Biri var imiş, biri yox imiş, bir padişahın üç oğlı var imiş. Böyük oğlının adı Məlik Cəmşid, ortancıl oğlının adı Məlik Əhməd, kiçik oğlının adı Məlik Məhəmməd. Bu padişah öləndə oğlanlarını yanına çağurub, onlara belə bir vəsiyyət edir: – Mən öləndən sora Məlik Cəmşid, ondan sora Məlik Əhməd və ondan sora Məlik Məhəmməd padişah olsun, məmləkətin hər bir səmtinə getməgə ixtiyarınız var. Əmma, filan dağın o tərəfinə getməyin ki, axırda zərər çəkərsiniz. Padişah öləndən sora Məlik Cəmşid padişah olur. Bir gün Məlik Cəmşid qoşun götürüb ava çıxır. Nə qədər dolanırsa, əlinə bir şey keçməyür ta ki, gəlib atası vəsiyyət etdigi dağı aşır. Bu halda bunların qabağına bir maral çıxır. Məlik Cəmşid qoşun əhlinə söyləyir ki, mən bu maralın dalıncə gedəcəyəm, üç gün məni bayırda gözləyin. Bu müddətdə gəlməsəm onda gedüb Məlik Əhmədi özünüzə padişah edərsiniz.
Bu sözü söyləyüb maralın dalınca at salub gözdən qayıb olur. Qoşun üç gün gözləyüb şəhərə qayıdır, bir müddətdən sora bir gün Məlik Əhməd qoşun götürüb ava çıxır və bunun də əlinə bir şey keçməyüb həmən dağı aşır. Gənə də həmən marala rast gəlirlər. Bu da qardaşı kimi vəsiyyət edüb maralın dalınca qaçıb gözdən qayib olur. Qoşun əhli üç gün gözləyüb şəhərə qayıdır, camahat yığılub Məlik Məhəmmədi özlərinə padişah edirlər. Bir müddətdən sora bu da qardaşları kimin qoşun götürüb ava çıxır, dolana-dolana həmən dağı aşırlar. Gənə marala rast gəlirlər. Məlik Məhəmməd qoşun əhlinə qardaşları kimi vəsiyyət edüb deyir: – Üç günə kimi qayıtmasam, məsləhət gördüyinizi özinizə padişah edin. Bu sözləri diyüb maralın dalınca at salır. Camahat üç gün gözləyüb şəhərə qayıdır. Bu tərəfdən Məlik Məhəmməd maralın daliycən at salır. Maral bunu görən kimi qaçır. Müxtəsər, maral qaçır, bu qovur, ta ki gəlüb bir şəhərə çatırlar. Maral gəlüb şəhərin kənarında bir qapıdan girib gözdən itir. Məlik Məhəmməd gəlüb qapını açdı. Bunun qabağına bir qoca kişi çıxır. Məlik Məhəmməd: – Maralım qaçub buraya girdi, – diyib qoca kişidən qaytarılmasını rica edir. Qoca kişi isə: – Görürəm yoldan gəlmisən, yorulmusan. Buyur, gəl bu gecə qonağım ol, – diyib bunu evinə aparır, gecəni evində saxlayır. Gecə söhbət əsnasində qoca buna söyləyir: – Şəhərin padişahının bir qızı vardır, neçə müddətdir ki, lal olmış, danışmayur. Padişah əhd etmiş ki, hər kəs üç dəfə qızı danışdırsa, qızı ona versin, özinü də vəliəhd eləsin. Hər kəs danışdıra bilməsə, onı zindana salsın. Odur ki, həpsxanə dolmuşdur, kimsə qızı danışdıra bilməyir. Bu xəbəri Məlik Məhəmməd eşitdikdə qət edir ki, ertəsi gün getsin öz bəxtini sınasın. Bu fikrini qocaya da söylədi. Ertəsi gün, səhər tezdən Məlik Məhəmməd yuxudan qalxub paltarını geyib, padişahın şəhrinə tərəf yol başlayur. Yolda bir tutu quşuna rast gəlir. Tutu quşu dilə gəlüb Məlik Məhəmmədə deyir: – Ey Məlik Məhəmməd! Məni də özünlə apar. Qızın otağına daxil oldıqda qabaqca məni otağa bırax, mən xəlvət gedib güzginin dalında gizlənəcəyəm. Onda sən qapıdan daxil olanda, kimsəyə etina etmə. Güzgiyə salam ver. Ondan xahiş elə ki, sana qəribə bir əhvalat söyləsin. Qayıdanda gənə xəlvət məni özinlə qaytar. Məlik Məhəmməd tutunu götürüb padişahın qəsrinə gəlir. Padişahə xəbər verirlər ki, bir oğlan gəlmiş, qızı danışdırmaq istəyir. Padişah əmr edir ki, oğlanı qızın yanına salsınlar. Tutu söylədigi kimi qapıdan daxil olanda xəlvət quşu bıraxır, quş da gəlüb güzgünün dalında gizlənir. Mələk Məhəmməd otağa daxil olub kimsəyə etina etmədən güzgüyə səlam verir. Güzgünün dalında quş cavab verir. Hamı elə bilir ki, cavab verən güzgüdür. Sora bir qəribə əhvalat söyləməsini güzgüdən xahiş edir. Gənə də güzgünün dalından quş dilə gəlib söyləyir: – Ey Məlik Məhəmməd! Məlumun olsun ki, bir nəfər dülgər, bir dərzi, bir molla yoldaş olub səfərə çıxmışdılar. Bunlar bir meşəyə yetişdilər. Axşam oldığından burada qalırlar, Qərar qoyurlar ki, nöbə ilə bir nəfəri yatmayub keşik çəksin. Püşg atırlar. Əvvəlinci nöbə dülgərə, ikinci nöbə dərziyə, üçüncü nöbə mollaya düşür. Xülasə, molla ilə dərzi yatır, dülgər keşik çəkir. Yuxu bunu basmasın diyə durub ağacdan bir adam yonur. Vəqti bitdikdə dərzini oyadub özi yatır. Dərzi baxub görir ki, dülgər ağacdan bir adam yonubdur, bu da bir dəst paltar tikib adama geydirir. Vəqti tamam oldıqda mollanı oyadıb özi yatır. Molla baxıb görür ki, ağacdan bir adam qayırub buna bir dəst paltar geydirmişlər. Qanır ki, bu yoldaşlarının işidir. Bu da durub dəstəmaz alub, iki rükət namaz qılıb Allaha yalvarır ki, ona can versin. Həmən saat adam dirilüb gözəl bir qız olur. Sübh olduqda bunların arasına mübahisə düşür. Dülgər deyir ki, qız mənimdi, çünki onı mən yonmışam. Dərzi deyir ki, qız mənimdi, çünki paltarını mən tikmişəm. Molla da deyir ki, qız mənimdir, çünki duam ilə Allah ona can vermişdir. İndi ey Məlik Məhəmməd, söylə görüm, qız kimə çatacax? Hekayə bitən kimi padişahın qızı biixtiyar əyağa qalxub söyləyir ki, qız mollaya çatasıdır. Qızın danışdığını eşidüb tez padişahın yanına müjdəçi gedir ki, qız danışdı. Bu əsnadə Məlik Məhəmməd firsət tapub quşu götürüb gedir. Axşam quş Məlik Məhəmmədə deyir: – Ey Məlik Məhəmməd, qız bu gecə güzgüni qırdi. Sabah mən bu pərdənin altına girəcəyəm. Odir ki, qapıdan girəndə salamini verəndə pərdəyə verərsən, hekayəni də ondan istərsən. Ertəsi gün Məlik Məhəmməd libasını geyüb quşu da götürüb qəsrə gedir. Qızın otağına daxil olanda qabaxca quşu buraxır. Quş xəlvət gedüb pərdənin dalında gizlənir. Məlik Məhəmməd isə otağa daxil olub, kimsəyə etina etməkdən pərdəyə səlam verir. Pərdənin dalından quş cavab verir. Sora pərdədən qəribə bir əhvalat söyləməsini xahiş edir. Pərdənin dalından quş dilə gəlüb söyləyir: – Ey Məlik Məhəmməd! Məlumun olsun ki, üç nəfər yoldaş olub bir şəhərə gedirlər. Burada işləyib hər biri xeyli pul qazanır. Bunlardan biri bir kitab, o birisi bir xalça, üçüncüsü bir qızıl tas alır. Kitabın xasiyyəti bu imiş ki, hər kəs ona baxsa imiş dünyadəki vəqiat ona məlum olarmış. Xalçanın xasiyyəti bu imiş ki, onın üstündə oturub hansı yeri niyət etsəydin, xalça havaya qalxub oraya uçarmış. Tasın xasiyyəti bu imiş, onı su ilə doldurub niyət edüb hansı naxoşun başından tökülsəymiş, həmən xəstəlikdən şəfa taparmış. Bunlar bir gün bir yerdə oturub söhbət etdikləri əsnadə kitab sahibinə deyirlər ki, baxsın görək dünyadə nə əhvalət üz verməkdədür. Baxıb cavab verir: – Filan padişahın bir gözəl qızı var. Bərk xəstələnmiş, ölüm halındadır. Padişah əhd etmiş ki, hər kəs qızına əlac edüb sağaltsa, qızı ona versün. Bu xəbəri eşitdikdə, xalça sahibindən rica edirlər ki, onları həmən şəhərə yetirsin. Xalça sahibi qəbul edüb bir saatə onları həmən şəhərə yetirir. Burada tas sahibi tasını götürüb padişahın hizurinə gəlir ki, mən qıza əlac edərəm. Padişah əmr edir, bunı qızın yanına aparsınlar. Qızın yanına yetdikdə, tası su ilə doldurub niyət edüb qızın başına tökür. Dərhal qız şəfa tapır. Padişah əhdinə görə qızı buna vermək istəyir. Ancaq o biri yoldaşları hər birisi davayə çıxırlar ki, qız onlara çatasıdır. Kitab sahibi deyir ki, mən olmasaydım, əhvalatı bilüb qıza şəfa verə bilməzdiniz. Xalça sahibi deyir ki, mən olmasaydım, tasım olmasaydi, hər halda, qız şəfa tapmazdı. İndi, ay Məlik Məhəmməd, söylə görək, qız kimə çatasıdır? Bu sözü eşitdikdə biixtiyar qız ayağa qalxub deyir ki, qız sahibinə çatasıdır. Qızın ikinci dəfə danışmağını gənə də padişaha xəbər aparırlar. Bu əsnadə Məlik Məhəmməd firsət tapub quşu götürüb gedir. Gecə quş Məlik Məhəmmədə deyir: – Ey Məlik Məhəmməd! Qız pərdəni cırıpdır. Bu dəfə də taxtin altında gizlənəcəyəm. Odur ki, sənin səlamın, cümlə sual-cəvabın təxtə olmalıdır. Ertəsi gün Məlik Məhəmməd qızın otağına girəndə genə xəlvət quşu buraxır. Quş xəlvət gəlüb təxtin altına girir. Məlik Məhəmməd otağa daxil olanda kimsəyə etina etmədən təxtə salam verir, cəvab alandan sora qəribə bir əhvalat söyləməsini xahiş edir. Təxtin altınnan quş dilə gəlüb söyləyir: – Ey Məlik Məhəmməd, məlumun olsun ki, bir gün padişahın, vəzirin, vəkilin arvatları atlanub sehrə çıxmışlar. Yolda padişahın, vəzirin arvatları baxub görürlər ki, yolda bir qızıl gərdənbənd düşübdür. Bunlar etina etməyürlər. Vəkilin arvatı düşüb götürür, evə qayıdanda gərdənbəndin üstündə mübahisə düşür. Padişahın, vəzirin arvatları diyirlər ki, qabaqca biz görmüşük, bizə çatar. Vəkilin arvadı deyir ki, mən görmüşəm mana çatar. İmdi, Məlik Məhəmməd, söylə görüm, gərdənbənd kimə çatacaqdır? Kimsə cavab verə bilməyir. Genə padişahın qızı cəld qalxub deyir ki, vəkilin arvatına çatacaqdır. Padişaha xəbər getdi ki, qız üç dəfə danışdı. Padişah Məlik Məhəmmədi hizurinə istəyür, qızını ona verüb özünə vəlihəd edir. Məlik Məhəmməd qardaşlarını, başqa dustaqları həpisdən azad edir.