Biri varıdı, biri yoxudu, Allahdan başqa heç kim yoxdu. Bir kasıb oğlan varıdı, adına Məhəmməd deyərdilər. Bu paçcahın qızın isdiyirdi.
Elçi göndərdi.
Paçcah dedi:
– Getsin xəbər gətirsin görək, Gül Sumana neylədi, Suman gülə neylədi? Onnan sora qızımı verərəm ona.
Elçi gəldi paçcah dediyin Məhəmmədə xəbər verdi. Məhəmməd dedi:
– Neynək, gedip gətirrəm.
Məhəmməd durdu, düşdü yola. Günə bir mənzil, tey-mənazil, gəldi çıxdı bir şəhərə. Gördü bu şəhərdə bir maşınçı var. Paltarı tikir, qaçıynan doğruyur tökür yerə, deyir:
– Gül Sumana neylədi, Suman Gülə neylədi?
Məhəmməd dedi:
– Yaxşı, onu da sana deyərəm.
Düşdü yola. Yavaş-yavaş gəldi, çıxdı bir şəhərə. Gəldi gördü bir qaltaxçı var. Qaltağı hazırrıyır. Sora çəkicinən döyüp əzir. Deyir:
– Gül Sumana neylədi, Suman Gülə neylədi?
Dedi:
– Yaxşı, sənə də xəbərin gətirrəm.
Getdi gördü bir dəmirçidi dəhrə, balta qayırır, hazırrıyır. Sora əzir bılları, deyir:
– Gül Sumana neylədi, Suman Gülə neylədi?
Qayıtdı şəhərdən çıxdı. Gəldi gördü üç dev gəlir. Devlər bını görəndə dedilər:
– Bəni-adəm kəsər şərimizi.
Devlər gəldi bına çatdı. Bı dedi:
– Şəriniz nədi?
Dedilər:
– Bir xəlçədi, bir sırfa, bir tac. Bölə bilmirik.
Məhəmməd dedi:
– Mən bölərəm. Onların mənası nədi?
Devlər dedi:
– Sırfanı açıp desən Süleyman peyğəmbər eşqinə filan şey hazır olsun, o saat nə isdəsən, hazır olar. Xəlçiyə də minərsən, deyərsən:
Süleyman peyğəmbər eşqinə filan yerdə ol! O saat harda demisən, orda olar. Tacı da başına qoyarsan, heç kim görməz, amma sən hamını görərsən.
Məhəmməd dedi:
– Mən indi üç ox atacıyam. Hərəniz birinin dalınca gedin, hankınız tez gəlsə, sırfa onun, onnan sora hansınız gəlsə, xəlçə onun, hansınız axıra qalsa, tac onun. Devlər razı oldular. Məhəmməd oxları atdı.
Bıllar oxun dalınca yüyürəndə, Məhəmməd sırfanı, tacı götürdü, mindi xəlçiyə.
Dedi:
– Xəlçə, Süleyman peyğəmbər eşqinə, ol Sumanın qapısında.
Suman bir padşahıdı. O saat xəlçə Sumanın qapısında oldu.
Devin biri gəldi gördü bəni-adəm yoxdu, nə də ayın-oyun, o biri də gəldi dedi:
– Bəs, bəni-adəm hanı?
Dedi:
– Nə bilim hara getdi?
Bı dedi:
– Sən yemisən bunu.
Vırdı devi öldürdü. O biri gəldi gördü, devin biri ölüp, bəni-adəm də yoxdu, nə də ayın-oyun. Soruşdu ki, bəs bəni-adəm hanı?
Dedi:
– Nə bilim!
O dedi:
– Onda bəni-adəmi yemisiniz, şeyləri də gizləmisiniz.
Vurdu bunu da bı öldürdü.
Məhəmməd gəldi düşdü Sumanın qapısına. Girdi içəri, dedi:
– Allah qonağı.
Suman dedi:
– Allaha da qurban olum, qonağına da, gəl.
Gəldi, oturdular. Axşam Suman xörək gətirdi qoydu Məhəmmədin qabağına. Məhəmməd dedi:
– Yemərəm. Gərək, deyəsən ki, sən Gülə neyləmisən, Gül saa neyliyib, sora yeyəm.
Suman dedi:
– Məhəmməd, çörəyini ye, onu soruşma.
Məhəmməd dedi:
– Xeyr, gərək deyəsən.
Bu Sumanın qırx otağı varıdı, ağzı olduğu otağa açılırdı, ancax olduğu otağın ayrı qapısı varıdı. Bu otağın birində qırx xəlçə varıdı, hamısı qatdalı yığılmışdı bir-birinin üsdünə. Onnarın hökmü Sumandaydı.
Əvə qonax gələndə deyirdi, qırx xəlçə tut, tuturdular. Dedi:
– Məhəmməd, dur gəl bura.
Apardı bir zirzəmi gösdərdi ki, ağzınacan insan meyidi idi.
Dedi:
– Məhəmməd, bax isdiyirsən sən də öləsən, söylüyüm. Hər kəsə söyləsəm, söyləyip qurtarannan sora öldürürəm.
Məhəmməd dedi:
– Neynəh, öldüsən də de.
Məhəmməd öz ürəyində dedi:
– Örtülü qapılar hamısı Süleyman peyğəmbər eşqinə açılsın, açıx qalsın, qatdalı xəlçələr də açıx qalsın.
Suman dedi:
– Di Məhəmməd, xörəyini ye, saa nağıl eliyəcəyəm.
Məhəmməd gördü, bir tulası var, buna çox hörmət eliyir, xörəyi çəhdi bir nimçiyə, gətirdi qoydu tulanın qabağına, artıq qalan nə qədər də sümüyü-zadı var, onu da bucaxda bir qatır bağlamışdı, apardı töhdü onun qabağına. Qayıtdı qatıra bir ağac vırdı, qatır başdadı sümüyü yedi. Suman dedi:
– Məhəmməd, mənim iki atım var, çox xətrin isdərəm. Elə görürəm bu atdar günü-günnən geri gedir, meytərrərə deyirəm, bəs mənim alafım necə olur ki, bu atdar günü-günnən sınıxır, deyirlər, nə bilim.
Hər gecə də əmim qızı Gül, yanıma girəndə buz kimi olur. Deyirəm:
– Hara getmişdin ki, belə söyüxsan?
Deyir:
– Heç yerə, çölə çıxmışdım.
Meytər bir gün dedi:
– Suman sən böyüksən, yoxsa Gül?
Dedi:
– Əlbətdə, mən. Necə?
Dedi:
– Hər gecə Gül sənin paltarını geyinir, atın birin yəhərrədir minir, çıxır, gedir.
Məhəmməd o gecə barmağımı kəsib duz doldurur, yatmır. Gecənin bir aləmi görür o, durdu, mənim paltarımı geyindi, göydən qılıncı sivirdi, üç dəfə mənim üsdümə yendirdi qalxızdı, çıxdı getdi. Meytərə dedi:
– At hazırdı?
Meytər dedi:
– Hazırdı.
Atı mindi düşdü yola. Mən də o biri atı mindim bunun dalınca qarabaqara getdim. Gördüm, bir dağın dibində işıx gəlir. Gül bu işıxı tuşduyup gedir. O qədər getdi ki, gördüm həmən dağın döşündə bir imarat var. İmaratın qapısında düşdü, atı bağladı, girdi içəri. Mən də atı bağladım gəldim pəncərədən baxdım, gördüm qırx haramıdı, burda oturublar. Gülnən söhbət eliyirlər. Haramibaşı Gülə dedi:
– Çəpəl, bəs niyə gec gəldin?
Gül dedi:
– Nə bilim, yatmamışdı. Gözdədim yatdı, gəldim.
Haramibaşı dedi:
– Bəs niyə öldürmədin?
Gül dedi:
– Nə bilim, öldürmədim.
Amma gördüm tövlədən otağa yol var. Girdim gördüm qırx at bağlanıp ki, ta nətər, yeyip yatmış atdardı. Bılların bir neçəsinin noxdasın açdım, atdar başdadılar təpikləşməyə. Haramibaşı bıllara dedi:
– Biriniz gedin görün atdar niyə belə eliyir?
Atdar belə elədikcə bir-bir gəldilər mən də boyunnarın vırdım, yıxdım. Belə-belə otuz doqquzunun boynun vırdım, girdim içəri. Harami başıynan tutaxlaşdım. Gördüm Gül isdiyir məni Harami başının altına sala. Bı tula da yanımdeydi. O saat tula Haramibaşını yığışdırdı saldı mənim altıma. Qayıtdım Haramibaşının başın kəsdim saldım torbaya.
Əmim qızı Gül o saat durdu çıxdı. Atı mindi gəldi. Mən də torbanı götürdüm bının dalıncan gəldim əvə. Əmim qızına çox məhəbbətim varıdı, heç qəlbim onnan sınmırdı. Nə qədər öyüd, nəsihət elədim, gördüm, xeyr heç bı hala gələn deyil. Səhər açıldı durdum dedim:
– Əmi qızı, dur çay qoy, xörək qayır.
Mana bir vürd oxudu elədi bir tula, dedi:
– Get, köpoğlunun tulası!
Mən oldum tula, bırda itdər boğdu, orda itdər boğdu. Getdim çıxdım bir qəssəbxananın qabağına. Bu qəssəbin şəyirdi maa bir parça çiy ət atdı. Bını yemədim.
Dedi:
– Bı nə yaxşı tuladı, bunu saxlıyacıyam.
Gətirdi mənim boğazıma bir xalta saldı, apardı otağın bir küncündə bağladı. Gördü mən çiy ət yemirəm. Nə bişirirdi, maa da onnan verirdi.
Hər gün bir qızıl gətirip salırdı mənim başımın üsdündəki o daxil kimiyə, bilirdim ki, bını qəssabdan daldalıyır.
Qırx gün burda qaldım. Hər gün də görürəm ki, o bir qızıl gətirir, salır bı daxıla. Qırx gün tamamında bullar gileyləşip ayrıldılar. Malı, mayanı böldülər. Gəldi məni çəkdi ki, açsın aparsın, ayağımı yerə dirədim, getmədim. Bir çomax götürdü gəldi ki, məni döysün. Atıldım o daxılı tökdüm. Bı bildi ki, mən onçun getmirmişəm. Qızılları yığdı, qəssəbə də dedi:
– Bını da oğurramısan.
Məni də götürdü, qızılları da, gəldi əvinə. Bağladı məni bir bucağa, altıma da bir döşəy saldı. Anasına da tapşırdı ki, buna yaxşı baxın.
Yaxşı tuladı, maa da bir belə xeyr verip. Bullar da nə bişirseydilər maa da verirdilər. Mən də öz ürəyimdə dedim, mən nətər eliyim, dərdimi bıllara bildirim. Heç demeynən, bı arvad da cadıkun imiş. Bının qızı həməşə mənim payımı gətirip verirdi. Bir gün çörəyi qoydu qabağıma.
Başdadı zənd elədi maa.
Dedi:
– Ay nənə, bı Sumana oxşuyur.
Qayıtdı maa dedi:
– Sən Sumansan?
Mən ağladım.
Dedi:
– Ay nənə, vallah Sumandı, bax Sumansan, dedim, ağladı.
Arvat gəldi baxdı, gördü Sumanam. O saat barmağın dişdədi ki, bını o çəpəl bu hala salıp.
Arvat dedi:
– Yaxşı, qoy oğlan gəlsin.
Oğlan əvə gəldi. Arvat dedi:
– Bala, bı Sumandı! Gül bını bı hala salıp.
Oğlan dedi:
– Ana, əlacın varsa, öz halına sal, o bizə çox yaxşılıxlar eliyip.
Arvat o saat bir vürd oxudu. Mən oldum həmən Suman. Məhəmməd, qayıtdı bir vürd də maa örgətdi.
Dedi:
– Gedərsən, bı vürdü oxursan, deyərsən: “ol filan şey!” O saat nə desən, o olar.
Gəldim əvə. Mənim onda o qədər isdəyim varıdı ki, ürəyim qəbul eləmədi ki, o vürdü oxuyam, onu bir şey qayıram. İçəri girən kimi dedi:
– Get, köpoğlunun qarğası.
O saat bir qarğa oldum.
Burda qarğalar döydü, orda döydü. Bir təhərnən özümü saldım həmən qarının yanına.
Qarı dedi:
– Səni yaxşı eləmiyəciyəm, mən sana vürd oxudum ki, get, onu bir şey elə. Eləmədin. Beş gün, on gün qaldım, bir gün genə oğlan yalvardı ki, ay anan, sən Allah, bını yaxşı elə! Arvat bir vürd oxudu, mən oldum həmən adam.
Dedi:
– Bı səfər eləməsən, taa səni yaxşı eləmiyəcəyəm.
Gəldim içəri girdim, genə ürəyim qəbul eləmədi.
Məni görən kimi dedi:
– Get, köpoğlunun eşşəyi, oldum bir eşşək. Verdi çarvadara. O qədər işdətdilər ki, əldən düşdüm. Çarvadarrar boşdadılar məni. Gəldim bı qarının əvinin börünə. Orda otdadım, orda da yatdım. Bı oğluynan qızı genə yalvardılar ki, bını sağalt yazıxdı. Bı gətirdi genə bir vürd oxudu. Genə oldun həmən əvvəlki Suman. Dedi:
– Gedərsən, bu səfər ona bir şey eləməsən, taa yaxşı elmiyəciyəm!
Gəldim, Məhəmməd, o vürdü oxudum elədim qatır. İndi bax o qatır, odu i, sümüyü tökmüşəm qabağına. Bı tula da həmən harami başını mənim altıma salan tuladı. Görürəm bı tula əmim qızınnan vəfalıdı.
Onun üçün ona yaxşı hürmət eliyirəm. Bı başda haram başının başıdı ki, çubuğunan döyürəm, o yeyir. Onu da heylə eliyirəm. Məhəmməd, mənim dərdim budu.
Məhəmməd xörəyin yedi. Suman dedi:
– İndi də öldürəcəyəm səni.
Suman durdu ki, qapını bağlasın, Məhəmmədi öldürsün. Məhəmməd o saat tacı başına qoydu. Ta Suman Məhəmmədi görmədi. Ancax Məhəmməd Sumanı görürdü. Suman qapını bağladı, gəldi, dedi:
– Örtüyü qapılar, tut!
Gördü heç səs çıxmadı. Dedi:
– Qatdalı xəlçələr, tut!
Gördü heç səs çıxmır.
Qılıncı sivirdi, dedi:
– Çəpəl, mən dedim bı sir çölə çıxmasın, ta indi ki çıxdı, sənin qalmağın lazım deyil!
Qayıtdı bı qatırı elə doğradı ki, pul kimi.
Məhəmməd ayın-oyunnarın götürdü çıxdı çölə. Çöldə xəlçiyə mindi, dedi:
– Xəlçə, Süleyman peyğəmbər eşqinə, dəmirçinin qapısında ol!
O saat gördü həmən dəmirçinin qapısındadı. Necə ki, Suman nağıl eləmişdi, heylə nağıl elədi.
Ordan da gəldi qaltaxçının dükanına ona da nağıl elədi. Mindi xəlçiyə dedi:
– Xəlçə, Süleyman peyğəmbər eşqinə, ol filan maşınçının dükanının qabağında!
Gəldi ora. Maşınçıya da söylədi. Ordan da genə xəlçiyə mindi, dedi:
– Xəlçə, Süleyman peyğəmbər eşqinə, ol həmən paçcahın qapısında Gəldi ora, paçcaha baş yendirdi, dedi:
– Ey paçcah, bir qonaxlıx elə, camahatı yığ. Camahatın yanında söylüyüm. Hamı da eşitsin.
Paçcah əmr elədi, camahatı yığdı. Bı oğlan da dedi ki, heç bir şey lazım deyil, özüm hamısın düzəldəciyəm, işiniz yoxdu. Camahat hamısı cəm oldu. Məhəmməd sırfanı aşdı qabağa.
Paçcah dedi:
– Nə var ki, bı sırfanı aşdı?
Bir də gördü Məhəmməd dedi:
– Süleyman peyğəmbər eşqinə bı camahatın hərəsinə bir qab xörək isdiyirəm! O saat hər adama bir nimçə xörək, yanında xurudu, xörəyinən hazır oldu. Paçcah məhətdəl qaldı bı işdərə. Yedilər, içdilər yığışdılar. Məhəmməd necə biz söylədik, heylə söylədi.
Paçcah, o saat bir molla gətirtdi, qızın kəbinin kəsdirdi Məhəmmədə.
Dedi:
– Di, get toyun ehtiyatın gör!
Məhəmməd toyun ehtiyatın gördü. Gəlini gətirdi.
O yedi yerə keçdi, siz də yeyin, dövrə keçin.