top image
 
 
Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z
0-9  A  B  C  Ç  D  E  Ə  F  G  Ğ  H  X  I  İ  J  K  Q  L  M  N  O  Ö  P  R  S  Ş  T
U  Ü  V  Y  Z
Səhifələr: << < 7 8 9 10 11 12 13 14 15 > >>

Dedim getmə, qal,
Sən ol abdal.
Mən olum diləfkar.
Dilimdən nə dedim yarə,
Eşq odunu bəyan eylə.
Ya məni öldür, qan elə,
Ya seyrağıbı gözdən sal.
Bəli, biri varımış, biri yoxumuş, Allahdan başqa heç kəs yoxumuş. Bir padşah varımış. Bu padşahın dövləti-malı, cah-calalı başdan aşmışdı, amma övlad üzünə həsrət qalmışdı. Bu padşah çox arvad alır, heç birindən övladı olmurdu. Münəccimlər bunun taleyinə baxıb deyirlər ki, gərək bir naxırçı qızı alasan, ondan övladın olsun. Padşah münəccimlərin sözündən çıxmayıb, fağır bir naxırçı qızı alır. Padşahdan bu arvadın boynuna uşaq düşür. Bəli doqquz ay, doqquz gün, doqquz gecə doqquz saat, doqquz saniyə keçəndən sonra arvad naxoşlayır.

Biri varıdı, biri yoxudu. Çox böyük şəhərlərin birində dövlətli bir tacir varıdı. Bu tacir səhər çörəyini yeyəndən sonra həmişə bazaar gedərdi ki, görsün təzə nə cür mallar satırlar, alış-veriş necə gedir. Həmişə bazarda nə cür yaxşı mal satılsaydı, hamısı bu tacirin evində tapılardı. Bir gün yenə tacir bazardan çoxlu mal almışdı. Bu malın hamısını bir sandığa yığıb, getdi bir hambal axtarsın ki, gəlib bu şeyləri arabaya yığsın, küçə qapısından da evə daşısın.
Bir az gəzəndən sonra gördü ki, bir hambal oturub. Tacir əl eləyib çağırdı:
– Ay hambal, gəl bu şeyləri arabaya yığ, apar evə, orda arabadan götürüb qoyarsan evə.
Hambal Əhməd gəldi. Bir ora baxdı, bir bura baxdı, bir də şeylərə baxdı, dedi:
– Qoy bu şeyləri mənim dalıma.

Badi-badi giriftar, hamam-hamam içində, xəlbir saman içində, dəvə dəlləklik eylər, köhnə hamam içində. Qarışqa şıllaq atdı, dəvənin qıçı sındı. Hamamçının tası yox, baltaçının baltası yox. Orda bir tazı gördüm, onun da xaltası yox. Günlərin bir günündə, Məmmədnəsir tinində, göy imamın belində, biri varıdı, biri yoxudu, Allahdan başqa heç kim yoxudu. Mən çox şilaşı yemişəm, heç belə yalan deməmişəm.
Kimdən sizə deyim, əyyam qədimdə bir keçəl varıdı. Bu keçəlin də bir anası varıdı. Bunlar çox kasıb idilər. Keçəlin anası gündə bir yumaq əyirərdi, keçəl aparıb bazarda satardı, onun puluna çörək alıb, gətirib yeyərdilər. Belə-belə bunlar dolanardılar.

Biri varıdı, biri yoxudu, Hatəm adlı bir dövlətli varıdı. Hatəm çox səxavətli, əliaçıq, fağır-füqəranı dost tutan bir adam idi. O, yeddi yolun ayrıcında bir imarət salmışdı, imarətə qırx qapı qoymuşdu. Qullarına, kənizlərinə tapşırmışdı ki, bura gələnlərə hər qapıdan girəndə bir qızıl versinlər. Belə ki, bura gələn hər adam qırx qızıl alırdı.
Günlərin bir günündə bir dərviş oxuya-oxuya gəldi Hatəmin imarətinə. Adətə görə, hər qapıdan girəndə bir qızıl aldı. Elə ki gəldi çıxdı qırxıncı qapıya, gördü ki, həmin otaqda Hatəm özü əyləşib. Dərviş başladı oxumağa. Hatəm gördü bu çox yaxşı dərvişdi, çox da yaxşı səsi var. Quluna dedi:
– Get baba, dərvişə de ki, zəhmət çəkib buyursun içəri.

Biri varıdı, biri yoxudu, Allah varıdı, şəriki yoxudu. Günlərin bir günündə Qəndəharda bir padşahın gözünün ağı-qarası, Nuşapəri adlı bir qızı varıdı. Nuşapərinin atası çox əzazil və zalım idi. Camaata qan ağladardı; başqa padşahlar bunun əlindən dad çəkərdi. Bu padşahın bir darğası varıdı, darğa da padşahdan geri qalmazdı. Darğa padşahın dediyini üç dəfə artıq camaatın kürəyindən çıxarardı. Darğanın əlindən adamlar başladılar şəhərdən qaçmağa. Kəndlilərin handa bir yaxşı qızını darğa görsəydi, onu ya Qəndəhar padşahı üçün, ya da özü üçün zornan gətirirdi.

Biri var idi, biri yox idi, Məhəmməd adında kasıb bir kişi var idi. Bunun sənəti pinəçilik idi. Gündə səhər gün çıxandan axşam gün batana kimi ona-buna başmaq pinəyib, axşam üç adamlıq çörəyin, bir də bir dəstə soğanın pulunu çıxarardı. Elə günlər olurdu ki, elə çörəyin pulunu güclə çıxarırdı. Özü də yazıq bir kişi idi. Bunun bir arvadı, bir də bir qızı var idi. Özü nə qədər yazıqdısa, arvadı bir o qədər zalım idi. Bir şey ki, dedi, iki ayağını bir başmağa taxıb nıx durardı sözünün üstündə. Qızı da ki, elə gözəl idi ki, görən deyirdi elə baxım. Ağlı da gözəlliyinnən bir gələrdi. Qərəz, nə deyim, gəl məni gör, dərdimdən öl. Bir gün bunlar oturmuşdular küçədə, qonşuda da dövlətli bir qızın toyu idi, gəlin aparırdılar. Arvad bir də baxdı ki, qızın evindən əlli dəvə yükü cehiz çıxdı. Daha soruşma arvadın halından. Arvad oldu dəli-divanə ki:
– Niyə gərək mənim qızımın bu qədər cehizi olmasın? Elə yəqin kasıbdı deyin hamı bilir ki, onun bu qədər cehiz olmayacaq, ona görə də gəlib istəmirlər. Gərək hər necə olsa, mən də qızıma bir belə cehiz düzəldəm. Qızın doğrudan da vaxtı keçmişdi. On dörd, on beş yaşına çatmışdı. Sizə zarafat gəlməsin ha, on dörd, on beş yaşına çatmaq bir qızdan ötrü qocalmaq deməkdi. Qızın əsil ərə getməli vaxtı doqquz, vay naçarı ondu.

Biri var idi, biri yox idi, bir qazı var idi. Bu qazı gündə bir nökər tutub, bir həftə işlədəndən sonra döyüb qovalardı. Qazının yanında heç kəs qalmırdı. Qazı nökər üçün gəzirdi. Səs dağıtmışdı şəhərə, kəndə ki, mənə nökər gərəkdi. Qazı nökər axtarmaqda olsun, sənə xəbər verim kimdən, qazının İman adında nökərindən. İman qazının yanından acıq eləyib çıxıb getmişdi öz kəndlərinə. Bu kənddə bir nəfər keçəl olurdu. Keçəl İmanı görüb soruşdu ki:
– İman, qazının yanından nə üçün qaçıb gəldin?
İman dedi:
– Qazı məni döyüb qovdu. Onun yanında əjdaha ola, bir həftədən artıq nökər qalmaz.
Keçəl dedi:
– İndi ki, belə oldu, mən gedirəm qazının yanında nökər qalam.
İman dedi:
– Gəl getmə, yazıqsan, qazı vurub qol-qabırğanı sındırıb salar yola.

Günlərin bir günündə Əhməd adlı bir tacir ticarətə getmək fikrinə düşdü. Çıxdı bazara, bütün əlində olan nağd pulunu-parasını verib atlaza, qumaşa, çitə, arşın malına getdi evinə. Gözlədi şənbə günü oldu. Çünki şənbə günün səfəri yüngül olar. Atalar deyiblər ki, şənbə günü səfərə gedən tez qayıdar. O da şənbə gününü gözləyib, şənbə günü nökəri göndərdi, bir dənə rəmmal çağırtdırdı ki, bir rəml atdırıb görsün, bu səfər necə olacaq... Bəli, nökər gedib rəmmalı çağırdı Əhməd tacirin hüzuruna. Rəmmal lohunu, aşığını yığışdırıb qoydu xurcununa, gəldi Əhməd tacirin evinə. Əhməd tacir əmr elədi, rəmmala bir çay verdilər içdi, bir qəlyan verdilər çəkdi, ondan sonra üzünü tutub ona dedi:
– Rəmmal, bir irəml at görüm, mənim bu səfərim necə olacaq, irəml nə görsədir?

Biri var idi, biri yox idi, İsfahan vilayətində Qara vəzir deyilən böyük bir pəhləvan var idi. Qara vəzirin dünyada Mələk adında bir qızından başqa övladı yox idi. Mələk elə gözəl qız idi ki, onun kimi dünya üzündə gözəl yox idi. Qaşları qara, gözləri qara, kirpikləri müjgan oxu, yanaqları bir kasa qan, burnu püstə, dodaqları zərif, beli incə, boyu sərv ağacı. Belə bir gözəlin eşqindən bütün padşahlar, padşah oğulları dəli-divanə idi. Qara vəzir Mələyi heç kimə vermirdi. Qızı üçün xan arşını enliyində qalın divarlı ev tikdirmişdi. Evin qabağında behişt kimi bir bağ saldırmışdı ki, hər meyvədən, hər güldən bu bağda vardı. Qara vəzir qızı Mələyin qulluğuna nə zənən, nə kişi buraxmazdı. Qara vəzirin kişilikdən düşən bir qulu var idi. Həmin qul Mələk xanıma hər gün sümüksüz ət, qabıqsız çörək aparardı. Mələk xanımın keyfinə gəzmək düşəndə, Qara vəzirin üç otağı vardı, bu otaqların açarını qızına verərdi, Mələk xanım bu üç otağı gəzib dolanardı. Bir gün Mələk xanım üç otağın açarını alıb otaqları gəzirdi. Otaqların ikisini gəzib üçüncüsünü açıb gördü ki, bu otaq elə bəzənibdi ki, lap padşahlara layiq. Mələk xanım bir xeyli bu otağı gəzib dolandı, birdən gözü divardan asılan xalçaya dəydi. Fikir ilə Mələk bu xalçaya baxdı. Gördü ki, bu xalçada elə naxışlar açılıbdı ki, gəl görəsən. Baxanda adamın ağlı, huşu başından gedir. Birdən bihuş kimi Mələk xanım əlini xalçaya sürtdü. Sürtəndə xalça qırılıb yerə düşdü. Mələk xanım qorxub geri çəkildi. Haçandan-haçana əllərini üzündən götürüb, bir neçə qədəm irəli gəlib, gördü ki, burada bir çaxça var, amma çaxçanın içində təzə bir mücrü var. Mələk xanım əl atdı, mücrünü götürüb qoydu yerə. Mücrünün ağzını açıb gördü ki, burada bir qız xeylağının şəkli var. Mələk xanım şəkli götürüb qoydu cibinə. Mücrünü bağlayıb, xalçanı da divardan asıb qapıları bağlayıb gəldi öz evinə. Cibindən şəkli çıxardıb, fikir ilə baxıb gördü ki, bu şəkildəki qız eynən özünə oxşayır, elə bil ki, Mələk xanımın özüdü.

Biri var idi, biri yox idi, Əhməd ilə Məhəmməd adlı iki qardaş var idi. Bu qardaşların ikisi də tacir idilər. Ticarətdə daha bu şəhərdə elə bir adam yox idi ki, onların əlinin qabağına əl qoya. Bütün bazarı dəstələyib almışdılar əllərinə. Ticarətləri günü-gündən böyüyürdü. Daha elə olmuşdular ki, dövlətləri yer batırırdı. Buna görə də heç bir qüssələri, qəmləri, dərdləri yox idi, amma ki, heç birisinin övladı olmurdu. Ona görə də dar dünyada özlərindən sonra bir vərəsə qoyub getmək üçün gündə bir arvad alırdılar. İki qardaşın ikisinin də adı olmuşdu arvad çodarı, amma neyləsinlər ki, yenə də uşaqları olmurdu ki, olmurdu. Günlərin bir günündə Məhəmməd öz dərdinin çoxluğundan evdə oturmayıb durub gəldi qardaşının yanına. Qardaşı gördü ki, Məhəmmədin halı pərişandı. Soruşdu ki:
– Qardaş, nə olub, yenə qəm dəryasına qərq olubsan? Ticarətində nə əskiklik var?

Səhifələr: << < 7 8 9 10 11 12 13 14 15 > >>
 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo