Biri varımış, biri yox imiş. Bir tacir var imiş. Bunun gözünün ağıqarası bir oğlu var imiş. Bu oğlanı çox istərmiş. Bu tacirin dünya malı dövlətindən başqa üç qəribə şeyi də var imiş. Bunlardan biri papaqdan, biri zurnadan, o biri torbadan ibarət imiş. Hər kəs papağı başına qoysa idi, kimsə onu görəməzdi. Hər kəs zurnanı çalsa idi, camahat hüzuruna cəm olub ona itaət edərdi, torbanı yerə qoysa idi, orası qızıl olardı.
Bu tacir öləndə vəsiyyət edir ki, onın oğlına heç sənət öyrətməsinlər, çünki onsız da o qədər dövlət-mal qoymuş ki, oğlan ölənə kimi yesə təmam olmaz. Atası ölənnən sonra oğlan eyş-işrətə qalır. Həmən şəhərdə bir padişah varımış. Bu padişahın da Hildais adında bir gözəl qızı varmış ki, yaxşı nərd oynarmış. Bu qız eşidir ki, bu şəhərdə dövlətdi bir əyyaş tacir oğlunun üç qəribə şeyi var, özü də nərd həvəskarıdır.