Bir gün altı dul arvad bir yerdə toplaşdılar. Bunların biri təklif edir ki, gəlin hər birimiz öz başına gələni söyləsin. Arvadlar bu təklifə razı oldular. Əvvəlinci arvad başlayır: – Bir gün ərim xeyli qoyun quyruğu almışdı. Mən də biləgimi çirməyib bunu əritdim. Yağını küpələrə doldurdum, cızdağını beş-altı gün yedik. Baxdım gördüm ki, bu cızdax qurtarası deyildir. Götürüb bundan bir yastıq tikdim. Bir gün ərim həmən yasdığı başının altına qoyub yatmışdı. Bir vəqt gördüm ki, kişinin başının ortasında bir qurd var. Kişini yuxudan oyatmaq istəmədim. Tez gedib bir ağac gətirdim ki, qurdu öldürəm. Ağacı vuranda qurd öldüsə də, kişinin başı yarıldı. Kişi qorxmuş yuxudan qalxıb əhvalatı biləndən sora məni bərk döydü, özümü də boşadı. İkinci arvad deyir ki: – Ay bacım, sənin namhala bir təqsirin varmış, amma mənim ərim məni lap təqsirsiz boşadı. Bir gün kişi evə bir araba qənd gətirmişdi.
Qonşu arvadlar həmişə mana diyərlərdi ki, istəyirsən ki, kişinin xoşuna gələsən, özünü kişiyə şirin göstərməyə çalış. Buna görə mən də qalxıb qəndləri parçalayıb həvizə, quyuya, müxtəsər nə qədər su qabı varıdısə tökdüm. Axşam kişi gəldi aftafanı gətirib dəstəmaz alıb məndən soruşdu: – Arvad, bu nətər sudu ki, şirə kimi əlimə, üzümə yapışır. Mən heç cavab vermədim. Sora kişi satılı götürüb gedib quyudan su çəkdi və bir qab sudan içəndə gördü ki, su şirin dadır. Məndən xəbər aldı: – Arvad, bu su niyə şirin dadır. Cavab verdim: – Ay kişi, Allahdan gizlin deyil, bəndədən nə gizlin. Sənə şirin görükməkdən ötəri gətirdigin qəndi suya tökdüm. Bunu eşidəndə kişi qabaqca məni bərk döydü, sora da boşadı. Üçüncü arvad deyir: – Mənim heç təqsirim olmamışdı. Bir gün ərim evə bir tay xına gətirmişdi. Kişi çoxdan söyləyirdi ki, evi suvadıb rənglədəcəyəm. Əmma rənglətməyirdi. Bir gün qollarımı çırmıyıb xınanın hamısını isladıb evi suvadım. Axşam kişi evə gələndə qabağına yüyürüb muştuluq istəyib dedim: – Çoxdan bəri evi suvadacağam deyib, suvadmayırdın, imdi özüm çox gözəl suvamışam. Kişi soruşdu: – Nə ilə suvadın? Dedim: – Elə deyirdin ki, behiştin suvaxı xınadandır. Mən də evi xına ilə suvadım. Bunu eşidən kimi, kişi məni bərk döydü və sora boşadı. İndi baxın görün heç təqsirim varmı? Dördüncü başladı: – Ay bacılar! Sizin az-çox təqsiriniz olmuş. Amma məni ərim təqsirsiz boşadı. Kişi həmişə mana deyirdi: – Sənə bir kəndir alacağam, qulluğunu eləsin, amma almayırdı. Bir gün kişi evə çoxlu qızıl gətirmişdi. Baxdım gördüm ki, bir kişi küçədə deyir, ay kəndir alan! Tez küçəyə yüyürüb qızılları verib kişinin kəndirinin hamısını aldım və gətirib evlərə, mütbəxə, darvazaya bağladım. Axşam kişi evə gəlib darvazanı gəzəndə gedib açmadım ki, kəndir özü açar, kişi nə qədər döydüsə kəndir qapını açmadı. Fikir etdim ki, yəqin otarır, axırda, özüm gedib açdım. Kişi dedi: – Arvad niyə gec gəldin, nə iş görürdün ki, gəlib qapını açmadın? Dedim: – Ay kişi, çoxlu kəndir almışam, gözlədim ki, o gedib açsın. Amma biçarə xaş olduğundan, utanıb gedib açmadı. Axırda özüm gedib açdım. Kişi dedi: – Arvad, kəndir nədir? Dedim: – Sən mana həmişə diməyirdin ki, kəniz alacağam. Mən də evdəki qızılları verib çoxlu kəndir aldım. Bunu eşidən kimi kişi qabaqca məni bərk dögdü, sora boşadı. Beşinci arvad: – Ərim bəzzaz idi, evə çoxlu çit gətirmişdi. Baxıb gördüm ki, çitləri toz basmış. Bir gün qollarımı çırmayıb çitlərin hamısını yuyub sərdim. Axşam kişi evə gələndə, qabağına yüyürüb dedim: – Əlmuzdumu ver. Dedi: – Nə əlmuzdu? Dedim: – Çitləri toz-torpaq basmışdı, hamısını yuyub sərdim. Kişi baxıb gördü ki, çitlərin hamısı solub xarab olub. Məni bərk döyüb boşadı. Altıncı arvad: – Bacılarım mənim heç təqsirim olmamış. Heç əlacımız yox, varyox bir keçimiz var idi. Bir gün gördüm qonşumuzda toy olur. Hamı qızlarını bəzəyib toya göndərir. Doğrusu ki, ürəyim xarab oldu. Gəlib keçiyə öz paltarımı geydirib qızıllarımı taxıb toy olan evə göndərdim. Əmma keçi əlimdən qurtaran kimi düz başaşağı qaçdı. Axşam kişi gəlib keçini soruşanda, əhvalatı söylədim. Kişinin acığı tutub məni bərk döydü və sora da boşadı. Altı dul qadının hekayəsi bununla bitir.