top image
 
 
Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z
Təsadüf Azərbaycan nağılı

Təlimli pişik

Bir tacir var imiş. Bir gün fikrinə düşür ki, ticarət üçün özgə vilayətə getsin. Odur ki, xeyli mal alıb, tədarük görüb, əhli-əyaliylə vidalaşıb yola düşür. Mənzilbəmənzil gəlib axırda bir səhərə yetişir. Burada bir karvansarada mənzil edir. Bu vilayətin qaydası elə imiş ki, hansı tacir bu şəhərə gəlsəymiş, gərək padşaha layiq bir şey apararmış və padşah o taciri gecə qonaq edib, onunla nərd oynarmış.
Tacir də bir xeyli parça bir xonçaya qoyub padşahın hüzurinə aparır. Söhbət əsnasında padşah tacirə deyir:
– Gəl mənim ilə nərd oynayaq və mənim bir pişiyim var, o axşamdan sabaha kimin quyruğunun üstündə yeddi çıraq saxlar. Mən o pişiyi çağıraram. Hərgah axşamdan sabaha kimi quyruğunun üstündə yeddi çıraq saxladı. onda sizin dövlətlərinizin cümləsi mənim olsun. Yox, saxlamasa, onda mənim xəzinəmin təmamisi sizin olsun. Tacir əlacsız şərti qəbul edir. Padşah səslənən kimi bir pişik hazır olur, quyruğunu dügümlüyüb padşahın hüzurunda əyləşir. Padşahın əmri ilə götürüb bunun quyruğunu üstünə yeddi çıraq qoyurlar. Padşah tacir ilə nərd oynamağa başlayır. Üç gün, üç gecə nərd oynayırlar.

Pişik əvvəl hərəkət etməyir, axırda tacir qalxıb məğlub olduğuna qərar verir. Padşah əmr edir ki, tacirin qollarını bağlayıb zindana saldılar. Padşah tacirin cəmi mal-dövlətini zəbt edir. Tacirin bir nökəri əhvalatı belə görəndə qaçıb gəlib əhvalatı tacirin arvadına xəbər gətirir. Tacirin arvadı isə bir xeyli siçan tutdurub bir sandığa doldurur və bir xeyli qızıl və gümüş götürüb libasını də dəyişib kişi paltarı geyib bir karvan ilə yola çıxır. Mənzilbəmənzil gəlib həmən əri dustaq olan şəhərə çıxır. Bu da əri kimi bir xonça bəzəyib, padşahın hüzuruna aparır və öziylə gətirdiyi siçanları nökərlərinə verib tapşırır:
– Mən padşah ilə nərd oynamağa məşğul olanda siçanları qapının arasından bir-bir içəri buraxın.
Padşah bunu da çox hörmət ilə qəbul edir. Söhbət əsnasında buna nərd oynamağı təklif edir. Arvad qəbul edir. Padşah səslənən kimi bir pişik içəri daxil olub padşahın hüzurinə quyruğunu düyünləyib əyləşir. Götürüb bunun quyruğunun üstünə yeddi çıraq qoyurlar.
Bunlar nərd oynamağa başlayırlar. Bu halda nökərlər siçanın birikisini içəri buraxırlar, pişik siçanları gördükdə hərəkət etmək istəyir. Padşah buna gözünü ağardanda pişik sakit olub yerində qalır. Bir az keçir, nökərlər siçanın bir neçəsin də içəri buraxırlar. Siçanlar evdə oynamağa başlayırlar. Bunları görüb pişik artıq səbir edə bilməyib, çıraqları töküb siçanların birini burdan birini ordan basmarlayır. Arvadın işarəsi ilə nökərlər içəri daxil olub padşahın qollarını bərk bağlayıb zindana salırlar və taciri də xilas edirlər. Camaat padşahın zülmündən təngə gəlmiş imiş. İşi belə görəndə yığılıb taciri özlərinə padşah seçirlər. Tacir də onlar ilə ədalət ilə rəftar etməyə başlayır.

Səhifələr: 1
 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo