onunla nərd oynarmış.
Tacir də bir xeyli parça bir xonçaya qoyub padşahın hüzurinə aparır. Söhbət əsnasında padşah tacirə deyir:
– Gəl mənim ilə nərd oynayaq və mənim bir pişiyim var, o axşamdan sabaha kimin quyruğunun üstündə yeddi çıraq saxlar. Mən o pişiyi çağıraram. Hərgah axşamdan sabaha kimi quyruğunun üstündə yeddi çıraq saxladı. onda sizin dövlətlərinizin cümləsi mənim olsun. Yox, saxlamasa, onda mənim xəzinəmin təmamisi sizin olsun. Tacir əlacsız şərti qəbul edir. Padşah səslənən kimi bir pişik hazır olur, quyruğunu dügümlüyüb padşahın hüzurunda əyləşir. Padşahın əmri ilə götürüb bunun quyruğunu üstünə yeddi çıraq qoyurlar. Padşah tacir ilə nərd oynamağa başlayır. Üç gün, üç gecə nərd oynayırlar.

Bir padşah vardı. Padişahın üç oğlu vardı: Məhəmməd, Əhməd, Səməd. Padişah qırx günün sikarına çıxmışdı. Gördü bir əjdəha bir dağı götürür döyə, qoyur yerə. Padişahın rəngi üzündən qaçdı, dedi:
– Vəzir, bir buna bax.
Vəzir baxdı, dedi:
– Onun şikayəti var. Gedək, görək bizə şikayəti nədi?
Getdilər əjdahanın yanına, dedilər:
– Bizdən nə istəyirsən?

Bir padşahın üç qızı var idi. Padşahın xatırı istədi ki, qızlarına qonaq getsin. Əvvəlcə böyük qızına xəbər göndərdi ki, bu axşam vəzir-vüzəra ilə qonaq gələcəkdir. Qız qazanları dordurur, otaqları bəzəyir, çıraqban eləyir. Ayaqları altına payandaz döşəyir, böyük bir qonaqlıq hazırlayır. Padşah ətrafında vəzir-vəkil ilə gəlib yeyib-içir, gedəndə soruşur:
– Qızım, bu dövlət, bu cəlal sənin üçün hardandır?
– Ata, sənin dövlətindəndir.
Bu söz atasının xoşuna gəlir. Deyir ki, sağ ol, qızım. Sabahı günü ortancıl qızın üstünə xəbər göndərir ki, bu axşam ona qonağam, hazırlansın, vəzir-vüzəra ilə ona qonaq gələcəyəm. Ortancıl qızı da otaqları bəzətdi, çilçıraqları yandırtdı, küçələri süpürtdürdü, ayaqları altda payandaz saldırdı.
Padşah vəzir-vəkili ilə gəlib, yeyib-içdi, durub gedəndə soruşdu ki, qızım, bu dövlət, bu cəlal sənin üçün haradan?

Səhifələr: << < 11 12 13 14 15 16 17 18 > >>
 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo