top image
 
 
Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z
0-9  A  B  C  Ç  D  E  Ə  F  G  Ğ  H  X  I  İ  J  K  Q  L  M  N  O  Ö  P  R  S  Ş  T
U  Ü  V  Y  Z
Səhifələr: << < 9 10 11 12 13 14 15 16 17 > >>

Qəndahar padşahının Məlik Məmməd adında bir oğlu var idi. Gözəllikdə elə bir afəti-zaman idi ki, Yusif Kənan onun əlinə su tökə bilməzdi. Özü də Qəndahar padşahının aman-zaman bir dənə oğlu idi. Məlik Məmmədi hamıdan çox istəyən qoca bir lələsi vardı. Bir gün lələ bütün münəccimləri cəmləyib, tas qurdurub, rəml atdırıb Məlik Məmmədin baxtına baxdırdı. Hamı münəccimlər dedi ki, Məlik Məmməd on dörd yaşına çatanda itəcək, özü də ki, tapılmağı çox çətin olacaq. Bəli, bir-iki dəstə qoşun hazırlandı ki, Məlik Məmmədi qorusun. Yazıq uşağı tay heç yerə qoymadılar. Amma olacağa çarə yoxdu. Məlik Məmmədin düz on dörd yaşı tamam olan gecə o otaqda ki yatmışdı, elə o otaqda bir əppək oldu, uçdu göyə. Nə qədər axtardılar, nə qədər carçılar saldılar, qasidlər göndərdilərsə uşaq tapılmadı ki, tapılmadı. Bir il keçdi, iki il keçdi, hər yerdən ümid əli üzüldü, hamı qara geyib matəmə batdı. Qoca lələ bu işə tab gətirməyib təğyir-libas elədi, çıxdı Məlik Məmmədi axtarmağa. Lələ Məlik Məmmədi axtara-axtara gəlib çıxdı İstanbula. Şəhəri gəzdi, dolandı, dolana-dolana gəlib çıxdı İstanbul padşahının sarayının qabağına. Bərk qış idi. Çoxlu da qar yağmışdı. Qarın üstündə bir yerə qan tökülmüşdü. Lələ bunu görcək, yıxılıb özündən getdi. Sənə xəbər verim İstanbul padşahının bircə qızı olan Gülnar xanımdan. Bu qız elə gözəldi ki, vəsfi aləmi tutmuşdu. Gülnar xanım oturmuşdu öz pəncərəsinin qabağında, gəlib gedənə tamaşa edirdi. Bir də lələnin qışqırıb özündən getməyin gördü. Tez o saat adamlarını göndərib onu içəri gətirtdirdi.

Biri var idi, biri yox idi, günlərin bir günündə Bir padşah var idi. Bu padşahın bir qızı var idi, adı da Pərinuş xanımdı. Pərinuş o qədər gözəldi ki, dünyada elə gözəl qız yoxdu. Ölkələrdən yığın-yığın padşah, vəzir, tacir oğulları Pərinuş xanıma elçi göndərirdilər. Amma Pərinuş xanım heç kimə dil vermirdi.
Bir gün padşah, qızı Pərinuşu çağırtdırıb xəbər aldı ki:
– Qızım, gündə filan qədər elçi gəlir, nə deyirsən? Kimi bəyənirsən de, o adama da nigah kəsdirək.
Pərinuş dedi:
– Mehriban ata, mən ərə getmək istəmirəm.

Biri var imiş, biri yox imiş, günlərin bir günündə, belə deyirlər, bir vilayətdə Dəşküvar adında bir padşah var imiş. Bu padşahın oğlu olmazmış. Amma çox zalım padşah imiş. Bir gün Dəşküvar öz rəmmalını yanına çağırıb, deyir:
– Rəmmal, dünyanın bütün ləzzətini çəkmişəm. Amma qorxuram düşüb öləm, ürəyimdəki həsrət mənimlə qəbrə gedə. Bir rəm at, görüm. Rəmmal rəm atıb gördü ki, rəm bəd gəlir. Bir də atıb gördü ki, həmindi ki, həmin.
Rəmmal dedi:
– Rəm bəd gəldi. İzn ver sabah gəlim.

Biri var idi, biri yox idi, Allahdan başqa heç kəs yox idi. Bir odunu var idi. Bu odunçunun oğlu, uşağı yox idi. Bir gün evdə ər-arvad oturub söhbət edirdilər. Söhbət vaxtı arvad ərinə dedi:
– A kişi, nə olaydı, bu evimizdə oğul adı çəkiləydi. Qorxuram düşüm ölüm, ürəyimdə oğul dağı qalsın.
Odunçu dedi:
– Ay arvad, nə səfeh-səfeh danışırsan? Cavanlıqda doğub törəmədin, yetmişində balalamaq istəyirsən?
Arvad kişinin bu sözünün üstündən heç bir söz demədi. Gecəni yatdılar. Səhər tezdən arvad səhəngi götürüb odana suya getdi. Səhəngin odandan doldurub evə gətirdi, yorulub yolda oturdu. Gördü ki, dizinin üstə bir göy yarpaq düşdü. Amma ətrindən doymaq olmur. Arvad yarpağı dilinin altına qoyub, səhəngi alıb çiyninə yollandı evə tərəf. Arvad qanov qırağı ilə gedirdi, birdən səbir gətirdi. Yarpaq ağzından düşdü qanova. Su apardı yarpağı. Arvad səhəngi qoyub yerə, yüyürdü yarpağın dalınca. Ha burda, ha orda yarpağı tuta bilmədi. Bir xeyli yol gedib çatdı bir qalaçaya. Gördü ki, burada bir dərviş qabağına manqal qoyub, kitabdan oxuyub, manqala üfürür. Dərviş birdən qalxıb odunçunun arvadına dedi:
– Xoş gəlmisən!

Günlərin bir günündə bir nəfər kasıb kişi olur. Bu kişinin gözünün ağı-qarası keçəl bir oğlu varmış. Keçəl bayırda başqa uşaqlar kimi oynamağı çox sevirdi, amma tacir uşaqları keçəli öz aralarına buraxmırdılar. Bir gün keçəlin atası səhər tezdən işə getmişdi. Novruz qabağı idi, havalar da qızmışdı. Keçəl əvdən bayra çıxıb görgi ki, uşaqlar ələlvan geyinib oynayırlar. Keçəl bulara qoşuldu, amma uşaqlar qoymayıb, bir ağızdan dedilər:
Keçəl-keçəl daz eylər,
Yuvada pərvaz eylər.
Minər qamış altına,
Sağsağana göz eylər.
Keçəlin acığı dutub evə gəldi, gördü ki, anası evdə təkdi.
Keçəl dedi:
– Ana, nə bişirirsən?
Anası dedi:
– İki ovuc arpa unumuz qalmışdı, umac bişirirəm.

Biri varımış, biri yoxmuş, Allahdan başqa heç kim yoxdu. Bir qoca kişi vardı, bunun da bir arvadı vardı. Günnərin bir günü bı arvad dedi:
– Əşi, gəl sən get Məkkiyə, Xorasana ziyarat elə, bu ömrüyün axır çağında.
Kişi buna razı oldu.
Dedi:
– Arvad, onda sən dur, birəz yol ehtiyatı gör.
Arvad durdu cücədən-zaddan bişirdi, xəmir qatıp fətir bişirdi.
Qabladı xurcuna. Gecə yatdılar. Bı arvad da boyluydu. Səhər kişi durdu, arvadın durğuzdu. Dedi:
– Arvad, mən gedirəm. Oğlum olar, saxlarsan, əyər qızım olarsa, başın kəsip, qanın doldurarsan şüşüyə, saxlarsan mən gələnə.
Arvad dedi:
– Yaxşı.

Biri vardı, biri yoxdu, Allahdan başqa heç kim yox idi. Bir Şah Abbas vardı, dərviş-libas gedirdi. Yolda bir kişiynən yoldaş oldu.
Danışa-danışa gedirdilər. Bı kişiyə Şah Abbas dedi:
– Gəlsənə, bı yola bir nərdivan qoyaq?!
Kişi dedi:
– Axmaq dərviş, bırda bizim kərkimiz yox, taxda yox, nəyinən nərdivan qoyax.
Bir müddət getdilər, qabaqları bir çaya çıxdı. Şah Abbas dedi:
– Əşi, gəlsənə, bı çaya bir körpü salax!

Günnərin bir günü İsfahanda bir kişi vardı, bı dedikcə kasıp idi. Bir qədər də bının özgəyə borcu vardı. Bir gün arvadına dedi:
– Birəz hərbiyə çörəkdən-zaddan qoy hazırra. Gedim görüm, o borcu düzəldə billəmmi?
Bının bir az da savadı vardı. Düşdü yola getdi, günə bir mənzil teyyi-mənazil getdi. O qədər ki, bir bulağa rast gəldi.
Gəldi bı bılağın üsdə düşdü, əlin yudu, üzün yudu, dəstəmaz alıp namazın qıldı oturdu. Çörəyin açdı qoydu qabağına, başdadı yeməyə. Çörəyin yedi qurtardı. Bı bulağın yaxınlığında da bir şəhər vardı.
Yavaş-yavaş yola düşdü. Bı şəhərə gedirdi. Xeylax getdi, çatdı bı şəhərə. Bı kişi bir balaca da dərvişliy bilirdi. Bir küçeynən getdi gördü bir oğlan yanına xeylax çit töküb satır. Amma elə hey deyirdi: “Əli başı üçün almaram, Əli başı üçün vermərəm!”
Kişi fikirləşdi ki, oturum bırda görüm, bı nə işin sahibidi? Bı niyə bilə deyir?

Biri var idi, biri yoxdu, tanrı var idi, bəndəsi çox idi. Bir keçəl var idi, buna Noxudu Keçəl deyərdilər. Keçəlin bir dayısı var idi, bir də dayısı arvadı var idi. Keçəl damlarının üstündə oturmuşdu. Gördü dayısının arvadı darğa ilən söhbət eləyir. Qulaq aşdı, darğa dayısının arvadına dedi:
– Ay aşına, mənim xırmanım ala öküzlü xırmandır, mən alma qabığını yolnan tökə-tökə xırmana gedirəm. Sən plov bişir götür, alma qabığını yığa-yığa gəl, mənim ala öküzlü xırmanıma çıxarsan.
Darğa bunu deyib getdi.
Keçəl evə gəldi, dayısı arvadına dedi:
– Dayım xırmanda yanır, deyir mənə qatıq-çörək gətir.

Biri var, biri yoxmuş. Səmərqənddə bir paçcah varmış. Onun adına Şəmil deyərdilər. Sonu, züryəti bircə qızı vardı. Bının adı Zərnigardı. Bı bir molla tutmuşdu ki, bir ayrı otaxda bı qıza dərs deyə. Bı molla həmişə qabaxca bı qıza gəlib dərs deyirdi. Sora gedib başqa uşaqlara dərs deyirdi.
Bir gün oturub ərri-arvatdı xörək yeyirdilər. Bı arvad ərinə dedi ki:
– Əşi bizim də bir soymuz yoxdu, gəl gedək Məkkəyə ziyarət eliyək. Bir adımızı iki eliyək.
Bı Şəmil arvadının sözün qəbul elədi. Dedi:
– Nolar, yaxşı olar.
Səmil vəziri çağırdı. Dedi:
– Vəzir, mənim pərdeyi-ismətdə bir qızım var. Onun saa bir ehtiyacdığı yoxdu, yeməyi yanında, içməyi yanında. Otur yerimdə paçcahlıx elə, ölərəm paçcahsan, gələrəm də genə vəzirsən. Mən gedirəm Məkkəyə, o qızı saa tapşırıram, səni də Allaha.

Səhifələr: << < 9 10 11 12 13 14 15 16 17 > >>
 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo