Təsadüf Azərbaycan nağılı
|
Səhifələr: << < 8 9 10 11 12 13 14 15 16 > >>
Biri var idi, biri yox idi, günlərin bir günündə Hindistanda bir padşah var idi. Bu, çox zalım padşah idi. Özü də böyük tilsimkar idi. Dünyada padşah yox idi ki, bu Hind padşahından inciməyə. Bu padşahın Zərğova adlı bir gözəl qızı var idi. Belə ki, bu qız üçün hər tərəfdən elçi gəlib istəyirdilər, amma padşah qızı heç kimə vermirdi. Sənə xəbər verim Rum padşahının oğlundan. Rum padşahının oğlu Zərğova xanımın eşqindən dəli-divanə olmuşdu. Ancaq neçə kərə elçi göndərmişdisə də, padşah qızı Zərğovanı verməyib elçini qaytarmışdı. Axırda Rum padşahının oğlu qoşun çəkib dava eləmişdi, ancaq dava ilə də Zərğovanı ala bilməmişdi. Rum padşahının oğlu əlacsız qalıb, atasının var-yoxundan əl çəkib başlamışdı tilsim dərsi oxumağa. Nə ki, tilsim var idi öyrənəndən sonra qayıdıb gəlmişdi Hində, xəbər göndərmişdi Hind padşahına ki, Zərğova xanımı ver mənə! Verməsən, səninlə tilsim davası eləyəcəyəm. Ya gərək sən qalasan dünyada, ya da mən. Elə ki, bu xəbər gəlib çatdı, Hind padşahı baxıb gördü ki, bu çox tilsim dərsi oxuyub, bununla bacara bilməyəcək, çağırıb vəziri dedi: – Vəzir, tədbir gör mənə! Rum padşahının oğlu Əhməd gəlib. Özü də tilsimin bütün açarlarını bilir. Əgər başlasam davaya gücüm çatmaz.
|
Bir var idi, biri yox idi, bir tacir var idi. Tacirin varı, dövləti, o necə deyərlər, yer batırırdı. Tacirin aman-zaman bircə əziz-xələf bir oğlu var idi, adı Səlim idi. Deyərlər ki, ananın əziz oğlu hambal olar. Bu da eləcə, nə oxumaq kimi oxumuşdu, nə də ki, ticarətdən başı çıxırdı. Bir gün gəldi ki, bu tacir öldü. Bəli, yudular, basdırdılar, yeddisin elədilər, qırxın elədilər, elə ki, bir az keçdi, hamısının yadından çıxdı. Bütün dövlət qaldı Səlimə. Atalar deyiblər ki: “Ağıllı oğul neylər ata malını, sərək oğul neylər ata malını”. Lotular başladılar Səlimnən dostluq eləməyə. Az bir vaxtdan sonra atdılar, tutdular, gədəni müflis elədilər. Qızıl, pul hamısı qurtardı. Səlim düşdü evlənmək eşqinə. Böyük bir tacir var idi, onun yaxşı bir qızı var idi, Səlim ona elçi göndərdi. Tacir bilirdi ki, Səlim necə sərəyin biridi, qızı ona vermək istəmədi, dedi ki: – Gərək mənim qızımın ağırlığı qədər qızıl gələ, sonra verəm.
|
Bəndərpuş vilayətində Əhməd adında kasıb bir kişi olurdu. Bunun bircə arvadından başqa heç kəsi yox idi. Yazıq kişi azara düşüb daha oduna gedə bilmədi. Əhmədin arvadı Nisə gördü ki, Əhməd yorğan-döşəyə düşüb, evdə də yeməyə əppəkləri yoxdu, ərindən gizlin götürüb baltanı üz qoydu meşəyə ki, odun qırıb bazara satsın, bəlkə axşama əppək pulu düzəldə bilsin. Nisə çatıb meşəyə, o ki vardı odun qırandan sonra böyük şələ odun bağlayıb, götürüb qoydu yolun ortasına. Nisə bərk acımışdı, əlin atıb armud ağacından bir neçə armud dərib nuşcanlıqla yedi. Armudu yeyəndən sonra Nisəyə bərk susuzluq üz verdi. Durub endi bulağa, doyunca su içib əlin-üzün də yudu. Durub gəldi ki, odun şələsini götürüb getsin, gördü ki, şələnin üstündə bir gözəl quş oturub. Öz-özünə dedi: yaxşı oldu, tutub öldürərəm, ətini də xörək bişirərəm. Nisə yerdən bir daş götürüb atdı quşa. Quş qanad çalıb şələnin üstündən qalxanda bir iri yumurta salıb qalxdı havaya. Nisə tez yüyürüb yumurtanı götürdü. Yumurtanın qabığı o qədər nazik idi ki, davam eləməyib əzildi. Yumurtaya hayıfı gəlib çəkdi başına. İçən kimi şirinliyindən ciyəri alışıb başladı yanmağa. Tez enib bulağa doyunca su içdi, səriyib odun şələsin dalına, evə gəldi. Şəhərə çatan kimi istədi ki, dönüb getsin bazara, yolu yarı eləməmişdi ki, elə bir sancı bunu tutdu ki, gözləri çaxmaq çaldı. Başı gicəllənib ürəyi bulandı, ancaq yenə də bir təhərnən durub gəldi evə. Əhməd durub çıxdı arvadının qabağına, dedi: – Ay arvad, nə olub?
|
Keçmiş qədimlərdə Qoquz adında bir padşah varmış. Belə deyirlər ki, günbatandan günçıxana kimi nə ki, padşah var, hamısı ondan qorxarlarmış. Quş quşluğu ilə Qoquzun adını eşidəndə göydə qanad salarmış. Qoquz çox zülmkar imiş. Qoquz padşah bir gün yatıb yuxuda görür ki, göydən bir məlakə endi, padşahın ağzına bir sillə vurub, çıxıb getdi. Qoquz qorxudan yorğan-döşəkdən atılıb, başladı haray çəkib tirtir əsməyə. Qoquzun yanına vəzir, vəkil yığışıb xəbər aldılar ki, nə olub? Qoquz yuxusunu danışıb əmr verdi ki, bu yuxunu yorsunlar. Vəzir, vəkil yığılıb münəccim çağırdılar, hər nə illah elədilər, yuxunu yorub bir yana çıxarda bilmədilər. Axırda münəccimbaşı dedi: – Bu yuxunu yoran bir adam var.
|
Badi-badi giriftar, hamam-hamam içində, xəlbir saman içində, dəvə dəlləklik elər, köhnə hamam içində. Qarışqa şıllaq atdı, dəvənin qıçı sındı. Hamamçının tası yox, baltaçının baltası yox, orda bir tazı gördüm, onun da xaltası yox. Günlərin bir günündə, Məmməd Nəsir tinində. Biri var idi, biri yox idi, Allahdan başqa heç kim yox idi. Çoxlu şilaşı yemişəm, heç belə yalan deməmişəm. Bir tacir var idi. Bu tacirin İlyas adlı bir qulu var idi. Tacir İlyası öz oğlu kimi istəyirdi. İlyas da taciri öz dədəsi kimi. Bir gün tacir əlində olan var-yox mayasını batırdı. Tacir çox fikirli-fikirli oturmuşdu. İlyas bunu qüssəli görüb yanına gəldi, dedi: – Ağa, nə fikir eləyirsən? Dərdini de, bəlkə çarə elədim.
|
Biri var idi, biri yox idi, bir padşah var idi. Bu padşahın uşağı olmurdu. Özündən sonra dünyada bir vəliəhd qoyub getmək üçün tay məmləkətdə arvad qoymadı, hamısını aldı. Bu minvalınan düz qırx arvad aldı. Ancaq yenə də uşağı olmadı. Bir gün qapıya bir dərviş gəldi, padşahın dərdini bilib dedi ki: – Sən gərək bu arvadların hamısını boşayasan. Səni bu arvadların çiləsi basıb, ona görə uşağın olmur. Sən gərək bircə cavan arvad alasan. Özü də hər gün üç dəfə soyuq suda çiməsən ki, o arvadların çiləsi təmizlənə. Yeddi ilin tamamında uşağın olar. Padşah bütün arvadları boşadı. Gəzdi, dolandı, axırda hələ çiçəyi çırtlamamış cavan bir qız aldı. Dərvişin dediyi kimi düz yeddi il gündə üç dəfə suda çimdi. Qış keçdi, yay dolandı, yeddi il tamam oldu. Ancaq padşahın iqbalı gülmədi.Bir gün padşah küləfirəngidə oturub öz bədbaxtlığını fikirləşirdi. Birdən göy guruldadı, şümşürük oynadı, hava qaranlıqlaşdı, bir parça qara bulud heybətnən endi. Elə bir qiyamət oldu ki, elə bil ərəsətməhşər başladı. Bulud düz endi padşahın qabağında parçalandı, ortasından qırmızı bir alma tullanıb düz padşahın qucağına düşdü. Padşah çoxdan özündən getmişdi. Bir də ayıldı ki, heç zad yoxdu. Tez qucağına baxdı, gördü alma ordadı. Almanı götürdü, əmr Verdi bütün məmləkətin qocaları yığıldı, bu sirrin mənasını tapa bilmədilər. Axırda onlardan biri məsləhət gördü ki, padşah bu almanın yarısını özü yesin, yarısını da arvadına yedirtsin. Bu almada zürrüyyət var.
|
Biri var idi, biri yox idi, Allahdan başqa heç kəs yox idi. Bir kişi var idi, bunun üç dənə qızı var idi. Günlərin bir günündə bu kişi hazırlaşırdı getsin bazara, çağırıb qızlarını soruşdu ki, balam, mən gedirəm bazara, deyin görüm, sizə nə alım gətirim. Böyük qız dedi: – Mənə bir dənə soğan qabığından köynək al! Ortancıl qız dedi: – Mənə bir dənə zər-qumaşdan çarğat al!
|
Biri var idi, biri yox idi, bir padşah var idi. Bu padşahın arvadının boynuna nə qədər uşaq düşürdüsə, hamısı ana bətnindən gələndə ölürdü. Nə qədər təbib, tilsim, cadu elətdirirdilərsə, heç bir fayda vermirdi. Günlərin bir günündə yenə də padşahın zənəni həmli olur. Doğmağına bir qədər qalmış, padşah zənənini öz qaynatasının yanına göndərir ki, bəlkə orda yaxşı baxalar. Gün keçir, ay dolanır, padşahın bir oğlu olur. Bəli, müjdə-müjdə üstündən gəlir. Padşah zənəninə sifariş göndərir ki, hələ bir neçə vaxt qalsın orda, uşağın bir az sümüyü bərkisin, gələr, yenə bir qəza-qədər üz verər. Bunlar burda qalmaqda olsunlar, sənə kimdən xəbər verim, padşahın vəzirindən. Padşahın bir xəbis vəziri var idi. Çoxdan fürsət axtarırdı ki, onu öldürüb özü padşahlığa keçsin. Bu tərəfdən gördü ki, yox, padşahın oğlu da oldu, ta padşah ölsə də buna bir şey çatmayacaq, qət elədi ki, gərək padşahı öldürüb onun nəslini yer üzündən kəsə. Bəli, bir gecə öz adamların götürüb hücum elədi padşahın sarayına. Padşahı öldürüb özü keçdi onun yerinə, əyləşdi taxtda. Sabahısı gün öz adamlarından bir dəstə göndərdi padşahın zənəninin yanına. Bir namə də yalandan padşahın dilindən yazdı ki, bəs naxoşam, gərək durmayıb gələsən. Padşahın külfəti kəcavəyə minib bu qasidlərlə yola düşdü. Gəlib bunlar bir dağın ətəyində düşərgə elədilər. Elə ki, gecə yarıya gəldi, bu qasidlərin başçısı durub gəldi padşahın arvadının çadırına. Vəzir ona tapşırmışdı ki, arvadı da, uşağı da orda öldürsün. Gəlib girdi içəriyə, tutdu arvadın qolundan. Arvad gördü ki, bu məlunun fikri pisdi, üzün ona tutub dedi: – Sən nə kimsənəsən ki, öz padşahının arvadına sataşmaq istəyirsən.
|
Biri var idi, biri yox idi, bir padşah var idi. Bu padşahın malının, dövlətinin həddi-hesabı yox idi. Amma özündən sonra gorunda çıraq yandıran heç bir uşağı yox idi. Bu fikir padşahı salmışdı dərdə-qəmə. Bir gün bir dərviş gəldi qapıya. Baxdı ki, padşah çox fikirdədi. Dedi: – Padşah sağ olsun, nə olub sənə, de, bəlkə dərdinə çarə elədim. Padşah dedi: – Eh, bütün həkimlər, təbiblər, yığıldı bir çarə eləyə bilmədilər, sən neyləyəcəksən. – Sən de, padşah, mən çarə edərəm. Padşah açıb dərdin dedi. Dərviş ona üç alma verib dedi: – Hərəsinin bir üzün özün ye, bir üzün də hər arvadının birinə ver!
|
Badi-badi giriftar, hamam-hamam içində, xəlbir saman içində, dəvə dəlləklik elər, köhnə hamam içində. Qarışqa şıllaq atdı, dəvənin qıçı sındı. Hamamçının tası yox, baltaçının baltası yox, orda bir tazı gördüm, onun da xaltası yox. Ömrümdə çox şilaşı yemişəm, heç belə yalan deməmişəm. Günlərin bir günündə, Məmməd Nəsir tinində, biri var idi, biri yox idi, Allahdan başqa heç kim yox idi. Var-yox bir padşah var idi. Bu padşahın heç uşağı olmazdı. Padşah çox-çox nəzirlər verdi, dualar yazdırdı, uşağı olmadı ki, olmadı. Bir gün padşahın qapısına bir dərviş gəlib, bir qəsidə dedi. Padşah ona xələt verdi. Dərviş gördü ki, padşah çox fikirlidi, dedi: – Ey padşah, niyə belə fikirlisən? Padşah dedi: – Baba dərviş, mənim hələ bu yaşıma qədər heç uşağım olmayıb. Bilmirəm mən öləndən sonra bu dövlət kimə qalacaq. Mənim yerimdə kim oturacaq.
|
|
Səhifələr: << < 8 9 10 11 12 13 14 15 16 > >>
|
|