Təsadüf Azərbaycan nağılı
|
Biri varmış, biri yoxmuş, bir padşah varmış. Bu padşahın da bağında bir alma ağacı varmış. Bu ağac birinci gün çiçək açarmış, ikinci gündə çiçəyini tökərmiş, üçüncü gündə bar verərmiş. Bu almanı hər kəs yesəymiş, on beş yaşında oğlan olarmış. Padşah hər gün səhər tezdən sübh açılan kimi durub gedərmiş bağa ki, almanı dərib yesin, amma görərmiş ki, alma dərilib. Kor-peşman geri qayıdarmış. Bir gün belə, beş gün belə, axırda padşah təngə gəlib böyük oğlunu yanına çağırdı. Oğul atasının qulluğuna gələn kimi baş endirib dedi: – Ata, sənə fəda olum, mənə görə qulluq?
|
Biri varıydı, biri yoxuydu, bir padşah varıydı. Bu padşah çox zülmkar, həm də yaman şorgöz idi. Harda bir gözəl gəlin, qız görsə ona aşiq olub tirtap yıxılarmış yerə. Tez vəzirini çağırtdırıb deyərmiş: – Vəzir, nə olur-olsun, gərək o qızı mənə alasan. Moltanı padşahının əcayib xasiyyətləri varıymış. Bir gün belə bir hökm veribmiş ki, hər kəs evlənsə qabaqca gərək aldığı qızı üç gün padşahın hərəmxanasında saxlasınlar, sonra evlənsin. Hər kəs bu hökmdən çıxarsa padşah onu odda yandırarmış.
|
Bəli, nağıl binasını qoyaq yavaş-yavaş, olum qapında qulnan qaravaş. Dövlətli plova şıllaq vurar, kasıb tapmaz bir kasa bozbaş. Biri varımış, biri yoxumuş, Mahmud adında bir tacir varımış. Bəli, belə deyirlər, tacir Mahmudun oğul sarıdan üzüqara, amma qız sarıdan elə keyfi kökdü ki, xoruz tək damağı şax-şax şaqqıldayırdı. Tacir Mahmudun Nigar xanım adlı bir qızı vardı, elə gözəldi ki, baxanın ağlı başından çıxıb, dəli-divanə olurdu. Nigar, nə Nigar, hər saç hörüyü bir salxım qara şanı. Alnı ay kimi, zülmatlara işıq salır. Qaşları elə bil qüdrəti-ilahinin qələmiylə çəkilib. Gözləri qara, kirpikləri yayından çıxmış ox kimi, rəngi sürməyi çalır. Burnu hind fındığı. Yanaqlarına elə bil bir şüşə qan çilənmişdi, ləbləri şəkər, sinəsi mərmər kimi par-par parıldayır. İncəbelli, uzunboylu, şux dayanışıqlı, ceyran yerişli bir maraldı. Bəli, görək belə bir nemət kimə qismət olar.
|
Biri varıdı, biri yoxudu, Yunan şəhərində bir Məmməd Həsən adında padşah varıdı. Bunun heç sonu, züryəti yoxudu. Özü də çox zalım padşahıdı. Hamı padşahlar bundan ehtiyat eləyirdilər. Bunun qonşusunda da bir naxırçı vardı. Bu naxırçının da sonu yoxudu. Padşah fikirləşdi ki, gün çıxandan gün batana kimi cəmi padşahlar məndən qorxur, özümün də varım-dövlətim yerə-göyə sığışmır. Amma neyləyim, bir züryətim yoxdu ki, mən öləndən sonra yerimdə qalsın. Padşah gecə yatmışdı. Aləmi-vağyada gördü ki, buna deyirlər ki, ey padşah, səhər sübh namazından qabaq dur, get bağçadakı hovuzuna. Orda suyun üzündə bir alma üzür, onu gətir ortadan tən yarı böl, yarısını ver qonşun naxırçıya arvadıynan yesin, yarısını da özün ye. Padşah sübh namazından qabaq durdu getdi çarhovuzun qırağına. Gördü bəli, çarhovuzda bir alma üzür, tez almanı götürdü gəldi evə.
|
Biri varıdı, biri yoxudu, günlərin bir günündə bir padşah varıdı. Bu padşah yatıb gecə yuxuda gördü ki, bir qız gəlib bunun dizinin üstündə oturdu. Padşah bu qızı görən kimi, bir könüldən min könülə ona aşiq oldu. Padşah yuxudan ayılan kimi çox keyfsiz oldu, çox çalışdı ki, qızı tapsın, amma tapa bilmədi. Padşah divan-dərə işini buraxıb qızı axtarmağa başladı, ağlamaqdan onun iki gözləri tutulub oturdu evdə. Günlərin bir günündə padşah bütün şəhər əhlini yığıb, məclis qurub dedi: – Ey adamlar, kimdi sizlərdən bir nəfər gedib mənim gözümün dərmanını gətirsin? Daşdan, divardan səs çıxdı, bu adamlardan səs çıxmadı. Amma padşahın iki oğlu varıdı, biri rəiyyət qızından kiçik oğluydu ki, adı da Məlik Ducar idi, o biri də şah qızından olan böyük oğluydu.
|
Biri varımış, biri yoxumuş, keçmişlərdə bir padşah varımış. Onun gözünün ağı-qarası bircə qızı varımış. Qonşuluğunda da bir imansız qarının oğul nəvəsi varımış. Padşah qarının nəvəsini hər gün yanına çağırtdırıb onunla oynayıb ürəyini açandan sonra bir qızıl basıb qarının oğul nəvəsinin ovcuna salarmış yola. Padşah beləliklə oğul atəşini ürəyindən söndürərmiş. Padşahın Məlik adında bir çobanı varıdı. Məlik neçə il idi ki, sidqinən padşaha qulluq eləyirdi. Padşah da Məliyi evləndirmişdi. Məliyin Narınc adında bir qızı olmuşdu. Fələk işi tərsinə çevirdi. Padşahın vəziri vəfat elədi, padşah qaldı vəzirsiz. Baxıb gördü ki, çoban çox ağıllı adamdı, dedi: – Hər necə olsa, gərək Məlik çobanı özümə vəzir eləyim.
|
Biri var idi, biri yox idi, Məhəmməd adında kasıb bir kişi var idi. Bunun sənəti pinəçilik idi. Gündə səhər gün çıxandan axşam gün batana kimi ona-buna başmaq pinəyib, axşam üç adamlıq çörəyin, bir də bir dəstə soğanın pulunu çıxarardı. Elə günlər olurdu ki, elə çörəyin pulunu güclə çıxarırdı. Özü də yazıq bir kişi idi. Bunun bir arvadı, bir də bir qızı var idi. Özü nə qədər yazıqdısa, arvadı bir o qədər zalım idi. Bir şey ki, dedi, iki ayağını bir başmağa taxıb nıx durardı sözünün üstündə. Qızı da ki, elə gözəl idi ki, görən deyirdi elə baxım. Ağlı da gözəlliyinnən bir gələrdi. Qərəz, nə deyim, gəl məni gör, dərdimdən öl. Bir gün bunlar oturmuşdular küçədə, qonşuda da dövlətli bir qızın toyu idi, gəlin aparırdılar. Arvad bir də baxdı ki, qızın evindən əlli dəvə yükü cehiz çıxdı. Daha soruşma arvadın halından. Arvad oldu dəli-divanə ki: – Niyə gərək mənim qızımın bu qədər cehizi olmasın? Elə yəqin kasıbdı deyin hamı bilir ki, onun bu qədər cehiz olmayacaq, ona görə də gəlib istəmirlər. Gərək hər necə olsa, mən də qızıma bir belə cehiz düzəldəm. Qızın doğrudan da vaxtı keçmişdi. On dörd, on beş yaşına çatmışdı. Sizə zarafat gəlməsin ha, on dörd, on beş yaşına çatmaq bir qızdan ötrü qocalmaq deməkdi. Qızın əsil ərə getməli vaxtı doqquz, vay naçarı ondu.
|
Biri var imiş, biri yox imiş, bir padişahın on bir oğlu var imiş. On nəfəri bir arvatdan, birisi başqa arvatdan. Bu başqa övrətdən olan oğlının adı Muxtar imiş. Bir gün padişah istəyir ki, oğlanlarını evləndirsin. Buna görə vəziri çağırıb fikrini ona söyləyir. Vəzir isə padişahın fikrini bəyənib, əhvalatı oğlanlara söyləyir. Oğlanlar isə razı olmayırlar. Bu xəbəri eşitdikdə padişah oğlanlarını hüzuruna istəyib, onlara evlənmələrini təkid edir. Oğlanları çox tədbirdən sora atalarına ərz edirlər ki: – Çin padişahının on bir qızı vardır. Əgər icazə versən, həmən qızları alarıq. Yox, başqa qız bizə lazım deyildir. Padişah əlacsız qalıb icazə verir. Ancaq oğlu Muxtarı hüzuruna çağırub ona söyləyir: – Yol ilə gedəndə bir qoruğa çatacaqsınız, orada bir at otlayır. Nəbadə orada qalasınız. Bir az getdikdən sora, digər bir qoruğa çatacaqsınız. Orada da bir qoç otlayır, orada da qalmayın. Sora bir qalaya rast gələcəksiniz, orada qalmayın.
|
Biri var imiş, bir yox imiş. Bir padişahın üç oğlu var imiş. Böyük oğlunun adı Məlik Məhəmməd, ortançılının adı Məlik Cəmşid, kiçik oğlunun adı Məlik Cəmil imiş. Bir vəqt bu padişah xəstələnir. Öləcəgini anlayıb oğlanlarını yanına çağırıb onlara vəsiyyət edir ki, öləndən sora üç gecə qəbrinin yanında keşik çəksinlər. Padşah öləndən sora oğlanları atalarını basdırıb matəm qurdular. Gecə araya gələndə Məlik Cəmil atalarının vəsiyyətini qardaşlarının yadına salıb, gedib keşik çəkmək təklif elədi. Heç birisi qəbul etmədi. Məlik Cəmil özü oxunu, yayını və bir də qılıncını götürüb gedib atasının qəbrinin üstündə keşik çəkir. Gecənin bir vaxtı görür ki, qara atlı və qara donlu bir nəfər nərə çəkə-çəkə gəlir və deyir: – Ey padişah, taxtın tarac olsun və yəhərin qanla dolsun. Bu saat gəlib qəbrində sənin cəzana yetirərəm.
|
Bir vardı, bir yoxdu, Allahdan başqa heç kim yoxdu. Günlərin bir günündə iki yoldaş olur. Birinin adı Mərd, o birinin adı Namərd. Mərdnən Namərd yoldaş olub çıxdılar səfərə. Mərd hər yerə çatırdı süfrəsin açırdı, Namərdə deyirdi: – Buyur, çörək ye! Namərd də Mərdnən bir yerdə çörəgini yeyirdi. Bir iki rəs Mərd buna çörək yiməgi təklif etdi. Namərd bunun çörəginən yedi, ta o çağacan, Mərdin çörəgi qurtardı. Mərd oldu Namərdə möhtac. Bir az bular yol getdilər. Mərd və Namərd bir ağacın dibində oturdular. Namərd süfrəsin açdı. Mərd yaman açmışdı, dedi Namərdə ki, bir az çörəginnən ver mənə, yaman acmışam. Namərd dedi: – Sol gözüvü ver, çıxardım qoyum sol cibivə, bir az çörək verim sənə, ye.
|
|
|
|