Biri varıydı, biri yoxuydu, bir zalım padşah varıydı. Camaata o qədər zülm eləmişdi ki, hamı gecə-gündüz ona qarğış eləyirdi. Camaat o qədər qarğamışdı ki, padşah azara düşmüşdü, rəngi sapsarı, ölü rənginə oxşayırdı, üzü-gözü yupyumru şiş tökmüşdü, qarnında xərçəng peyda olmuşdu. Dünyada nə qədər həkim-təbib varıydı, hamısı gəlib baxmışdı, amma heç biri yaxşı eləyə bilməmişdi. Padşah gələn həkimlərin hamısıynan şərt bağlamışdı ki, əgər onu yaxşı eləsələr çoxlu ənam alacaxlar, yox, yaxşı eləyə bilməsələr onda boyunları vurulacax. Nə qədər həkim gəlirdisə, padşahın dərdinə əlac eləyə bilmirdi. Cəlladlar o saat həmin həkimlərin boynunu vururdular. Padşah o qədər həkim öldürtdürmüşdü ki, yekə bir qəbiristanlıx düzəlmişdi. Axırda xəbər gedib Loğmana çatdı ki, nə durubsan, dünyada həkim qalmadı, padşah hamısını qırıb tərk elədi. Loğman soraxlaşa-soraxlaşa düz gəldi padşahın yanına. Padşahnan şərt bağlayıb işə başladı. Loğman dedi:
– Şah sağ olsun, sənin qarnında xərçəng var. Mən səni sağaldaram, amma gərək oğlunun öldürülməsinə icazə verəsən. Sənin dərmanın oğlunun qanıdı. Padşah bu sözü eşidən kimi az qaldı dəli olsun, gözləri çıxdı kəlləsinə.