Gülnahar mahalında Şəftən adlı orta sinli bir kişinin Gülxar adlı bir arvadı var idi. Şəftənin peşəsi naxırçılıq, Gülxarın peşəsi evdarlıq idi. Bu ər-arvad çox zəlil bir halda ömür sürürdülər. Hal belə ikən Gülxar barihəmlin yerə qoydu. Bunun bir misilsiz gözəl oğlu oldu. Oğlanın adını Xanoğlan qoydular. Xanoğlan böyüyüb tainki on səkkiz yaşına yetişdi. Günlərin bir günündə Xanoğlan Gülnahar şəhərinə gəzməyə çıxmışdı. Şəhərdə gəzərkən güzarı Gülnahar şəhərinin şahı olan Qəni şahın qəsrinə düşdü, nə gördü? Qəsirdə Qəni şahın qızı Püstə xanım özünə yeddi qələm ilə zinət verib, qızıl sandal üstündə qərar tutubdur.
Xanoğlan bir belə mah-camalı görcək, bir könüldən min könülə aşıqıgiriftar oldu. Xanoğlan oradan evlərinə gəlib əhvalatı ata-anasına nəql elədi. Sora, atasından təmənna etdi ki, Qəni şahın qızı Püstəxanımı ona alsın.