Biri varıydı, biri yoxuydu, Allahın bəndəsi çoxuydu. Bir şəhərdə bir vəzirgan varıydı. Bu vəzirgan həmişə uzax ölkələrə gedərdi. Alverdən qayıdıb gələndə, gəmiynən dəryadan keçəndə bir də gördü ki, gəmiyə bir şey dəydi. O saat dərya təlatümə gəldi, bir tufan qopdu, bir tufan qopdu ki, elə bil qiyamət qiyam elədi. Gəmi suyun üzündə o üzə, bu üzə elə yırğalanırdı ki, elə bil bu saat batacaydı. Vəzirgan bir də gördü suda bir baş öz-özünə deyir:
– Otuz doqquzunun boynunu vurmuşam, qırxıncını da vurummu?
Vəzirgan elə bildi bu suda boğulan bir adamdı. Ürəyində dedi ki, əgər dəryadakı təlatüm dayansaydı bu adamı çıxarıb özümlə aparardım. Elə vəzirganın ürəyinnən bu fikir keçən kimi təlatüm dayandı. Vəzirgan əlin atıb sudakı başdan yapışıb kənara çıxartdı. Gördü bir kəsik başdı, bədəni yoxdu. Vəzirganı təəccüb götürdü, istədi başı suya atsın, gördü dərya yenə təlatümə başlayır. Odu ki, dediyi sözünün üstündə durdu. Başı bir torbaya salıb gətirdi evinə. Evdə torbanın ağzını açanda gördü baş dönüb olub bir ovuc kül. Bu işə lap məəttəl qaldı. Arvadına tapşırdı ki, nəbadə bu torbanın ağzını açasan ha! Vəzirgan hara gedirdisə, torbanı özüynən aparırdı. Bir gün vəzirgan yenə səfərə çıxmışdı, torba yadından çıxıb evdə qalmışdı. Arvad ev süpürəndə bir də gördü torba kişinin yadından çıxıb evdə qalıb, tez qızını çağırıb dedi:
– A qızım, dədən həmişə gedəndə bu torbanı da aparardı, indi yadınnan çıxıb evdə qalıb, tez ol torbanı götür, yüyür dədənin dalınca, torbanı ver ona.
Qız torbanı götürüb gedəndə yolda elə bil şeytan ona dedi bir aç bax, gör torbada nə var ki, dədən onun ağzını açmağa qoymur. Qız bir az ayax saxlayıb torbanın ağzını açdı, gördü içində bir ovuc kül var, barmağını külə batırıb dilinə vurdu, gördü heç nə təmi vermir. Torbanın ağzını bağlayıb aparıb dədəsinə verdi. Qız qayıdıb evlərinə gəlməkdə olsun, vəzirgan da yol getməkdə.
Vəzirgan bir xeyli gedənnən sonra yolda qabağını kəsib dedilər ki, evin yıxılmasın, hara gedirsən, şəhərə girsən səni öldürəcəklər. Vəzirgan xəbər aldı:
– Nə olub ki, adamları öldürürlər?
Bir nurani qoca kişi vəzirganın qulağına dedi:
– Ey vəzirgan, bil və agah ol, bu şəhərin padşahı qızını ərə vermək istəyirmiş, öz adətlərinə görə qızının yanına iki göyərçin göndərir, biri erkək, biri də dişi. Qız dişi göyərçini yanında saxlayıb erkək göyərçinin qanadlarını, tükünü yolub geri qaytarır. Padşah bunun nə demək olduğunu bilmir. Əmr eləyir ki, bütün bilikli adamlar yığılıb bu sirri açsınlar. Sirri aça bilməyənlərin boynunu vururlar. İndi şəhər tamam yasa batıb, qorxudan şəhərə heç kim girmir.
Bəli, tacir bu əhvalatı eşidən kimi geri qayıdıb düz evinə gəldi. Gördü ki, ey dili qafil, qızı boyludu. Arvadından soruşdu:
– Arvad, bu nə əhvalatdı?
Arvadı and-aman elədi ki, qızda heç bir günah yoxdu, bu olsa-olsa möcüzədi.
Bu şəhərdə mötəbər bir rəmmal varıymış. Kişi rəmmalı çağırıb bu işin sirrini öyrənmək istədi. Rəmmal kitabını açıb, bir cam su gətirtdi, suya bir güzgü, bir açar, bir az da duz tökdü. Əl ağacıynan camın kənarına cız çəkdi. Ağacı o yana, bu yana hərlədib cama vurdu. O saat kitabın bir varağı öz-özünə açıldı. Rəmmal həmin varağa baxıb dedi:
– Vəzirgan, sənin qızın heç bir kişi görməyib, o, küldən hamilə olub. Kişi qızını yanına çağırıb dedi:
– Qızım, de görüm mən evdə olmayanda o torbanın ağzını açmamısan ki?
Qız başını aşağı salıb dedi:
– Ata, açmışdım, gördüm içində bir ovuc kül var, barmağımı batırıb dilimə vurdum.
Vəzirgan işi başa düşdü, öz-özünə dedi: “Allaha təvəkkül, görək axırı nə olur”.
Bir neçə ay keçənnən sonra qızın bir oğlu oldu. Uşağ aynan, ilnən yox, saatnan, günnən boy atdı. Az vaxtın içində böyüyüb yekə bir oğlan oldu. Vəzirgan yenə həmən ölkəyə ticarətə gedirdi. Bu dəfə nəvəsini də özüynən aparırdı. Gəlib həmən şəhərə çatanda gördülər ki, yenə hamı qara geyib. Vəzirgan istədi ki, geri qayıtsın. Nəvəsi soruşdu:
– Baba, de görüm niyə qayıdırsan?
Kişi əvvəlcə istədi deməsin, gördü yox, oğlan əl çəkmir. Odu ki, əhvalatı başdan-ayağa kimi söylədi. Oğlan dedi:
– Baba, mən bu sirri açacam.
Vəzirgan dedi:
– Ay bala, ora bütün dünyadan bilici rəmmallar, ağıllı adamlar, iyid pəhlivanlar gedib, heç biri bu sirri aça bilməyib, padşah hamısının boynunu vurdurub. İndi sən bir tikə uşaq gedib neyləyəcəksən?
Vəzirgan çox dedi, oğlan az eşitdi, axırda kişi əlacsız qalıb onu apardı padşahın yanına. Oğlan ədəb-ərkannan padşaha baş əyib dedi:
– Padşah sağ olsun, izin versən qızının sirrini açaram.
Padşah dedi:
– Oğlan, əgər sirri açdın, qızı verəcəm sənə, yox, aça bilməsən boynunu vurduracam.
Oğlan razı olub dedi:
– Mən bu sirri açacam, amma bir şərtim var, gərək sirri açmaq üçün padşahlığını üç günlüyə mənə verəsən.
Padşah razı oldu. Oğlan padşahın yerinə keçən kimi vəzir-vəkili, padşahın bütün adamlarını başına yığıb dedi:
– İndi mən sizə bir əhvalat söyləyəcəm, siz də qulaq asın, görün axırı nə olur.
Oğlan dedi:
– Bir padşahın qızıl qəfəsdə bir tutu quşu varıymış. Bu quşa baxmağı padşah öz vəzirinə tapşırıbmış. Bir gün vəzir görür ki, quş yaman xarab olub, tez gedib padşaha xəbər verir. Padşah gəlib quşa baxanda, quş dilə gəlib deyir:
– Mən qırx ildi bu qəfəsdəyəm, heç o qədər darıxmırdım, amma indi uzax bir yerdə qardaşımın toyu olacax, o yadıma düşüb, xüfətimnən az qalır bağrım çatdasın. Mən də toya getmək istəyirəm. Padşah deyir:
– Əgər qırx gün möhlət versəm, yenə qayıdıb gələrsənmi?
Quş deyir:
– Gələrəm.
Padşah quşun bu sözünnən sonra üzünü vəzirə tutub deyir:
– Vəzir, sən nə deyirsən, möhlət verimmi, quş qayıdıb gələrmi?
Vəzir deyir:
– Padşah sağ olsun, quş ki dilə gəlib danışdı, o yalançı çıxmaz, qayıdıb gələr.
Padşah deyir:
– Vəzir, quşu buraxıram getsin, əgər qırx günə gəlməsə boynunu vurduracam.
Vəzir razı olur, quşu buraxırlar. Qırx gün tamam olur, quş gəlib çıxmır. Padşah o saat vəzirin boynunu vurdurur. Qırx birinci günü quş özünü yetirir Padşah quşdan gec gəlməyinin səbəbini xəbər alanda quş deyir:
– Bərk xəstələnmişdim, qırğılar, ütəlgilər yolumu kəsdilər. Odu ki, dönüb uzax yolnan gələsi oldum.
Oğlan üzünü padşaha tutub dedi:
– İndi de görüm, o padşah vəzirin boynunu vurdurmağına peşman oldu, ya olmadı?
Padşah dedi:
– Əlbəttə, peşman oldu.
Oğlan dedi:
– Onda padşah, sən də məndən bu sirrin səbəbini xəbər alma, desəm sən də peşman olacaxsan.
Padşah əl çəkmədi ki, gərək peşman olsam da, olmasam da deyəsən.
Oğlan dedi:
– Onda bir əhvalat da söyləyim, sonra deyərəm. Bir padşahın bir qu quşu varıymış. Bu quş hər yeri gəzib yenə gələrmiş padşahın yanına. Bir gün qu quşu padşahın bağına dimdiyində bir alma toxumu gətirir, bağbanın gözünün qabağında toxumu yerə salır. Aradan xeyli vaxt keçir, toxum göyərib qəşəng bir alma ağacı olur. Bağban almalardan birini dərib yeyir ki, görsün dadı neçədir. Kişi almanı yeyən kimi dönüb on beş yaşında bir oğlan olur. Bağban sevindiyinnən bilmir nə eləsin, tez almanı dərib nimçəyə düzür, oğluna verib padşaha göndərir. Yolda vəzir uşağa rast gəlir, xəbər alır ki, apardığın nədi? Uşağ əhvalatı vəzirə danışır. Xain vəzir almaları uşağın əlinnən alıb əvəzində zəhərli almalardan nimçəyə düzüb uşağa verir. Uşağ heç nə başa düşməyib almaları padşaha aparır. Padşah almaları xoşlayıb yemək istəyəndə vəzirini də çağırır:
– Vəzir, bağban gör nə yaxşı almalar göndərib, gəl yeyək.
Vəzir üzünə hiylə niqabı çəkib deyir:
– Padşah sağ olsun, mənim gözüm bu almalardan su içmir. Əvvəlcə özün yeməmiş, birini ver ayrı adam yesin, sonra özün yeyərsən. Bu söz padşahın ağlına batır. Tez bir qara qul çağırıb almadan birini ona verir. Qul almanı yeyən kini ölür. Padşah o saat qəzəblənib uşağdan xəbər alır:
– Bu almanı bağban haradan alıb?
Uşağ deyir:
– Padşah sağ olsun, atam deyir ki, bu almanın toxumunu sənin qu quşun gətirib əkib.
Bu söz uşağın ağzınnan çıxan kimi padşah qu quşunun boğazını üzüb öldürür. Sonra tez bağbanı hüzuruna çağırtdırır. Bağban gəlib padşahın hüzurunda deyir:
– Qibleyi-aləm sağ olsun, mənə görə nə qullux?
Padşah hirslənib deyir:
– Bu nədi, zəhərli almaları mənə göndəribsən ki, yeyib öləm!
Bağban deyir:
– Şahım, zəhərli alma nədi? Bu alma elə bir almadı ki, onu yeyən qoça dönüb on beş yaşında cavan olur. Özü də bunun toxumunu sənin qu quşun gətirib əkib. İnanmırsan gedim bağdan o almalardan yenə gətirim, bax gör elədi, ya yox?
Padşah bağbana icazə verir ki, gedib alma gətirsin. Kişi gedib bir neçə alma gətirir. Padşah birini yeyir, o saat dönüb olur on beş yaşında oğlan. Özü də bu işə təəccüb qalır. Bilir ki, almaları dəyişiblər.
Üzünü uşağa tutub deyir:
– Bala, yolda almaları sənnən alan olmadı ki?
Uşağ yolda vəzirlə olan əhvalatı danışır.
Padşah başa düşür ki, almaları vəzir dəyişib. O saat əmr eləyir, vəziri zindana salırlar. Oğlan üzünü yenə padşaha tutub dedi:
– İndi deyin görüm o padşah qu quşunun boğazını üzdüyünə peşiman oldu, yoxsa yox?
Padşah dedi:
– Əlbəttə, peşiman oldu.
Oğlan dedi:
– Padşahım, gəl sən də mənnən həmən sirri soruşma, yoxsa sən də peşman olacaxsan. Padşah yenə də əl çəkmədi, elə dediyini dedi ki, gərək nə olurolsun, sən qızımın sirrini mənə açasan. Oğlan gördü padşah əl çəkmir, odu ki, dedi:
– Yaxşı, indi ki, belə oldu, mən qızının erkək göyərçini yolub buraxmağının sirrini açaram. Oğlan əmr elədi ki, camaat yığılsın, çünki üç gün padşahlıx etməyə ixtiyarı varıydı. Sonra adam göndərib padşahın qızını başının qırx incə belli xanımlarıynan gətirtdi meydana. Camaatın qabağında oğlan bir də dedi:
– Padşah bax, peşman olacaxsan, həmi qızın əldən gedəcək, həmi də bu vaxtatan binamus olduğun bilinəcək.
Padşah inadından əl çəkmədi. Oğlan dedi:
– Yaxşı, indi ki, belə oldu, mən işə başladım, – deyib qılıncını çəkdi. Qızın yanınca gələn qırx incə belli qızları bir-bir soyundurdu. Hamı baxıb gördü ki, bunların otuz doqquzu cavan oğlanlardı, qırxıncısı isə padşahın öz qızıdı. Oğlan otuz doqquz aşnanı bir-bir soyundurduqca boynunu vururdu. Qırxıncı padşahın qızı soyundu. Oğlan dedi:
– Padşah sağ olsun, otuz doqquzunun boynunu vurmuşam, qalıb qırxıncı, bunun da boynunu vurummu?
Padşah dedi:
– Mən bu binamusluğu götürə bilmərəm, onun da boynunu vur.
Oğlan üzünü qıza tutub dedi:
– İndi ölüb gedirsən, heç olmasa sirri aç, söylə, qoy atan bilsin.
Qız dedi:
– Ata, mən erkək göyərçini ona görə yolub buraxdım ki, mənə erkək lazım deyil, özümün erkəyim var.
Qız bu sözü deyib qurtarandan sonra oğlan onun da boynunu vurdu və üzünü padşaha tutub dedi:
– Padşah sağ olsun, mən bilirəm ki, sən indi peşman olmusan ki, niyə qızının sirrini açıb özünü biabır elədin.
Göydən üç alma düşdü, biri mənim, biri sənin biri də bacadan baxanın.