Təsadüf Azərbaycan nağılı
|
Səhifələr: << < 6 7 8 9 10 11 12 13 14 > >>
Biri varıdı, biri yoxudu, Allah varıdı, şəriki yoxudu. Günlərin bir günündə bir nəfər Əcəm oğlu İbrahim varıdı. Bu Əcəm oğlu İbrahimin Dostu adlı bir anası varıdı. İbrahimin sənəti bu idi ki, hər səhər çıxırdı ova, ovlardı, gəlib anasıynan bir yerdə şad ürəknən yeyərdilər. Bunların güzəranları belə keçərdi. Elə gün olmazdı ki, İbrahim ovdan boş qayıda. Bir müddət belə keçdi. Bir gün İbrahim atı minib çıxdı çölə, axşama kimi at sürdü, heç bir şey vura bilmədi, axırda qayıdıb gəldi. Anası Dostu baxıb gördü oğlu İbrahim boş gəlir, oğlunun qabağına çıxıb dedi: – Oğul, gəl sən bu sənətdən əl çək. Atan bu sənətdən nə xeyir görüb ki, sən də görəsən. İbrahim anasının sözünə qulaq asırdı. Anası sözünə davam etdi: – Oğul, mən qocalmışam, sən gəl özünə bir gəlin tap ki, gündüz ananın qulluğunda dursun, gecə sənin.
|
Qədim zamanda bir ərnən bir arvad varıdı. Ancaq bunların evladları olmurdu. Kişi odunçuydu. Hər gün səhər yerindən durub odun gətirməyə meşəyə gedirdi. Günlərin bir günündə, kişi evdə olmayanda bunun qapısına bir dərviş gəldi. Dərviş həyətə girib gördü ki, bir arvad çox qəmgin, pərişan oturub. Dərviş salam verib arvaddan xəbər aldı: – Ay bacı, niyə belə qəmgin oturubsan, nə üz verib? Arvad dedi: – Ay qardaş, zəhmət çəkib dişnən, dırnağnan ev-eşik düzəltmişik, azdan-çoxdan özümüzə görə hər şeyimiz var. Amma heyf ki, bir evladımız yoxdu, biz öləndə çırağımızı yandırsın. Dərvişin arvada çox yazığı gəlib, cibindən bir qırmızı alma çıxarıb ona verdi və tapşırdı: – Almanın yarısını özün ye, yarısını da ərinə ver yesin; sonra bir evladınız olacaq.
|
Biri varımış, biri yoxumuş, bir padşah varımış. Bu padşahın üç oğlu varmış. Lap kiçiyinin adı Bəhrəm idi. Qəzayi-rəbbani bir gün padşahın gözləri tutuldu. Nə qədər həkim gəldisə, çarə tapılmadı. Axırda padşah böyük münəccimlərini çağırıb taleyinə baxdırdı. Qoca münəccimlərdən birisi dedi: – Padşahım sağ olsun, gözlərinizin çarəsi tapılar, ancaq müşküllüknən. Lap uzaq vilayətdə ağ çeşmə adında bir bulaq var. O bulağın daşından gətirib gözlərinə sürtsən, yaxşı olar.
|
Biri varıdı, biri yoxudu, Yunan şəhərində bir Məmməd Həsən adında padşah varıdı. Bunun heç sonu, züryəti yoxudu. Özü də çox zalım padşahıdı. Hamı padşahlar bundan ehtiyat eləyirdilər. Bunun qonşusunda da bir naxırçı vardı. Bu naxırçının da sonu yoxudu. Padşah fikirləşdi ki, gün çıxandan gün batana kimi cəmi padşahlar məndən qorxur, özümün də varım-dövlətim yerə-göyə sığışmır. Amma neyləyim, bir züryətim yoxdu ki, mən öləndən sonra yerimdə qalsın. Padşah gecə yatmışdı. Aləmi-vağyada gördü ki, buna deyirlər ki, ey padşah, səhər sübh namazından qabaq dur, get bağçadakı hovuzuna. Orda suyun üzündə bir alma üzür, onu gətir ortadan tən yarı böl, yarısını ver qonşun naxırçıya arvadıynan yesin, yarısını da özün ye. Padşah sübh namazından qabaq durdu getdi çarhovuzun qırağına. Gördü bəli, çarhovuzda bir alma üzür, tez almanı götürdü gəldi evə.
|
İsfahan şəhərində bir Xacə Fəttah varıdı. Bunun bir oğlu varıdı ki, adına Xacə İbrahim deyərdilər. Xacə Fəttah qırx sövdəgərin böyüyüydü. Bir gün sövdəgərlər yığışıb dedilər: – Nə vaxta kimi evdə oturaq?! Gəlin gedək Yəmən vilayətinə alverə. Yəmən vilayətində Xacə Fəttahın bir bacısı varıdı. Xacə Fəttah onlara dedi: – Mən daha qocalmışam, gedə bilmərəm. Sövdəgərlər dedilər: – Neynək, indi ki sən gedə bilmirsən, gətir oğlunu bizə qoş. Eybi yoxdu, indiyətən bizim böyüyümüz sən olmusan, indi də oğlun olsun.
|
Biri varıdı, biri yoxudu, günlərin bir günündə bir padşah varıdı. Bu padşah yatıb gecə yuxuda gördü ki, bir qız gəlib bunun dizinin üstündə oturdu. Padşah bu qızı görən kimi, bir könüldən min könülə ona aşiq oldu. Padşah yuxudan ayılan kimi çox keyfsiz oldu, çox çalışdı ki, qızı tapsın, amma tapa bilmədi. Padşah divan-dərə işini buraxıb qızı axtarmağa başladı, ağlamaqdan onun iki gözləri tutulub oturdu evdə. Günlərin bir günündə padşah bütün şəhər əhlini yığıb, məclis qurub dedi: – Ey adamlar, kimdi sizlərdən bir nəfər gedib mənim gözümün dərmanını gətirsin? Daşdan, divardan səs çıxdı, bu adamlardan səs çıxmadı. Amma padşahın iki oğlu varıdı, biri rəiyyət qızından kiçik oğluydu ki, adı da Məlik Ducar idi, o biri də şah qızından olan böyük oğluydu.
|
Belə rəvayət edirlər ki, keçmişdə bir padşah varıdı. Bu padşahın üç oğlu, bir də üç qızı varıdı. Kiçik oğlunun adı Şəmil idi. Bir gün padşah azarlayır, ölüm döşəyinə düşür. Oğlanlarını yanına çağırıb deyir. – Oğlanlarım, mənim sizə iki vəsiyyətim var. Biri budu ki, mən öləndən sonra üç gün mənim qəbrimi qoruyun. Birinci gün böyük oğlum, ikinci gün ortancıl oğlum, üçüncü gün balaca oğlum qəbrimin üstündə qarovul çəksin. İkincisi də budu ki, mənim elçi daşımın üstündə hər kim oturub qızımı istəsə, verərsiniz ona. Oğlanları əllərini gözlərinin üstə qoydular. Bir neçə gündən sonra padşahın xəstəliyi şiddətlənib ölüm şərbətini içdi. Oğulları aparıb atalarını basdırıb evə qayıtdılar. Axşam padşahın balaca oğlu dedi: – Atamızın vəsiyyətinə əməl etməliyik, böyük qardaş, bu gün sənin növbətindi. Get atamızın qəbrini qoru. Böyük qardaş cəld yaraqəsbabını geyinib, atına minib qəbiristanlığa tərəf yola düşdü.
|
Raviyani əxbar, nağılan asar, şirin şəkkər, xoş göftar. Dedim getmə qal, Gəl ol abdal, Mən olum diləfkar. Dilimdən nə dedim yarə, Eşq odunu bəyan eylə, Ya məni öldür, qan eylə, Ya seyrağıbı gözdən sal. Şah Abbas cənnətməkan, Tərəziyə vurdu təkan. İki qoz, bir girdəkan. Bəli, biri varımış, biri yoxumuş, bir Hindistan padşahı varımış. Bu padşahın dövləti-malı, cah-calalı o qədər imiş ki, bütün adamlar onu barmağnan göstərirmişlər. Bu padşahın iki oğlu varımış, birinin adı Ərkə, o birisinin də adı Cahangir imiş. Ərkə padşahın böyük oğlu idi, ancaq ağıldan bir qədər səfeh imiş. Balaca oğlu Cahangir isə qüvvətli, ağıllı, qanacaqlı, min adama cavab verə bilən bir oğlan imiş.
|
Biri var idi, biri yox idi, bir padşah var idi. Bir gün bu padşahın gözləri tutuldu. Tay məmləkətdə təbib, dərman qalmadı hamısını elədilər, kar salmadı ki, salmadı. Axırda dedilər, onun gözünün dərmanı dəryada bir ağ balıq var, ondadı. Bəli, padşah əmr elədi qoşun atlandı. Padşahın iki oğluynan vəziri də qoşunun başında balıq tutmağa gedirdilər. Bir ay idi dəryanın kənarında o yan-bu yana gəzib, balığı axtarırdılar. Bir aydan sonra bunlar balığı tutdular. Padşahın kiçik oğlu da gəldi bura. Baxıb gördülər bu bir qəşəng balıqdı, adam deyir həmişə buna baxım. Bunların ürəyi qəbul eləmədi ki, balığın gözlərini çıxarsınlar. Nə var, nə yox doxsan yaşında atalarının gözləri açılacaq. Balığı gətirib atdılar dəryaya. Vəzir də ki elə Allahdan bir belə şey axtarırdı. O saat daban aldı padşahın yanına, dedi: – Bəs mən əzab çəkdim, balığı tutdum, oğlanların onu dəryaya atdılar.
|
Biri varımış, biri yoxumuş, keçmişlərdə bir padşah varımış. Onun gözünün ağı-qarası bircə qızı varımış. Qonşuluğunda da bir imansız qarının oğul nəvəsi varımış. Padşah qarının nəvəsini hər gün yanına çağırtdırıb onunla oynayıb ürəyini açandan sonra bir qızıl basıb qarının oğul nəvəsinin ovcuna salarmış yola. Padşah beləliklə oğul atəşini ürəyindən söndürərmiş. Padşahın Məlik adında bir çobanı varıdı. Məlik neçə il idi ki, sidqinən padşaha qulluq eləyirdi. Padşah da Məliyi evləndirmişdi. Məliyin Narınc adında bir qızı olmuşdu. Fələk işi tərsinə çevirdi. Padşahın vəziri vəfat elədi, padşah qaldı vəzirsiz. Baxıb gördü ki, çoban çox ağıllı adamdı, dedi: – Hər necə olsa, gərək Məlik çobanı özümə vəzir eləyim.
|
|
Səhifələr: << < 6 7 8 9 10 11 12 13 14 > >>
|
|