Biri varımış, biri yox imiş. Bir tacir var imiş. Bunun gözünün ağıqarası bir oğlu var imiş. Bu oğlanı çox istərmiş. Bu tacirin dünya malı dövlətindən başqa üç qəribə şeyi də var imiş. Bunlardan biri papaqdan, biri zurnadan, o biri torbadan ibarət imiş. Hər kəs papağı başına qoysa idi, kimsə onu görəməzdi. Hər kəs zurnanı çalsa idi, camahat hüzuruna cəm olub ona itaət edərdi, torbanı yerə qoysa idi, orası qızıl olardı. Bu tacir öləndə vəsiyyət edir ki, onın oğlına heç sənət öyrətməsinlər, çünki onsız da o qədər dövlət-mal qoymuş ki, oğlan ölənə kimi yesə təmam olmaz. Atası ölənnən sonra oğlan eyş-işrətə qalır. Həmən şəhərdə bir padişah varımış. Bu padişahın da Hildais adında bir gözəl qızı varmış ki, yaxşı nərd oynarmış. Bu qız eşidir ki, bu şəhərdə dövlətdi bir əyyaş tacir oğlunun üç qəribə şeyi var, özü də nərd həvəskarıdır.
Bir gün qız atasından xahiş edir ki, həmən tacir oğlunu onın hüzuruna dəvət etsin. Şah qəbul edir. Oğlan qızın hüzurinə daxil olur. Qızı görüb ona aşiq olur, qız ilə nərd oynamağa başlayırlar. Qız oğlandan yaxşı oynadığından hər dəfə oğlanı udurdu. Beylə ki, oğlanın cəmi dövləti, torbası, zurnası əlindən gedir, ancaq bircə papaq qalır. Bundan sonra qız oğlanı hüzurindən qovur, oğlan axırda əliboş evinə qayıdır. Bir gün həmən oğlan papağı başına qoyub padişahın sarayına gəlir, çəkilib görür ki, padişahın arvatı qızıyla pilov yeyirlər. Bu da bir tərəfdə oturub yeməyə başlayır. Padişah görür ki, bunlar ilə dördüncü bir adam da xörək yeyir, amma kim isə görünməyir. Çox təəccüb edirlər. Bu halda, padişahın qızının əli dəyib oğlanın başından papağı düşür, oğlan zahir olur. Qız xahiş edir ki, oğlan onunla yenə nərd oynasın. Oğlan qəbul edir. Qız yenə bunu udu və papağını da əlinnən alır, sonra oğlanı qovur. Oğlan əliboş saraydan çıxır. Artıq o şəhərdə otura bilməyib səfər axtarırdı. Bir gün oğlan bir bağa çatır, görür ki, burada yaxşı alma ağacları vardır. Əl uzadır almanın birini üzüb yeyir, həmən saat bunun başında iki zorba buynuz çıxır. Oğlanın dərdi daha da artır. İndi buynuz ilə hara gedə bilər? Bir az irəli gedib görür ki, bir əzgil ağacı var. Bu əzgildən də bir dənə dərib yeyir, həmən saat buynuzları düşür. Oğlan bu işə sevinir. Bir xeyli alma, əzgil yığıb evinə qayıdır. Bir qab almanın yaxşısından padişahın qızına göndərir. Padişahın arvadı qızı ilə bir-bir almalardan yeyirlər. Həmən saat hər birinin başından bir cüt zorba buynuz çıxır. Bu işə heyran qalırlar, nə qədər təbibləri dəvət edirlər, kimsə bunlara əlac edə bilməyir. Bu halda oğlan padişahın hüzuruna gəlib ərz edir ki, qızını maa ver, sizi bu bəladən xilas edim. Padişah əlacsız razı olur. Qızı kəbin kəsdirib oğlana verir. Oğlan da əzgildən onlara yedirib, o bəladən onları xilas edir. Sonra həmən qız, həmən papax, zurna, torba və həm də cəmi dövlətə sahib olur.
Peşə dalınca Qədim vaxtlarda bir paçcah var idi. Günlərin bir günündə bu paçcah pəncərədən küçeynən keçən adamlara baxan vaxtda, gördü əlində bir dəmir xəkəndaz küçə ilə bir əməlli adam gedir. Bu adam bir az gedəndən sora küçəni dönüf geri qayıtdı. Amma indi əlindəki xəkəndaz qızıldan idi. Paçcah bunu görüb təəccüb elədi. Hökm elədi ki, o adamı yanına gətirsinlər. Paçcah onnan xəkəndazın əhvalatını soruşdu. Həmən adam cavab verdi: ā Paçcah sağ olsun, mən gedirdim küçə ilə qabağıma bir adam çıxdı o, mənim xəkəndazımı əlinə alıb istədi baxsın xəkəndaz əlində qızıl oldu. Sora mana verdi. Paçcah ona hökm elədi gedif o adamı çağırsın. Bir azdan sora onlar hər ikisi paçcahın qulluğuna gəldilər. Paçcah xəkəndazı qızıl eləyən adamın adını soruşdu. O dedi: ā Adım Mirdamaddır. Paçcah ondan xəkəndazı necə qızıl eləməsini soruşdu. Mirdamad dedi: ā Peşədir. Paçcah Mirdamada hökm elədi: ā Gərək o peşəni mənə öyrədəsən. Mirdamad paçcaha dedi: ā Paçcah sağ olsun, sən o peşəni öyrənə bilməzsən. Sən paçcahsan, sənin peşən paçcahlıqdır. Onu öyrənmək istəyən gərək paçcahlıqdan əl çəksin. Paçcah dedi: ā Mən paçcah olmaqdan əl çəkərəm, sən o peşəni maa öyrət. Mirdamad razı oldu. Paçcah öz oğlunu yerində paçcah qoyuf Mirdamad ilə bu şəhərdən çıxıb yola düşdülər. Bir az gedəndən sora paçcah bir qızıl daraq çıxartdı, başını daramağa başladı. Mirdamad qızıl darağı paçcahın əlindən alıb cibinə qoydu. Paçcaha dedi: ā Mənim sənətimi öyrənmək istəyənə başını qızıl daraq ilə daramaq olmaz. Bir az yol gedəndən sora bular bir bulağa çatdılar. Paçcah cibindən bir qızıl su qabı çıxarıb istədi su içsin. Mirdamad yenə dedi ki, onun sənətini örrənmək istəyən qızıl şey gəzdirə bilməz. Bir xeyli yol gedənnən sora Mirdamad paçcaha dedi: ā Qardaş, indi daha mən səndən ayrılıram. Get dərvişlik elə, ayrı peşə gör, sən mənim peşəmi öyrənə bilməzsən. Özü də altı aydan sora məni tapacaqsan. Burda ayrılıb hərəsi bir tərəfə getdilər. Paçcah bir az yol gedif bir şəhərə çıxdı. Burda paçcah bir karvansaraya gedif yer istədi. Dedilər: ā Boş otağımız yoxdur. Amma bir otax var hər kəs orada bir gecə qalsa, şəhərə sağ çıxmayır. Onu da biz saa verə bilmərik. Paçcah dedi: ā Eybi yoxdur, mən orada qallam. Paçcah otağa girdi, əyləşib çörəgini yedi. Bir vaxt gördü ki, evin difarı ayrıldı, difarın arasından bir qarı iki qızınnan, ikisi də bir paltarda, bir suratda çıxdılar. Qızın biri otdu masanın üstə, biri yerdə. Qarı paçcaha dedi: ā Bunların hansı xanımdır, hansı qulluqçu? Paçcah masanın üstündə oturana dedi: ā Ey, düş otur yerdə, xanımı incitmə. Qoy, xanım otursun masada. Qarı paçcaha dedi: ā Sən ki, xanım ilə qulluqcunu tanıdın mən sana dəymərəm. Bunları indiyə kimi bir adam tanıya bilməyibdi. Mən onları öldürürdüm. İndi mən o xanımı, qızımı sana verrəm. Paçcah qarıya dedi: ā Mən bir yerdə dayanan adam deyiləm onu alıf saxlayam. Mana arvad gərək deyil. Qarı dedi: ā İndi belə eylərəm ki, həmişə o sənnən gəzər, amma sənin gözünə görünməz. Bu hər nə eləsə sən ona qarışma! Paçcah razı oluf bu qızı aldı. Burdan çıxıb bir ayrı mənzil tafdılar orada qaldılar. Bir neçə aydan, gündən sora arvadın bir oğlu oldu. Arvad uşağı aparıf yaxınnan axan bir çaya atdı. Paçcah buna heç bir söz dimədi. Bir azdan sora bunlar buradan bir ayrı mənzilə köçdülər. Orada bu arvad yenə bir oğlan doğuf təndirə atdı. Paçcahın bu səfər arvadının bu işinə çox acığı dutdu, dedi: ā Səni görüm ilan vursun, neyə uşağı təndirə atdın. Arvat duruf çıxdı. Paçcah da bunun dalınnan çıxdı. Birdən gördü bir ilan arvadın boğazına dolanıf onu sancır. Paçcah ona çatıncan ilan qaçdı. Arvad öləsi oldu. Ölən vaxtda paçcaha dedi: ā Mən öləndən sora mənim dişimin birini çıxart saxla. Sana bir vaxt lazım olar. Arvad öldü. Paçcah arvadın dişini çıxartdıf cibinə qoydu. Birdən gördü arvadın ata, anası qapudan girdilər dedilər: ā Sən bizim qızımızı qarğış edub öldürdün. İndi hələ bilirsən sənin uşaqların ölüf. Yox, barmaqının arasından bir bax, onda görərsən uşaqların haradadır. Paçcah baxdı gördü oğlanları taya yanında oynayırlar. Qayıdıf baxdı heç kəsi görmədi. O çıxıf getdi, uşaqlarını tapsın. Yolda buna bir dev rast oldu. Dev bunu görcək dedi ki, ay paçcah, səni xoş gördük. Sən hara, bura hara. Bunu deyif paçcahı yanına salıf yerin altındakı bir mağaraya apardı. Paçcah buraya girəndə gördü bura adam, qoyunnan doludur. Axşamatan paçcah vaxtını orada keçirdi. Axşam dev buna dedi: ā Ay paçcah, sən adam əti yeyə bilərsənmi? Əgər yeməsən, un verim çörək bişir ye! Paçcah unu aparıb çörək bişirib yedi. Bir vaxt paçcah gördü dev böyük bir adamı vurub, qoyun kimi şaqqaladı, şişə çəkib odun üstə qoydu ki, bişsin. Paçcah bunu görüb öz-özünə dedi ki, mən paçcah ola-ola bu dev mənim gözümün qabağında bu adamları şaqqalayıb yeyir. Gərək mən şişi qoyam oda, munun gözlərini yatan vaxtda dağlayam. Gecə paçcah yatdı. Səhər gördü ki, dev qoyunların hərəsinə bir ad deyə-deyə sığallaya-sığallaya bir-biri çölə çıxartdı, apardı otarmağa. Otardı, axşam gətirdi. Axşam paçcah oda iki şiş qoydu. Dev paçcaha genə dedi: ā Ay paçcah, mən gedim sana un gətirim, çörək bişir ye. Paçcah dedi: ā Un gətirmə. Yer qaranlıq yeridir. Paçcah fürsət tapub şişləri oddan götürdü, aparıb birdən onun gözdərinə basdı. Dev başdadı gözdərini ovuşdurmağa, amma bir şey görə bilməyirdi. Bu halda paçcah gedif bir qoyun öldürüf, onun dərisini soyuf içinə girdi. Səhər dev qoyunnarı çölə çıxaranda, nə qədər onları əlləşdirdi, amma paçcahı tapa bilmədi. Paçcah çölə çıxıb, devə bir ox atdı. Ox gəlif devin sinəsinə dəyən vaxt, dev yerə yıxıldı. Paçcah o saat qılıncı çəkib onu cəhənnəmə vasil elədi. Paçcah mağaraya girəndə adamlar onun qavağında dizi üstə yıxılıf dedilər: ā Sən devi öldürdün, bizi ölümdən azad elədin. Dev çoxlu qızıl gizlədif biz onu tapıb sana verərik. Paçcah onlara dedi: ā Sağ olun, maa qızıl-zad lazım deyil. Paçcah yola düşüf getdi. Bir xeylax gedəndən sora paçcahın qabağına çıxdı bir vəzir. Vəzir paçcahı götürüf ona dedi: ā Mən paçcahın azarlı qızınnan ötəri bir həkim gəzirəm. Paçcah vəzirə dedi: ā Mən həkiməm, gedək. Paçcah vəzir ilə getdi. Gördü qızın üzü yaradır. Qızdan soruşdu: ā Ay qız, sənin üzünə nə olufdur ki, yaradır? Qız başdadı başına gələni nağıl eləməyə paçcaha. Qız dedi ki, mən atamnan ova çıxmışdım. Bir düzdə mən bir balaca difar görüf onun üstən o tərəfə addadım. Orada bir dərviş gördüm. Dərviş mənim əlimdən dutuf bir bağa apardı. Bağda bir ev var idi. Dərviş maa bir otaq göstərdi. Dedi ki, sən burada olacaxsan. Bir yerə mənnən izinsiz gedə bilməzsən. Dərviş tək hər gün çölə gedirdi, amma qayıdanda bir neçə adam ilə gəlirdi. Adamlar geri evlərinə qayıtmırdılar. Mən bu dərvişin işini bilmək üçün bir dəfə qapının haçar deşigindən baxıb gördüm dərviş qonaqlar üçün aş bişirif, üztünə bir cürə yağ töhdü ki, qonaqların əlləri dəyən saat od alıf yandılar, qızıl oldular. Dərviş qızılları aparıb bir anbara tökdü. Bundan yeddi il keçdi. Bir gün dərviş maa dedi: ā Bu gün qonağımız yoxdur, get aş bişir, hazır olanda məni də çağır yeyək. Aşı hazırlayıf apardım qonaq otağına qoydum. Gəlif dərvişi çağırdım. Mən genə deşikdən baxıb gördüm dərviş o yağdan xörəgin bir tərəfinə tökdü. Sora məni çağırdı. Mən birdən dedim ki, o baxan kimdir? Dərviş o yana baxanda, mən qabın o yağdan tökülən tərəfini onun qabağına çevirdim. O, əlini uzatdı ki, yesin, od dutuf yandı, birdən bir parça o yanğıdan mənim üzümə atdı. O vaxtdan mənim üzüm yaradır. O yağı da götürüf evə gətirdim. Paçcah ölən arvadının dişini çıxartdı, bir daşa sürtüf qızın üzünə çəkdi. Qızın o üzü o saat yaxşı oldu. Qız paçcaha dedi ki: ā Mənim atam söz veribdir ki, hər kim mənim üzümü yaxşı elədi, ona iki dəvə yükü qızıl verəjəm. Qız şüşədəki dərvişin yağını ona verdi. Atası da buna on iki dəvə yükü qızıl verdi. Bu dəvələri qavağına salıb yola düşdü. Bir az gedəndən sora buna bir yaşıl əmmaməli adam rast gəldi. Dedi: ā Ey Məhəmməd hümməti! Allah yolunda bu dəvələrin altısını mana ver, əhli-əyalım acdır. Paçcah dedi: ā Allah yolunda canımı da verərəm. Gətirib muna altı dəvə verdi. Bir mənzil yol gedəndən sora paçcaha bir qara əmmaməli adam rast gəldi. Dedi ki: ā O qalan dəvələrini də Allah yolunda ver maa. Paçcah o qalan dəvələrini də ona verdi. Bir az getmişdi qavağına başında qara çarşo, üzündə örtük bir arvad çıxdı. Dedi ki: ā Ey şəxs, səni and verirəm Allaha, o şişədəki yağı ver mana. Paçcah yağı çıxardıf ona verdi. Onnan ayrılıf bir xeylax gələndən sora gəlif bir bağa çıxdı. Bağın içinə girif bir ağacın dibində oturdu. Bir vaxt gördü ki, iki göyərçin uça-uça gəlif dibində oturduğu ağacın üstünə qondular. Göyərçinin biri o birinə adam diliynən dedi: ā Bajılı-bajılı, bilirsənmi, bu paçcahdır. O paçcahlıqdan əl çəkdi, gör nejə insaflıdır ki, qızıl yüklü on iki dəvəni Allah yolunda payladı. Dərvişin ambarındakı qızılları da o adamlar üçün qoydu. Onun qabağına yolda əvvəl çıxan Harum idi. O altı dənə dəvəni apardı fağırfüqəraya payladı. Sora rast gələn İrəşit idi. O da altı dəvəni aparıb korşillərə payladı. Axırda rast gələn Hatəm idi, o şişədəki bir elə qan eləmiş yağı aldı. Sora genə göyərçin dedi ki: ā Bajılı-bajılı, o arada qoyulan camınan o sudan iki cam işsin, o güllərdən də dərsin, onların hərəsi bir davadır. O bağın qırağındakı ev də Mirdamadındır. Göyərçinlər bunu deyif uçuf getdilər. Paçcah sudan içif, güldən dərif bağdan çıxdı. Mirdamadın yanından keçdi. Mirdamad onu görjək, āsən buralara xoş gəlifsənā deyif əlindən dutuf evə apardı. Mirdamad paçcahın gəlməginə görə çoxlu adam yıxıf böyük qonaqlıq elədi. Qonaxlardan biri ayağa duruf dedi: ā Ay Mirdamad, sən görək bizim üçün ağ bağdan birillik yoldan bir saada bir dəstə gül bağlıyıb gətirəsən. Mirdamad hazırlanıb yola düşdü. Paçcah da munun dalınca getdi. Çatan kimi Mirdamad gülü götürüf qayıdırdı. Paçcah bir şir oluf munun yolunda dayandı. Mirdamad gələndə onun əlindən gülü dəstə ilə alıb ona bir balaca budağını verdi. Paçcah ondan qabaq gəlif qonaqların yanında oturdu. Bir vaxdan sora Mirdamad gəldi. Qonaqlar munun əlindəkini görüf dedilər ki, birillik yolu bir saata gedif gəlmisən, hələ gətirdiyin budurmu? Mirdamad dedi: ā Vallah yolda qabağımı bir şir kəsib gülü əlimdən aldı, bir budağını verdi. Paçcah bu halda gülü çıxardıf qonaqların qabağına qoydu. Qonaxlar baxıb gördülər ki, Mirdamad gətirdiyi gül, paçcahın gətirdiyinin bir budağıdır. Mirdamad paçcaha dedi: ā İndi istədiyin peşəni öyrənmisən. Paçcah Mirdamada dua eləyib o gündən paçcahlığını atıf peşə dalınca getməyə başladı.