top image
 
 
Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z

Cantiq

Badi-badi giriftar, hamam-hamam içində, xəlbir saman içində, dəvə dəlləklik elər, köhnə hamam içində. Qarışqa şıllaq atdı, dəvənin qıçı sındı. Hamamçının tası yox, baltaçının baltası yox, orda bir tazı gördüm, onun da xaltası yox. Ömrümdə çox şilaşı yemişəm, heç belə yalan deməmişəm. Günlərin bir günündə, Məmməd Nəsir tinində, biri var idi, biri yox idi, Allahdan başqa heç kim yox idi. Var-yox bir padşah var idi. Bu padşahın heç uşağı olmazdı. Padşah çox-çox nəzirlər verdi, dualar yazdırdı, uşağı olmadı ki, olmadı. Bir gün padşahın qapısına bir dərviş gəlib, bir qəsidə dedi. Padşah ona xələt verdi. Dərviş gördü ki, padşah çox fikirlidi, dedi:
– Ey padşah, niyə belə fikirlisən?
Padşah dedi:
– Baba dərviş, mənim hələ bu yaşıma qədər heç uşağım olmayıb. Bilmirəm mən öləndən sonra bu dövlət kimə qalacaq. Mənim yerimdə kim oturacaq.

Dərviş bir alma çıxardıb padşaha verdi, dedi:
– Padşah sağ olsun, gecə hərəmxanaya gedəndə bu almanın yarısın sən yeyərsən, yarısın da arvadına verərsən. Bundan sonra yəqin uşağın olar. Bəli, dərviş getdi. Gecə padşah hərəmxanaya gedib, almanın yarısını özü yedi, yarısın da arvadına verdi. Bəli, aradan doqquz ay, doqquz gün keçdi, padşahın arvadı yükün yerə qoydu. Arvadın bir ölü oğlu
oldu. Padşaha xəbər getdi ki, qibleyi-aləm sağ olsun, bir oğlun olub, ancaq ölüdü. Padşah qüssələndi, öz-özünə dedi: gör mənim necə bəxtim yoxdu ki, axırda uşağım ölü oldu. Yenə xəbər gətirənlərə muştuluq verdi. Padşah burada öz fikrində olsun, sənə kimdən deyim, padşahın arvadından. Elə ki, uşaq anadan oldu, aradan bir az keçəndən sonar arvad bir damar da doğdu. Mama gördü ki, ölü uşağın döşü yarıqdı. Tez damarı götürüb onun döşündə olan yarığa qoydu, uşaq asqırıb dirildi.
O saat padşaha xəbər getdi ki:
– Qibleyi-aləm sağ olsun, mama uşağı diriltdi.
Padşah çox şad oldu. Xəbər gətirənlərə həddindən artıq muştuluq verdi. Bəli, uşağın adın Cantiq qoydular. Günlər keçdi, aylar keçdi, Cantiq böyüməyə başladı. Cantiq böyüməkdə olsun, sənə kimdən deyim, bizim padşahdan. Bir vaxt bu padşah Hindistan padşahının qızı Pəri xanıma aşiq olmuşdu. Pəri xanım tilsim içində olduğundan gətirə bilməmişdi. Çox canlar qırdırmışdı, pul xərcləmişdi, əlqərəz, qız ələ gəlməmişdi. Odu ki, öz qəsrindəki qırxıncı otağın içində həmin Pəri xanımın yaşadığı otağın içində nə vardısa, burada da düzəltmişdi, Pəri xanımın şəklin də qoymuşdu ora. Bəli, Cantiq böyüyüb beş yaşına gəldi. Padşah həmişə arvadına deyirdi ki, nəbadə açarları Cantiqə verəsən, yoxsa gedər Pəri xanımın şəklini görər, ona aşiq olar. Bir gün padşahın arvadı yatmışdı, otaqların açarları da başının üstə idi. Cantiq evə gəldi, gördü ki, anası yatıb, açarlar da başının üstündədi. Açarları götürüb otaqları bir-bir açmağa başladı. Axırda gəlib qırxıncı otağa çıxdı. Elə ki, qırxıncı otağa gəldi, nə gördü. Mərmər hovuz içində süd, hər tərəf gül, çiçək, gül gülü çağırır, bülbül bülbülü, bir gözəl qızın heykəli də güllərin içində. Elə bil ki, doğrudan da diri qızdı, adam deyir, yeməyim, içməyim, bu qızın xətti-xalına, gül-camalına tamaşa eləyim. Aya, günə deyir ki, sən çıxma, mən çıxacağam. Elə ki, Cantiq bunları gördü, bihuş oldu. Özündən gedib yerə yıxıldı. Cantiq burada qalmaqda olsun, sənə kimdən deyim, Cantiqin anasından. Cantiqin anası yuxudan durdu, gördü ki, açarlar yoxdu, otaqlar da açıqdı. Tez yüyürdü, gördü ki, qırxıncı otaqda Cantiq özündən gedib, yıxılıb. Anası Cantiqin qolundan yapışıb sürüyə-sürüyə öz otağına
gətirdi, qapıları da bağladı. Cantiq özündə gələndə gördü ki, öz otağındadı. Ta heç bir söz demədi. Həmişə qəmli-qüssəli dolanırdı. Cantiqin anası çox qorxurdu ki, dədəsi bu işdən xəbər tutacaq, arvadı incidəcək. Çünki bunların var-yox bircə oğulları vardı, onu da çox istəyirdilər. Heç onun bir sözün iki eləmirdilər. Cantiq gündən-günə saralırdı, arıqlayırdı. Padşah oğlunu belə gördü, arvadından Cantiqin dərdini soruşdu:
– Arvad, Cantiqin dərdi nədi ki, gündən-günə saralırdı.
Arvad qorxa-qorxa dedi:
– A kişi, doğrusun desəm, Cantiq açarları götürüb otaqları açmışdı. Qırxıncı otaqda özündən gedib yıxılmışdı.
Padşah bildi ki, Cantiq Pəri xanımın dərdindən saralıb. Ta oğluna bir söz deyə bilmədi. Bəli, az keçdi, çox keçdi, Cantiq dədəsinə dedi:
– Mən gedirəm Pəri xanımın dalınca.
Atası qorxdu ki, oğlu tələf olsun, çünki Pəri xanım tilsimin içində idi. Başladı oğluna yalvarmağa ki:
– Ay oğul, o qızın üstündə mən çox qanlar tökmüşəm, pullar xərcləmişəm.
Gəl sən bu daşı ətəyindən tök! Kimin qızın istəyirsən mən sənə alım.
Cantiq dedi:
– Mən ölsəm də, qalsam da o qızın dalınca gedəcəyəm.
Padşah, arvadı nə qədər yalvardılarsa, mümkün olmadı. Axırda Cantiq qıs-qıvraq geyindi, ox-yarağını götürdü, qılıncı belinə bağladı, Pəri xanımın dalınca getməyə hazırlaşdı. Bəli, Cantiq yola düşdü, günə bir mənzil, təyyi-mənazil, dərələrdən sel kimi, təpələrdən yel kimi, badi-sərsər kimi, diz qabırğada, ayaq üzəngidə getməyə başladı. Az getdi, üz getdi, dərə, təpə düz getdi, on-on beş gün yol getdi, gəlib axşam çağı bir çeşmənin başında dörd yolun ayrıcında düşdü. İstədi bir az rahatlansın, toqqanın altın bir az bərkitsin. Onda gördü günçıxan tərəfdən bir nərilti, bir gurultu gəlir ki, yer, göy titrəyir, az qalır qulaq tutulsun. Cantiq tez atı mindi, səs gələn tərəfə gedib gördü ki, bir qaraltı gəlir. Tez qışqırdı:
– Gələn, dostsan, düşmənsən?
Səs gəldi:
– Dostam.
Bəli, bu adam gəldi çıxdı, Cantiqlə görüşdülər. Bu da Cantiq kimi qüvvətli, canlı bir cavan idi. Elə istəyirdilər əppəkdən-zaddan yesinlər, onda gördülər günbatan tərəfdən bir nərilti, bir gurultu gəlir ki, yer, göy zağ-zağ titrəyir, qulaqlar tutulur. Tez bunların ikisi də atları minib, qılıncların çəkdilər, yola çıxıb gələnə dedilər:
– Gələn, dostsan, düşmənsən?
Dedi:
– Dostam.
Bəli, bir oğlan da gəldi. Bu da bunlar kimi cavan, qüvvətli bir oğlandı. Bunların üçü də çeşmənin başında oturdular, qarınlarını bərkitməyə başladılar. Demə bunlar da Pəri xanımın dalınca gedirlər. Bunlar belə məsləhət gördülər ki, üçü də getsin. Bəlkə üçü köməkləşib Pəri xanımı gətirə bilsinlər. Belə şərt də kəsdilər ki, nə qədər dövlət, mal, ya canlı şey gətirsələr bu çeşmənin başında dədə malı kimi üç yerə bölsünlər. Sonra başladılar bir-birinə adların deməyə.
Həmi də adlarının mənasını deməyə. Günçıxan tərəfdən gələn dedi:
– Mənim adım Göydə Ulduz Tanıyandı. Hamını mən ulduzlarından tanıyıram.
Günbatan tərəfdən gələn dedi:
– Mənim adım Dəryayi-Cahangirdi, yəni dəryanın içi mənə quru yer kimidi. Bütün dəryaları gəzərəm.
Cantiq də dedi:
– Mənim adım da Cantiqdi, yəni döşümdəki damarı götürsələr ölərəm, qoysalar dirilərəm. Damarı da göstərdi. Bəli, bunlar hər üçü atların mindi, yola düşüb, dərələrdən sel kimi, təpələrdən yel kimi, badi-sərsər kimi, diz qabırğada, ayaq üzəngidə, yol getməyə başladılar. Bir neçə gün yol gedəndən sonra gəlib bir şəhərə çatdılar. Gördülər ki, bir qoca qarı küllükdə toyuq kimi eşələnir. Cantiq dedi:
– Qarı nənə, bizə yer, biz qonağıq, yerimiz yoxdu.
Qarı nənə dedi:
– Bıy, qadan-balan alım, mənim yerim olsa bu küllükdə niyə eşələnirəm. Bunlar bildilər ki, qarı qismi pulagir olar. Tez qarı nənəyə bir az pul verdilər. Qarı nənə pulu görəndə dedi:
– Bıy, sizə canım qurban, yerim də var, yurdum da var. Bir gecə olmasın, on gecə olsun, yerə nə gəlib. Allah sizin kimi qonaqlardan gündə bir otuzun mənə yetirsin. Tez bunları evinə apardı. Bəli, bunlar qarı nənənin evində yeyib içməyə başladılar. Birdən qarı nənədən su istədilər.
Qarı nənə dedi:
– Bala, bu şəhərdə suyun qabağında bir əjdaha yatıb, hər gecə bir qız, başında da bir nimçə plov göndərirlər əjdahaya. Əjdaha qızı yeyib qurtarana kimi şəhərə su gəlir. Odu ki, bu şəhərdə su tapılmır. Əzqəza, bu gecə də padşahın qızının novbatıdı. Bu gecə padşahın qızı gedəcək. Elə ki, axşam oldu, hamı yatdı, Cantiq yavaşca özünü qarı nənənin
yanına verdi. Bir az da pul verib dedi:
– Qarı nənə, gedək, əjdahanı mənə göstər.
Qarı nənə pulu gördü, gəlib uzaqdan əjdahanı Cantiqə göstərdi, özü də tez burnun çəkib, tumanın dartıb qaçdı. Cantiq əjdahadan bir az aralı bir daşın üstündə oturmuşdu. Gördü budu bir gözəl qız, başında bir nimçə plov, əjdahaya tərəf gəlir. Bu qız elə gözəldi ki, misli bərabəri yoxdu. Qaşlar qara, gözlər qara, yanaqlar dağ laləsinə oxşayır. Sifəti ayın on dördü kimi yumru, qəddi-qaməti misli-çinar, uzun-uzun saçları, nar kimi məmələri, on səkkiz yaşında.
Ağlaya-ağlaya budu gəlir. Cantiq qıza dedi:
– Qız, bura gəl!
Qız Cantiqi gördü, dedi:
– Mən ölümə gedirəm, məndən əl çək, mənlə nə işin var?
Cantiq qızı zorla yanına çəkdi, plovu qızın başından götürdü, qoydu qabağına. Tər-təmiz yedi, sonra qıza dedi:
– Bax, gör analar necə oğlanlar doğub.
Qılıncın çəkdi, ya mədəd deyib əjdahaya hücum elədi. Bir az əlləşəndən sonra qılıncı əjdahanın boğazına nə təhər vurdusa, əjdaha o saat yerə yıxıldı. Qanlı su şəhəri basdı. Qız tez əlini qana vurub Cantiqin kürəyinə basdı. Cantiq qızı evlərinə yolladı, özü də tez evə gəldi. Qanlı qılıncı Göydə Ulduz Tanıyanın başının üstünə qoydu, yatdı. Bəli, səhər camaat durdu, gördülər ki, şəhəri su basıb. Hamı sevindi. Heç bilmirdilər nə eləsinlər. Padşah əmr verdi ki, “hər kim əjdahanı öldürüb, gəlsin qızımı ona verəcəyəm”. Bu xəbəri eşidən şəhər cavanları gəlib dedilər: “biz öldürmüşük”. Kim gəldi, qız dedi bu deyil.
Qız dedi:
– Dədə, mən əjdahanı öldürən oğlanın kürəyinə qanlı əlimi basmışam.
Bütün şəhər adamı gəldi, gördülər ki, bunlar heç biri deyil. Bəli, kim qaldı, kim qaldı, qarı nənənin evində üç dənə qonaq qaldı. Padşah adam göndərdi, qonaqlar gəldi. Qız Cantiqi görən kimi dedi:
– Bax, bu oğlandı.
Belində qanı da göstərdi.
Padşah dedi:
– Ey oğlan, mən əhd-peyman eləmişəm ki, hər kim əjdahanı öldürsə, qızımı ona verəcəyəm. Odu ki, biriniz mənim qızımı almalısız, çünki əjdahanı siz öldürmüsüz.
Cantiq dedi:
– Padşah sağ olsun, biz yol adamıyıq. Bir günlüyə sənin şəhərinə qonaq gəldik. Sən nə bilirsən biz kimik, nəçiyik, qızını bizə verirsən.
Padşah dedi:
– Siz qonaq da olsanız əjdahanı öldürmüsünüz. Görürəm qeyrətli, güclü cavansınız. Odu ki, qızı sizə verəcəyəm. Siz bu qədər məxluqu əjdahanın əlindən qurtarmısınız. Bu camaatı susuzluqdan xilas eləmisiniz.
Cantiq gördü ki, heç mümkün deyil, padşah əl çəkməyəcək, dedi:
– Padşah sağ olsun, izin verin biz özümüz bir az fikirləşək, sonar sənə cavab verərik.
Padşah razı oldu. Bunlar gedib fikirləşdilər, axırı belə qərara gəldilər ki, qızı Göydə Ulduz Tanıyana alsınlar. Bəli, padşahın qızını Göydə Ulduz Tanıyana ad elədilər. Qırx gün, qırx gecə toy eləyib, ədəb-ərkanla, Allahın əmrilə, peyğəmbərin şəriətilə padşahın qızını Göydə Ulduz Tanıyanın qoynuna saldılar. Bir neçə gün burada qonaq qalandan sonra Cantiqlə Dəryayi-Cahangir atların minib yola düşdülər. Günə bir mənzil, təyyi-mənazil, dərələrdən sel kimi, təpələrdən yel kimi, badi-sərsər kimi, ayaq üzəngidə, diz qabırğada bir neçə gün yol getdilər, gəlib padşahın şəhərinə çatdılar. Gördülər ki, bir qarı nənə toyuq kimi küllükdə eşələnir.
Dedilər:
– Qarı nənə, bizə bir yer ver, qərib adamıq, yerimiz yoxdu.
Qarı dedi:
– Bıy, qadan-balan alım, mənim yerim olsa bu küllükdə niyə eşələnirəm?
Bunlar o saat bildilər ki, qarı qismi pulagir olar. Odu ki, tez qarıya bir az pul verdilər. Qarı nənə pulu görən kimi dedi:
– Bıy, sizə canım qurban, yerim də var, yurdum da var, bir gecə olmasın, on gecə olsun, yerə nə gəlib. Allah sizin kimi qonaqlardann gündə otuzun mənə yetirsin. Qarı nənə bunları evinə apardı. Bəli, bunlar qarı nənənin evində yedilər, qarınların bərkitdilər. Birdən qarı nənədən su istədilər.
Qarı dedi:
– Bala, şəhərdə suyun qabağında bir əjdaha yatıb, hər gecə bir qızın başında bir nimçə plov göndərirlər əjdahaya, əjdaha qızı yeyib qurtarana kimi şəhərə su gəlir. Odu ki, bu şəhərdə su tapılmır, əzqəza, bu gecə də padşahın qızının novbatıdı. Bu gecə də padşahın qızı gedəcək. Elə ki axşam oldu, hamı yatdı, Cantiq yavaşca özünü qarının yanına verib dedi:
– Qarı nənə, gedək, əjdahanı mənə göstər!
Qarı çəm-xəm elədi, Cantiq bir az pul verdi. Qarı nənə apardı əjdahanı Cantiqə göstərdi. Cantiq bir daşın üstə oturdu, gördü ki, budu bir qız gəlir, başında plov, yemə, içmə, bu qızın xətti-xalına, gül camalına tamaşa elə. Aya, günə deyir sən çıxma, mən çıxacağam. Qərəz, Cantiq bu əjdahanı da öldürdü. Qanlı su şəhərə axdı. Qız tez əlini qana basıb Cantiqin kürəyinə basdı. Cantiq qızı evlərinə yolladı, özü də tez evə gəldi, qanlı qılıncı Dəryayi-Cahangirin başının üstünə qoydu, özü də yatdı. Bəli, çox başağrısı olmasın, bu qızı da aldılar Dəryayi-Cahangirə. Qırx gün, qırx gecə toy elədilər, ədəb-ərkanla, Allahın əmrilə, peyğəmbərin şəriətilə padşahın qızını aldılar Dəryayi-Cahangirə. Bir neçə gün burda qonaq qaldılar, sonra Cantiq tək-tənha atına mindi, yola düşdü. Günə bir mənzil, təyyi-mənazil, dərələrdən sel kimi, təpələrdən yel kimi, badi-sərsər kimi, ayaq üzəngidə, diz qabırğada bir neçə gün yol getdi, gəlib bir yolun kənarında doxsan yaşında bir qoca kişiyə rast gəldi. Kişi Cantiqi görəndə dedi:
– Oğul, hara gedirsən?
Cantiq dedi:
– Gedirəm Pəri xanımın dalınca.
Qoca kişi dedi:
– Oğul, sən gəl bu yolu getmə! Bu yollarda çox adamlar puça çıxıb.
Cantiq dedi:
– Əmi, neçə aylardı ki, yol gəlirəm. Ata-anamı atmışam. Ölüm də
olsa gedəcəyəm.
Kişi gördü ki, Cantiq gedəcək, dedi:
– Ey oğul, indi ki gedirsən, get, Pəri xanımın mənzilinə az qalıb.
Ora çatanda görərsən ki, damın üstündə bir quş uçur. Quşun boynunda bir dəstə açar var. Əgər quşu üç oxa vurdun heç, yox, vura bilməsən daş olarsan. Cantiq qocadan ayrıldı. Bir də gördü ki, qoca yoxdu, qoca qeyb olub. O saat barmağın dişlədi, bildi ki, bu qoca kişi nuranilərdəndi. Cantiq bir az da yol getdi, gördü ki, doğrudan da bir damın üstündə bir quş uçur, quşun da boynunda bir dəstə açar var. Baxıb gördü ki, damın yan-yörəsində bir çox adam var, daş olub qalıb. “Ya mədəd”, – deyib oxu quşa tərəf düzəltdi. Bir ox atdı dəymədi. Cantiq dizinə kimi daş oldu. İkinci oxu atdı, bu da dəymədi, Cantiq qurşağa kimi daş oldu. Var qüvvəsin yığdı, oxu düzəltdi, üçüncü oxu atdı. Ox düz quşun döşünə dəydi. Quş damın üstünə düşdü. Cantiq silkələnib daşdan çıxdı. Tez dama çıxıb açarları götürdü. Qapıları açdı, qırxıncı otağa gəldi. Qırxıncı otağı açanda nə gördü...Həmin dədəsinin evində gördüyü şəklin özü burdadı. Mərmər hovuz içində süd, hər tərəf gül-çiçək. Pəri xanım da bir tərəfdə bu güllərin arasında. Cantiq az qaldı özündən getsin. Pəri xanım Cantiqi tutdu. Bəli, Pəri xanımla Cantiq öpüşdülər, görüşdülər. Cantiq qızın gözəlliyinə heyran qalmışdı. Pəri xanım dedi:
– İndi Cantiq, məni at dalına, qaç! Yüz addım dala baxma, yoxsa dala baxsan, daş olarsan.
Cantiq Pəri xanımı dalına atdı. Elə ki, qapıdan çıxdı, gördü ki, bütün yer, göy, dağ, daş, ağaclar, meşələr, evlər hamısı çağırırlar “tut qoyma”. Səs-küydən az qalır qulaq tutulsun. Cantiq dala baxmayıb qaçdı. Yüz addım gedəndən sonra Pəri xanımı yerə qoyub, yola düşüb getməyə başladı. Az getdilər, üz getdilər, dərə, təpə düz getdilər, gəlib bir şəhərə çatdılar. Bir ev tutdular, burda qaldılar. Bunların evinin dalı dərə idi. Evlərinin də qırx pilləsi vardı. Həyətlərindən qəşəng su axırdı. Bunlar burda bir neçə vaxt yaşadılar.
Bir gün Pəri xanım həyətdəki suda başın yuyurdu. Cantiqi çağırıb dedi:
– Cantiq, sən suyun qabağında dur, qoyma mənim başımın tükünü su aparsın. Çünki hansı bağa mənim başımın tükündən getsə, o bağ yayda da, qışda da meyvə verəcək.
Bəli, Cantiq suyun qabağını tutub əlinə bir çubuq aldı. Suda axan tükləri çubuqla bir-bir tuturdu. Demə Cantiqin gözündən bir tük yayınıb keçir, xəbəri olmur. İşin natarazlığından demə bu su da padşahın bağına axırmış. Elə ki, tük gedir bağa, qışda da bağ üzüm gətirir. Padşahın bağbanı bir gün qışda bağa gedir, görür ki, bağ elə üzüm gətirib ki, meynələr başın yerə qoyub. Bağban lap məəttəl qaldı, qup-quru qurudu. Öz-özünə dedi: cəhənnəmə nə olur-olsun, padşaha üzüm aparacağam. Bağban eşşəyi yüklədi, padşaha üzüm apardı. Padşah gördü ki, budu, bağban eşşəyin hoşluya-hoşluya gəlir. Elə ki, bağban üzümləri padşahın yanına gətirdi, padşah gördü ki, təzə üzümdü. Padşah çox təəccübləndi ki, qışın bu vaxtında bağban təzə üzüm gətirib. Bağbana dedi:
– Bu nədi? Bu üzümü haradan gətirmisən?
Bağban qorxa-qorxa dedi:
– Qibleyi-aləm sağ olsun, bu il qışda da bağ üzüm gətirib. Mən də sənə sovqat gətirdim.
Elə k, padşah bunu eşitdi, qəzəblənib dedi:
– Ey məlun, yəqin ki, bağ hər qış üzüm gətirirmiş, sən gizlədirmişsən.
Yəqin bu il çox gətirib gizlədə bilməmisən, mənə də gətirmisən. O saat əmr elədi, bağbanı zindana saldılar. Özü də bu sirri bilmək üçün ki, nə təhər olub qışda bircə bunun bağı üzüm gətirib, vəziri, vəkili, küpəgirən, küpəminən qarıları başına yığdı. Aradan bir neçə gün keçəndən sonra qarılar bu sirri agah elədilər ki, şəhərdə bir qız var, onun başının tükündən sizin bağa gəlib, odu ki, bağ qışda da üzüm verir. Qarılar Cantiqlə Pəri xanımın bu şəhərə təzə gəldiyini və Pəri xanımın gözəlliyini padşaha danışdılar. Elə ki padşah bu qızın gözəlliyini qarılardan eşitdi, dedi:
– Hər nə təhər olur-olsun, göy göbəyin yerə də qoysa, qızı mənə gətirməlisiz.
Vəzir, vəkil çox tədbir gördülər, axırda işi bu qərara qoydular ki, bu işdə qarılardan başqa heç kim işləyə bilməz. Bir küpəgirən qarı dedi:
– Mən gedib qızı gətirərəm.
Bir gün Cantiq ova getmişdi. Küpəgirən qarı gəlib Cantiqgilin qapısında bir təsbeh qırıb yerə tökdü, başladı onu yığmağa. Elə bu vaxt Cantiq ovdan gəlirdi, gördü ki, qarı nənə təsbeh yığır, dedi:
– Qarı nənə, nə var? Nə yığırsan?
Qarı dedi:
– A bala, qadan-balan alım, elə Kərbəladan gəlirdim, uşaqlar möhür-canamazımı qıldılar. İndi onu yığıram. Bəli, Cantiq qarı ilə təsbeh yığdı, sonra qarı nənəni evinə gətirdi. Elə qarı da Allahdan bunu istəyirdi. Pəri xanım gördü ki, budu, Cantiq gəlir, yanında da bir qarı. Elə ki, bunlar qırxıncı pilləyə çıxdı, Pəri xanım qarı nənənin döşündən bir təpik vurdu. Təpik elə bərk dəydi ki, qarı nənə qırx pillədən aşağı getdi. Elə ki, Pəri xanım qarı nənəni vurdu, Cantiq dedi:
– Pəri xanım, qarı nənəni niyə döyürsən?
Pəri xanım dedi:
– Qarı qismindən adama xeyir gəlməz. Odu ki, mən vurdum.
Elə ki, qarı yaxşı oldu, indi də başqa bir cildə girib Cantiqgilin qapısında təsbeh qırıb möhür-canamaz dağıtdı. Yenə Cantiq gəldi, başladı qarı nənəyə kömək eləməyə, dedi:
– Qarı nənə, bu nə işdi? Möhür-canamaz niyə bura dağılıb?
Qarı nənə yenə dedi:
– A bala, qadan-balan alım! Elə Xorasandan gəlirdim, bu uşaqlar, mərdimazarlar mənim canamazımı dağıtdılar, indi də mən oturmuşam yığıram. Cantiq yenə qarı ilə təsbehi yığdı, sonra qarını evə gətirdi. Pəri xanıma dedi ki:
– Sən mənim canım, qarıya dəymə!
Bəli, qarı nənə evə gəldi, yedilər, içdilər, bunlar otaqda, qarı nənə də qəfxanada yatdılar. Elə ki, səhər oldu, Cantiq getdi öz işinin dalınca. Qarı nənə Pəri xanıma yaxınlaşdı, başladı yavaş-yavaş Pəri xanımı yerindən eləməyə, dedi:
– A qızım, sənin ərinin adı nədi?
Pəri xanım dedi:
– Cantiqdi.
Qarı dedi:
– Yaxşı, a qızım, Cantiq nə deməkdi? Cantiqin mənası nədi?
Pəri xanım dedi:
– Qarı nənə, mən bunun mənasını bilmirəm.
Qarı dedi:
– A qızım, qadan-balan alım, görünür ki, Cantiq səni istəmir. O səni istəsəydi öz adının mənasını sənə deyərdi.
Pəri xanımı fikir aparıb dedi:
– Elə doğrudan da Cantiq məni istəmir. Yoxsa o məni istəsəydi indiyə kimi öz adının mənasını mənə deyərdi. Başladı qaşqabağın tökməyə. Elə ki, axşam oldu. Cantiq gəldi gördü ki, Pəri xanımın qaşqabağı yernən gedir. Cantiq bu işə təəccüb elədi. Həmişə Cantiq evə gələndə Pəri xanım Cantiqin qabağına çıxardı. Qolların boynuna salardı. Amma bu gün Pəri xanım qaşqabağını elə töküb ki, heç olmayan kimi.
Cantiq Pəri xanımın yanına gəlib dedi:
– Pəri xanım, nə olub sənə, olmasın azar, naxoşlamısan?
Pəri xanım dedi:
– Sən deyirsən mən səni çox istəyirəm, amma deməyinən sən məni heç istəmirsən. Cantiq and-aman elədi ki, mən səni dünyada hər şeydən çox istəyirəm.
Pəri xanım dedi:
– İndi ki, sən məni istəyirsən, bəs niyə indiyə kimi adının mənasını
mənə deməmisən?
Cantiq dedi:
– Yaxşı, gecə deyərəm.
Elə ki, gecə oldu, qarı nənə qəfxanada, Cantiqlə Pəri xanım da otaqda yatdılar. Pəri xanım başladı.
– İndi adının mənasını de Cantiq durdu, baxdı ki, görsün qarı yatıb, yox. Elə ki, qarı gördü Cantiq durdu, tez özün yuxuluğa vurdu, xor-xor xoruldadı. Elə ki, Cantiq qayıtdı, qarı nənə qapının arasından qulaq asmağa başladı.
Cantiq Pəri xanıma dedi:
– Bu döşümdəki damarı görürsən? Bu damarı götürsələr, mən ölərəm. Yox, damarı yenə qoysalar dirilərəm. Elə qarı bunu eşitdi, dedi mənə də bu lazımdı. Bəli, nə başını ağrıdım, gecənin bir yarısı Cantiq də, Pəri xanım da şirin yuxuda yatmışdılar. Qarı yavaş-yavaş Cantiqgilə tərəf gəldi. Yavaşca onun döşündən damarı götürüb dəryaya atdı. Cantiq öldü. Pəri xanım qara-qışqırıq saldı. Qarı dedi:
– Heç çığır-bağır salma! Qara-qışqırıq eləmə! Bu saat sən mənim əlimdəsən.
Qarı Pəri xanımı dalına atıb düz padşahın qəsrinə gətirdi. Pəri xanımı bir otağa qoydular. Pəri xanım əlinə bir kas zəhər alıb dedi:
– Kim yaxın gəlsə, bu zəhəri içəcəyəm.
Odu ki, qorxdular Pəri xanım özün öldürsün, belə gözəl qız əldən çıxsın, heç kim yaxın gəlmirdi, gözləyirdilər ki, bəlkə Pəri xanım özü yumşala. Pər xanım burada qalmaqda olsun, Cantiq də orada, sənə kimdən deyim, Göydə Ulduz Tanıyandan. Bir gün Göydə Ulduz Tanıyan öz-özünə dedi: baxım bir görüm mənim qardaşlarım nə təhərdilər. Gecə çıxdı ulduzlara baxdı, gördü ki, Cantiqin ulduzu sapsarı saralıb, dedi: eyvay, yəqin Cantiqin başında bir iş var. Tez ordan qıs-qıvraq geyinib, yola düşüb, dərələrdən sel kimi, təpələrdən yel kimi, badi-sərsər kimi, ayaq üzəngidə, diz qabırğada, ağamı Allah saxlasın, qoyma gəldi, düz birbaş Dəryayi-Cahangirin yanına gəldi. Elə ki, Dəryayi-Cahangiri gördü, dedi:
– Qardaş, Cantiqin başında bir iş var. Özümüzü ona yetirməliyik.
Budu, Göydə Ulduz Tanıyanla Dəryayi-Cahangir qıs-qıvraq geyindilər, yola düşüb soraqbasoraq gəlib Cantiqin evin tapdılar. İçəri girdilər, gördülər ki, Cantiq ölüdü. Damar döşündə yoxdu. O saat Dəryayi-Cahangir özün dəryaya vurdu. Çox gəzdi, az gəzdi, axırda bir balaca balıq tapdı. Sudan çıxdı, Göydə Ulduz Tanıyana dedi:
– Bu balıqdan başqa əlimə bir şey keçəmdi.
Göydə Ulduz Tanıyan balığın qarnın yırtdı. Gördü ki, damar balığın qarnındadı. Tez Dəryayi-Cahangiri çağırdı. Bəli, sözün qisası damarı götürdülər, gətirib Cantiqin döşünə qoydular. Elə ki damarı Cantiqin döşünə qoydular, Cantiq asqırıb ayıldı, dedi:
– Pah qardaş, bağışla, yuxuya qalmışam.
Qardaşlar dedi:
– Ay özün öləsən, Pəri xanım hanı?
Cantiq o yana, bu yana baxdı, gördü doğrudan da Pəri xanım yoxdu, təəccübləndi. N&%2#305;n gəl!
Elə ki, padşahın oğlu yaxına gəldi, başın bədənindən ayırdılar. De belə-belə padşahın üstünə hücum elədilər. Padşahı öldürdülər. Gördülər ki, Pəri xanımın əlində bir kasa zəhər, deyir: “hər kəs yaxın gəlsə zəhəri içəcəyəm”. Elə ki, birdən Cantiqi gördü, zəhəri atdı yerə, Cantiqin boynuna sarıldı. Bunlar padşahın bütün dövlətini qatırlara çatdılar, yola düşüb Dəryayi-Cahangirin arvadı olan şəhərə gəldilər. Orada da Dəryayi-Cahangirin qayınatası bunlara çoxlu d&ou#305;n gəl!
Elə ki, padşahın oğlu yaxına gəldi, başın bədənindən ayırdılar. De belə-belə padşahın üstünə hücum elədilər. Padşahı öldürdülər. Gördülər ki, Pəri xanımın əlində bir kasa zəhər, deyir: “hər kəs yaxın gəlsə zəhəri içəcəyəm”. Elə ki, birdən Cantiqi gördü, zəhəri atdı yerə, Cantiqin boynuna sarıldı. Bunlar padşahın bütün dövlətini qatırlara çatdılar, yola düşüb Dəryayi-Cahangirin arvadı olan şəhərə gəldilər. Orada da Dəryayi-Cahangirin qayınatası bunlara çoxlu dövlət verdi. Dəryayi-Cahangirin arvadın da götürüb yola düşdülər. Günə bir mənzil, təyyi-mənazil gəlib Göydə Ulduz Tanıyanın arvadının yanına çıxdılar. Burada da Göydə Ulduz Tanıyanın qayınatası qızına çoxlu cehiz verdi. Bunları da yığışdırdılar, qatırlar, dəvələr yükləndi, bir karvan, üç qız, üç oğlan, hərəsi bir atda yola düşüb, günə bir mənzil, təyyi-mənazil, dərələrdən sel kimi, təpələrdən yel kimi, badi-sərsər kimi, ayaq üzəngidə, diz qabırğada, az getdilər, üz getdilər, dərə, təpə düz getdilər, axırda gəlib həmin görüşdükləri çeşmənin başına çatdılar. Burada yorğunluqlarını aldılar, qarınların bərkitdilər, sonra dedilər, indi gəlin bölüşək. Bəli nə qədər ki, mal-dövlət vardı, dədə malı kimi üç yerə böldülər. Sonra dedilər:
– İndi də qızları bölək.
Pəri xanım dedi:
– Göydə Ulduz Tanıyan, sən öz arvadının halına-əhvalına bələdsən, Dəryayi-Cahangir də öz arvadının halına-əhvalına bələddi, mən də Cantiqin halına-əhvalına bələdəm. Elə belə bölüşək! Bu işdən xoşlanıb elə belə də bölüşdülər. Göydə Ulduz Tanıyan öz arvadını, malını götürüb günbatan tərəfə, öz vətəninə tərəf getdi. Dəryayi-Cahangir də öz malını, arvadını götürüb günçıxan tərəfə getdi, Cantiq də öz mallarını, Pəri xanımı götürüb dədəsinin şəhərinə tərəf getdi. Elə ki, şəhərə yaxınlaşdı, gördü ki, bir çobanın qabağında nə qədər qoyun var, hamısı qaradı, özü də qara geyinib.
Cantiq çobandan soruşdu:
– Çoban qardaş, niyə belə hər şey qaradı?
Çoban dedi:
– Əşi, bizim bu dəli padşahın bir gic, axmaq oğlu vardı. Üç-dörd il bundan qabaq, nə bilim hara baş alıb çıxıb gedib. Nə bilim deyirlər ki, guya bir qızın dalınca gedib. Qız da tilsimdə imiş. Ancaq hələ də ondan bir xəbər yoxdu. İndi nə bilim, a qardaş oğlu, bu it oğlu padşah bizi də, heyvanları da həmişə qara içində saxlayır. Kim nə bilir indi o harada öldü, qaldı.
Cantiq məsələni bildi, dedi:
– Yaxşı, çoban qardaş, indi padşahın oğlu gəlsə, onda padşah neynəyəcək?
Çoban dedi:
– Nə bilim, deyir ki, kim muştuluq gətirsə ki, oğlun gəlir, onu dünya malından qəni eləyəcəyəm.
Cantiq dedi:
– Çoban qardaş, onun oğlu mənəm. Get padşaha xəbər ver, muştuluq al! Mən burada sənin qoyunlarını gözlərəm.
Çoban bunun sözünə inanmadı, gülüb dedi:
– Əşi, məni ələ salma! Allah bilir indi o harada ölüb qalıb. Cantiq Pəri xanımı da göstərdi, dedi:
– Bu da qız, gətirmişəm.
And içdi çobanı inandırdı. Çoban dabanına tüpürüb yıxıla-yıxıla padşahın qəsrinə qaçdı. Çobanı padşahın yanına buraxdılar. Çoban təngənəfəs dedi:
– Padşah sağ olsun, muştuluğumu ver, oğlun gəlir. Padşah elə bildi ki, çoban yalan deyir, əmr elədi çobanı zindana
saldılar. Dedi:
– Gedin baxın, əgər oğlum gəlsə, çobana xələt xələt üstündən, yox, gəlməsə, çobanı qiymə kimi doğradacağam. Bəli, çoban zindana salındı. Bir neçə atlı gedib gördülər ki, Cantiq Pəri xanımı götürüb gəlib. Tez padşaha xəbər verdilər ki, doğrudan da Cantiq gəlib. Tez padşaha xəbər verdilər ki, doğrudan da Cantiq gəlib. Padşah çobanı buraxdı, çoxlu mal-dövlət verdi. Qəsrdən ta Cantiq olan yerə kimi xəlçələr döşəndi, hamı pişvaza çıxdı. Cantiqi evə gətirdilər. Padşah oğlunda belə cürəti gördü, təzədən qırx gün, qırx gecə Cantiqə toy elədi. Tacı da öz başından götürüb Cantiqin başına qoydu. Yedilər, içdilər, mətləblərinə yetişdilər. Göydən üç alma düşdü. Biri mənim, biri nağıl deyənin, biri də özümün. Sən sağ, mən salamat. Sən yüz yaşa, mən iki əlli. Hansı çoxdu, sən götür!

Səhifələr: 1
 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo