Keçmiş zamanlarda bir tülkü, bir də bir hacıleylək var idi. Bunlar qardaş olmuşdular. Bir gün tülkü hacıleyləyi qonaq çağırdı. Bir qazan ayranlı şorba bişirdi, bir siniyə tökdü, gətirib süfrəyə qoydu. Yeməyə başladılar. Qab dayaz idi. Hacıleyləyin dimdiyinə bir düyü də gəlmirdi. Amma tülkü hər dəfə dilini uzadanda şorbanın bir tərəfini yalayıb qurtarırdı. Belə-belə hacıleylək bir neçə düyü götürənə qədər tülkü ayranlı şorbanı yalayıb qurtardı. Hacıleylək tamam ac qaldı. Hacıleylək deyinə-deyinə evinə getdi. O gecə səhərə kimi qarnı curuldayacuruldaya ac yatdı. Bir neçə gün keçdi, tülkü yenə də hacıleyləyi qonaq çağırdı. Hacıleylək üzüyumşaq bir quş idi. Ürəyində nə var idi, hamısını unutdu, yenə də tülküyə qonaq getdi. Tülkü bu dəfə də şorba bişirdi, siniyə tökdü, gətirib süfrəyə qoydu. Yenə hacıleylək dimdiyilə iki düyü götürməmiş, tülkü şorbanı yalayıb qurtardı. Hacıleylək yenə də ac qaldı, ürəyində dedi: βYaxşı, tülkü, sənlə mənimki qalsın. Bu hayıfı yerdə qoymaramβ. Hacıleylək özünü şad göstərdi, tülküyə dedi: β Qardaş, çox sağ ol, mənə xəcalətlik verdin. Xəcalətindən çıxaram.
Gəl bir seyrə çıxaq könlümüz açılsın. Tülkü dedi: β Elə mənim könlüm seyrə çıxmaq istəyirdi. Ay sağ ol. Ürəyimdən xəbər verdin. Hacıleylək dedi: β Onda mənim qanadlarımın üstünə min, göydə seyr eləyək. Tülkü hacıleyləyin qanadının üstünə mindi. Hacıleylək göyə qalxdı. Bir az gəzəndən sonra hacıleylək tülküyə dedi: β Qardaş, bax, gör yer nə təhər görünür? Tülkü dedi: β Bir xırman boyda görünür. Hacıleylək bir az da yuxarı qalxıb dedi: β Qardaş, indi bax, gör nə təhər görünür? Tülkü baxıb dedi: β Yer heç görünmür. Hacıleylək bir az da yuxarı uçub dedi: β Qardaş, tay qanadım ağrıyır, yorulmuşam. Bir az düş, qanadımın dincini alım. Tülkü dedi: β Ay qardaş, başına dönüm, qurban olum, mən bu göyün üzündə haraya düşüm? Nə təhər düşüm? Məni aşağı endir. Hacıleylək dedi: β Yox, qanadlarım ağrıyır, düşməsən yerə salacağam. Özün bil. Tülkü hacıleyləyin toruna düşdüyünü bilib, hiylə gəlməyə, yalvarmağa başladı: β Qardaş, bir qələtdi eləmişəm, yamanlığa yaxşılıq deyiblər. Gəl bu dəfə günahımdan keç, ölüncə sənə xidmət edərəm. Hacıleylək onun sözünü qəbul eləməyib dedi: β Yox, yaxşılığa yaxşılıq, yamanlığa yamanlıq deyiblər. Nə əkərsən, onu biçərsən, mən sənə borclu idim, borcunu verirəm. β Hacıleyləyin tülküyə yazığı gəldi, göyün qatından aşağı endi, beş-on arşın hündürlükdən, β al gəldi β deyib tülkünü qanadının üstündən havaya tulladı. Yel tülkünü hərləyə-hərləyə gətirib bir dəstə məktəb uşağının yanında yerə saldı. Uşaqlar yüyürüşəndə birinin kitabı yerə düşdü. Tülkü o saat kitabı götürdü... Qaçıb bir dağın döşündə bir mağaraya girdi. Onun sol qabırğası əzilmişdi deyə uzağa getmirdi. Mağaranın ağzına çıxıb, kitabı açdı və mızıldamağa başladı. Bir ayı burdan keçirdi, gördü tülkü əlinə bir kitab alıb oxuyur. Ayı soruşdu: β Ay tülkü baba, əlindəki nədi? Tülkü dedi: β Utanmırsan, mənə tülkü baba deyirsən? Görmürsən ki, mən mollayam, uşaq oxuduram? Ayı dedi: β Bilməmişəm, bağışla, ay molla əmi, mənim iki oğlum var, gətirsəm onlara dərs verərsənmi? Əti sənin, sümüyü mənim. Tülkü dedi: β Niyə vermirəm? Çox yaxşı dərs verərəm. İki ayda onlara bütün elmləri öyrədərəm. Ayı evinə gəldi, uşaqlarını gətirib tülküyə verdi. Tülkü dedi: β Get, arxayın ol, bunları lap yaxşı oxudacağam. Tülkünün bir mənzili var idi, mənzilin qabağı enli, gerisi dar idi. Ayının balalarını aparıb o dar yerdə parçaladı, bir neçə gün yedi. Sümüklərini də torbaya yığıb ağzını bərk-bərk bağladı. Ayı bir neçə aydan sonra gəlib dedi: β Uşaqları gətir görüm, nə təhər oxuyurlar. Tülkü dedi: β Hələ uşaqları sənə göstərmək olmaz. Göstərsəm, gözləri yayınar, huşları dağılar. Get, sonra gələrsən. Ayı qayıdıb getdi. Bir neçə aydan sonra ayı öz-özünə dedi: βGedim, uşaqları görümβ. Gəldi tülkünün yanına, dedi: β Uşaqları könlüm istəyir. Gətir görüm. Tülkü dedi: β Göstərə bilmərəm. Huşları dağılar. Ayı yenə qayıdıb getdi. Bir aydan sonra yenə gəlib dedi: β Uşaqları gətir görüm, könlüm istəyir. Tülkü ayının balalarının sümüklərini gətirib ayının qabağına atdı. Ayı dedi: β Bu nədir? Tülkü dedi: β Bəs demişdin balalarımın əti sənin, sümüyü mənim. Mən də elə elədim. Ətlərini yedim, sümüyü də budur. Ayı tülkünün üstünə yüyürdü ki, onu parçalasın. Tülkü yuvasının dar yerinə girdi. Ayı ora sığışmadı, başını soxanda tülkü dal deşikdən çıxıb qaçdı. Ayı birtəhər geri qayıtdı. Bir cütçünün yanına gəlib dedi: β Ay cütçü baba, Allah qüvvət versin! Cütçü dedi: β Sağ ol, ayı qardaş. Ayı dedi: β Tülkü mənim balalarımı yediyini bilirsənmi? Cütçü dedi: β Bilirəm. Ayı dedi: β Bu sözü heç kəsə demə, sənə gündə bir qoyun verəcəyəm. Cütçü dedi: β Yaxşı, demərəm. Hər gün ayı bu cütçüyə bir qoyun verirdi. Kişi qoyunu aparanda arvadı soruşurdu: β Bu qoyunu hardan alırsan? Kişi deyirdi: β Sənə borc deyil, sən ye. Neyləyirsən soruşursan. Bir gün kişi qoyunu gətirəndə arvadı dedi: β Qoyunu hardan aldığını deməsən səndə oturmayacağam. Kişi əhvalatı ona nağıl edib dedi: β Ayıdan alıram. Kişinin sözlərini ayı bayırdan eşidirdi, bərkdən qışqırıb dedi: β Yaxşı, səhər gör sənin başına nə oyun gətirəcəyəm. Kişi arvadına dedi: β Qoyun qarnını dəlirdi. İndi, məni yaxşı ölümə verdin. Kişi ayının qorxusundan cütə də getmədi. Qohum-qardaş yığışıb kişini töhmətlədilər. β A kişi, yerini boş qoyma, get ək. Kişi el töhmətinə boğuldu, səhər qorxa-qorxa əkin yerinə gəldi. Bu zaman tülkü baba onun yanına gəlib dedi: β Ay cütçü, neçə gündür niyə cüt əkmirsən? Kişi əhvalatı tülküyə nağıl edib dedi: β Tülkü baba, bir ayı mənim başıma bu oyunu gətirdi. Onun qorxusundan gələ bilmirəm. Tülkü dedi: β Nə verərsən onu öldürüm? Cütçü dedi: β Sənə iki toyuq, bir xoruz verərəm. Tülkü sevindi, cütün bir o başına tullandı, bir bu başına tullandı, oynadı dedi: β Sabah mən quyruğuma bir süpürgə bağlayacağam, sonra o dağın başına çıxacağam, oyana-buyana yüyürüb toz eləyəcəyəm. Ayı sənin yanına gəlib deyəcək βo nə tozdur?β Onda deyərsən, βpadşahın oğlu azarlıdı, həkimlər ona ayı ödü dərman deyiblər. O toz eləyən padşahın qoşunudu, ayı axtarırβ. Onda ayı deyəcək, βmən harda gizlənim?β Onda sən deyərsən ki, βgəl, bu çuvala gir, elə bilsinlər ki, buğdadıβ. β Sonrası ilə işin yoxdu. Səhər tezdən tülkü quyruğuna bir süpürgə bağladı, həmin dağın başına çıxdı. Gözlədi, ayı cütçünün yanına gələndə, oyana-buyana yüyürüb toz elədi. Ayı baxdı ki, təpənin başından bir toz qalxıb, göyün üzünü tutub. Ayı cütçüdən soruşdu: β O nə tozdu? Cütçü dedi: β Hələ bilmirsən? Tez ol gizlən! Ayı dedi: β Nə var? Cütçü dedi: β Padşahın oğlu azarlayıbdı, həkimlər ona ayı əti dərman deyiblər. O, padşahın qoşunudu, ayı axtarır. Ayının canına qorxu düşüb dedi: β Bəs harda gizlənim? Cütçü dedi: β Gəl, gir bu çuvala, ağzını bağlayım. Elə biləcəklər toxumdu. Ayı çuvala girdi. Cütçü ağzını bərk-bərk bağladı. Kişi yavaşca tülküyə əl elədi. Tülkü də gəldi. Hərəsi bir ağac götürdülər, ayını döyməyə başladılar. O qədər döydülər ki, ayı öldü. Cütçü dedi: β Sabah toyuqları, xoruzu gətirəcəyəm. Səhər cütçü cütə çıxmışdı. Tülkü onun yanına gəlib dedi: β Bəs toyuqlar necə oldu? Cütçü dedi: β Bay, yadımdan çıxıb. Səhər gətirərəm. Sabah yenə tülkü cütçünün yanına gəldi. Cütçü ayran yemişdi, qarnı quruldayırdı. Tülkü ondan soruşdu: β Cütçü baba, o səs edən nədi? Cütçü dedi: β Nə bilim, bir neçə il bundan qabaq bərk aclıq oldu, onda bir tazı küçüyü yedim. İndi sənin səsini eşidib, istəyir çıxsın. Tülkü dedi: β Ay cütçü baba, qurbanın olum, qoyma çıxsın, mən qaçım. Cütçü dedi: β Qorxma, qoymaram çıxsın, tez qaç! Tülkü qaçıb gözdən itdi, cütçü də sevinə-sevinə evinə gəldi.