top image
 
 
Rubrikator
0-9  A  B  C  Ç  D  
E  Ə  F  G  Ğ  H  
X  I  İ  J  K  Q  
L  M  N  O  Ö  P  
R  S  Ş  T  U  Ü  
V  Y  Z

Quş dili bilən Iskəndər

Biri vardı, biri yoxdu. Bir naxırçı vardı, bircə oğlu vardı. Adına İskəndər deyərdilər. Naxırçının arvadı öldü, öyə arvad gətirdi. İskəndər altı yaşındeydı, amma çox ağıllı, fərasətdi bir oğlanıdı. Özü də hər bir quşun dilin bilirdi. Dedikcə də göyçək bir paçcahyana uşağıdı. Bılların əvlərinin qabağında bir baxçaları vardı. Bir gün öyə ana həmən baxçada paltar qazanı asıp, paltar yuyurdu. İskəndər də cur-cubux yığır, ocağa qoyurdu. Nənəliyinə kömək eliyirdi. İskəndər baxdı gördü, bir bülbül oxuyur, başqa bir bülbülə deyir:
– Ay bülbül, bir vaxt olacax İskəndər bı şəhərə paçcah olacax; bı baxçıya qonax gələcək, həmən bı analığı onun qabağına xörək gətirəcək.
Dədəsi də afdaha-ləyən gətirəcək, onun əlinə su tökəcək.

İskəndər güldü. Arvadın bının gülməsinə acığı tutdu, ocaxdan bir kösəv götürdü İskəndəri vırdı ki, nəyə gülürsən, koram, şiləm, keçələm, yoxsa nəyimə gülürsən?
İskəndər dedi:
– Ay ana, vallah, ona gülmürəm. O bülbül oxuyur. Deyir ki, İskəndər bı şəhərə bir vaxt paçcah olacax, paçcahlıx eliyəcək. Bı baxçalarına qonax gələcək, nənəligi qabağına xörək gətirəcək, dədəsi də afdafa-ləyən gətirip İskəndərin əlinə su tökəcək. İndi ona gülürəm.
Arvad təzədən başdadı bını döyməyə ki, ay köpoğlu, sən nəsən, indi də şəhərə paçcah olasan, mən də sənə çörək gətirəm. Gör sənin başına nə gətirəcəyəm?..
Axşam kişi naxırdan qayıtdı gəldi. Arvad dedi:
– Bı and mənim üzərimə qənim olsun, bı İskəndəri bı gecə ya öldür, ya bı torpaxdan rədd elə. Elədin, elədin, eləmədin səndə otumuyacığam.
Kişi nə qədər minnət, sünnət elədi, dedi, yox birdi, iki deyil.
Kişinin ələci kəsildi, İskəndərə dedi:
– Bala, dur gedək.
İskəndəri də götürdü gəldi, bazardan bir sandıx da aldı, dedi:
– Bala, Allah kərimdi, gəl gedək, heç fikir eləmə.
İskəndər dedi:
– Dədə, bir müşənbə də götür, sandığın ağzın müşəmbələ ki, su dolmasın.
Kişi bir müşənbə də götürdü. Sandığı da götürüb gəldilər bir dəryanın kənarına. İskəndəri qoydu sandığa ağzın bağladı müşəmbələdi saldı dəryaya.
Dərya bını ora-bıra vıra-vıra öz paçcahlarının şəhərinnən çıxartdı, gətirdi çıxartdı üçüncü paçcaha. Bırda bir torçu tor atırdı, gördü ki, bir sandıq gəlir. Toru atdı, bı sandığı dəryadan çıxartdı. Dedi:
– Yaxşı oldu, görən hansı söydəgərin malıdı?
Bı kişinin də züryəti yoxudu. Elə bir özüydü, bir də arvadı. Sandığı açdı, gördü bir oğlan uşağıdı ki, üzünə baxanda göz qamaşır. Bını durquzdu, soruşdu ki, bala adın nədi?
Dedi:
– Adım İskəndərdi.
Kişi dedi:
– Allah yaxşı yetirip səni maa, heç mənim züryətim yoxdu.
İskəndəri səvinə-səvinə götirdi əvə. Dedi:
– Arvad, Allah-taala bizə bir oğul kəramət eliyip.
Arvad baxdı gördü, doğrudan bı bir göyçək uşaxdı ki, nətər? Hər üçü də sevinirdilər. Arvad, kişi sevinirdilər ki, oğlumuz oldu. İskəndər də sevinirdi ki, bəli, dəryadan sağ-salamat çıxdım.
Kişi getdi bazardan bir dəst paçcahyana libas aldı, gətirdi, İskəndəri geyindirdi. Mollanı çağırdı, tapşırdı:
– Bı mənim oğlumdu, bına yaxşı dərs verərsən.
Molla bına başdadı dərs verməyə, bir gün, iki gün. Bir gün gördü, bı uşax elə fərasətdi, zehinnidi ki, bı molla dediyin əlbəhəl götürür. Bı məktəbdə də bir Yahya addı uşax varıdı. İskəndər içəri girəndə deyərdilər Yahyadı, Yahya girəndə deyərdilər İskəndərdi. Bıllar o qədər bir-birlərinə oxuyurdular ki, bir-birinnən seçilmirdi. Bı ikisi də, siğə oxutdular, qardaş oldular. Bıllar bir-birini elə çox işdiyirdilər ki, birəz gec görəndə, biri-birini az qalırdılar dəli olsunnar. Cüt gedərdilər, cüt gələrdilər, cüt də gəzərdilər.
Bir gün məktəbdən çıxanda paçcahın vəziri gəzişirdi, İskəndəri gördü, gəldi bını birəz danışdıhdı, gördü çox ağıllı, çox qanacaxlı, mərfətdi bir uşaxdı. Bı vəzir bınnan siğə oxudup qardaşdıx oldular. İskəndəri götürdü gəldi əvinə. Xörəkdən-zaddan yedilər. İskəndər gəldi əvlərinə, axşam oldu. Atası gəldi əvə.
Dedi:
– Ata, sabah mənim baxdıma bir tor at, nə düşər-düşər. Aparfcıyam vəzir qardaşıma. Bı kişi də İskəndəri çox isdərdi. Səhər açıldı, kişi toru götürdü, – bismillah irəhman irrəhim – dedi, getdi. Sıfdə toru atdı dəryaya, gördü tor çox ağırdı, çəkdi gördü bir qızıl balıq. Dedi:
– Bizim ata-babamız da deyərdilər ki, bı dəryada qızıl balıq olmaz.
Gör İskəndər nə qədər xoşbaxdısa, bı balıq tora düşüb. Balığı da götürdü səvinə-səvinə gəldi əvlərinə. Arvad bı balığı yardı, təmizdədi, qoydu xonçuya. İskəndər məktəbdən qayıtdı. Dedi:
– Ata neylədin?
Atası dedi:
– Bala, sən çox xoşbaxt adamsan. Mən yaşımnan bəri o dəryada qızıl balıq olduğun eşidip, görməmişəm. Ata-babamız deyərdi ki, bı dəryada qızıl balıq olmaz.
Səhər cümə günüydü. İskəndərin dərsi yoxudu. Bu xonçanı götürdü apardı vəzirə. Vəzir baxdı gördü, bı bir qızıl balıxdı, dedi:
– İskəndər bı neçə işdi, heç mən yaşımnan bəri bı şəhərdə eşitməmişəm qızıl balıq ola. Xörəyi yedilər, işdilər, həmən xonçanı doldurdular qızılnan, İskəndər gətirdi əvlərinə.
Hər gün adına axşamı atasına tapşırardı ki:
– Ata, sabah mənim dərsim yoxdu. Bu gün toru mənim baxdıma at.
Səhər aparacıyam vəzirə.
Hər atanda da bir qızıl balıq düşərdi. Bir gün genə qızıl balığı xon-çada gətirdi vəzirə. Hər evə qayıdanda da xonçasını qızılnan doldurardılar. Bı da gətirip atasının qabağına qoyardı. Bı kişi başdadı bı qızıllarınan yaxşı əv tikdirdi. İmaratlar tikdirdi ki, nə təhər. Öz-özünə deyirdi ki, Allah, saa şükür, nə yaxşı bını, maa yetirdin. Öz oğulu da adamın belə olmaz.
Bir gün paçcah divanxanada oturmuşdu ki, camahat nə şikayəti olsa, gəlip orda paçcaha deyirdi. Bir də gördü bir sürü ala qarğa töküldü qapıya, başdadılar qır-vır. Ta bı ala qarğaların səsinnən nə şikayətə baxa bildi, nə də divan eliyə bildi. Nə qədər də eliyirdilər, gənə getmirdilər.
Paçcah durdu divanxananı bağladı, gəldi əvinə. Gecə yatdı, səhər durdu dedi:
– Gedim divanxanıya, şikayətə-zada baxım.
Elə divanxananın qapısına gəldi, aşdı qapını, isdiyirdi şikayətə baxsın, genə həmən qarğalar töküldülər gəldilər, başdadılar qa-qu, qır-vır etməyə. Paçcah genə qapını bağladı, gəldi əvə, dedi:
– Vəzir, bu quş qismi adamnan qaçar. Bəs bı necə işdi?
Vəzir dedi:
– Qibleyi-aləm, oların şikayəti var. İndi nədisə, quş dilində kim bilir ki, dərdlərin bilə?
Paçcah dedi:
– Bir quş dili bilən tapıb gətirəsən.
Vəzir dedi:
– Ay paçcah, mən hardan tapım?
Paçcah dedi:
– Qırx gün saa vaxt verirəm. Qırx günəcən tapdın tapdın, tapmadın boynunu vırdıracıyam.
Vəzir bekaf, məlul gəldi əvə, dedi:
– Arvad, birəz bir dəsmala çörəkdən-zaddan bağla, gedəciyəm qırx günün səfərinə. Amma qırx günnən sora boynım vırılacax.
Arvad dedi:
– Niyə, nolup?
Vəzir əhvalatı söylədi. Arvadına tapşırdı ki, nəbada, İskəndərə deyəsən.
Demə, özü də gələndə həməşəki qaydeynan yola sal. Bını deyip yola düşdü. İskəndər genə cümə günü bir qızıl balığı xonçada gətirdi vəzirin əvinə, verdi. Soruşdu bəs, qardaşım hanı? Arvad dedi:
– Paçcah qırx günün səfərinə göndərip.
İskəndər dedi:
– Nə işə gedip?
Dedi:
– Bilmirəm, vallah.
Xülasə, nə qədər elədi, arvad demədi. Bını arvad həməşəki kimi yola saldı. İskəndər hər cuma gəldi. Bəli, bilirdi ki, vəzir bı gün otuz doqquz tamamdı, gələcək. Genə bir qızıl balıq xonçaya qoyup gətirdi. Vəzir də gəlmişdi. İskəndər xonçanı verdi, baxdı gördü, vəzirin üzünə ölü bənizi çəkilip. Soruşdu:
– Qardaş, niyə belə olmusan?
Vəzir dedi:
– Heç, birəz azarramışdım.
İskəndərin qabağına çay gətirdilər, çörək gətirdilər.
Dedi:
– Xeyr, yemərəm. Gərək sənin dərdin biləm. Sən azarrı deyilsən, ayrı dərdin var. Qardaşın qardaşdan ayrı dərdi olmaz.
Nə qədər vəzir dedi ki, xörəgini ye, neynirsən?
İskəndər əl çəkmədi, dedi:
– Xeyr, yemərəm, gərək deyəsən.
Vəzir gördü olmıyacax. Dedi:
– Gündə paçcahın divanxanasına bir sürü ala qarğa tökülür, qoymullar ki, paçcah şikayətə baxa. Səsdəri aləmə düşür. Paçcah da maa qırx gün möhlət verip ki, gərək bir quş dili bilən adam tapasan. Mən də tapmadım. Sabah da qırx tamamdı, boynum vırılacax. Onun üçün belə olmışam.
İskəndər dedi:
– Qardaş, elə məni bırda qoyup şəhərrəri gəzirsən?
Vəzir dedi:
– Nə deyirsən?
İskəndər dedi:
– Canın üçün, quşdarın hamısının dilin bilirəm.
Hər ikisi şad-şalayın xörəklərin yedilər. Səhər vəzir İskəndəri gətirdi paçcahın yanına. Paçcah dedi:
– Tapdın?
Vəzir dedi:
– Bəli, bı oğlandı.
Paçcah nəzər saldı, gördü bəli, bı bir paçcahyana, göyçək oğlandı.
Çağırdı yanına, dedi:
– Qoçağım, quş dili bilirsənsə, onlar gör nə deyir.
İskəndər qarğanın dilincə dedi:
– Sakit olun.
O saat camahat gördü ki, qarğalar elə sakit oldular, ta birinnən bir səs çıxmadı. İskəndər dedi:
– Şikayətiniz nədi, biriniz deyin!
Ana qarğa dedi:
– Bir elə acdıx oldu ki, bir quş özünə bir dən tapıb yeyə bilmədi.
Bı ata qarğa, bı balaları töhdü mənim üsdümə çıxdı getdi. Mən saxladım, böyütdüm, bir belə artıplar. İndi gəlip ki, mən də şərikəm.
İskəndər paçcaha dedi:
– Qibleyi-aləm, şikayətdəri bıdı.
Paçcah dedi:
– Balalar ana qarğanındı, ata qarğanın haqqı yoxdu, bir söz deyə bilməz.
İskəndər paçcah dediyin quş dilincə bunlara dedi.
Ata qarğa ağzın çəvirdi bir tərəfə çıxdı getdi. Ana qarğa da balaları yığdı bir tərəfə getdi. Paçcah dedi:
– Məni isdiyən bına xələt!
Hərə bir xələt verdi bına. O qədər xələt verildi, ta nə tər.
Bı nə ki xələtdər varıdı göndərdi atasına. Paçcah dedi:
– Vəzir, bı nə yaxşı oldu.
Vəzir dedi:
– Qibleyi-aləm, gəl bına bir yüngül qullux verək, elə əlimizin altında dolansın, o donnuğu verək ona.
Paçcah dedi:
– Yaxşı olar!
Dedi:
– Nə qulluğa qoyax?
Vəzir dedi:
– Mən bir qullux deyim, gör nətərdi?
Dedi:
– Gündə üç dəfə ki, qızına xörək çəkilir verilir, bını qoyax xörəyi aşbazxanadan aparsın versin qıza. Donnux da kəsək.
Paçcah dedi:
– Yaxşı olar.
Bına bəli, dedilər sən bı işi görəcəksən, saa ayda da filan qədər verəcəyik.
İskəndər razı oldu.
Səhər İskəndər xörəyi apardı, qoydu qızın qabağına. Qız dedi:
– Ay oğlan, otur söhbət eliyək.
İskəndər dedi:
– Xeyr.
Qız dedi:
– Aləm deyir, o qızı bir göreydik, indi sən oturup söhbət eləmirsən?
İskəndər dedi:
– Xeyr, gedəciyəm.
Çıxdı qayıtdı. Günorta genə xörəyi gətirdi, ta qızın qabağına qoymadı, qoydu aralı. Qız nə qədər yalvardı: “Ədə, bəri gəl, bəri gəl!” İskəndər baxmayıb qapıdan çıxdı. Axşam genə gətirdi, qapının ağzında qoydu. Nə qədər qız yalvardı, baxmadı, getdi. Ta həmişə xörəyi gətirip qapının ağzına qoyurdu. Qarabaşdar gətirirdi xanımın qabağına. Nə qədər eliyirdilər İskəndər içəri girmirdi.
Tamam bir ay belə gətirdi. Qapının ağzına qoyurdu. Ordan verirdilər xanıma. Bir ayın tamamında İskəndər xəsdələndi. Getdi Yahyanın yanına. Dedi:
– Qardaş, mən azarramışam, yaxşı oluncan gəl o xörəyi sən apar.
Yahya gəldi, xörəyi apardı, qızın qabağına qoyanda, qız yapışdı bının biləyinnən, dedi gəl söhbət eliyək. Yahya oturdu. Başdadılar söhbətə, gündə xörəyi aparırdı. Söhbətin nazik yerinnən başdadılar. On beş gün Yahya xörəyi aparırdı, oturup söhbətə başdıyırdılar.
On beş günün tamamında İskəndər dedi:
– Qardaş, ta yaxşıyam. Gəl sən get işinə, çörəyi özüm aparım.
İskəndər çörəyi apardı, qoydu genə qapının ağzına, isdədi qayıtsın, qız dedi:
– Ay ləvənd oğlu, ləvənd. Elə dünən mənnən söhbət eliyirdin, buyun noldu?
İskəndər o saat barmağın dişdədi, dedi:
– Bəli, ta iş ayrı cür oldu.
İskəndər gəldi vəzirin yanına. Dedi:
– Qardaş, öz paçcahların, salıx verdi. Mən də filan paçcahın oğluyam.
İndi isdiyirəm, gedəm.
Vəzir dedi:
– Gedəcəksən? Nolar.
Vəzir İskəndəri də götürdü gəldi paçcahın yanına.
Dedi:
– Qibleyi-aləm, bu da filan paçcahın oğludu, indi getmək isdiyir.
Paçcah dedi:
– Onda mənim qızımı alsın, mənim yerimdə paçcahlıx eləsin.
Nə qədər yalvardılar. İskəndər dedi:
– Xeyr, mən gedəcəyəm.
Bına bir dəst paçcahyana libas verdilər, hamamlandırdılar, bir dəsdə qoşunnan bını öz şəhərrərinə yola saldılar. Qoşunnan düşdülər yola. O qədər gəldilər ki, çatdılar öz şəhərrərinə. Gətirdilər İskəndəri saldılar şəhərə. Bı şəhərin də paçcahı ölmüşdü, qızı yerində paçcahlıx eliyirdi.
Bı qıza xəbər getdi ki, qoşun gəlip tökülüp şəhərə. Qız adam göndərdi ki, gedin görün nə işə gəlip, bizinən davamı eliyir, yoxsa başqa işə gəlip. Adam gəldi. İskəndər dedi:
– Xeyr, heç bir işə gəlməmişik. Ayrı paçcahın oğluyam, gedirəm öz yerimə.
Xəbəri gətirdilər qıza. Qız dedi:
– Onda maa qonaxdı.
Gəldilər İskəndərə dedilər ki:
– Bəli, xanım deyir, bizə qonaxdı.
İskəndər gəldi. İskəndərnən qız söhbət elədilər, çörək-zad yedilər.
Qız dedi:
– İskəndər, atam ölüp yerində paçcahlığı mən eliyirəm, gəl məni al, elə paçcahlığı sən elə.
İskəndər razı oldu. İskəndər qoşunu azad edib geri qaytardı. Bir molla gətirtdilər, qızın kəbinin kəsdi İskəndərə. Toy elədilər, qızı aldı yerində paçcah oldu. Bir müddət bı şəhərə paçcahlıx elədi.
Bir gecə yatmışdı, gördü qapı döyülür. İskəndərin əlinnən pəhlivannıx da gəlirdi. Durdu əsnahaların geyindi, xas polada qərq oldu, getdi qapını aşdı, gördü qardaşı Yahyadı. Yahya dedi:
– Qardaş, filan paçcah bir pəhlivan göndərip. Paçcahdan həmən qızı da isdiyir. Yeddi ilin də badi-xaracın da.
İskəndərin arvadı bı əhvalatdan bixəbər idi. Yatmışdı. İskəndər dedi:
– Qardaş, gəl sən get, yavaşca soyun gir mənim yerimə, mən də gedim, Allaha pənah.
İskəndər yola düşdü. Yahya da soyundu, qılıncı qoydu arvadınan öz arasına yatdı.
İskəndər gecəni gündüzə, gündüzü geciyə vırdı. Getdi çıxdı həmən yerə. Onda yetişdi ki, gördü camahat yığışıp meydana kağız möhürrənir ki, yeddi ilin badı-xaracını da, qızı da versinnər. O qədər gözdədi ki, kağız bına gələndə aldı dörd parça elədi, tökdü yerə. Pəhlivan qalxdı paçcahın üstdə ki, indi də kağızı cırdırırsan? Elə bildilər Yahyadı, çünkü bıllar bir-birinə o qədər oxşuyurdular ki, hansı Yahyadır, hansı İskəndərdi seçilmirdi. İskəndər dedi:
– Qibleyi-aləm, sənin hankı pəhlivanını öldürüp, hankı adamını qırıp?
Paçcah dedi:
– Neynəy Yahya, dur çıx meydana.
İskəndər qılıncın sivirdi, aldı əlinə, qalxanın götürdü qalxdı əyağa.
Pəhlivan da durdu, gəldilər meydana. Pəhlivan dedi:
– Nöbə sənindi, ya mənim?
İskəndər dedi:
– Xeyr, biz həmişə, firsəndi düşmana vermişik. Növbə sizindi.
İskəndər qalxanı cəhdi başına, bı pəhlivan üç qılınc vırdı İskəndərin başına. İskəndər qalxanın altdan silkindi çıxdı. Dedi:
– Mən dəmirçi zindanı deyiləm ki, dəmirçiliyi mənim başımda örgənirsən.
Düşməmisən qoş davasına, düşmüsən tolu-molu davasına...
Çək qalxanın başına. Bı qalxanın cəhdi başına.
İskəndər dedi:
– Üç qılınc vırmısan başıma. İkisin bağışdıyıram saa, tək bircə qılınc vıracağam.
İskəndər qılıncı qalxızıp elə vırdı ki, pəhlivan iki bölündü. Hərəsi bir tərəfə düşdü, canı cəhənnəmə vasıl oldu.
O saat İskəndəri camahat alqışladı. “Ay məni isdiyən, bına xələt!
Hər kəs Yahyaya bir xələt versin!” Hərə bir xələt verdi İskəndərə. İskəndər yığılan xələtdəri göndərdi Yahyanın əvinə. Paçcah bir yaxşı, kamıl molla gətirdi, bı qızın kəbinin kəsdirdi Yahyaya. Gecə qaldı, səhər düşdü yola. Gəldi çıxdı öz şəhərinə.
Qapını yavaşca tıqqıldatdı. O saat Yahya durdu geyindi gəldi qapını aşdı. Gördü İskəndərdi. Soruşdu ki, qardaş, nətər oldu?
İskəndər dedi:
– Qardaş pəhlivanı öldürdüm, qızın kəbinində kəsdirdim saa. Nə qədər də xələt vermişdir, göndərdim əvə.
Yahya dedi:
– Qardaş ürəklər örtülüdü. Gedərsən külfətiyin yanına, onda bilərsən.
Yahya əvinə gəlməkdə, bı da soyundu girdi arvadının yanına.
Arvad bına acıxlandı. Dedi:
– Neçə gündü arıya qılınc qoyursan, indi gəlmisən.
Qayıtdı bir löh oxudu, İskəndəri saldı çox iyrənc bir heyvan halına.
Özünə də bir aclıx qələbə elədi ki, nə yeseydi doymazdı. Arvad o saat geyindi, nökərlərə çığırdı ki, ey köpəy uşaxları, bı necə heyvandı gətimisiniz, girip bıra?
Gəldilər gördülər bəli, bir bimürvət, bədürət heyvandı. Hərə bir ağac götürdü, bını döyə-döyə şəhərdən çıxartdılar. Bı gəldi çıxdı bir meşiyə. Meyvələrdən-zaddan nə qədər yedi, gördü elə acınnan ölür.
Bı bırda qalsın, sizə xəbər verim Yahyadan. Gəldi çıxdı əvinə, gördü o qədər xələt veriplər ki, əvdə xələt əlinnən yer yoxdu. Paçcah da adam göndərdi ki, toyun ehtiyatın görsün. Toy ehtiyatı gördü, yeddi gün, yeddi gecə toy vırdırdı, paçcahın qızın gəlin gətirdi.
On beş gün tamamında paçcah öldü. Yahyanı bının yerində paçcah elədilər. Bı bırda qalsın, sizə kimnən xəbər verim, İskəndərdən. İskəndər bı meşədən, o meşədən meyvə yeyə-yeyə, gəldi çıxdı Yahyanın şəhərinin meşəsinə. Yahya da paçcaha xeyrat verirdi. Adam töküp meşədən odun qırdırırdı. İskəndər bının birin çağırdı, dedi:
– Bı odunu neynirsiniz bir bı qədər qırırsınız?
Bı adam baxdı gördü, bı bir bədurət heyvandı, qorxdu qaçdı. İskəndər dedi:
– Qorxma, adam yeyən deyiləm, sənnən söz xəbər alıram.
Bı adam gennən durdu dedi:
– De sözünü.
İskəndər dedi:
– Deyirəm ki, bı odunu neynirsiniz?
O adam dedi:
– Paçcahımız ölüp, Yahya onun yerində paçcahdı, indi paçcaha xeyrat verir.
İskəndər o adama dedi:
– İndi Yahya xörək yeyiləndə gəlip aralıxda gəzəcək ki, görüm kimin xörəyi azdı, yağlıdı, yavandı. Onda ətəyinnən tut, deyəcək yağlıdı, yavandı, ya azdı, nə deyirsən? Onda denən, xeyr, filan meşədə bir heyvan var, deyir, o olsun İskəndərin canı, məni doyursun.
Yahya aralıxda gəzirdi, həmən adam Yahyanın ətəyinnən tutdu.
Yahya dedi:
– Nə deyirsən bala, xörəyin azdı, yağlıdı, yavandı?
Dedi:
– Xeyr, filan meşədə bir heyvan var, deyir, olsun o İskəndərin canı, məni doyursun.
O saat Yahya dedi:
– Ay aman, durun gedin onu gətirin bıra.
Gətirdilər. Bir nimçə xörək verdilər yedi. Dedi:
– Sən İskəndərin canı məni doyur.
Birin də verdilər genə heylə, ikisin, üçün... Axırda baxdılar gördülər ta xörəkxanada xörək qalmır.
Yahya gəldi. Dedi:
– Bı sirdən məni agah elə görüm, sən kimsən, nəsən?
O saat dedi:
– Mən filan İskəndərəm. O arvad mənim başıma bı oyunu gətirip.
O dəm də Yahya nə ki cadu, münəccim, həkim varıdı töhdü bıra.
Hansı baxdısa, dedi:
– Bına əlac yoxdu.
Bılların biri dedi:
– Filan yerdə bir qoca cadıkun var, qocalıp əldən düşüp. Əyər orda olsa olacax bına əlac.
Getdilər onu da gətirdilər, baxdı dedi:
– Mənim filan yerdə bir kitabım var, əyər olsa onda olacax bına əlac, onda olmasa bına əlac yoxdu.
Gedip o kitabı gətirdilər. Baxdı dedi:
– Bıdı, tapdım!
Yahya bir vürd örgətdi.
Dedi:
– Bı vürdü oxursan aparıp bını filan hamamda hamamlandırarsan.
Onda bı ciliddən çıxacax, öz cilidinə düşəcək. Bını apardılar hamama. Yahya o vürdü də oxudu, bını hamamlandırdılar. İskəndər çıxdı o ciliddən, düşdü öz cilidinə. Paltar gətirdilər geyindirdilər, gəldilər əvə. Yahya dedi:
– Qardaş, nə qədər qoşun isdiyirsən hazırdı. Gedək.
İskəndər dedi:
– Xeyr, maa qoşun lazım deyil.
Əslahasın geyindi, qılıncın, qalxanın götürdü, düşdü yola. Gecəni gündüzə, gündüzü geciyə vırıp gəldi çıxdı öz əvinə. Kəməndi atdı, barıdan aşıp girdi içəri. Otağa girdi, gördü arvad yatıp taxdın üstdə, qılıncı sivirdi elə vırdı kı taxdıynan özün dörd parça elədi, saldı yerə.
Paçcah paltarın geyindi, çıxdı taxta. Bir neçə gün başdadı şəhərə paçcahlıx elədi. Günnərin bir günü, adam göndərdi ki, filan naxırçıya deyin paçcah deyir ki, bı gün ona qonağam.
Naxırçıya xəbər apardılar. Xörək-zad hazırradı, baxçanı döşətdirdi, bazardan ayınnan-oyunnan aldı, kürsü gətirtdirdi. Baxçada paçcahyana bir məclis döşətdirdi. Xörək vaxdı paçcah gəldi əyləşdi. Bir də gördü, atası əlində afdaha-ləyən, anası da əlində xonçada xörək gətirir. Gəldilər İskəndərə baş yendirdilər. Dil-ağız elədilər. Atası afdaha-ləyəni gətirdi ki, İskəndərin əlinə su töhsün. İskəndər durdu əyağa, dedi:
– Ateyi-mehriban, layıx deyil ki, ata oğulun əlinə su tökə. Mən sənin oğlun İskəndərəm.
O saat arvad əlindəki xörəyi yerə tulladı. Dedi:
– Baho... Koroğlu, indi də maa paçcahlıx eliyir.
İskəndər o saat cəlladları gətirtdirdi, dedi:
– Çıxardın həyətdən bayıra. Onun boynun vırın, qoyun orda itdər yesin cəmdəyin.
Arvadın boynun vırdırdı, bir dəsdə paçcahyana libas gətirtdirdi, atasın hamamlandırdı, geyindirdi, apardı yanına.
Dedi:
– Ata, nə qədər canımda can var ye, iç, kef elə. Heç fikir eləmə.
O yedi, yerə keçdi, siz də yeyin, dövrə keçin. Göydən üç alma düşdü. Biri mənim, biri özümün, biri də nağıl deyənin.

Səhifələr: 1
 
 
© 2009 All rights reserved www.nagillar.az
Powered by Danneo