top image
 
 
Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z

Daşdəmirin nağılı

Biri var idi, biri yox idi, Fatı qarı adlı bir arvad var idi. Fatı qarının qohumdan-qardaşdan, oğuldan-qızdan Daşdəmir adlı aman-zaman bir oğlu var idi. Daşdəmir çox ağıllı oğlan idi. Atası Zaman kişi hələ balaca vaxtından onun belə ağıllı olduğunu görüb Mirzə Möhsün adlı bir müəllimin yanına qoymuşdu ki, dərs oxusun. Daşdəmir bir neçə ilin içində əməlli-başlı yazıb-oxumağı öyrənmişdi.
Mirzə Möhsün gündə cürbəcür köhnə kitablar oxuyardı, əhvalatlar danışardı. Daşdəmir Mirzə Möhsünü o qədər sevirdi ki, gecələr də ondan ayrılmaq istəmirdi. Ancaq iş elə gətirdi ki, Daşdəmir Mirzə Möhsündən ayrılmalı oldu.

Daşdəmirin atası Zaman kişi çox bacarıqlı, zəhmətsevən bir bağban idi. Gecə yatmayıb, gündüz dincəlməyib, özünə gözəl bir bağça düzəltmişdi. Bağçada elə gözəl güllər, elə gözəl meyvələr var idi ki, görən heyran qalırdı.
Necə deyərlər, Zaman kişinin bağçasında can dərmanı desəydin var idi. Zaman kişi bu güllərdən, meyvələrdən satıb külfətini dolandırırdı.
Zaman kişinin bu bağçası şəhərin kənarında, bir dəyirmanın yanında idi. Daşdəmir hələ bir yaşında olduğu zaman, bu dəyirmanda qəribə bir iş olmuşdu. Bir gün səhər qonşular yuxudan durub gördülər ki, dəyirmançını da, arvadını da boğublar. Qonşular nə qədər soraqlaşdılar, axtardılarsa heç bir şey tapa bilmədilər. Bu işdən sonra bu dəyirmana heç kəs sahib durmadı. Dəyirman yavaş-yavaş xarabaya çevrildi.
Bu xaraba dəyirman haqqında camaat qəribə əhvalatlar danışmağa başladı. Bəziləri deyirdilər ki, bu dəyirmanda cinlər olur, bəziləri deyirdi quldurlar olur.
Zaman kişi ağıllı, bacarıqlı olduğu kimi, həm də igid idi. Heç bir şeydən qorxmazdı. Dəyirmançı ilə arvadının dəyirmanda boğulmaqları Zaman kişini fikrə salmışdı. Elə həmişə bu barədə fikirləşirdi. O bilirdi ki, cin adlı şey yoxdu.
Gecələrin birində Zaman kişi evdə yatmışdı, birdən dəyirmandan bir qışqırtı eşidildi. Zaman kişi dik qalxıb pəncərəyə yaxınlaşdı, xaraba dəyirmana baxdı. Çox qaranlıq idi. Amma Zaman kişinin iti gözləri bəzi şeylər seçirdi. Dəyirmançının həyətində bir neçə qaraltı elə bil ki, süpürləşirdilər. Onlar boğuşa-boğuşa içəriyə çəkildilər. Sonra bir səs də eşidildi. Amma bu səs qışqırıq deyildi, zarıltı idi. Elə bil, kimi isə boğurdular. Zaman kişi davam gətirə bilmədi. Fatı qarını da oyadıb, heç bir söz demədən dəyirmana cumdu. Səhər dəyirmandan iki adamın ölüsünü tapdılar. İkisi də boğulmuşdu. Bunlardan birini heç kəs tanıya bilmədi. Amma biri Zaman kişi idi.
Fatı qarı nə qədər oyana-buyana qaçdısa, bir şey çıxmadı. Axırda Mirzə Möhsünün yanına gedib padşaha ərizə yazdırdı. Padşah heç ərizəyə cavab da vermədi.
Fatı qarı oğlu Daşdəmirlə qaldı. Daşdəmir Mirzə Möhsündən heç ayrılmaq istəmirdi. Amma iş elə gətirdi ki, ayrılıb bağçanın işi ilə məşğul olmağa məcbur oldu.
Aylar keçdi, illər dolandı, Daşdəmir on beş, on altı yaşlarına çatdı.
Həm ağıllı, həm də igidliyi ilə ətrafda şöhrət qazandı.
Günlərin bir günündə məhəllə cavanları içərisində mübahisə düşdü ki, kim özünü igid bilir, gedib xaraba dəyirmana mıx vursun.
Daşdəmir yerindən durdu ki:
– Mən gedirəm.
Cavanlar gətirib Daşdəmirə bir mıx verdilər, bir də bir balta.
Daşdəmir o qədər gözlədi ki, qaranlıq düşdü. Mıxı, baltanı, bir də zoğal ağacını götürüb dəyirmana getdi. Daşdəmir qorxmurdu.
Amma xaraba dəyirman haqqında o qədər danışmışdılar ki, içəriyə girəndə onu vahimə basdı. Odur ki, ağacı çiynində hazır tutub fit çala-çala içəriyə girdi. Elə qaranlıqda yavaş-yavaş irəliləyirdi ki, arxadan bir səs eşitdi:
– Kimsən, dayan!
Daşdəmir geri döndü. Baxdı ki, dəyirmanın qapısını bir adam kəsib, amma bu adamın üzü qara bir dəsmalla örtülüdü, ancaq iki gözü görünür. Daşdəmir yavaşca çiynindəki ağacdan möhkəm yapışıb bir addım geri çəkildi.
Üzüörtülü adam dedi:
– Bəs sən bilmirsən ki, bura cinlərin məskənidi? Bəs sən bilmirsən ki, buraya quş gəlsə qanad salmamış, qatır gəlsə dırnaq tökməmiş, adam gəlsə başını verməmiş qurtara bilməz?
Daşdəmir dedi:
– Bəli. Mən çoxlarından eşitmişəm ki, bura cinlərin məskənidi.
İndi sən də deyirsən. Ancaq indi başa düşürəm ki, bunlar hamısı yalan imiş. Çünki sən cin deyilsən, adamsan.
Üzüörtülü adam dedi:
– Əgər sən məni cin bilsəydin, mən səni bəlkə buradan sağ buraxa idim. İndi ki, sən mənim adam olduğumu bilibsən, gərək səni boğam ki, bu sirri heç kəsə deməyəsən.
Bunu deyib üzüörtülü adam Daşdəmirə hücum elədi. Daşdəmir onu yaxına buraxmayıb təpəsinə bir ağac ilişdirdi. Üzüörtülü adam geri çəkilib qılıncını siyirdi. Daşdəmirin üstünə gəldi. Daşdəmir ağacla, üzüörtülü adam qılıncla bir müddət vuruşdular. Axırda üzüörtülü adam vurub ağacı yerə saldı. Daşdəmiri silahsız görüb qılıncı onun başından endirmək istəyəndə, Daşdəmir cəld o biri əlindəki baltanı qabağa verdi. Qılınc baltaya elə güclü dəydi ki, qəbzəsindən qırılıb yerə düşdü. Üzüörtülü adam işi belə görəndə dəyirmanın dibinə tərəf qaçdı. Orada nə isə bir şaqqıltı eşidildi, üzüörtülü adam yox oldu. Daşdəmir nə qədər axtardısa, heç kəsi tapa bilmədi. Bir istədi ki, haray salıb camaatı buraya töksün. Amma fikirləşdi ki, belə işin üstü açılsa, tapmaq çətin olar. Bu gərək sirr olub qala.
Tez əlindəki mıxı yerə çaldı. Ağacını, baltanı, bir də vurub yerə saldığı qılıncı götürüb evlərinə gəldi. Gecəni səhərə qədər Daşdəmir yata bilmədi ki, bu işin axırına necə çatsın? Bu sirri necə açsın? Axırda bu qərara gəldi ki, gedib əhvalatı Mirzə Möhsünə danışsın. O ağıllı adamdı. Məsləhət verib, yol göstərə bilər. Eləcə də elədi. Səhər Mirzə Möhsüngilə getdi. Əhvalatı, necə ki, olmuşdu, danışdı. Mirzə Möhsün diqqətlə qulaq asdı, qılınca baxıb dedi:
– Oğlum, cin-zad deyirlər, bunlar hamısı yalandı. Oradakılar adamdırlar. Dəyirmançını da arvadı ilə onlar boğublar, yetim atanı da onlar öldürüblər. İndi də səni öldürmək istəyirmiş ki, sirr açılmasın.
Ancaq sən yaxşı eləyibsən ki, bu barədə heç kəsə heç bir söz deməyibsən.
Bu cür sirləri ancaq səbirlə, tədbirlə açmaq olar. Qulaq as, gör sənə nə deyirəm. Bizim şəhərin padşahı cavan bir adamdı. Amma onun çox hiyləgər bir vəziri var. Çoxdandı ki, bizim şəhərdə böyük bir quldur dəstəsi əmələ gəlib. Ayda bir dəfə, iki dəfə karvanların qabağını kəsib soyurlar. Padşah nə qədər əlləşirsə bu quldurları tapa bilmir.
Axırda padşah bu qərara gəlib ki, şəhərin dünyagörmüş ağıllı adamlarını çağırıb bu barədə onlarla məsləhətləşsin. İki gün bundan qabaq məni də çağırmışdı. Mən ona dedim ki: – padşah sağ olsun, əgər bu quldur dəstəsi şəhərin böyük adamları ilə əlaqədar olmasaydı, çoxdan tapılmışdı.
Çox güman var ki, bu quldurlar saraydakı adamlarla əlbirdirlər. Mənim bu sözlərim onun çox xoşuna gəldi. İndi baxıram ki, mən elə bu sözü deməkdə haqlıymışam. Bu qılıncı ki, sən vurub qırıbsan, bu şahanə qılıncdı. Bax, burada padşahın nişanı da var. Belə qılıncları padşah ən yaxın adamlarına bağışlayır. İndi tapmaq lazımdı ki, bu qılınc kimindi.
Daşdəmir sevincək dedi:
– Onu tapmağa nə var ki? Aparıb bu qılınc tiyəsini şaha verərik.
Özü tapar ki, kimindi.
Mirzə Möhsün dedi:
– Yox, oğlum! Bu çox qorxulu yoldu. Bəlkə bu qılınc tiyəsi padşahın çox yaxın adamlarından birinindi. Onda padşah öz adamını ələ verməmək üçün bizim başımızı batıra bilər. Belə işləri ancaq səbir və tədbirlə açmaq olar.
Mirzə Möhsün qılıncı evdə gizlətdi, özü də durub padşahın yanına getdi. Daşdəmir də evlərinə qayıtdı.
Daşdəmir gəlib gördü ki, padşahın qoşun böyüyü Abas bəy bunların həyətindədi. Özü də anası Fatı qarı ilə deyişir. Soruşdu:
– Nə var? Nə olub?
Abas bəy dedi:
– O olub ki, gərək bu evdən çıxıb gedəsiniz. Bu ev də, bu bağça da bizimdi.
Daşdəmir dedi:
– Yaxşı, bu ev nə vaxtdan sizin olub?
Abas bəy dedi:
– Bu gecədən.
Daşdəmir dedi:
– Mən başa düşmürəm. Bu ev mənim atamdan qalmadı. Necə olub ki, bu gecədən o, sizin olur.
Abas bəy dedi:
– Mən işi məhkəməyə vermişəm. Sabah gəlib orada bilərsən.
Abas bəy bunu deyib çıxıb getdi. Daşdəmir gözlədi, elə ki gecə oldu, durub Mirzə Möhsüngilə getdi ki, əhvalatı ona desin. Amma
Mirzə Möhsünü evdə tapa bilmədi. Mirzənin çox ağıllı, çox da gözəl bir qızı var idi. Adı Nardan idi. Nardan qabağa çıxıb dedi ki, Mirzə Möhsün hələ qayıtmayıb. Daşdəmir evə döndü.
.Səhər iki nəfər silahlı gəlib Daşdəmiri məhkəməyə apardılar.
Abas bəy də öz adamları ilə gəldi, məhkəmə başlandı. Abas bəy danışıb dedi:
– Mən bu gecə yuxuda görmüşəm ki, evi bağça ilə bərabər mənim atam bunun atasına vermiş. İndi mən istəyirəm ki, bağı da, evi də geri qaytarsınlar.
Abas bəyin bu sözünə Daşdəmir qəhqəhə çəkib güldü. Öz ürəyində dedi: “Gör bu nə qədər ağılsız adamdı. Özü axmaqdı, elə bilir ki, hakim də axmaqdı, heç yuxuda görməklə də bir adamın evini alıb bir başqasına verərlər?”.
Daşdəmirin gülməyinə hakim hirsləndi ki:
– Niyə gülürsən? Yaxşısı budu ki, get, evini, bağını qaytar özünə.
Daşdəmirin gözləri kəlləsinə çıxdı, dedi:
– Hakim sağ olsun, belə də iş olar? Nə olsun ki, o yuxuda görüb?
Məgər hər adamın yuxuda gördüyü şey elə doğru olar?
Hakim hirslənib dedi:
– Hər adamın yuxuda gördüyü doğru olmaz. Amma Abas bəyin gördüyü doğru olar. O, hörmətli adamdı. Padşahın qoşun böyüyüdü. Belə adam yalandan yuxu görməz ki... İndi ki, görüb, demək doğrudu, sənə üç gün möhlət verirəm. Üç günə qədər evi də, bağı da təhvil verməlisən.
Daşdəmir nə qədər danışdısa heç bir şey çıxmadı. Qayıdıb evlərinə gəldi, bir ərizə yazıb padşaha göndərdi. Sabahısı ərizəsinin cavabı gəldi. Padşah məhkəmənin qərarını təsdiq eləmişdi. Daşdəmirin ərizəsi rədd olunmuşdu.
Daşdəmir birbaş getdi Mirzə Möhsüngilə ki, əhvalatı ona xəbər versin. Amma Mirzə Möhsüngilin qapısını nə qədər döydüsə cavab verən olmadı. Axırda bir qonşu çıxıb dedi ki:
– Mirzə Möhsüngildə heç kəs yoxdu. Mirzə özü üç gündü itib. Qızı da iki gün bundan qabaq köçüb gedib.
Daşdəmirin öz dərdi yadından çıxdı ki, görəsən Mirzənin başına nə gəlmiş olar. Amma nə qədər fikirləşdisə heç bir yerə çıxara bilmədi.
Qayıdıb evə gəldi. Bütün günü fikirlə keçirdi.
Axşam idi, təzəcə qaranlıq düşmüşdü, qapı döyüldü. Daşdəmir qapını açdı, gördü ayağında çarıq, başında qıllı papaq, əlində dəyənək bir çobandı. Soruşdu:
– Nə istəyirsən?
Çoban dedi:
– Qonağam, şəhəri yaxşı tanımıram. Qəbul eləsən bu gecəni sizdə yatıb, səhər çıxıb gedərəm.
Daşdəmir dedi:
– Buyur içəriyə. – Fatı qarı çay qoydu, xörək gətirdi. Yedilər, içdilər, söhbətə başladılar. Qonaq dedi:
– Çobanam. Öz qardaşlarımın qoyununu otarıram. Padşahın qoşun böyüyü Abas bəyə üç-dörd qoyun gətirmişdim. Məni o qədər gecikdirdi ki, qaranlıq düşdü, qayıda bilmədim.
Daşdəmir dedi:
– Bəs Abas bəy səni niyə qonaq saxlamadı?
Qonaq dedi:
– Mən kiməm ki, Abas bəy məni qonaq saxlaya? Hələ az qalmışdı məni döydürsün ki, niyə az gətirmisən. Çox zülmkar, acgöz adamdı. Kimdə nə yaxşı şey görsə, o saat gördüyündən göz payı istəyir.
Daşdəmirin dərdi təzələndi. O da açıb öz ev əhvalatını, məhkəmə əhvalatını qonağa danışdı. Qonaq dedi:
– Niyə padşaha ərizə vermirsən?
Daşdəmir ərizəsini ona göstərib dedi:
– Elə padşah da onun tayıdı da. Budu, ərizə vermişdim, rədd eləyib.
Qonaq dedi:
– Yaxşı, mən ki, bu gün gördüm, Abas bəyin gözəl evi var, bağı var. Sənin bu balaca daxman onun nəyinə gərəkdi?
Daşdəmir az qaldı ki, açıb dəyirmanda başına gələn əhvalatı ona danışsın. Birdən Mirzə Möhsünün tapşırığı yadına düşdü ki, bu iş gərək sirr kimi qalsın. Dedi:
– Qonaq qardaş, bu elə bir sirdi ki, vaxtı çatmamış açmaq olmaz.
Elə bu söhbətdə qapı döyüldü. Daşdəmir durub qapını açdı. İçəriyə qara çadraya bürünmüş bir qadın girdi. Fatı qarı tez qabağa çıxıb qadını qarşıladı, o biri otağa aparmaq istədi. Qadın getməyib, elə buradaca oturdu, sonra Daşdəmirdən soruşdu:
– Sənə üç sualım var, üçünü də yaxşı-yaxşı fikirləşib, sonra cavab ver! Birinci de görüm bu qonaq kimdi?
Daşdəmir dedi ki:
– Bu şəhərin adamı deyil. Dağlarda yaşayan bir çobandı. Səhər çıxıb gedəcək.
Qadın dedi:
– İkinci sualım budu ki, de görüm sən Mirzə Möhsünə kömək eləmək istəyirsənmi?
Daşdəmir dik qalxdı ki: “Mən Mirzə Möhsün üçün başımdan keçməyə hazıram. De görüm sən kimsən? Mirzə Möhsün haradadı?”.
Qadın dedi:
– Üçüncü sualıma cavab ver! De görüm sirr saxlamağı bacarırsanmı?
Daşdəmir hirsləndi. Dedi:
– Bacı, mən Mirzə Möhsündən dərs almışam.
Qadın onun sözünü kəsib dedi:
– İndi ki, Mirzə Möhsündən dərs alıbsan, onda cavab ver!
Bunu deyib qadın çadrasının altından bir boşqab çıxarıb Daşdəmirin qabağına qoydu. Daşdəmir baxıb gördü ki, boşqabda bir nar var, bir top iynə var, bir qayçı var, bir vərəq kağız var, bir tikə ət var, bir də bir bıçaq var.
Qadın dedi:
– Əgər Mirzə Möhsündən öyrəndiklərin yadından çıxmayıbsa bu şeylərdə gərək çətinlik çəkməyəsən.
Daşdəmir heç bir söz demədi. Bıçağı götürüb əti tikə-tikə doğradı.
Qayçını götürüb kağızı kəsik-kəsik elədi, sonra iynələri bircə-bircə nara sancıb boşqaba qoydu. Qadın güldü, dedi:
– Afərin! Ancaq de görüm bununla nə demək istəyirsən?
Daşdəmir dedi:
– Xanım, mən başa düşdüm ki, sən mənə bir gizli sirr demək istəyirsən, ancaq qorxursan. Mən bununla demək istəyirəm ki, əgər mənim bədənimi bu ət parçası kimi parçalasalar, bu kağız kimi tikətikə doğrasalar, bu nar kimi oxla doldursalar, yenə də bu sirri heç kəsə açmaram. Qorxma, danış!
Bunu deyəndə qadın üzünü açdı. Daşdəmir baxdı ki, bu, Mirzə Möhsünün qızı Nardandı. Daşdəmir soruşdu:
– Bu nə haldı? Atan haradadı?
Nardan dedi:
– Dayan! Elə bunun üçün gəlmişəm.
Sonra Nardan oturub başladı danışmağa. Dedi:
– Daşdəmir, o gün ki, atam saraya, padşahın yanına getdi, daha geri qayıtmadı. Bu günə qədər də başına nə gəldiyini bilmirəm. Ancaq elə haman gün bizim bu qonşumuz mənə beş dənə şey gətirdi ki: “Atan bazarda məni gördü, bu şeyləri alıb verdi ki, sənə çatdıram”. Mən şübhələndim ki, atamın başına bir iş gəlib. Odur ki, daha o evdə qalmayıb, gecə ilə köçdüm. Atamın göndərdiyi şeylərdən üçünü başa düşürəm, ikisini başa düşə bilmirəm. Səni buna görə axtarırdım ki, mənə kömək eləyəsən. Daşdəmir dedi:
– Atanın göndərdiyi şeylər nədi?
Nardan dedi:
– Atam bir armud, bir gavalı, bir əl dəyirmanı, bir parça dəmir, bir dənə də daş göndərib. Əl dəyirmanı ovdandı. Daşla dəmir də sənsən.
Amma armudla gavalını başa düşə bilmirəm.
Nardan bunu deyib, çadrasının altından bir armud, bir də bir gavalı çıxarıb Daşdəmirə verdi. Daşdəmir meyvələri görən kimi güldü. Dedi:
– Sən düz tapıbsan. Daş, dəmir, əl dəyirmanı sən dediyin kimidi.
Ancaq mən bu meyvələri də tapdım.
Nardan soruşdu:
– Nədi?
Daşdəmir elə istəyirdi desin, birdən dönüb qonağa baxdı. Dedi:
– Qonağın yuxusu gəlir. Qoy anam ona yer salsın, biz keçək o biri otağa.
Durub o biri otağa keçdilər. Daşdəmir armudu Nardana göstərib dedi:
– Nardan, bu armudun adı Abasbəyi armuddu. Bu gavalıya da bağbanlar vəzi Alı deyirlər. Atan demək istəyir ki, Daşdəmirin xaraba dəyirmanda başına gələn iş padşahın qoşun böyüyü Abas bəylə, bir də vəzirlə əlaqədardı.
Nardan baxdı ki, Daşdəmir düz deyir. Soruşdu ki:
– Bəs indi biz nə eləyək? Daşdəmir dedi:
– Birinci iş budu ki, biz gərək bu sirri gizli saxlayaq. İkinci odu ki, gərək atanın yerini öyrənək.
Nardan dedi:
– Necə öyrənək?
Daşdəmir dedi:
– Mən anamı köçürəcəyəm sənin yanına. O, çox igid arvaddı. Özü də yaşlı, dünyagörmüş adamdı. Siz bir yerdə qalarsınız. Mən də çalışıb bir yol ilə atanın yerini taparam. Onunla məsləhətləşməmiş heç bir iş görmək olmaz.
Sonra Daşdəmir öz başına gələnləri, Abas bəyin onu məhkəməyə verdiyini, padşahın da ərizəni rədd elədiyini Nardana danışdı. Sonra anasını da ona qoşub evlərinə göndərdi, qonağın yanına qayıtdı. Baxdı ki, qonaq hələ yatmayıb. Qonaq dedi:
– Amma Daşdəmir qardaş, sizin bu işlərinizdən mən heç bir şey başa düşmədim.
Daşdəmir dedi:
– Elə başa düşməsən yaxşıdı, çoban qardaş.
Qonaq gördü ki, Daşdəmir bu barədə danışmaq istəmir. Söhbəti dəyişdirdi. Dedi:
– Yaxşı, demək sabah yox, o biri gün Abas bəy bu evi səndən alacaq.
Daşdəmir dedi:
– Ala bilsə alar. Sabah yox, o biri gün padşahın yanına gedəcəyəm.
Qonaq dedi:
– Padşahın yanına səni buraxarlarmı?
Daşdəmir dedi:
– Onlara qalsa buraxmazlar. Amma mən də Daşdəmirəm. Elə bir iş düzəldəcəyəm ki, padşah özü məni yanına çağıracaq.
Ordan-burdan bir az da söhbət elədilər, yatdılar. Səhər çoban getdi. Daşdəmir o gününü də başa vurdu. Gecəni keçirdi. Səhər tezdən dan yeri təzəcə ağaranda durdu, bir külüng, bir də bel götürüb düz padşahın sarayının yanına getdi. Sarayın özülünü qazmağa başladı. Səs-küyə saray keşikçiləri tökülüb gəldilər. Daşdəmiri tutub içəriyə apardılar, Nə qədər soruşdular ki, oranı niyə qazırdın?
Daşdəmir dedi:
– Padşahdan başqa heç kimə bir söz deyə bilmərəm.
Axırda onu padşahın yanına apardılar. Daşdəmir içəriyə girib gördü ki, padşah taxtın üstündə oturub, vəzirlə Abas bəy də buradadı.
Amma padşahın üzü bir ipək dəsmalla örtülüdü.
Padşah soruşdu.
– A gədə, de görüm kimsən, nəçisən? Oranı niyə qazırdın?
Daşdəmir dedi:
– Padşah sağ olsun, orada yeddi küp qızıl var. Qazırdım ki, onları çıxaram.
Padşah dedi:
– Nə bilirsən orada qızıl var?
Daşdəmir dedi:
– Padşah sağ olsun, bu gecə yuxuda görmüşəm.
Padşah dedi:
– Ədə, ay axmaq, bəyəm adam yuxuda hər nə görsə o doğru olar?
Daşdəmir dedi:
– Padşah sağ olsun, mən də əvvəl elə bilirdim ki, yuxuda görünən şey doğru olmaz. Ancaq sizin bu qoşun böyüyü Abas bəylə bu vəziriniz mənə öyrətdilər ki, yuxuda görülən şeylər doğru olur.
Padşah dedi:
– Ətraflı danış görüm, nə olub?
Daşdəmir bütün əhvalatı danışıb axırda dedi:
– Padşah sağ olsun, indi sən özün de görək, bu necə olur ki, dövlətlilərin gördükləri yuxular doğru olur, kasıbların gördükləri doğru olmur?
Padşah vəzirlə Abas bəyə əmr elədi ki:
– Bu saat gedib məhkəmənin qərarını heç elərsiniz, bu oğlanın evini özünə qaytararsınız.
Vəzirlə Abas bəy çıxdılar. Padşah qapıçıya dedi:
– Dünən sənə tapşırdığım şeyi gətir!
Qapıçı gedib bir məcmeyi gətirdi. Padşah əmr elədi, qapıçı məcmeyini Daşdəmirin qabağına qoydu. Daşdəmir baxdı ki, məcmeyidə bir nar, bir top iynə, bir qayçı, bir vərəq kağız, bir tikə ət, bir də bıçaq var.
Padşah dedi:
– Əgər Mirzə Möhsündən dərs alıbsansa cavab ver!
Daşdəmir heyrətdən buz kimi dondu. Amma özünü sındırmayıb Nardan üçün elədiklərini burada da elədi. Padşah güldü. Dedi:
– Demək, söz verirsən ki, mənim sirrimi açmayacaqsan.
Daşdəmir dedi:
– Bəli.
Padşah üzünü açdı. Daşdəmir baxdı ki, bu haman gecə onlarda qonaq qalan çobandı. Padşah dedi:
– Sənin ərizəni mən qəsdən rədd eləmişdim ki, sonra yanına gələm, sənin fikrini öyrənəm. Mən öz adamlarımdan şübhələnmişəm.
Deyəsən Mirzə Möhsün haqlı imiş. Bütün bu işləri eləyən deyəsən vəzirlə Abas bəydi. O gecə mən qəsdən paltarımı dəyişib sizə gəlmişdim.
Ancaq bu sirri burada heç kəs bilmir. Bir sən bilirsən, bir də mən. Sən də söz verdin ki, açmayacaqsan. Ancaq mən o gecə gördüm ki, sən bu barədə çox şeylər bilirsən. İndi de görüm, o dəyirman nə idi, o meyvələr nə idi? Mirzə Möhsün haradadı?
Daşdəmiri fikir götürdü. Ola bilərdi ki, padşah doğrudan da öz adamlarından şübhələnib, ancaq tək özü bu işi həll eləyib, bir yana çıxara bilmir. Ancaq bu da ola bilərdi ki, elə padşah özü də onlarla əlbirdi.
Bu yol ilə sirri öyrənmək istəyir.
Dedi:
– Padşah sağ olsun, mən sizin öz yanınızda o qıza söz verdim ki, mənə hər kim nə cəza versə də, mən bu sirri açmayacağam. Odu ki, siz nahaq yerə bunları məndən soruşursunuz. Mən heç bir şey bilmirəm.
Padşah dedi:
Daşdəmir, sən çox şey bilirsən. Gəl inad eləmə! Bildiklərini mənə de!
Daşdəmir dedi:
– Padşah sağ olsun, mən heç bir şey bilmirəm.
Padşah dedi:
– Nə qədər ki bildiklərini mənə deməmisən, mən səni burada saxlayacağam.
Sonra keşikçilərə əmr elədi ki, onu aparıb zindana salsınlar. Ancaq incitməsinlər. Özünü də gündə bir dəfə onun yanına gətirsinlər. Daşdəmiri aparıb zindana saldılar.
Heç kəs özünün zindana düşməyinə razı olmaz. Amma Daşdəmir zindana düşməyindən razı qaldı. Ona görə razı qaldı ki, Mirzə Möhsünü orada tapdı. Onun zindana düşməyindən Mirzə Möhsün də razı qaldı. O qədər gözlədilər ki, gecə düşdü, dustaqlar yatışdı, sonra Mirzə Möhsün dedi:
– Oğlum, məni vəzirlə Abas bəy buraya salıblar. Ayrı əlacları da yox idi. Əgər onlar məni buraya salmasa idilər, mən onların işinin üstünü açacaqdım. Məsələ belə oldu: padşahın fikri bu imiş ki, məni özünə məsləhətçi götürsün. Vəzirlə Abas bəy sözü bir yerə qoyurlar ki, məni padşahın gözündən salsınlar. Mənim də bu işdən xəbərim yox. Haman gün, axırıncı dəfə mən saraya getdim. Çox tez olduğuna görə padşah hələ gəlməmişdi. Vəzir məni öz otağına apardı ki, yaxşı kəlləpaça bişirtdirmişəm, gəl yeyək. Mən də yedim. Qurtarandan sonra vəzir mənə dedi ki, padşahın sarımsaq iyindən xoşu gəlmir. Odu ki, mən də padşahın yanına girəndə dəsmalı ağzıma tutub bir az aralı dayandım. Padşah məni belə görən kimi hirsləndi. Əmr elədi ki, cəllad mənim boynumu vursun. Sən demə, vəzir məni aldadıb, sarımsaq yedirdib, padşaha da deyib ki, guya, mən demişəm ki, padşahın ağzından qoxu gəlir, mən dayana bilmirəm. Mənim dəsmalı ağzıma tutub, uzaqda dayanmağım da padşah üçün bunu lap sübut eləyir. Odu ki, əmr elədi mənim boynumu vursunlar. Elə bu xəbəri eşitcək vəzir də, Abas bəy də sevincək gəldilər. Mən fikir verib gördüm ki, Abas bəyin şahanə qılıncı qınına yaxşı oturmayıb, o saat sənin dəyirmandan gətirdiyin qılınc tiyəsi mənim yadıma düşdü. Dedim hər nə olur-olsun, ölürəmsə də, qoy bu sirri açım, sonra ölüm. Odu ki, padşaha dedim:
padşah sağ olsun, indi ki, məni öldürürsünüz, arzum budu ki, boynumu qoşun böyüyü Abas bəy vursun, özü də sizin ona bağışladığınız şahanə qılıncla vursun.
Padşah fikrə getdi, bir mənə baxdı, sonra üzünü Abas bəyə tutub əmr etdi ki, “vur onun boynunu!” Abas bəy başladı yalvarmağa ki, “padşah sağ olsun, bunun heç bir günahı yoxdu, qoy bağışlayaq”. Padşah yenə fikrə getdi, yenə də bir mənə baxdı, bir də ona baxıb dedi:
– Uzun danışma, çək şahanə qılıncı, vur onun boynunu.
Abas bəy əlini qılıncın qızıl qəbzəsinə atıb dedi:
– Padşah sağ olsun, deyirsən vur vururam, amma onun günahı yoxdu. Əgər günahı varsa, qoy elə bircə dəfədə başı yerə düşsün. Əgər günahı yoxdursa, mənim şahanə qılıncım taxtaya dönsün. Abas bəy qılıncı çəkdi, nə görsən yaxşıdı. Şahanə qılıncın tiyəsi taxtadan, hamı fikrə getdi. Padşah da fikrə getdi. Üzünü mənə tutub dedi:
– Görünür ki, sən günahkar deyilmişsən. Get, sabah gələrsən mənim yanıma.
Məsələ mənim üçün lap aydın oldu. Aydın oldu ki, xaraba dəyirmanda səninlə vuruşan adam Abas bəy imiş. Sənin qırdığın qılınc da Abas bəyin şahanə qılıncı imiş. Hələ fürsət tapıb qılıncı qayırtdıra bilmədiyinə görə padşah şübhələnməsin deyə qızıl qəbzəyə taxtadan tiyə qayırtdırmışdı. Bu işdən sonra əlbəttə ki, onlar məni rahat qoymazdılar.
Odu ki, təzəcə bazara çatmışdım ki, məni tutub gətirib buraya saldılar.
Daşdəmir dedi:
– Biz sənin göndərdiyin şeylərdən işi başa düşmüşdük.
O da öz başına gələnləri Mirzə Möhsünə danışdı. Mirzə Möhsün dedi:
– Çox güman var ki, padşah elə doğrudan da pis adam deyil, ancaq cavan olduğuna görə Abas bəylə vəzir onu əllərində oynadırlar. Ancaq ona da tamam inanmaq olmaz. Hər halda sən sirri ona vermə. Ehtiyatlı ol, görək başımıza nə gəlir.
Bu işin üstündən bir neçə gün keçdi. Hər gün padşah Daşdəmiri yanına çağırıb, sirri yenidən ondan soruşurdu. Daşdəmir də deyirdi ki, mən heç nə bilmirəm. Nə Daşdəmir bildiklərini ona deyirdi, nə də o Daşdəmiri zindandan buraxdırırdı.
Günlərin bir günündə padşah yuxudan oyanıb gördü ki, düşmən olan qonşu bir padşahın qoşunu şəhəri dövrəyə alıb. Öz adamlarını göndərib soruşdu ki, nə istəyirlər. Dedilər ki, “bizim sualımız var, ya gərək suala cavab verəsiz, ya da bizə təslim olasız”.
Padşah soruşdu ki, sualınız nədi? Dedilər ki, “sabah şəhərinizin bütün ağıllı adamlarını yığın, gəlib sualımızı deyəcəyik”.
Padşah car çəkdirdi, şəhərin bütün ağıllı adamlarını yığdı. Sabah açıldı. Düşmən padşahın adamları iki dənə bir boyda, bir biçimdə, bir rəngdə madyan at gətirdilər ki, tapın görək bunlardan hansı anadı,
hansı bala?! Amma atların dişlərinə baxmaq olmaz.
Adamlar nə qədər baxdılar, fikirləşdilərsə heç kəs cəsarət eləyib bir söz deyə bilmədi. Axırda padşah qapıçını çağırıb əmr elədi ki:
– Get zindandan Daşdəmiri gətir.
Daşdəmiri gətirdilər. Padşah əhvalatı ona danışıb dedi:
– Ümidim bircə sənədi. Mirzə Möhsün itibdisə də, sən onun yerindəsən, gərək bu suala cavab verəsən.
Daşdəmir dedi:
– Gözüm üstə, əmr eləyin burada iki axur qayırsınlar, hərəsinə də bir az arpa töksünlər.
Elə ki axurlar hazır oldu, Daşdəmir atların ikisinin də cilovunu başlarından çıxarıb axurlara buraxdı. Arpanı görcək atların biri kişnədi.
O birisi qaçıb onun yanına getdi.
Daşdəmir dedi:
– Padşah sağ olsun, kişnəyən at anadı, onun yanına qaçan da bala.
Hamı Daşdəmirə afərin dedi.
Düşmən tərəf də atlarını götürüb kor-peşman getdi...
Hamı gedəndən sonra padşah Daşdəmirə dedi:
– Çox sağ ol! Sən olmasaydın işimiz şuluq idi. Məndən hər nə istəyirsən istə.
Daşdəmir dedi:
– Padşah sağ olsun, mənə sənin heç bir şeyin lazım deyil. İstəyim budu ki, məni azad eləyəsən, çıxıb gedəm.
Padşah dedi:
– O barədə danışma. Sirri deməmiş səni buraxası deyiləm. De görüm o qız sənə nə dedi? O meyvələr nə idi?!
Daşdəmir dedi:
– Padşah sağ olsun, mən o barədə heç bir söz deməyəcəyəm.
Padşah dedi:
– Nə qədər ki deməmisən, zindanda qalacaqsan.
Bunu deyib əmr elədi, yenə də Daşdəmiri zindana apardılar.
Zindanda Daşdəmir əhvalatı Mirzə Möhsünə danışdı.
Mirzə Möhsün dedi:
– Yaxşı eləmisən ki, heç bir söz deməmisən. Ehtiyatlı olmaq lazımdı.
Ancaq o padşahın adamları əl çəkməyəcəklər, yenə də gələcəklər.
Yenə də padşah səni çağırsa, onunla bir şərt kəsib sonra suala cavab verərsən. Daşdəmir soruşdu:
– Nə şərt?
Mirzə Möhsün dedi:
– Bu padşah başqa padşahlara bənzəmir. Deyəsən bu doğrudan da yaxşı adama oxşayır, ancaq yenə də inanmaq olmaz. Mən bir məsələdən şübhələnmişəm. Əgər sən bir işi öyrənə bilsən, biz bu padşahı yaxşıca tanıyarıq, ondan sonra da bilərik ki, işi ona açmaq olar, ya olmaz.
Bu işin üstündən iki gün keçdi. Üçüncü gün düşmən padşahın adamları yenə də gəldilər. Bu dəfə çox qəribə bir sual gətirmişdilər.
Amma çox da çətin idi. Torpağın üstündə bir dənə yumru çevrə çəkib soruşdular ki, ya bu suala cavab verin, ya da təslim olun. Nə qədər adam yığılmışdısa, bu sualdan heç kim heç nə başa düşmədi. Padşah yenə də Daşdəmiri çağırtdırdı. Daşdəmir gedəndə Mirzə Möhsün ona dedi:
– Padşah səndən soruşacaq ki, məndən nə istəyirsən, deyərsən ki, səndən bircə xahişim var, o da budu ki, ananı çağırasan, öz yanında ondan bir şey soruşacağam, sonra da bütün sirləri sənə açıb deyəcəyəm.
Padşah anasını çağıracaq. Onda anasından soruşarsan: “Bir ana ki, bilə-bilə öz balasını itirə, belə ananın cəzası nədi?”. O nə eləsə gəlib mənə deyərsən.
Daşdəmiri məclisə apardılar. Padşah çevrəni ona göstərib cavab istədi. Daşdəmir əlinə bir ağac alıb, çevrəni ortadan iki yerə böldü.
Düşmən tərəf işi belə görəndə gətirib çevrənin bir tərəfində bir ox qoydular. Daşdəmir də padşahın qılıncını götürüb ikinci tərəfə qoydu.
Belə olanda düşmən tərəf çevrənin içinə bir ovuc darı tökdü. Daşdəmir tez əmr elədi, bir xoruz tutub gətirdilər. Xoruz bütün darını dənlədi.
Düşmən tərəf heç nə deməyib, yola düzəldi.
Bu danışıqsız sual-cavaba hamı məəttəl qalmışdı.
Padşah soruşdu:
– Daşdəmir, mən heç bir şey başa düşmədim. De görüm onlar nə soruşurdu, sən nə cavab verirdin?
Daşdəmir dedi:
– Padşah sağ olsun, o çevrəni ki, onlar çəkmişdilər, demək istəyirdilər ki, bütün dünya gərək bizim ola. Mən də araya xətt çəkib dedim ki, bizim bu dünyada öz yerimiz var, heç kəsi oraya qoymarıq. Sonra onlar ortaya ox qoydular ki, əgər belə olsa, biz dava eyləyəcəyik. Mən də sənin qılıncını çəkib onların qabağına qoydum ki, biz sizdən qorxmuruq.
Sonra onlar çevrəyə darı tökdülər ki, bizim qoşunumuzun sayıhesabı yoxdu. Mən də bütün darını bir xoruza dənlətdim ki, bizdə də belə oğlanlar var. Ona görə də durub getdilər. Padşah dedi:
– Sağ ol, Daşdəmir, sən olmasaydın biz heç birimiz onlara cavab verə bilməyəcəkdik. De görüm, məndən nə istəyirsən?
Daşdəmir dedi:
– Padşah sağ olsun, mən bilirəm ki, sirri deməmiş sən məni azad eləməyəcəksən. Mən də sirri sənə deməyəcəyəm. Odu ki, bu barədə danışmayaq. İndi mənim səndən bir xahişim var. O da budu ki, ananızı çağırasınız buraya, sizin yanınızda ondan bir söz soruşacağam.
Padşah əmr elədi, otağın bir tərəfinə pərdə çəkdilər. Otaqda bir padşah, bir də Daşdəmir qaldı. Padşahın anası da gəlib pərdənin arxasında əyləşdi. Daşdəmir pərdəyə yaxınlaşıb dedi:
– Xanım, o ana ki, bilə-bilə öz balasının itməyinə səbəb ola, o ananın cəzası nədi?
Elə Daşdəmir sözünü qurtaran kimi pərdənin dalından bir qışqırtı eşidildi. Padşah yüyürüb gördü ki, anası yıxılıb özündən gedib. Padşah geri dönüb Daşdəmirdən soruşdu:
– De görüm, bu nə söz idi? Sən ona nə dedin?
Daşdəmir dedi:
– Padşah sağ olsun, mən bunu sizə hələlik deyə bilmərəm. Çünki buna ixtiyarım yoxdu.
Padşah əmr elədi, Daşdəmiri yenə də zindana apardılar. Daşdəmir əhvalatı Mirzə Möhsünə danışdı. Mirzə Möhsün dedi:
– İndi hər şey mənə aydındı. Padşahdan çox qorxma. Amma vəzirdən, bir də Abas bəydən özünü gözlə! Daha hər şeyi açıb padşaha demək olar. Xaraba dəyirman əhvalatını da, qılınc məsələsini də, mənim zindanda olmağımı da ona demək olar. O məni yanına çağıranda mən elə bir sirr açacağam ki, hamınız məəttəl qalacaqsınız.
Daşdəmir dedi:
– Yox... Mən Nardana söz vermişəm. Ondan xəbərsiz bu barədə heç kəsə bir söz deməyəcəyəm. Sirri padşaha açmaq üçün gərək mən qabaqca Nardandan icazə alam.
Mirzə Möhsün dedi:
– İndi sən Nardanı haradan tapacaqsan ki, icazə də alasan.
Daşdəmir dedi:
– Orasını bilmirəm. Amma orasını bilirəm ki, mən, kişiyəm, ona da kişi kimi söz vermişəm. Ölümə də getməli olsam, icazə almamış heç kəsə bir kəlmə də olsun demərəm.
Elə bu sözdə padşahın adamları gəldilər ki, padşah Daşdəmiri çağırır.
Daşdəmir durub getdi.
Düşmən padşahın adamları yenə də gəlmişdilər. Amma bu dəfə çox arxayın idilər ki, Daşdəmir heç bir şey edə bilməyəcək. Bir böyük
daş gətirmişdilər ki, ya bundan bizim padşahımıza bir dəst paltar tikin, ya da təslim olun!
Daşdəmir işi belə görüb dedi:
– Daşdan paltar tikmək çətin deyil. Ancaq iynəm qırılıb, sapım da qurtarıb.
Yerdən bir ovuc qum götürüb onlara verdi ki:
– Alın bu qumu iynə-sap eləyin, verin tikim.
Düşmən tərəfin adamları qaldılar məəttəl. Onların böyüyü dedi:
– Qumdan da iynə-sap olar?
Daşdəmir dedi:
– Çox yaxşı olar. Qumdan iynə-sap düzəltməyi bacarmayan adam daşdan paltar geyə bilməz. Mən buradayam. Gedin nə vaxt mən dediyim iynə-sapı gətirdiniz paltarınızı tikərəm.
Düşmən tərəfin adamları durub getdilər. Padşah Daşdəmirə dedi:
– Çox sağ ol! Sən bu dəfə onları elə yola saldın ki, daha bir də gəlməzlər.
Ancaq daha mən də səninlə axırıncı dəfə danışmaq istəyirəm.
Ya bu gün bütün bildiklərini mənə deməlisən, ya da boynunu vurduracağam.
Daşdəmir dedi:
– Padşah sağ olsun, mən sirr sahibindən icazə almamış sənə heç bir söz deyə bilmərəm. Məni azad elə, gedim icazə alım, gəlim deyim.
Padşah dedi:
– Yox, mən səni əlimlə buraxıb, sonra ayağımla axtara bilmərəm.
Ya danış, ya da bu gün səni asdıracağam.
Daşdəmir dedi:
– İstəyirsiniz bir dəfə yox, lap beş dəfə asdırın. Mən icazə almamış sizə heç bir söz deməyəcəyəm.
Padşah əmr elədi, meydanda dar ağacı quruldu. Şəhərdə car çəkdilər ki, Daşdəmir padşahdan sirr gizlətdiyinə görə dar ağacından asılacaq.
Hər şey hazır olandan sonra camaat yığıldı. Daşdəmiri meydana gətirdilər. Padşah bir də soruşdu:
– Deyirsən, ya yox?
Daşdəmir dedi:
– Xeyr. Mən heç bir şey bilmirəm.
Padşah cəlladlara əmr verdi ki, assınlar. Elə ipi onun boynuna salanda, haradansa bir atlı atı elə sürüb keçdi ki, heç kəs onun üzünü görə bilmədi. Ancaq onu gördülər ki, dar ağacına çatanda yerə bir nar vurdu.
Nar parçalandı, dənələri ətrafa səpələndi. Daşdəmir cəlladlara dedi:
– Gedin, padşaha deyin ki, mən danışmağa hazıram.
Gedib padşaha xəbər verdilər.
Padşah ondan soruşdu:
– Niyə indiyə kimi demirdin, indi razı oldun?
Daşdəmir nar dənələrini ona göstərib dedi:
– Padşah sağ olsun, sirr sahibi sirrin açılmasına icazə verdi.
Padşah başa düşdü ki, atlı Nardan imiş. Dedi:
– İndi de görüm mənim sizdə gördüyüm o qız kim idi?
Daşdəmir dedi:
– O, Mirzə Möhsünün qızı idi.
Padşah dedi:
– Çox gözəl. Mən də belə bilirdim, indi de görüm Mirzə Möhsün o armud və gavalı ilə nə demək istəyirdi?
Daşdəmir dedi:
– O demək istəyirdi ki, xaraba dəyirmanda mənim başıma gələn əhvalat Abas bəylə, bir də vəzirlə bağlıdı.
Padşah soruşdu:
– Xaraba dəyirmanda sənin başına nə iş gəlibdi?
Daşdəmir əhvalatı danışdı.
Padşah soruşdu:
– Hanı o qılınc?
Daşdəmir dedi:
– Mirzə Möhsün gizlədib.
Soruşdu:
– Mirzə Möhsün haradadı?
Daşdəmir dedi:
– Zindandadı.
Padşah soruşdu:
– Onu kim zindana salıb?
Daşdəmir dedi:
– Vəzirlə Abas bəy.
Padşah adam göndərdi. Mirzə Möhsünü gətirsinlər. Daşdəmirdən soruşdu:
– Sən mənim anama nə dedin?
Daşdəmir dedi:
– Onu da mənə Mirzə Möhsün demişdi. Mən o barədə heç nə bilmirəm.
Bu sözdə Mirzə Möhsünü gətirdilər. Padşah soruşdu:
– Mirzə, hər şeydən qabaq mənə de görüm o qılınc haradadı?
Mirzə Möhsün dedi:
– Qızımdadı. Daşdəmiri göndərin qızı da, qılıncı da gətirsin.
Padşah Daşdəmiri göndərdi, sonra soruşdu ki:
– Daşdəmir mənim anama bir söz dedi, o da yıxılıb özündən getdi.
De görüm bu nə məsələdi?
Mirzə Möhsün dedi:
– Qoy hamı gəlsin, sonra deyərəm. Sən hələ nə qədər ki, işdən xəbərdar olmayıbsan vəzirlə Abas bəyi tutub zindana sal! Dəyirmançı ilə arvadını da, Daşdəmirin atasını da öldürən onlardı. Şəhərdəki quldur dəstəsinin başçısı da onlardı.
Padşah əmr elədi, o saat vəzirlə Abas bəyi tutub zindana saldılar. Bu tərəfdən də Daşdəmir, Fatı qarı, bir də Nardan gəldilər. Nardan qılıncı da gətirdi. Padşah baxdı ki, Abas bəyə verdiyi şahanə qılıncdı.
O saat taxta qılınc əhvalatı onun yadına düşdü. Mirzə Möhsün sarımsaq əhvalatını da padşaha danışdı. Sonra padşaha dedi:
– İndi qulaq as, axırıncı sirri sənə deyəcəyəm. Bunu məndən başqa heç kəs bilmir. Padşah sağ olsun, səndən qabaqkı padşah nə qədər evlənirdisə oğlu olmurdu. Həmişə qızı olurdu. Özü də o qədər zalım idi ki. İş elə gətirdi ki, bunun da qızı oldu. O gecə haman o dəyirmançının da bir oğlu olur. Sənin haman bu vəzirinlə Abas bəy əlbir, dilbir olub dəyirmançı ilə arvadını boğub öldürürlər, uşağı gətirib padşahın qızı ilə dəyişirlər. Qızı da aparıb çölə atırlar. İndi padşah sağ olsun, sən əslində haman o dəyirmançının oğlusan ki, atanı da, ananı da haman o vəzirlə Abas bəy öldürüblər.
Padşah hirslənib yerindən qalxdı:
– Bu dediklərin üçün sənin əlində sübutun varmı? Mirzə Möhsün dedi:
– Var, padşah sağ olsun! Birinci sübutum budu ki, mən sənin atanı tanıyırdım. Sən ona o qədər oxşayırsan ki, elə bil bir almanı yarı bölüblər.
Elə əslində də mən səni görəndən sonra fikirləşmişəm ki, bu belə olub. İkinci sübutum budu ki, sən xasiyyətcə köhnə padşaha oxşamırsan.
O zülmkar və ağılsız bir adam idi. Camaatın dərdinə heç qalmazdı. Amma sən ona oxşamamısan.
Padşah fikrə getdi. Dedi:
– Dediklərin bir az ağlabatandı. Ola bilər. Ancaq mən başa düşmürəm ki, vəzirlə Abas bəy niyə gərək padşahın qızı ilə məni dəyişdirə idilər. Bunun onlara nə mənfəəti var idi?
Mirzə Möhsün dedi:
– Bunun onlara mənfəəti bu idi ki, padşah qocalmışdı. Onlar qorxurdular ki, padşah ölə, padşahlıq ayrı adama çata, ona görə də səni tapıb gətirdilər, bir neçə ildən sonra da padşahı zəhərləyib öldürdülər.
Səni padşah elədilər. İşi öz əllərinə aldılar. Sonra da bununla doymayıb, quldur dəstəsi düzəltdilər. Əgər biz bu işi belə ehtiyatla başa çatdırmasaydıq, sən özün də ağıllı hərəkət eləməsəydin, onlar bizim hamımızı yox eləyəcəkdilər.
Padşah yenə də fikrə getdi. Dedi:
– Mən sənin bütün dediklərinə inanmaq istəyirəm. Amma inana bilmirəm. Elə bir sübut göstər ki, mən inanım.
Mirzə Möhsün dedi:
– Padşah sağ olsun, onda adam göndər, anan buraya gəlsin, ondan soruşaq.
Padşah adam göndərib anasını çağırtdırdı. Ondan əhvalatı soruşdu.
Qabaqca yazıq arvad qorxdu. Mirzə Möhsün dedi:
– Xanım, qorxma! Sənə heç kəs güldən ağır bir söz deməyəcək.
Özü də mən söz verirəm ki, bu saat sənin qızını buraya gətirim.
Arvad açıb əhvalatı danışdı. Baxdılar ki, Mirzə Möhsün doğru deyirmiş.
İş belə olanda padşah dedi:
– İndi sən gərək padşahın qızını da tapasan. Demək, əsl padşahlıq
ona çatır. Mən taxt-tacı ona verib, özüm atamın dəyirmanına gedəcəyəm.
Mirzə Möhsün dedi:
– Yox, padşah sağ olsun, o qız elə tərbiyə olunub ki, padşahlıq qəbul eləməz. O, hər şeydən çox kitabı, elmi sevir. Ancaq gərək bizə söz verəsən ki, camaatı yaxşı dolandıracaqsan. Elin dərdinə qalacaqsan.
Xainləri də cəzasına çatdıracaqsan.
Padşah dedi:
– Yaxşı, bəs haradadı o qız?
Mirzə Möhsün dedi:
– Vəzirlə Abas bəy o qızı aparıb meşəyə tullamışdılar ki, qurd-quş yesin. Mən o qızı tapıb, öz qızım kimi böyüdüb saxlamışam. O heç özü də bu əhvalatı bilmir. Budu o qız.
Bunu deyib Mirzə Möhsün Nardan qızın üzündəki örtüyü açdı.
Baxdılar ki, Nardan qız elə bil padşahın arvadının özüdü. Ana ilə bala görüşdülər. Padşah dedi:
– Nardan xanım, padşahlıq sənindi. Gəl taxt-taca sahib ol!
Nardan dedi:
– Yox, mən onu sənə verirəm. Sən hələ cavansan. Ancaq görünür ki, ədalətli padşah olacaqsan. Bir də ki, sən də mənim anamın südü ilə böyümüsən. Demək ki, biz süd bacı-qardaşıyıq. Padşahlıq sənə çatır.
Padşah dedi:
– Bacı, onda de görüm mənə məsləhətin nədi?
Nardan dedi:
– Məsləhətim odu ki, camaatla yaxşı rəftar elə, xainlərin cəzasını ver! Mənim əsl atam, mənə tərbiyə verən Mirzə Möhsündü. Onu özünə vəzir elə. Məni də Daşdəmirdən ayırma!
Padşah Mirzə Möhsünü özünə vəzir elədi. Köhnə vəzirlə Abas bəyi dar ağacından asdırdı. Sonra da Daşdəmirlə Nardan qıza toy elədi.

Səhifələr: 1
 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo